Azərbaycanın beynəlxalq aləmə sürətli inteqrasiyası, reytinqinin getdikcə yüksəlməsi və dünya birliyində mövqelərinin möhkəmlənməsi bəzi dairələrin ciddi narahatlığına səbəb olub. Ölkəmizin inkişafını, əlaqələrinin genişlənməsini gözü götürməyən qüvvələrin seçki ilindən istifadə edərək çaşqınlıq yaratmaq cəhdləri artıq özünü büruzə verməkdədir. Bu yolda ölkədəki antimilli ünsürlərdən istifadə edən bəzi xarici qüvvələr baş vermiş hər hansı bir hadisəni siyasiləşdirməyə çalışır və bu hadisələrdən hakimiyyətə qarşı istifadə edərək məxsusi şəkildə öz xeyrlərinə yozmaq istəyirlər. Bu günlərdə İsmayıllı rayonunda nəqliyyat qəzasından yaranmış insidentin həddindən artıq şişirdilməsi və bunun “xalq üsyanı” adlandırılması radikal müxalifətin xalqı hakimiyyətə qarşı qaldırmaq yolunda növbəti təxribatıdır.
Regionların sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, işsizlik probleminin aradan qaldırılması yolunda atılan qətiyyətli addımlar bu gün dövlətin xüsusi önəm verdiyi vəzifələrdəndir. Həyata keçirilən uğurlu islahatlar artıq öz bəhrəsini verir. Son doqquz ildə bir milyondan artıq yeni iş yerinin yaradılması, regionlarda beynəlxalq standartlara uyğun istehsal və sənaye müəssisələrinin yaradılması həyata keçirilən məntiqli daxili və xarici siyasətin reallaqlarıdır. Qazanılan uğurlar ölkəmizi dünya birliyinin layiqli üzvləri sırasına qoşmaqdadır. Hər bir soydaşımız bu uğurlardan sevinir və qürur hissi keçirir. Təəssüf ki, qazanılan nailiyyətlərdən, ölkəmizin adının dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada çəkilməsindən təşviş keçirənlər də var. Nə qədər təəccüblü olsa da, belələri arasında azərbaycanlılar da var. Onlar seçki ilində beynəlxalq təşkilatların diqqətini ölkəmizə cəlb etmək üçün təxribat planları hazırlayırlar. Belələrinə xatırlatmaq istərdik ki, hansısa neqativ olaydan sui-istifadə yolverilməzdir. Dünyanın bütün ölkələrində neqativ hadisələr baş verir, aksiyalar keçirilir, asayiş keşikçiləri ilə qarşıdurmalar yaranır.
Fakt üçün deyim ki, iki yüz ildən artıq demokratiya yaşı olan, dünyanın super dövləti hesab olunan ABŞ-da bir ay ərzində bir-birinin ardınca dəhşətli qətl hadisələri törədilmişdir. Hətta müəllimlərə öz təhlükəsizliklərini təmin etmək üçün silah gəzdirməyə icazə də verib. Belə bir hal Mexikoda da baş vermiş, on dəqiqə ərzində 30 nəfər qətlə yetirilmişdir. Analoji hadisələrdən heç bir ölkə sığortalanmayıb. Ancaq həmin ölkələrin müxalifət nümayəndələri bu hadisələri şişirdib xalqı hakimiyyət əleyhinə təxribatlara yönəltmirlər. Bu günlərdə İsmayıllı rayonunda baş vermiş nəqliyyat qəzasından yaranmış insidentin siyasiləşdirilməsində antimilli qüvvələr yetərincə faydalandılar. Hətta dünənə qədər üzvləri bir-birlərini ən ləyaqətsiz ifadələrlə təhqir edən İctimai Palata adlı qondarma qurum üzvləri təcili toplantı keçirmiş və İsmayıllıdakı nəqliyyat hadisəsinə “siyasi qiymət” verərək bunu bütövlükdə hakimiyyətə qarşı yönəltmişlər. Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Təmsilçilərimiz artıq gecədən İsmayıllıya yola düşmüşdülər” deməsi əslində onun baş vermiş hadisədən nə qədər sevindiyini və hakimiyyətə qarşı “tutarlı fakt” tapmasını əks etdirir. O, bu hadisədən yüksək dərəcədə məmnun qaldığını gizlətməyib və adi nəqliyyat qəzasından baş vermiş hadisəni şişirdərək deyib:" Hər birimiz səhərə qədər həyəcanla İsmayıllıda baş verən hadisələri izləmişik. Bu hakimiyyətin xalqa zidd siyasəti hər gün sosial partlayışlar törədəcək. Xalq qanunsuzluğa son verilməsini istəyir, xalq məmurların dərəbəyliyindən bezib. Təmsilçilərimiz artıq gecədən İsmayıllıya yola düşmüşdülər ki, yerində vəziyyəti öyrənsinlər və hadisələrin normal məcrada olmasına, xalqa qarşı cinayətlərin qarşısını almağa çalışsınlar. İP Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı, Müsavat başqanının müavini Tofiq Yaqublu və digər dostlarımız İsmayıllıdadırlar, xalqla bir yerdədirlər”. Əslində isə müsavatçılar rayona hadisələrin başqa məcraya yönəldilməsi və İ.Qəmbərin tapşırıqlarını yerinə yetirmək üçün getmişdilər. O, bu məsələdən hakimiyyət əleyhinə yetərincə istifadə edəcəklərini də gizlətməyərək deyib: “Biz burada vəziyyəti təhlil edib mövqe nümayiş etdirməyə çalışacağıq. Təbii ki, məsələ bugünkü toplantı ilə bitməyəcək. Proses davam edəcək”.
AXCP sədri Əli Kərimli də bu hadisədən xüsusi zövq aldığını gizlətməyib. O, hakimiyyət əleyhinə pafoslu çıxıslar etmək üçün əlinə düşmüş məqamdan yetərincə faydalanmağı qərara alıb və sözünün əvvəlində və axırında “üsyan” sözü işlədib. O, nəqliyyat qəzasının “total narazılıq” olduğunu bildirərək deyib: “İsmayıllı üsyanı bütün ölkədəki total narazılığı ifadə edir. Azərbaycan böyük dəyişikliklərin ərəfəsindədir. Bu vəziyyətə gətirib çıxaran hakimiyyətin yanlış idarəçiliyi olub. İnsanlar bezib və bacardıqları şəkildə öz məhkəmələrini qururlar. İsmayıllıda baş verənlər və son iki həftədə ölkədə baş verən hadisələr göstərir ki, Azərbaycanda hakimiyyətin daim qürrələndiyi sabitlik artıq pozulub". AXCP sədri qızışdırıcı hərəkətlərin bundan sonra da davam etdiriləcəyini, həmişə olduğu kimi, gələcəkdə də bu proseslərə rəhbərlik edəcəklərini bildirib.
Radikal müxalifətin bu addımı, xalqı hakimiyyətlə qarşı - qarşıya qoymaq cəhdləri Azərbaycan ziyalılarının hiddətinə səbəb olmuş, insanları qızışdıraraq qarşıdurma yaratmaq cəhdləri kəskin pislənmişdir.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hesab edir ki, radikal müxalifət və onun mətbuatı hər bir hadisədən hakimiyyətə qarşı istifadə etmək və bu hadisələri də məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir. İsmayıllıda baş verən hadisədən sui-istifadə edərək bunu bütovlükdə hakimiyyətə qarşı yönəltməyə cəhd etmək, əlbəttə, tamamilə müxalifətçiliyin radikallığın təzahürlərindən biridir.
M.Qurbanlı qeyd edib ki, İsmayıllıda baş verən hadisədən, ümumiyyətlə, istənilən hadisədən, istəyir lap təbii hadisə olsun, çay daşsın və s., müxalifət hökumət əleyhinə istifadə etmək istəyir. O, bildirir ki, müxalifət mətbuatı bu hadisəni ümumiləşdirərək özünə reytinq qazanmaq üçün istifadə etmək istəyir: “Hesab edirəm ki, müvafiq qurumların gün ərzində açıqlamaları hər şeyin obyektiv şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Amma hadisənin dərin qatlarına gedəndə bəlli olur ki, narazı olanlar heç də müxalifətin düşündüyü kimi hakimiyyətə, bütövlükdə Prezidentin apardığı siyasətə qarşı yox, hansısa yerlərdə baş vermiş qanun pozuntusuna və ya baş vermiş hadisəyə qarşıdır”.
Hüquq-mühafizə orqanlarının və yerli sakinlərin verdiyi açıqlamalardan da tam aydın oldu ki, İsmayıllıda olanlar İctimai Palata adlı qondarma qurumun üzvlərinin dediyi kimi “xalq üsyanı” yox, kiminsə sərxoş vəziyyətdə törətdiyi məişət davasıdır. Yəni, kimsə keflənib kimisə təhqir edib, nəticədə məişət zəminində dava-dalaş yaranıb. Bunun hansısa siyasi etiraz aksiyası, bəzilərinin dediyi kimi, üsyan kimi xarakterizə olunmasına ehtiyac yoxdur, heç aidiyyəti də yoxdur.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev də ötən gecə İsmayıllı rayonda baş verən nəqliyyat qəzasından yaranmış insidentin siyasi aksiya kimi təqdim olunmasına təəccübləndiyini deyir. Deputat bunu xuliqanlıq hadisəsi kimi dəyərləndirib. A.Quliyev deyib ki, bu, yol qəzası törədən şəxslərin qeyri-adekvat davranışı və orada olan insanların bir-biri ilə kobud rəftarı nəticəsində baş verən bir məişət qarşıdurmasıdır. Bununla bağlı olaraq da hüquq-mühafizə orqanları məsələni dərhal araşdırmağa başlayıblar və şübhəsiz ki bu hadisədə günahı olanlar cəzalandırılacaq. Ona görə də bunun nə siyasi tərəfi var, nə də siyasiləşdirməyə ehtiyac var. Eyni zamanda, bəzilərinin uydurduğu kimi, bu, heç hakimiyyətə qarşı yönələn aksiya da deyil, sadəcə olaraq bu, hər gün baş verən onlarla yol nəqliyyat hadisələrindən birdir. Sadəcə, burada hadisə baş verən yerdə insanlar emosiyaya qapılıb, xuliqanlıq ediblər. Bunu siyasi aksiya kimi təqdim etmək tamamilə yanlışdır.
A.Quliyev bu hadisəni siyasiləşdirənləri və hakimiyətlə xalqı üz - üzə qoymaq istəyən radikal müxalifət nümayəndələrini kəskin tənqid edərək onların bu məsələdən öz məqsədləri üçün istifadə etdiklərini də diqqətə çatdırıb. O, insanların üz-üzə qoyulmasında xarici qüvvələrin də əli olduğunu istisna etməyib. A.Quliyev öz fikrini əsaslandıraraq deyib: “Mən hüquq-mühafizə orqanlarından bu nüansa da diqqət yönəltməyi xahiş edərdim. Çünki ötən gecə tamamilə hadisə başqa yöndə və məişət zəminində baş verir, səhəri isə məqsədli formada təxribat baş verir. Biz həmin rayonda olan QHT-lər ilə də əlaqə yaratdıq və məlum oldu ki, orada yerli sakinlərin heç bir kütləvi aksiyası olmayıb. Sadəcə, kənardan gələn insanlar olub ki, onları heç yerlilər də tanımırlar”.
