Hər dəfə ölkəmizdə prezident və parlament seçkiləri yaxınlaşanda radikal müxalifət nümayəndələri seçkiyə şirnikdirici vədlərlə, görünməmiş “yeniliklərlə” gedirlər. Ancaq onların “yenilikləri” xalq tərəfindən ya gülüşlə qarşılanır, ya da ikrah hissi doğurur. Çünki belələri sanki unudurlar ki, ölkəmizdə seçkilərin taleyi xalqın siyasi iradəsindən asılıdır.
Kimlərinsə yalan vədləri, xüsusilə, seçki ərəfəsində dondan - dona girərək birdən - birə demokrat qiyafəsində peyda olmaları seçiciləri çaşdıra bilməz. İndi xalqın düşüncəsi, baxışları və siyasi dünyagörüşü 1992-ci ildə olduğundan tamamilə fərqlənir. Ona görə də kimlərinsə Şeyx Nəsrullahlıq etməsi və tez - tez cildini dəyişməsi heç bir fayda verməyəcək.
2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri radikal müxalifət düşərgəsini sanki qəflət yuxusundan oyadıb. Dünənə qədər “birlik” nümayiş etdirən, İctimai Palata adı altında 100-150 nəfər toplayıb küçə və meydanlara salan AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərin “birliyi” çox davam edə bilmədi. Çünki bir vaxtlar onlarla bir yerdə olan müxalifət nümayəndələri də çox əminliklə deyirlər ki, bu gün müxalifət düşərgəsində İsa Qəmbərlə Əi Kərimli kimi bir-birinə nifrət edən ikinci bir şəxs yoxdur. Ona görə də bu iki partiya sədrinin bir yerdə olması yalnız xarici himayədarlarına kələk gəlib qrant almaq üçündür. Sözsüz ki, İctimai Palatanın keçirdiyi “tədbirlərə” ayrılan vəsait daha çox “əməyi” olan Ə.Kərimli ilə İ.Qəmbər arasında bölüşdürülürdü. Müftə qazancı əldən verməyən partiya sədrləri özləri gizlənərək gəncləri aldadıb qanunsuz aksiyalara təhrik edir və növbəti dəfə xarici himayədarlarından daha çox qrant almağa çalışırlar.
Prezident seçkiləri İctimai Palata adlı qondarma qurumu da parçaladı. İndi radikal müxalifət nümayəndələri seçkilərdə kimin namizəd kimi iştirak edəcəyi məsələsi ilə məşğuldur. Təbii ki, əsas fiqurlar yenə də Müsavat Partiyasının başqanı ilə AXCP sədridir. Onlar gündəmdə qalmaq üçün öz “adətlərinə” sadiqlik nümayiş etdirərək yalan vədlər verməyə başlayıblar. İsa Qəmbər hətta bir qədər irəli gedərək artıq özünün “kölgə kabineti”ni yaradaraq “vəzifə” paylamağa başlayıb. Arxı tullanmamış “bərəkallah” deyən İ.Qəmbər bu yolla özünə tərəfdaş toplamağa çalışır. Hətta onun “kölgə kabinetində” Xalq Cəbhəsi Partiyasının üzvləri də var. Bu da Müsavat başqanının növbəti hiyləsidir. O, bu yolla cəbhəçiləri Əli Kərimlidən uzaqlaşdırıb öz ətrafında cəmləmək istəyir. Artıq AXCP rayon şöbələrindən birinin sədri “tora” düşüb. Musavatçılar AXCP sədrinə də “vəzifə” veriblər. Əli Kərimliyə İsa Qəmbərin “kölgə kabineti”ndə parlamentin sədri vəzifəsi verilib. Adının açıqlanmasını istəməyən müsavatçılardan biri deyir ki, Əli Kərimli pafosla danışmağı xoşlayandı. Ona görə də onu parlamentin sədri qoymuşuq ki, iclas başlayandan qurtarana qədər danışıb ürəyini boşaltsın.
Müsavatçılar rayonlardan İ.Qəmbərin adına məktublar və müraciətlər təşkil etməyə başlayıblar. Guya rayonlardakı ziyalılar İsa Qəmbərlə görüşmək, “dərdlərini” onunla bölüşmək istəyində olduqlarını bildirirlər. Belə “müraciətlər”dən biri də Lənkəran rayonunda yaşayan ziyalılar adından təşkil olunub. İ.Qəmbər də Lənkəran ziyalılarının “müraciətini” cavabsız qoymayıb və yanvarın 27-də onların görüşünə gedəcəyini bildirib. Bundan xəbər tutan lənkəranlı ziyalılar hiddətlənib, partiya sədrinin uşaq oyunu oynadığına qəzəblənərək Müsavat Partiyasının başqanına özlərinin həqiqi müraciətlərini ünvanlayıblar. Həmin müraciəti olduğu kimi təqdim edirik: “13 yanvar 2013-cü il tarixdə Lənkərana səfəriniz zamanı baş vermiş hadisələrlə əlaqədar sizin və siyasi həmfikirlərinizin rayon sakinlərinin ünvanına söylədiyi təhqiramiz ifadələri qətiyyətlə pisləyirik və rədd edirik. Əvvəla, lənkəranlılar bütün zamanlarda Azərbaycan dövlətçiliyinə və azərbaycançılıq ideallarına sadiqlik nümayiş etdirərək milli azadlığımıza və Vətənimizin tərəqqisinə xidmət ediblər. Lakin tarixi düşmənlərimizin və milli təəssübkeşlikdən uzaq olan insanların əliylə zaman-zaman Lənkəranda siyasi sabitliyi və ictimai asayişi pozmağa cəhdlər göstərilib və hər dəfə bu cəhdlər məhz lənkəranlıların ayıqlığı və sayıqlığı nəticəsində iflasa uğrayıb. Unutmayın ki, bu cəhdlərin ən təhlükəlisi məhz sizin hakimiyyətdə olduğunuz dövrə təsadüf edir. Məhz sizin bacarıqsız rəhbərliyiniz hesabına 1992-1993-cü illərdə Lənkəranda milli dövlətçiyimiz üçün çox təhlükəli hadisələr baş verdi. Heç bir müqavimət göstərilmədən hakimiyyət separatçı quldur dəstəsinə təslim edildi. Nəinki Lənkəranda, bütün cənub bölgəsində siyasi sabitlik pozuldu, özbaşınalıq baş alıb getdi. Hər addımda insanlar silahlı quldurlar tərəfindən təhqir olunur, milli ayrı-seçkiliyə məruz qalırdılar.
Həmin hadisələr zamanı böyük əziyyətlərlə üzləşən və sizlərin başsız qoyduğunuz lənkəranlılar həm dövlətçiliyimizin, həm də milli azadlığımızın müdafiəsinə qalxıb bütün qaragüruhçuları Lənkərandan qovdular. İndiki hadisələr göstərir ki, sizlər hələ də bu tarixi hadisələrdən dərs almamısınız. İddia edirsiniz ki, sizi Lənkəran ziyalıları görüşə dəvət edir. Biz inanmırıq ki, hansısa lənkəranlı ziyalı sizi görüşə dəvət etsin. Əgər elə adam olsa belə, o ziyalı yox, qara niyyətli qüvvələrə xidmət edən ziyanlı insan ola bilər. Belə adamlara isə aramızda yer yoxdur. Bəlkə fikirləşirsiniz vaxt, zaman keçib hər şey unudulub. Səhv edirsiniz. Heç kim və heç nə unudulmur. Bu gün “qara bina”nın adamları adlandırdığınız mərd, mübariz qadınların, gənclərin ataları, qardaşları, doğmaları sizin siyasi həmfikirlərinizin düşmənə təslim etdiyi Lənkəranı yenidən Azərbaycanın alınmaz qalasına çevirib burada sabitlik, əmin - amanlıq və milli həmrəylik şəraiti qurublar. Onlar bir daha Lənkəranda sabitliyin pozulmasına imkan verməyəcəklər. Təəssüflər olsun ki, nə siz, nə də sizin siyasi həmfikirləriniz bu məlum həqiqəti dərk etmək istəmirsiniz. Siz və sizi Lənkərana dəvət edən qüvvələr düşünmürsünüz ki, Lənkəranda sizləri görmək belə istəmirlər. Siz hansı üzlə narkoman, hanbal, pozğun, ləyaqətsiz adlandırdığınız insanlarla görüşmək istəyirsiniz? Ümumiyyətlə, siz hansı sosial bazaya arxalanıb yenidən Lənkərana gəlirsiniz? Doğurdanmı əhalinin sizə göstərdiyi münasibət sizə dərs olmamışdır? Düşünmürsünüzmü ki, xalq tərəfindən qovulduğunuz Lənkərana gəlişiniz siyasi iflasınızın son nöqtəsi olacaq. Onsuz da xalqın inam və etimadını tamamilə itirmisiniz. Ən dəhşətlisi isə ləyaqəti itirmək olacaq. Sizin növbəti dəfə Lənkərana gəlmək cəhdiniz şəxsi ləyaqətinizin itirilməsinə səbəb olacaq. Çünki, yığıncaqlarınızda, mətbuat, internet səhifələrində ağız dolusu təhqir etdiyiniz lənkəranlılar bir daha sizin ləyaqətinizə layiq olan qiyməti verəcəklər.
Bağırov Fərəməz
Rzayeva Siddiqə
Kələntərli Kamal
Əliyev Ələkbər
Məmmədov Sərhad
Əliyev Təvəkkül
Canıyev Fəxrəddin
Əliyeva Böyükxanım
İltifat Saleh ”
Müsavat Partiyası fəallarının prezident seçkilərinə hazırlıq kampaniyasının ilk uğursuzluğu partiyada çaxnaşma yaradıb. İ.Qəmbər Lənkəran ziyalılarının müraciətindən sonra hələ ki, özünə gələ bilməyib. İndi o, bu işdə “cəbhəçi barmağı” axtarır. AXCP- də də bu müraciətdən sonra sanki toy - bayramdır. Regionlarda yaşayanların Müsavat Partiyasına olan nifrəti Əli Kərimli tərəfdarlarını sanki hərəkətə gətirib. Onlar unudurlar ki, xalq bu partiyanı da qəbul etmir. Lənkəranlı ziyalıların İsa Qəmbərə müraciətindəki “Unutmayın ki, bu cəhdlərin ən təhlükəlisi məhz sizin hakimiyyətdə olduğunuz dövrə təsadüf edir” fikri elə AXCP sədrinə də aiddir. Axı 1992-1993-cü illərdə ölkəmizdə yaranmış anarxiya, xaos, özbaşınalıq, talançılıq məhz AXC - Müsavat cütlüyünün səriştəsizliyinin və dövlət idarəçiliyindəki naşılığının nəticəsi idi. Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən geniş şəkildə işğalına da məhz həmin vaxtlarda başlanıldı. İş o yerə gəlib çatdı ki, ölkədə hakimiyyət uğrunda qardaş qırğını başlandı. Beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər Azərbaycandan üz döndərdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik məhv olmaq həddinə çatdı. AXC - Müsavat hakimiyyətinin rəhbərliyi yaranmış ağır vəziyyətdən çıxış yolu tapa bilmədilər və son anda xalqı yuxuya verib qaçdılar. Onlar qorxularından bir müddət gözə görünmədilər. Sonradan Azərbaycanda ictimai - siyasi sabitlik bərqərar olanda gizlənənlər yavaş - yavaş peyda oldular. Bu dəfə radikal müxalifət qiyafəsində. Təəccüblüdür ki, bu gün həmin şəxslər yenidən ölkəyə rəhbərlik etmək fikrinə düşüblər. Görünür, ölkəmizin valyuta ehtiyatlarının artması, dövlət büdcəsinin çoxalması və digər sərvətlərimiz radikal müxalifətin gözlərini qamaşdırıb. Ancaq yanılırlar. Çünki xalq artıq onların nəyə qadir olduqlarını çox yaxşı bilir. Ona görə də bu tipli insanların hakimiyyətə yaxın gəlmələrinə qətiyyən yol verməz.
Əslində Lənkəran ziyalılarının müraciəti həm İsa Qəmbərə, həm də Əli Kərimliyə prezidentlik iddiasından əl çəkmək üçün çox tutarlı bir xəbərdarlıqdır. Sabah belə müraciətlər digər rayonlardan da gələ bilər. Ona görə də hər kəs ayağını yorğanına görə uzatmalı və yadda saxlamalıdır ki, hər şeyi xalqın seçimi həll edir. İndi yalanlar nə ayaq tutur, nə də yeriyir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.