İsmayıllı hadisələrini Azərbaycanda demokratik, hüquqi cəmiyyət quruculuğuna zərbə vurmaq istəyən dağıdıcı və destruktiv qüvvələr təşkil etmişlər

 

Ötən gün dünyanın bir sıra kütləvi informasiya vasitələri hər bir vətənpərvər azərbaycanlının qürur duyacağı, fəxr edəcəyi çox əhəmiyyətli bir xəbər yaydı. Həmin xəbərdə qeyd olunur ki, Davosda əldə olunan ümumi razılığa əsasən bu ilin aprel ayında Davos Dünya İqtisadi Forumu Bakıda keçiriləcək.

Dünyanın siyasi-iqtisadi elitasının qlobal iqtisadiyyata qiymət verilməsi, mövcud problemlərin və onun həlli yollarının axtarılıb tapılması baxımından böyük əhəmiyyət verdiyi müstəsna nüfuza malik olan bu forumun Azərbaycanda keçirilməsi sürətli iqtisadi inkişafımızın, ölkə daxilindəki sarsılmaz siyasi sabitliyin, “Odlar yurdu”nun mədəniyyətlərarası dialoqdakı əvəzolunmaz rolunun növbəti təsdiqi idi. Respublikamızın beynəlxalq aləmdə böyük nüfuz qazanmasına qısqanclıqla yanaşan, bundan təşvişə düşən antimilli radikal müxalifət nümayəndələri ölkəmizdə təxribatlar törətmək üçün dəridən-qabıqdan çıxırlar. Bu mənada, İsmayıllı hadisələrinin də Davos Dünya İqtisadi Forumunun Bakıda keçiriləcəyi barədə xəbərlə eyni vaxtda baş verməsini, hər halda təsadüfi hesab etmək olmaz.

Aydın görünür ki, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri İsmayıllıda təşkil etdikləri hadisəni qızışdırmağa və idarəolunmaz məcraya yönəltməyə cəhdlər göstərirlər. Belə olmasaydı avtomobil qəzası nəticəsində iki nəfər arasında yaranmış mübahisəni siyasiləşdirməyə, bununla da insanlardan özlərinin çirkin məqsədləri üçün istifadə etməyə, əsassız yerə ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə  ziyan vurmağa səy göstərilməzdi. Yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına qarşı qeyri-qanuni əməllərə qol qoyulmaz, dövlət orqanlarının fəaliyyətini iflic etməyə təşşəbbüslər göstərilməzdi. Yəqin ki, çirkin əməllər arxasında gizlənən destruktiv müxalifət Davos Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə razılığa gələn dünyanın siyasi, iqtisadi elitasına göstərməyə çalışıb ki, baxın, sizin inkişafına heyran qaldığınız, regional güc mərkəzinə çevrildiyini bəyan etdiyiniz, Avropanın enerji təhlükəsizliyində, çoxşaxəli əməkdaşlığın inkişafında, qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynadığını etiraf etdiyiniz Azərbaycan Respublikası qeyri-sabit ölkədir.

Baş verən hadisə zamanı rayon sakinlərini təhqir edən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal həbs olunub və ictimaiyyət də əmindir ki, bu şəxslər qanun qarşısında cavab verməli olacaqlar. İsmayıllıda baş verən kütləvi münaqişə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatında da bu məsələ xüsusilə vurğulanıb. Məlumatda qeyd olunur ki, 2013-cü il yanvarın 23-də saat 21:30 radələrində İsmayıllı şəhərində “Çıraq” otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş vermişdir. Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı “VAZ-2107” markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olmuşdur. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşmış və onlara etirazlarını bildirmişlər. E. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olmuşdur.

Bundan sonra desturuktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək icra hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstərmişlər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da, həyətdə olan bir ədəd avtomobil yandırılmışdır. Təəssüf ki, insidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulmuşlar. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlmişdir. Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi başlanmış, istintaq aparılır.