2013 - cü ildə keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq istəyən bir sıra müxalifət nümayəndələri sanki 1990-cı illərin əvvəlinin ab - havası ilə yaşayırlar. Onlara elə gəlir ki, o illərdə olduğu kimi hakimiyyəti zorakı üsullarla, qeyri - konstitusion yolla ələ keçirə bilərlər. Yəqin ki, AXC - Müsavat cütlüyünün 1992-ci ildə silahlı yolla hakimiyyətə gəlmələri hər birimizin xatirindədir. Onlar hakimiyyətdə olduğu dövrdə də qorxularından silahlı mühafizəçilərlə gəzirdilər. Çünki yaxşı bilirdilər ki, hakimiyyəti silah gücünə ələ keçiriblər. Demokratik inkişafdan, obyektivlikdən ağızdolusu danışan vəzifə hərislərinin bütün əməlləri demokratiyaya zidd idi. Ona görə uzun müddət hakimiyyətdə duruş gətirə bilmədilər. İndi isə növbəti prezident seçkiləri ərəfəsində 21 il əvvəlki niyyətlərini yenidən reallaşdırmaq istəyirlər. Milli Məclisin deputatı Zahid Oruc da bu fikirdə olduğunu bildirib və hakimiyyəti zorakı yollarla ələ keçirmək cəhdini kəskin pisləyib. Ana Vətən Partiyasının sədr müavini İsmayıllıda baş verən hadisələri siyasiləşdirmək istəyən qüvvələrin 2013-cü ildə Azərbaycanda dəyişiklik etmək cəhdi olduğunu bildirib. O qeyd edib ki, ağıllı, düşüncəli, siyasi cəhətdən yetkin olan insanlar başa düşməlidirlər ki, hansısa dəyişikliyin zorakı üsullarla baş verməsi məqbul deyil.
Z. Orucun fikrincə, bu ilin seçki ili olmasından istifadə edən bəzi qüvvələr belə hadisələrdən ölkəni zəiflətmək üçün istifadə edirlər. Onun sözlərinə görə, bu hadisələrdən konkret olaraq faydalanmaq istəyən qüvvələr var. Z.Oruc belə qüvvələrin xaricdən idarə olunduğunu vurğulayaraq deyib: “İllərdir iqtidara can atan qüvvələr indi kimlərinsə köməyi ilə, hansısa hadisələrdən istifadə edərək özlərini iqtidarda görmək istəyirlər. İstənilən halda əminəm ki, bu hadisə ilə bağlı operativ məlumatlar toplandıqdan sonra dövlət strukturları tərəfindən çox çevik qərarlar veriləcək və bununla da nəinki İsmayıllıda, başqa bölgələrdə də seçki ilindən istifadə edərək məqsədlərini həyata keçirmək istəyənlərin qarşısı alınmış olacaq. Seçki ilindən istifadə edərək xarici qüvvələrə təslim olmaq istəyən dairələr var”.
İsmayıllı rayonunda baş vermiş xoşagəlməz insident və bundan çirkin məqsədlər üçün istifadə olunması yerli ziyalıları da ciddi narahat edib. Adi bir nəqliyyat qəzasını bu dərəcədə şişirdib “xalq üsyanı” səviyyəsinə qaldıranları kəskin tənqid edən ziyalılar belə araqarışdıranlara Azərbaycanın 20 illik müstəqillik tarixində sabit dövlət kimi tanındığını xatırladıblar. İsmayıllıdan olan şair Baba Vəziroğlunun fikri bu hadisəni siyasiləşdirmək istəyənlərə tutarlı cavabdır: “Mən məsələnin siyasiləşdirilməsinə qarşıyam, amma bu hadisənin günahkarları barədə çox ciddi tədbir görülməsinin tərəfdarıyam”.
Hadisəyə münasibət bildirən digər ziyalılar da bu çaxnaşmanı törədənlərin qanunla cəzalandırılmasını istəyirlər. İsmayıllı şəhər 1 saylı orta məktəbin direktoru Şəfaqət Rəsulov əminlikə bildirib ki, bu hadisələri bilərəkdən törədənlər tezliklə cəzalandırılacaq. İsmayıllı camaatı həmişə dövlətçiliyi dəstəkləyib və xırda münaqişələri siyasiləşdirərək dövlətə qarşı çıxmağı yolverilməz hesab edirlər.
Göründüyü kimi, adi nəqliyyat qəzasını şişirdib “üsyan” həddinə çatdıranların çirkin niyyətləri heç vaxt baş tutmayacaq. Çünki xalq belə araqarışdıranların qeyri - sivil yollarla hakimiyyəti ələ keçirmək istəklərindən çoxdan xəbərdardır. Belələrinin iç üzü artıq hamıya bəllidir. Onların bütün cəhdləri iflasa uğrayacaq.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.