Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı dinamik şəkildə inkişaf etdirilir

 

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.

Heydər ƏLİYEV, Ümummilli lider

 

 

Hazırda 47 dövləti özündə birləşdirən Avropa Şurası hüquqi statusuna görə regional beynəlxalq təşkilatdır. Belə ki, təşkilat eyni region dövlətləri tərəfindən beynəlxalq saziş əsasında yaradılmışdır və qurumun fəaliyyəti BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğundur. Avropa strukturlarında təmsilçilik, ölkəmizin gələcəyinin sivil bir Avropa ölkəsi kimi qurulması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın əməkdaşlığa böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri də məhz Avropa Şurasıdır.

 Azərbaycan Respublikası 1992-ci ilin yanvarında ona “xüsusi dəvət edilmiş qonaq” statusu verilməsi üçün Avropa Şurasına rəsmi müraciət etdi. Müraciət bu nüfuzlu Avropa təşkilatının bərabərhüquqlu üzvü olmaq üçün ilk addım olmaqla bərabər, Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyırdı.

1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində inamlı addımların atılması, Ermənistanla münaqişədə respublikamızın hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi.

Bundan sonra, 1994-cü il noyabrın 14-17-də Avropa Şurası Parlament Assambleyası təşkilata üzv olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin sədri Devid Atkinson başda olmaqla nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və səfər zamanı respublika rəhbərliyi ilə görüşündə bu təşkilatla Azərbaycanın münasibətləri, o cümlədən ölkəmizin “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün müraciəti, Ermənistanın təcavüzkarlığına son qoyulması və münaqişənin dinc vasitələrlə həlli məsələləri müzakirə olundu.

1994-1995-ci illərdə Azərbaycan ilə Avropa Şurası arasında yaranmış əlaqələr təşkilatın müxtəlif təsisatlarının nümayəndələrinin ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, eləcə də Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Avropa Şurası ilə əlaqələrin genişlənməsi Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən baxmaq üçün ekspert köməyi əldə etmək imkanı verdi.

1996-cı il iyunun 2-6-da Avropa Şurasının Parlament Assambleyasının təşkilata üzv olmayan ölkələrlə əlaqələr komissiyasının sədri Jak Setlenjin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı dövlət başçısı Heydər Əliyevlə görüşündə Azərbaycana Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi məsələləri müzakirə edilmişdir. Həmin il iyunun 26-28-də AŞPA-nın növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi. “Xüsusi dəvət edilmiş qonaq” statusu alması Azərbaycanın AŞ PA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı.

Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı il iyulun 8-də imzaladığı “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” sərəncam Avropa Şurası ilə ölkəmizin sonrakı illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət kəsb etmişdir. 1996-cı il iyulun 13-də dövlət başçısı Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək ölkəmizin bu təşkilata tamhüquqlu üzv qəbul olmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci il oktyabrın 10-da Strasburqda keçirilən ikinci zirvə toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı və orada təşkilatın yüksək vəzifəli nümayəndələri ilə keçirdiyi görüşlər zamanı Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları, o cümlədən Avropa Şurası ilə əlaqələri barədə ətraflı danışıqlar aparılmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 20-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında” imzaladığı sərəncam ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması sahəsində atılan mühüm addımlardan biri oldu. Sərəncamda Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi istiqamətində respublikada görülən işlər və Avropa Şurası ilə əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

2000-ci il martın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” sərəncam imzaladı. Ümummilli lider Heydər Əliyevin 1996-2000-ci illərdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına dair imzaladığı sərəncamlar respublikamızın bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətə zəmin yaratdı.

Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasının bərabərhüquqlu üzvü olması – respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Dövlət başçısı Heydər Əliyev Avropa Şurasının tribunasından Azərbaycanın mənafeyinə uyğun şəkildə istifadə edilməsi üçün uğurlu bir addım atdı. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə millət vəkili İlham Əliyevin rəhbərlik etməsi və daha sonra cənab İlham Əliyevin AŞ PA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı.

2001-ci il aprelin 24-27-də Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə heyətinin ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etdiyi plenar sessiyada dövlətçilik maraqları baxımından, xüsusilə. Ermənistanın Azərbaycana təcavüzü faktlarını özündə əks etdirən sənədlər – “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və “Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar” adlı sənəd AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda, eyni zamanda, işğal edilmiş Azərbaycan ərazilərində uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər öz əksini tapmışdır.

2001-ci il iyunun 25-29-da AŞ PA-nın növbəti plenar sessiyası zamanı Azərbaycanla bağlı daha 2 mühüm sənəd AŞ PA-nın rəsmi sənədləri kimi yayılmışdır. “Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət” adlı birinci sənəddə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində ekoloji vəziyyətin düşünülmüş şəkildə korlanması məsələsi, “Azərbaycanın mədəni irsinin qəsb olunması və dağıdılması” adlı ikinci sənəddə isə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən mədəni abidə və sərvətlərin dağıdılması məsələsi Avropa ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Bundan əlavə, AŞ PA-nın 2001-ci il sentyabrın 24-28-də keçirilən plenar sessiyasında Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı digər mühüm sənəd yayılmışdır. Qəbul edilən sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla həll olunmasının zəruriliyi qeyd edilirdi.

Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin, xüsusilə, cənab İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. Bütün bunların məntiqi davamı kimi 2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və qurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazılmış oldu.

2004-cü il fevralın 25-də Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri Devisin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev Ermənistanın hərbi təcavüzü faktlarını bir daha vurğulayaraq Avropa Şurasının bu məsələyə siyasi qiymət verməsinin vacibliyini bildirdi.

Avropa Şurasının Baş katibi Valter Şvimmer 2004-cü il aprelin 8-də Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini qeyd edərək, bu problemin Avropada “dondurulmuş münaqişə” adlandırılmasının qəti əleyhinə olduğunu bildirmişdir. Eyni zamanda, Baş katib problemin yalnız Azərbaycan, Ermənistan və Cənubi Qafqaz regionunun deyil, bütün Avropanın problemi olduğunu və bu səbəbdən münaqişənin Avropa səviyyəsində, sülh yolu ilə, birdəfəlik həll edilərək regionda daimi sülhün təmin edilməsinin zəruriliyini bəyan etmişdir.

2004-cü il aprelin 29-da AŞ PA-nın növbəti yaz sessiyasında artıq Azərbaycan Prezidenti kimi iştirak edən cənab İlham Əliyevin Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı çıxışı böyük rezonansa səbəb oldu və Avropa ictimaiyyətində bu münaqişə haqqında geniş təsəvvür yaratdı. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın düşdüyü vəziyyət haqqında geniş məlumat verən dövlət başçısı özünün qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirdi: “... Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir. XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin – Ermənistanın Avropa Şurasının üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik”.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2005-ci il mayın 16-17-də Varşavada keçirilən 3-cü zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında təşkilata üzv ölkələrin təhlükəsizliyi sahəsində mühüm işlərin görülməsinin vacibliyini bildirərək, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənubi Qafqazın Avropanın ayrılmaz hissəsi olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev bu regionda sülhün və təhlükəsizliyin bərqərar olunması və əməkdaşlığın inkişafı üçün bütün səylərin birləşdirilməsinin zəruriliyini bildirərək qeyd etdi ki, bu, azad, vahid və təhlükəsiz Avropanın yaradılmasına mühüm töhfə olardı.

Azərbaycan Respublikasının Parlament nümayəndə heyətinin səyi ilə AŞ PA-da münaqişə haqqında obyektiv müsbət rəyin formalaşması nəticəsində 2005-ci ilin qış sessiyasında qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, 2005-ci il yanvarın 25-də Devid Atkinsonun hazırladığı və AŞ PA-da müzakirəyə çıxarılan “ATƏT-in Minsk qrupu tərəfindən araşdırılan Dağlıq Qarabağ münaqişəsi” adlı məruzəsi qətnamə və tövsiyə adlanan iki hissədən ibarət idi.

Məruzənin 1416 saylı qətnamə hissəsində Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan qoşunlarının işğalı altında olduğu, eləcə də Dağlıq Qarabağ regionuna hələ də separatçı qüvvələrin nəzarət etdiyi göstərilirdi. Bununla yanaşı, sənəddə qeyd edilirdi ki, Avropa Şurasının üzvü olan bir ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar ziddir və Assambleya öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu bir daha təsdiqləyirdi. Eyni zamanda, Assambleya BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməyə, eləcə də erməni silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasına çağırırdı. Bu tələblər AŞ PA-nın 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır.

AŞPA-da qəbul olunan bu qətnamənin yerinə yetirilməsinə nəzarət etmək üçün Dağlıq Qarabağ üzrə Alt komitə yaradıldı və Böyük Britaniyadan olan deputat lord Rassel Conston bu komitənin ilk rəhbəri seçildi. 2006-cı il yanvarın 9-da Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ problemi üzrə Alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında lord Rassel Constonun hazırladığı yeni hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapdı. Bu komitənin yaradılmasına Ermənistan tərəfi öz etirazını bildirsə də, komitəyə sədrlik edən lord Rassel Constonun dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ məsələsi daim diqqətdə saxlanılmış, işğal olunmuş ərazilərdəki real vəziyyətlə bağlı mütəmadi olaraq hesabatlar hazırlanaraq Assambleya üzvlərinin diqqətinə çatdırılmışdır. 2009-cu ilin yayında lord Rassel Constonun vəfatından sonra, Alt komitə fəaliyyətini faktiki olaraq dayandırmışdır. Lakin 2010-cu ildə AŞPA-nın yay sessiyasında qurumun prezidenti Mövlud Çavuşoğlu Dağlıq Qarabağa dair Alt komitənin fəaliyyətinin yenidən bərpa olunacağını bəyan etmişdir.

Ümumiyyətlə, Azərbaycanın Avropa Şurası ilə münasibətləri son illər yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərdə iştirak edərək müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini bu mötəbər qurumun kürsüsündən Avropa ictimaiyyətinə çatdırır. Eləcə də, Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə izlənilir və buna müvafiq münasibət bildirilir.

Azərbaycanın Avropa Şurasının müvafiq qurumları ilə müxtəlif sahələrdə bir sıra tədbirlərin keçirilməsi də bu təşkilatla əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyinə sübutdur. Azərbaycanı dünya üçün mənəvi ünsiyyət, mədəniyyətlərarası dialoq məkanına çevirən tədbirlərin, məqsədyönlü fəaliyyətin zirvəsi ölkəmizin ev sahibliyi edtdiyi Dünya Forumu idi. Bu böyük təşəbbüs Prezident İlham Əliyevin ideyası ilə reallaşmışdır. Azərbaycan bu beynəlxalq tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa yeni bir yol açmış oldu. Belə ki, 2008-ci il dekabrın 2-də Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransda 48 dövlətin və 10 beynəlxalq təşkilatın başçısının, eləcə də digər rəsmilərin iştirakı çox mühüm əhəmiyyət kəsb edir. Bununla da, Avropa və müsəlman ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda keçirilən ilk beynəlxalq tədbirdə yeni əməkdaşlıq prosesinin əsası qoyuldu.

Tədbirdə iştirak edən dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqun genişləndirilməsinə böyük töhfə verdiyini bildirmişdir: “Biz bu gün müxtəlif ölkələrdən olan mədəniyyət nazirlərinin konfransını keçirməklə bir daha onu göstəririk ki, son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, ictimai-siyasi quruluşundan asılı olmayaraq, həmişə bir ailə kimi yaşamışlar”. Azərbaycan hökumətinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən bu konfransda Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin perspektiv imkanları da müzakirə edilmişdir.

Ölkəmizin Avropa Şurası qarşısında götürülmüş öhdəliklər kontekstində əməkdaşlığına gəldikdə isə, Azərbaycan Parlamenti 31 maddədən ibarət Avropa Sosial Xartiyasının 18 maddəsini artıq Avropa Şurasına üzv olduqdan 3 il sonra ratifikasiya etmişdir. Belə ki, Azərbaycan hökuməti 2004-cü il yanvarın 6-da Avropa Sosial Xartiyasına qoşulmuşdur. Əsas məzmunu üzv ölkələrin əhalisinin sosial hüquqlarını müəyyənləşdirmək olan Xartiyada əmək və sosial məsələlərlə bağlı ümumilikdə 31 hüquq öz əksini tapmışdır. Bundan əlavə, ölkəmiz Avropa Şurasının 55 konvensiyası və 8 hissəvi sazişinə də qoşulmuşdur. Onu da qeyd etmək vacibdir ki, təşkilata üzv qəbul olduqdan sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı da yaradılmışdır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasına daxil olarkən bildirdiyi “Azərbaycan Avropanın çox dəyərli üzvü olacaqdır” sözləri artıq reallığa çevrilmişdir. Avropa Şurasında bu günə qədər əldə edilmiş uğurlar və Azərbaycanın Avropaya inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Hazırda Azərbaycan Respublikası Avropa Şurasının insan hüquqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərmək, beynəlxalq öhdəliklərə vicdanla əməl etmək kimi prinsiplərini rəhbər tutaraq, bu təşkilatla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
“Beynəlxalq münasibətlər və xarici siyasət”  kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında