Naxçıvanda yeni incəsənət ocağı

 

 

Yanvarın 24-də Naxçıvan şəhərindəki Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binası istifadəyə verilmişdir. Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.

Məktəbin direktoru Əbülfət Babayev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmiş, bundan sonra da səylə çalışaraq istedadlı gənclər yetişdirəcəklərini qeyd etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ərtoğrul Cavid adına uşaq musiqi və bədii sənətkarlıq məktəbinin muxtar respublikanın müasir musiqi məktəblərinin sırasına daxil olduğunu bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: “Görkəmli ədib Hüseyn Cavidin ailəsində böyüyən Ərtoğrul Cavid çoxşaxəli yaradıcılıqla məşğul olaraq zəngin irs yaratmışdır. Qısa ömür yaşamasına baxmayaraq o bir-birindən bənzərsiz əsərlər yaratmış, Azərbaycan xalq mahnılarının nota köçürülməsində, xalqımızın milli musiqi ruhuna uyğun əsərlərin yazılmasında xidmətlər göstərmiş, milli musiqi mədəniyyətimizi yeni yaradıcılıq nümunələri ilə zənginləşdirmişdir.

Ali Məclisin sədri uşaq musiqi və bədii sənətkarlıq məktəbinin kollektivinin yaradılan şəraitdən səmərəli istifadə edəcəyinə, məktəbdə milli musiqimizin gənc nəsillərə bundan sonra da dərindən öyrədiləcəyinə, Ərtoğrul Cavid irsinə sadiq istedadlı gənclərin yetişdiriləcəyinə əminliyini bildirmiş, bu yolda kollektivə uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.

2 mərtəbədən ibarət olan binada 21 sinif otağı, müəllimlər otağı, kitabxana və konsert zalı istifadəyə verilmiş, Ərtoğrul Cavidə həsr olunmuş foto-guşə yaradılmışdır. Məktəbdə xalq çalğı alətləri, fortepiano, simli alətlər, rəsm və nəzəri fənnlər şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, fleyta, rəsm, qanun və xanəndəlik ixtisasları üzrə dərslər keçirilir. Məktəbə yeni verilmiş fortepianolar və digər musiqi alətləri dərslərin yüksək səviyyədə təşkilinə şərait yaradır.

Qeyd olunmuşdur ki, hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Aparılan quruculuq işləri uşaq musiqi məktəblərini də əhatə etmiş, son illərdə 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya əsaslı yenidən qurularaq istifadəyə verilmişdir. Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Müəllimlər göstərilən yüksək dövlət qayğısına və yaradılan müasir şəraitə görə minnətdarlıqlarını bildirmiş, bundan sonra daha səylə çalışacaqlarına söz vermişlər.

Konsert zalında məktəb şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilmiş, rəssamlıq sinifinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında