Leyla Yunus ermənilərlə uzun müddətdir əməkdaşlıq edərək milli maraqlarımıza zərbə vurur
Yaxın günlərdə Bakıda “Park İnn” otelində www.publicdialouges.info Ermənistan-Azərbaycan saytının təqdimatı keçirildiyini eşidəndə, doğrusu, xeyli təəccübləndim. Axı, Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayır, bir milyondan artıq soydaşımızı öz ata-baba torpaqlarından didərgin salıblar. Belə bir işğalçı dövlətin, qəddar bir millətin ölkəmizdə hər hansı bir tədbirdə adının çəkilməsi hər birimizi hiddətləndirir, ikrah hissi oyadır, xalqın qəzəbini tarıma çəkir.
Dərhal gözlərimiz önündə ermənilərin törətdikləri dəhşətli terror aktları, dünyada analoqu olmayan Xocalı faciəsi, hətta faşistlərə də xas olmayan qəddarlıqları canlanır. Bəs onda Bakıda təşkil olunan belə bir tədbirin iştirakçısı kimlər ola bilərdi? Belə tədbirə qatılan adamı azərbaycanlı adlandırmaq olarmı? Damarlarında azərbaycanlı qanı axan kişi və ya qadın ermənilərlə hər hansı bir əməkdaşlığa razılıq verərdimi? Əsla yox!
Eşidəndə ki, Ermənistan-Azərbaycan saytının təqdimatında respublikamız tərəfindən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iştirak edib, daha heç bir təəccübüm qalmadı. Çünki onu təkcə bizim ölkəmizdə deyil, beynəlxalq aləmdə də erməni xislətli azərbaycanlı kimi tanıyırlar. L.Yunusun ermənilərə qarşı belə canıyanan olmasında qayınanasının da “əməyi” olub. Erməni millətinin nümayəndəsi olan qayınanası gəlinin üzüdönük olmasını, pula, var-dövlətə görə hər şeyini satmağa hazır olduğunu görüb onu daha da şirnikləndirmiş və ikili standartlar nümayiş etdirməkdə adətkar olmuş bəzi beynəlxalq təşkilatlara əsl sürpriz hazırlamışdır. Buyurun, Azərbaycan haqqında “əsl həqiqətləri” söyləyən azərbaycanlı. Bir müddət sonra erməni qohum-əqrəbaları gəlinləri Leyla Yunus üçün Sülh və Demokratiya İnstitutu adlı qeyri-hökumət təşkilatı da yaratmaqda yardımçı oldular. Həmin vaxtdan “zavallı ermənilərin” hüquqlarının qorunması L.Yunusun əsas vəzifələrindən birinə çevrildi. O, bundan sanki zövq alırmış kimi ermənilərlə əməkdaşlığının tarixinin iyirmi il əvvələ təsadüf etdiyini də gizlətmir. L.Yunus deyib ki, Sülh və Demokratiya İnstitutu 1995-ci ildən fəaliyyət göstərir. “Demək olar ki, o vaxtdan biz erməni tərəfi ilə müxtəlif birgə layihələr həyata keçiririk. Həmin layihələrdə əsas məqsəd informasiyanın ilkin mənbədən alınmasıdır”. Erməni xislətli azərbaycanlı bu günlərdə ermənilərlə daha bir layihəni reallaşdırıb. Söhbət bir qədər əvvəl qeyd etdiyimiz “Park İnn” otelində www:publicdialouges.info Ermənistan-Azərbaycan saytının təqdimat mərasiminin keçirilməsindən gedir. Bu veb-saytın yaradılmasına 2012-ci ilin oktyabrında başlanılıb.
Bu layihə Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirlikləri tərəfindən maliyyələşdirilir və Sülh və Demokratiya İnstitutu (Azərbaycan), “Region” QHT (Ermənistan) tərəfindən həyata keçirilir. Göründüyü kimi, bu dəfə də “əsas rolun” ifaçılarından biri Leyla Yunusdur. Hətta özünü iki ölkə arasındakı münaqişənin nizamlanmasının tərəfdarı olduğu kimi göstərərək “dəyərli məsləhətlər” də verib. Təbii ki, Leyla Yunusun məsləhətlərində ilk növbədə “zavallı ermənilərin” hüquqlarının qorunması önə çəkilir. Bir milyondan artıq azərbaycanlının ata - baba ocaqlarından didərgin salınması, ərazilərimizin 20 faizinin bu gün də işğal altında saxlanılması, 20 mindən artıq soydaşımızın erməni terror təşkilatları tərəfindən vəhşicəsinə qətlə yetirilmələri Leyla Yunus üçün bir o qədər də önəmli deyil. O, hətta münaqişənin danışıqlar yolu ilə nizamlanmasının da tərəfdarı olmadığını bildirir və sanki günahsız insanların qanının axıdılmasından zövq alırmış kimi, döyüşlərin davam etdirilməsinin tərəfdarı olduğunu nəzərə çatdırır. SDİ rəhbərinin məntiqinə fikir verin. O bildirib ki, ölkələr müharibə vəziyyətində olanda döyüşmək lazımdır, danışıqlar aparmaq yox.
Leyla Yunusun ermənilərlə işbirliyi qurması azərbaycanlı qadınların hiddətinə səbəb olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ağır itkilərə məruz qalmış və öz yaxın adamlarını itirən qadınlar bu qaniçən millətlə əməkdaşlıq edən, onların hüquqlarını müdafiə edən Leyla Yunusa nifrətlərini gizlədə bilməyiblər və “Park İnn” otelinə gələrək nifrətlərini emosional şəkildə bildiriblər. Həmin qadınlar bəyan ediblər ki, onlar hələ də başa düşə bilmirlər ki, ərazilərin işğal altında olduğu bir vaxtda ermənilərlə hansı dialoqdan söhbət gedə bilər. Hətta tədbirdə iştirak edən Fransa səfiri Paskal Monye bu qadınların ağrı və itkilərinə anlayışla yanaşıb. Ancaq L.Yunus isə bunu ona qarşı təxribat adlandırıb.
Tədbirin Ermənistanda keçirilən davamı zamanı L.Yunus erməni qohumları tərəfindən yüksək səviyyədə qarşılanıb. Hətta onların tapşırıqlarını yaxşı yerinə yetirdiyinə görə mükafat da alıb.
L.Yunusun ermənilərlə birgə sayt yaratması, düşmənlərimizlə əməkdaşlıq etməsi ictimaiyyətin ciddi narazılığına səbəb olub. Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycanın hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasını qəbuledilməz olduğunu bildirərək deyib: “Mən o sayta baxdım və gördüm ki, orada Azərbaycanın lehinə heç nə yoxdur, yəni Azərbaycanla bağlı heç bir obyektiv məlumat, heç bir yazı yoxdur. Orada ilkin fikir bundan ibarədir ki, o sayt Azərbaycana qarşı yaradılmış bir saytdır. Mən həm bir vətəndaş, həm də Milli QHT Forumunun prezidenti kimi o mövqe ilə heç cür razılaşa bilmərəm”.
R.Zeyni qeyd edib ki, biz torpaqları 20 ildən artıq işğal altında olan bir xalq kimi, ölkə kimi ermənilərlə hər hansı bir müştərək saytın yaradılmasına qəti etirazımızı bildiririk. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ermənilər qeyri-konstruktiv mövqedən əl çəkmirlər, nə qədər ki, Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün hüquqları pozulur, erməni təşkilatları, ekspertləri ilə hər hansı bir saytın yaradılması qəbuledilməzdir. Bu gün hər hansı bir azərbaycanlı, hər hansı bir vətəndaş öz ölkəsinin, öz millətinin mövqeyini, hüquqlarını müdafiə etməlidir. Necə ola bilər ki, biz 5-10 nəfərin hüquqlarını müdafiə edirik, amma hüquqları tapdalanmış bir milyon vətəndaşımızın hüquqlarını bir kənara atıb Azərbaycanı bu günə salmış düşmənlərlə birgə sayt yaradırıq. Biz buna etirazımızı bildiririk.
Milli QHT Forumunun prezidenti Leyla Yunusun bu addımının yeni olmadığını da diqqətə çatdırıb və onun bu formada antiazərbaycan mövqe nümayiş etdirməsinin qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, Leyla Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrə, xüsusilə ermənilərə – ərinin qohumlarına daha çox arxalanıb. O, fəaliyyətinin bütün dövrlərində antimilli mövqeyi ilə tanınıb. Hətta ölkəmizin inkişafını yüksək qiymətləndirən, insan hüquq və azadlıqlarının qorunması yolunda həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən dəyərləndiriləndə Leyla Yunus buna etirazını bildirib. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri hər dəfə ölkəmiz haqqında yaxşı münasibətdə olanda az qalıb ki. Leyla Yunusun bağrı çatlasın. Biz ötən il də bunun şahidi olduq.
Politoloq Cümşüd Nuriyev də müsahibələrinin birində bunu təsdiqləyib. C.Nuriyev Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt Font de Mora (İspaniya) və Cozef Debona Qrexi (Malta) korrupsiyada ittihamlamasına münasibətində bildirib ki, Leyla Yunus avropalı parlamentarilərə şər atır: “Çünki Leyla Yunus xaricdən aldığı tapşırıq və vəsaitlərə uyğun olaraq onları lazım olan məlumatlarla təmin edirdi. Əksəriyyətini öz təmtaraqlı ofisində oturub yazırdı. İndi AŞPA məruzəçiləri Bakıda gözləri ilə gördüyünü yazdıqlarına görə, onun yalanları üzə çıxdığından çətin duruma düşüb. Ona görə də əl atıb şantaja... Nədən bu şəxs AŞPA-da Azərbaycan iqtidarı tənqid olunanda susurdu? Birdən-birə indi AŞPA-ya qənim kəsildi? Bakı nə etsin ki, avropalı parlamentarilər gəlib həqiqəti, gördüklərini yazıblar...”
Xatırladaq ki, Leyla Yunus AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçilərinin insan hüquqlarının pozulması faktlarını guya, ört-basdır etdiklərini bildirmişdir. O, iddi edir ki, məruzəçilər tamahkar məqsəd güdür və Azərbaycan hökumətindən rüşvət alıblar. Ona görə də ölkədə baş vermiş haqsızlıqları bir yana qoyub, məruzələrini iqtidara sərf edən şəkildə hazırlayıblar.
L.Yunusun qeyri - obyektivliyi, ölkəmizə qarşı qərəzli movqeyi, beynəlxalq təşkilatlarda yersiz hay - küy salaraq qeyri - etik hərəkətlərə yol verməsi və həqiqəti söyləyənləri iqtidarın adamı adlandırması hüquq müdafiəçilərini də təngə gətirib. İnsan Hüquqları Təşkilatları Monitorinq Qrupu onun bu haqsızlığından, yalanlarından bezərək bəyanat da qəbul edib. Həmin bəyanatda Leyla Yunusun böhtançı olması, beynəlxalq tədbirlərdə özünü apara bilməməsi, xarici himayədarlarının təhriki ilə daim Azərbaycana böhtan atması öz əksini tapıb.
Bəyanatda qeyd edilirdi ki, Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu insan hüquqlarının müxtəlif aspektləri, o cümlədən siyasi məhbuslar probleminin həll edilməsi sahəsində apardığı fəaliyyəti ilə beynəlxalq aləmdə nüfuz və inam qazanıb. Bu nüfuzun göstəricisi kimi BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi mötəbər beynəlxalq təşkilatlar ölkəmizə səfər edərkən bizimlə də görüşü öz proqramlarına daxil edirlər. Belə görüşlərdən biri də Avropa Şurası Baş Katibinin müavini xanım Qabriella Battaini-Draqoni və Avropa Şurasının siyasi məsələlər üzrə direktoratın başçısı Aleksandr Gessellə keçirilib. Qeyd edək ki, görüş ikitərəfli etimad və konfidensiallıq şəraitində keçirilirdi. Lakin görüşün iştirakçılarından biri, birinci söz alan Sülh və Demoktariya İnstitutunun rəhbəri Leyla Yunus digər iştirakçıların şözünü kəsərək onların çıxışlarına kobudcasına müdaxilə edirdi. Beləliklə də bizim qonaqlarla apardığımız söhbət onun isterik qışqırtıları ilə müşahidə olunurdu. L.Yunusun özünüreklam məqsədilə verdiyi informasiyadan da aydın görünür ki, o, əsəblərini cilovlamağı lazım bilmirdi: Mən özümü saxlaya bilmədim..., Mən qışqırığa keçirəm..., Mən sadəcə qışqırıram... Mən müdaxilə edirəm... və s. Təbii ki, yaranmış belə bir mühitdə sivil qaydada diskussiya aparmazlar.
L.Yunus öz opponentlərini qaralamağa, cəmiyyətdə nüfuzdan salmağa çalışaraq, bizləri hökumətə işləyən, ölkədə insan hüquqları ilə bağlı vəziyyəti saxtalaşdıran, hətta bizi işgəncə verən polislərdən və saxtakar prokurorlardan da təhlükəli adlandırmışdır. Biz isə öz növbəmizdə özünüreklam etmək hərisliyində olan keçmiş hərbi senzorla söz güləşdirməyə vaxt sərf etmək fikrindən uzağıq və baş verənləri onun vicdanına buraxdıq.
Göründüyü kimi, Leyla Yunus artıq öz həmkarları tərəfindən də qəbul olunmur. Çünki “hüquq müdafiəçisi” adı ilə maskalanmış erməni xislətli Leyla Yunus və ona yaxın olan antimillilər ölkəmizdə baş verən hər hansı bir hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və böhtançı xarici medianın diqqətini buna cəlb etmək istəyirlər. Bununla da ölkəmizin dünya birliyində getdikcə artan reytinqinə xələl gətirməyə cəhd edirlər.
Təbii ki, erməni xislətli azərbaycanlı öz çirkin əməlləri ilə düşmən dəyirmanına su tökməyə çalışır. Bu “xidmətləri” müqabilində o, erməni lobbisindən külli miqdarda vəsait də toplayıb. Ancaq satqınçılıq, böhtan, qarayaxmalar və digər çirkli yolarla toplanan vəsait heç kimə xoşbəxtlik gətirməyib.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.