Göründüyü kimi, dövlətimizin əlaqədar orqanları məsələyə operativ müdaxilə etmiş və lazımi tədbirlər görülmüşdür. Bütün faktlar göstərir ki, bir qrup başıpozuq dəstənin rayon mərkəzində yerləşən “Çıraq” otelinin ətrafında yaratdığı kütləvi iğtişaşların və digər hadisələrin arxasında destruktiv və dağıdıcı qüvvələr dayanır. Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova da dediklərimizi təsdiq edib. Əzizə Vahabova qeyd edib ki, hadisə baş verən zaman vəziyyəti qızışdıranlar arasında “İctimai Palata” adlı qondarma qurumun, o cümlədən AXCP və Müsavat partiyasının nümayəndələri, həmçinin, “Azadlıq” qəzetinin əməkdaşı da olub: “Əhalinin sıx olduğu yerdə baş vermiş hadisədən siyasi məqsədləri üçün sui-istifadə edən destruktiv qüvvələr insanlar arasında ajiotaj yaratmağa cəhd ediblər. Nəticədə insidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”. Ə.Vahabova onu da deyib ki, dağıdıcı müxalifət liderləri öz adamları vasitəsilə bu kimi hadisələrdən çirkin siyasi məqsədləri üçün istifadə edərək, bəhrələnməyə çalışırlar: “Hadisə zamanı onlar ətrafda dayanan insanları münaqişələrə cəlb etmək məqsədilə ictimaiyyət arasında təbliğat aparmağa səy göstərirdilər”.

Xoruzun quyruğu da məhz burada görünür. Demək ki, dağıdıcı müxalifətə xaricdəki erməni ağaları tərəfindən verilən göstərişlərdə, bu kimi hadisələrdən istifadə etməklə emosiyalara qapılmış insanlardan dövlətimizə və dövlətçiliyimizə qarşı istifadə edərək, qarışıqlıq yaratmaq tapşırılıb. Necə ki, Sumqayıt hadisələrində yerli əhalinin arasına qarışan ermənilər aranı qızışdırmaq üçün dəridən-qabıqdan çıxırdılar, indi də destruktiv müxalifət nümayəndələri eynilə ermənilər kimi insanların arasına girərək onları müxtəlif qeyri-qanuni əməllər törətməyə sövq edir, qarşıdurma, qarışıqlıq yaratmaq üçün əllərindən gələni əsirgəmirlər. Həmin qüvvələrin ermənilərlə eyni “taktikadan” istifadə etməsi də təsadüfi deyil. Çünki onlar məhz xaricdəki erməni lobbisindən tapşırıq alırlar və təbii ki, böyük məbləğdə qrantla birgə.

Qondarma İctimai Palata adlı qurumun koordinasiya şurasının İsmayıllı hadisələri ilə bağlı dövlət orqanlarını ittiham edən “bəyanat” yayması isə onu göstərir ki, buradakı qara qüvvələr respublikamızın hər hansı bir yerində baş verəcək hadisədən maksimum dərəcədə özlərinin siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Bəyanatda qeyd olunur ki, dünən gecədən başlayaraq, guya İsmayıllı rayonunda yerli hakimiyyət və məmur oliqarx özbaşınalığına qarşı kütləvi xalq etirazı başlayıb və davam edir. Qondarma qurum bir az da irəli gədərək, bütün ölkə ictimaiyyətini İsmayıllıda olduğu kimi, kütləvi münaqişələr törətməyə səsləyir. Bax, budur onların siması. İnsanları qanunlara tabe olmağa, qarşıdurma yaratmamağa səsləmək əvəzinə, qarışıqlıq törətməyə, qanunlara tabe olmamağa çağırırlar. Bununla hadisələrin nəzarətdən çıxmasını arzulayırlar. Ancaq onların da, ermənilərin də arzuları baş tutmayacaq. Çünki Azərbaycan cəmiyyəti kimin kim olduğunu yaxşı bilir. Azərbaycan dövləti isə hər cür təxribatın, dağıdıcı əməllərin qarşısını almaq gücündədir.

Ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası da hesab edir ki, radikal müxalifət və onun mətbuatı hər bir hadisədən hakimiyyətə qarşı istifadə etmək və bu hadisələri də məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, dağıdıcı müxalifət hər bir hadisədən Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin əleyhinə istifadə etməyə çalışır. Bu mənada, İsmayıllıda baş verən hadisədən sui-istifadə edərək bunu bütovlükdə hakimiyyətə qarşı yönəltməyə cəhd etmək, müxalifətçiliklə bir araya sığmır. Bu, düşmənçilikdir. Ancaq İsmayıllıda baş verən hadisədən, ümumiyyətlə, istənilən hadisədən, istəyir, lap təbii hadisə olsun, çay daşsın və sair, müxalifət hökumət əleyhinə istifadə etmək istəyir.

Məsələyə sağlam prizmadan yanaşan hər kəs belə hesab edir ki, səbəb nə olursa-olsun vətəndaşların öz etirazlarını zorakı üsullarla — başqalarının əmlakına od vurmaqla, polisə qarşı güc tətbiq etməklə büruzə vermələri yolverilməzdir və qətiyyətlə pislənilməlidir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İsmayıllı rayonunda baş verən hadisə ilə bağlı bəyanatında da qeyd olunur ki, partiya İsmayıllı rayonunda baş vermiş hadisədən təəssüflənir və son zamanlar zorakılıqla, başqasının əmlakına və sağlamlığına zərər vurmaqla müşayiət olunan etiraz aksiyalarının presedentə çevrilməsindən və bu təhlükəli davranışların bəzi ziyalılar və siyasi partiyalar tərəfindən dəstəklənməsindən dərin təəssüf hissi keçirdiyini bəyan edir. BAXCP bu qəbildən olan faktları stimullaşdırmağa cəhd göstərənləri Azərbaycan xalqı və dövləti qarşısında öz məsuliyyətlərini dərk etməyə çağırır. Bu gün insanları öz etirazlarını qanun çərçivəsində bildirməyə çağırmaq əvəzinə baş verən zorakılıq hallarını dəstəkləyənlər, bu kimi hadisələrə “insanlar yanğınlara baxıb emosiyalarını soyudurlar” kimi hüquqi və siyasi məntiqə zidd qiymət verənlər cəmiyyətimiz və onun gələcəyi üçün olduqca təhlükəli bir mövqe sərgilədiklərinin fərqinə varmalıdırlar. Onlar anlamalıdırlar ki, bu gün onların uzaqdan tamaşa etdikləri yanğınlar daha da genişlənə və bütün Azərbaycanı bürüyə, onları da, əzizlərini və doğmalarını da yandıra bilər. Bu baxımdan, zorakılığa əl atan insanlar bilməlidirlər ki, onlar bu əməllərinə görə cəmiyyətin heç bir təbəqəsinin dəstəyini ala bilməyəcəklər.

 BAXCP bu cür zorakılıq hallarının Azərbaycanda demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesinə, sivil birgəyaşayış prinsiplərinə ciddi zərbə vurduğunu bəyan edir. Partiya bildirir ki, bu cür hüquqazidd və zorakı davranışlarla nə bu gün, nə də gələcəkdə Azərbaycanda demokratik proseslərin inkişafına beynəlxalq dəstək almaq mümkün olmayacaq. Əksinə, bu qəbildən olan düşüncə və davranışlar Azərbaycan xalqının demokratik, sivil cəmiyyət qurmaq potensialını şübhə altına alacaq, ölkəmizin Avropanın hüquqi və demokratik dəyərlər sisteminə inteqrasiya olunmasına ciddi maneə yaradacaq.

Sonda onu da qeyd edək ki, müəyyən qüvvələr yenə də İsmayıllıda vəziyyətin gərgin olduğunu iddia etsələr də, bu qətiyyən həqiqətə uyğun deyil. İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Valeh Salehovun dediyinə görə, hazırda rayonda heç bir gərginlik yoxdur, hər şey öz axarındadır. Bütün lazımi tədbirlər görülüb və baş verən hadisə araşdırılır. Biz isə əminik ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək. Bu olayın səbəbkarları və hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar isə ciddi cəza alacaqlar.

 

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında