Fransada ermənipərəst qüvvələrin ortaya atdığı qondarma “erməni soyqırımı”nı inkar etməyə görə cinayət məsuliyyəti müəyyən edən qanun ətrafında yeni siyasi möhtəkirlik cəhdləri müşahidə edilməkdədir.
Həmin mürtəce qanun layihəsi istər bu təşəbbüsün qaldırıldığı Fransanın özündə, istərsə də dünyanın bir sıra başqa ölkələrində etirazla qarşılanmış, Fransa-Türkiyə münasibətlərində müəyyən narahatlıqlar da yaratmışdı. Fransanın Konstitusiya Şurası bu qanun layihəsini təsdiq etmədikdən sonra sanki bitmiş olan məsələni 2012-ci ilin sonlarında yenidən Senatın gündəliyinə gətirmək üçün can atan qüvvələr peyda olmuşdur və bununla bağlı konkret təşəbbüs də vardır. Belə hərəkətlərin yarada biləcəyi təhlükələri nəzərə alaraq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov xüsusi müraciət hazırlamışdır. Müraciətdə deyilir: “Ailəni səciyyələndirən əsas xüsusiyyət açıq danışa bilmək, problem ortaya çıxanda onu görməzliyə vurmaq deyil, dərhal müzakirəyə çıxarmaqdır. Avropa Şurası da bizləri qovuşduran nəhəng ailədir və biz buradakı bütün münasibətlərimizdə və müzakirələrimizdə gərək səmimi olaq. Burada birləşən 47 ölkənin, əlbəttə ki, hər biri fərqlidir və bu müxtəlifliyin vəhdətinin özü çox gözəldir. Lakin bizim məramımız daim bu fərqliliyi, müxtəlifliyi qabartmaq deyil, həmin müxtəliflik və fərqlilikdə bizi birləşdirəcək, yaxın edəcək daha çox cəhətləri tapıb ortaya çıxarmaqdır. Amma təəssüf ki, bəzən ayrı-ayrı ölkələr, xüsusən də onların parlamentləri tərəfindən bu ideyaya xidmət etməyən təşəbbüslər də meydana çıxır. Fransa Senatında qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun layihəsinin yenidən gündəmə gəlməsi belə arzuolunmaz hallardandır. Hər hansı bir fikri, hətta ən böyük həqiqət belə olsa, qəbul etməməyə, inkar etməyə görə cəza müəyyənləşdirmək demokratiyanın təməl prinsipləri ilə daban-dabana ziddir. Bu inkvizisiya yanaşması XXI əsrdə son dərəcə əcaib səslənir və demokratiyaya, insan haqlarına zidd olan bu cür təklifin məhz Fransa Senatında ortaya çıxması təəssüfləndiricidir. Həm də bir dəfə rədd edildikdən sonra ikinci dəfə gündəmə gətirilməsi təşəbbüsləri çox narahatedicidir. “Mən deyəni deməyən düşmənimdir” prinsipinin uzaq və yaxın tarixdə çoxlu kədərli nümunələri vardır və bu qanun layihəsi sovet totalitarizminin qanlı səhifələrini yada salır. Dünyaya demokratiya örnəyi kimi tanınan bir ölkədə demokratiyaya məsxərə sayılası belə bir addım anlaşılmazdır. Tamamilə təbii olaraq, Fransa Senatındakı təcrübəli və ağıllı siyasətçilər bu məsələ ilk dəfə ortaya çıxanda etiraz səslərini qaldırdılar və ondan imtina etməyin zəruriliyini qətiyyətlə bəyan etdilər. Haqlı da çıxdılar, müsbət nəticəyə nail oldular, Konstitusiya Şurası həmin qanun layihəsini rədd etdi.
Güman etmək olardı ki, hər şey bitdi və Senata yaraşmayan hadisə keçmişdə qaldı. Amma yox! Qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirilməsi ilə əlaqədar qanun layihəsini Fransa Senatına yeritməkdən ötrü növbəti cəhd edilir. “Erməni soyqırımı” fikrinin uydurma ideya olması məsələsini hətta bir kənara qoysaq belə, bu qəbil təşəbbüslərin demokratik düşüncəyə nə qədər zidd olması, Fransanın demokratik imicinə beynəlxalq aləmdə necə zərbə vurması heç vəchlə unudulmamalıdır.
Məsələ Senatda qaldırılmasa daha yaxşıdır və bu, ziyanın yarısından qayıtmaq olardı. Qaldırılsa belə inanıram ki, Senatın daha uzaqgörən və müdrik əksəriyyəti yenə qətiyyətlə həqiqətə və demokratik dəyərlərə zidd həmin kağız parçasının əleyhinə olacaqlar. Olmalıdırlar da! Çünki ayrı-ayrı şəxslər və qrupların şübhəli niyyətlərini demokratiyanın və Fransanın ali maraqlarından üstün tutmaq olmaz!"
Sənəd ingilis dilində nəşr edilərək Parlament Assambleyasında yayılmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.