Avropa Şurasında Ermənistanın Azərbaycanın hava məkanını pozmaq təşəbbüsləri ifşa edilmişdir

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə əsas diqqət kəsb edən məruzələrdən birini qitənin bu mötəbər qurumunun baş katibi Trobyan Yaqland etmişdir. Avropada demokratik inkişafın mövcud vəziyyətindən ətraflı bəhs edən T.Yaqland problemlərdən də yan keçməmişdir.

Bir sıra, hətta aparıcı Avropa ölkələrində iqtisadi böhranın doğurduğu fəsadlardan, korrupsiya və onunla mübarizədən, demokratik təsisatların fəaliyyətində rast gəlinən çətinliklərdən, dondurulmuş münaqişələrin həllinin ləngiməsinin yaratdığı böhranlardan söz açan baş katib Avropa Şurasının bütün bu məsələlərin həllində daha fəal olmasının vacibliyi üzərində dayanmışdır. Məruzəsindən sonra T.Yaqland Asssambleya üzvlərinin suallarını cavablandırmışdır.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmiz üçün birinci dərəcəli əhəmiyyət daşıyan məsələ - Ermənistanın ərazilərimizi işğal etməsi, hazırda isə bu təcavüzün sərhədlərini bir az da genişləndirmək cəhdlərini Avropa Şurasının tribunasından növbəti dəfə bəyan etmişdir. Rafael Hüseynov Avropa Şurası baş katibinə belə bir sualla müraciət etmişdir: “Ermənistanın müəyyən böyük xarici qüvvələrin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi hamıya bəlli olan faktdır və bu məsələ Avropa Şurası Parlament Assambleyasının xüsusi qətnaməsində də əksini tapmışdır. Təəssüf  ki, Ermənistan, 20 ildən artıq davam edən bu işğala son qoymaq əvəzinə, indi Azərbaycanın hava məkanını pozmaq üçün müxtəlif təxribatlara əl atır. İşğal altındakı Dağlıq Qarabağda, Xocalı yaşayış məntəqəsində aeroport tikərək bütün beynəlxalq konvensiyalara zidd olaraq oradan uçuşları həyata keçirmək üçün müxtəlif cəhdlər edilməkdə, şantaj səciyyəli addımlar atılmaqdadır. Ermənistan-Azərbaycan münaqişəsinin diplomatik vasitələrlə həllinə mane olan və qorxulu nəticələr vəd edən belə hərəkətlərə münasibətiniz nədən ibarətdir?”

 Trobyan Yaqland bu suala cavab verərkən bildirmişdir ki, Avropa Şurası mövcud münaqişələrin aradan qaldırılmasında çox maraqlıdır. Münaqişə bölgələrində sülhün bərqərar olması istiqamətində səylər nümayiş etdirmək Avropa Şurasının ümdə vəzifələrindəndir. Həmin problemlərin həlli ilə bir sıra başqa beynəlxalq təşkilatlar da məşğul olmasına baxmayaraq, Avropa Şurası  bu münaqişələrin hər birinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla bacardıqca tez həll edilməsinə töhfəsini vermək əzmindədir.

Baş katib əlavə etmişdir ki, belə münaqişələrin həllində ilk növbədə vacib olan münaqişə tərəfləri arasında dialoqun intensiv şəkildə aparılmasıdır. Ona görə də bu prosesdə dialoqa mane olan, münaqişələrin həllinə əngəl törədə biləcək bütün riskli hərəkətlərdən imtina edilməsi zəruridir.

Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında