Rüstəm İbrahimbəyov siyasi oyunlara alət olmaqla özünü biabır etdi Çünki o, siyasətdə piyada və naşıdır

 

Çünki o, siyasətdə piyada və naşıdır

 

 

Hər sahənin öz peşəkarı var. Kimsə bir sahədə müvəffəqiyyət qazana, ardıcıl uğurlara imza ata bilər, ancaq həmin şəxs başqa bir sahədə uğursuzluqlar girdabında boğula, büdrəyə bilər.

Təsadüfi deyil ki, böyük şairimiz Nizami Gəncəvi “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” fikrini ifadə edərkən məhz insanın özünə, səviyyəsinə, bacarığına, biliyinə uyğun sahəni seçməsinin doğru olacağını vurğulamışdı. Bu sahə “palançılıq” olsa belə həmin insana baş ucalığı gətirər. Görünən odur ki, Rüstəm İbrahimbəyov öz peşəsini bir tərəfə ataraq, “yarımçıq papaqçılıqla” məşğul olmağı üstün tutub, siyasi oyunlara alət olmaqla özünü biabır edib. Çünki o, siyasi səhnədə çox piyada və xeyli naşıdır.

Azərbaycanın siyasi palitrasının çalarlarına bələd olmayan son dövrlər özünü fəal “siyasətçi” kimi göstərməyə cəhd edir. Azərbaycan Ziyalılar Forumu adlanan qondarma qurumun təsisçilərindən biri olan İbrahimbəyov yeni yaranacaq “El” adlı hərəkatın məramından danışarkən deyib ki, onun tərkibində “milli şura” yaradılacaq və bu şura 2013-cü il prezident seçkilərində vahid namizədin irəli sürülməsinə çalışacaq. Siyasi dairələr tərəfindən birmənalı qarşılanmayan bu açıqlamanın hansı məqsədlərlə verildiyini çoxları yaxşı bilir. Biznes maraqları təmin olunmayan, ona görə də reneqat Eldar Namazovun kölgəsinə sığınan R.İbrahimbəyov qeyri-peşəkar bir şəkildə çalışır ki, nə yolla olursa-olsun Namazovun “vahid namizəd” kimi irəli sürülməsini təmin etsin. Ancaq türkiyəli qardaşlarımız demişkən, qəbul edilməyən duaya “amin” deyilməz. Yəqin ki, R.İbrahimbəyov bununla neçə illərdir prezidentliyə vahid namizəd olmaq istəyən Əli Kərimli, İsa Qəmbər kimi “20 illik müxalifət liderlərinə”badalaq gəlmək istəyir. Həm də “son şans” hesab etdikləri 2013-cü il prezident seçkiləri ərəfəsində.

Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov son vaxtlar Rüstəm İbrahimbəyovun “siyasi fəallığını” artırmağa cəhd göstərməsini reallıqlara söykənərək çox səmimi bir şəkildə izah edərək demişdir: “Bilirsiniz, seçki öncəsi, sanki, bir yaz yağışıdır, torpaq nəm olur, altındakılar üzə çıxır. Sonrası da məlumdur — qurd-quşa yem olur. Lakin mən seçki amilini həlledici və yeganə səbəb saymıram. Mənim müşahidələrim onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir. Təəssüf ki, o, özünün hansısa problemini və ya kiminləsə şəxsi ədavətini siyasi üsullarla həll etmək istəyir. Və ən təəccüblüsü də budur ki, vasitə qismində prezident seçkilərini seçib. Belə bir seçimin sırf praktik rasionallığını kənara qoyub, mənəvi məsuliyyətini qeyd etmək istəyirəm. Atalar yaxşı deyib: qəzəbli başda ağıl olmaz. Siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib ”haqq-hesab çürütmək" məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsurludur”.

Bu, belə. İndi gələk, Eldar Namazovun adının iki hərifindən formalaşan “hərəkata” və “milli şura”nın yaradılmasına. YAP İcra katibinin müavini, millət vəklili Mübariz Qurbanlı hesab edir ki, bu mənasız bir hərəkatdır: “İnanmıram ki, Azərbaycanda kimsə o hərəkatın ətrafında toplaşsın. İstəyir adını “El” qoy, ya “sel” qoy, fərqi yoxdur. Azərbaycan seçicisi İlham Əliyevi dəstəkləyir. Bu hərəkat elə buradaca, beşiyindəcə iflasa uğramış oldu. Perspektivi yoxdur, bir müddət sonra sıradan çıxıb unudulacaq”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə bildirir ki, Azərbaycan demokratik bir ölkədir. Buna görə də müəyyən qüvvələr seçki prosesinə hazırlaşa bilər. Bu, onların hüququdur. Eyni zamanda, yeni hərəkat yaratmaq hər kəsin hüququdur. Amma bir çox tanınmış siyasətçilər kimi F. Mustafa da güman etmir ki, bu formada üçüncü qüvvə cəmiyyətdə qəbul edilsin. Siyasi səhnədə xeyli təcrübəli olan millət vəkili üstüörtülü olsa da “palançı” məsələsinə eyham vuraraq deyir: “El”in siyasi hərəkat kimi güclülüyünü təsəvvür edə bilmirəm".

Rüstəm İbrahimbəyovun siyasi səhnədə naşı və piyada olmasını göstərən digər bir fakt isə onun arxasında gizləndiyi “fiqurla” — Eldar Namazovla bağlıdır. Hər kəs bilir ki, buqələmun E.Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Onun siyasi keçmişi ilə bugünkü mövqeyi arasında kəskin uçurum olduğunu bu gün hər kəs yaxşı bilir. Eldar Namazovla bağlı bir vaxtlar kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da anlaşıldığı kimi, o, 1993-cü ildə özünü kimlərinsə qohumu kimi qələmə verərək ulu öndər Heydər Əliyevlə görüşmək üçün cəhdlər göstərmiş və ümummilli liderin ziyalılara böyük hörməti olduğunu bildiyi üçün özünü “elm fədaisi” olan ziyalı kimi təqdim etmişdir. Vəzifə aldıqdan sonra hiyləgər siyasi oyunlara aludə olmuş və davranışları ilə ətrafındakıların nifrətini qazanmışdır. Əgər keçmiş iş yoldaşlarının onun haqqında nələr danışdığını və hansı faktları açıqladıqlarını eşitsəniz, tam əminliklə demək olar ki, siz də bu insana kəskin nifrət bəsləyərdiniz. Bütün bunları bilən R. İbrahimbəyov ondan uzaqlaşmaq əvəzinə, reneqatın kölgəsinə sığınır.

2010-cu il mayın 7-də “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanda İlham Əliyevə alternativ olacaq ikinci bir siyasi fiquru tanımadığını bildirən Rüstəm İbrahimbəyov görəsən, nəyə görə, mövqeyini tamamilə dəyişib? Cavab birdir: Onun biznes maraqları təmin edilmədi, ona görə də hay-həşir qoparır, qisas almağa çalışır. Çirkli əməllərinin bir-bir ortaya çıxdığını gördükdə isə, uğursuz bir şəkildə məsələni siyasiləşdirməyə çalışır. Lakin faktlar öz sözünü deyir. Məlum olduğu kimi, keçən il iyunun 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü Rüstəm İbrahimbəyovun ittifaqa yarıtmaz rəhbərliyinə və qurumun heç bir perspektivi olmayan fəaliyyətinə etiraz edərək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını yaradıblar. Tanınmış kino xadimlərinin yer aldığı bu qrupun üzvləri qeyd ediblər ki, hazırda mövcud olan ittifaqın fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Ortaya çıxan yeni faktlar isə bu insanların nə qədər haqlı olduğunu bir daha təsdiq edir. Deməli, bu günə qədər Azərbaycan kinosunun inkişafına xidmət etməli olan Azərbaycan Kinematoqrafçılar İttifaqı, əslində, Rüstəm İbrahimbəyovun biznes strukturu kimi onun şəxsi maraq və ambisiyalarının təmin olunmasına yönəldilibmiş.

O da ictimaiyyətə məlumdur ki, aparılan araşdırmalar nəticəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının balansında olan çoxlu sayda avtomobilin sənədlərdə qeydiyyatda qalsa da, əslində, R.İbrahimbəyov tərəfindən çoxdan satıldığı üzə çıxıb. İttifaqın “çayka” qonaq maşını indiyədək evlənən cütlükləri şadlıq saraylarına daşımaq üçün istifadə olunur, sənədlərdə isə guya Kinematoqrafçılar İttifaqının qonaqlarına xidmət edirmiş kimi göstərilir. Bundan başqa, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsait ittifaqın xəzinəsindən “yoxa” çıxıb. R.İbrahimbəyov pulun faizlə banka yatırıldığını desə də, sonradan həmin vəsaiti gördüm deyən olmayıb. Kinorejissor Oqtay Mirqasımov katiblikdə bu məsələni qaldırdıqdan dərhal sonra R.İbrahimbəyovun hücumlarına məruz qalıb və etiraz əlaməti olaraq ittifaqı tərk edib. 2007-ci ildə 28 May küçəsində (Dəmiryol İdarəsi yaxınlığında) yerləşən və ittifaqa məxsus olan “Şərq-Qərb” restoranı sökülüb. Fəhlələrin binanın sökülməsindən almalı olduğu pullar R.İbrahimbəyov tərəfindən mənimsənilib.

Bundan başqa, Kinematoqrafçılar İttifaqının Şəkidə yerləşən sanatoriyasının bir hissəsi R. İbrahimbəyov tərəfindən satılmışdır, katiblikdə isə ərazinin Kiş çayının sel suları ilə dağıdıldığı bildirilmişdir. Kinematoqrafçılar İttifaqının Mingəçevirdə yerləşən sanatoriyasının da bir hissəsi R. İbrahimbəyov tərəfindən satılmış, katiblikdə isə ərazinin Qarabağ qaçqınlarına verildiyi bildirilmişdir. H. Seyidbəyli küçəsində guya ki, kinematoqrafçılar üçün tikildiyi söylənilən yaşayış binası R. İbrahimbəyov və podratçı tərəfindən satılmışdır. Hazırda bu binada kinematoqrafçılar yaşamır. Onlara mənzillər qəsdən yüksək qiymətə təklif olunmuşdur ki, bu da onları qane etməmiş, nəticədə isə R. İbrahimbəyov adıçəkilən binada altı mənzilə sahib olaraq, dördünü icarəyə verir. Bu binanın birinci mərtəbəsində “İbrus” teatrı yerləşir, onun ərazisi də icarəyə verilir, halbuki kinoteatr hökumətin balansındadır.

Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqına rəhbərliyi dövründə təşkilatın mülkiyyətini talan etmiş, quruma ayrılan vəsaitləri mənimsəmiş, həmçinin vergidən yayınmışdır. Vergilər Nazirliyinin yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Kinematoqrafçılar İttifaqı 12 373 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməmiş, həmçinin 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış vəsaitin 22 min manatı mənimsənilmişdir.

Bütün bunları saymaqla bitməz. Bu cür keçmişi olan bir “ziyalının” siyasət meydanına atılması heç də ona başucalığı gətirməyəcək.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında