Böhtançı demokrat qiyafəsində Və ya antimilli, antiazərbaycan qüvvələrin qulbeçəsinə çevrilən Leyla Yunus ermənilərin xidmətində

 

 

 “Hüquq müdafiəçisi” adı altında əsl simasını pərdələməyə çalışan, ermənipərəst addımları ilə ictimai qınaq obyektinə çevrilən Sülh və Demokratiya İnstitutunun  rəhbəri Leyla Yunus yenə  antimilli, antiazərbaycan mövqeyi ilə gündəmdədir.  Görünən odur ki, Azərbaycan dövlətçiliyinə qarşı mübarizəni həyatının “amalı” hesab edən, bu işdə xarici düşmən qüvvələrlə həmişə yaxın işbirliyindən çəkinməyən Leyla Yunus özünün çirkin, mənfur əməllərindən əl çəkmək niyyətində deyil. 

Əslində, ötən günlərdə Leyla Yunusun müxalifətin ruporu olan bəzi üzdəniraq mətbuat orqanlarında yayılan  antiazərbaycan  açıqlamaları  bizi  heç də təəcübləndirmədi. Təəccübləndirə də bilməzdi. Çünki biz  L. Yunusu həmişə öz ölkəsinin milli maraqlarını ayaqlar altına atmağa hazır bir “hüquq müdafiəçisi” kimi tanımışıq. Sülh və Demokratiya İnstitutunun rəhbəri boyundan  böyük danışaraq  iddia edir ki, Avropa Şurası Parlament Assambleyasının  yanvarın 25-dək davam edəcək qış sessiyasında Azərbaycanı “çətin sınaqlar gözləyir”.  Açıqlamasından belə anlaşılır ki, L. Yunus Azərbaycandakı “sayseçmə” azsaylı ermənipərəst QHT rəhbərləri və xaricdəki erməni lobbisinin təsir dairəsində olan beynəlxalq təşkilatların nümayəndələri  ilə birlikdə ölkəmizə qarşı antitəbliğat kampaniyası aparmaq üçün Strasburqa yollanırlar. Məqsəd AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin islamafobiyadan “bəhrələnən” və heç bir əsası olmadan hazırlanan məruzəsinə dəstək verməkdir.

Həqiqətən də  gərək insanda Vətəninə, xalqına, dövlətinə qarşı o qədər böyük  nifrət olsun ki, bu addımı ata bilsin. Məhz bu, bir daha göstərir ki, Leyla Yunus sırf erməni lobbisinin qulbeçəsi, Azərbaycan dövlətinin, xalqının isə düşmənidir. Belə olmasaydı, o,  AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirməz, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürməzdi. O, bu gün də bu kimi çirkin əməllərlə məşğuldur. Məsələn, L. Yunus belə hesab edir ki, əgər AŞPA-da hansısa bir deputat Azərbaycanı dəstəkləyirsə, demək, onun maddi marağı var. SDİ rəhbərinin heç bir əsası olmayan bu çürük arqumenti, əslində, onun özünü ifşa edir. Çünki belə olan halda sual oluna bilər: Görəsən, L. Yunusun Azərbaycan əleyhinə antitəbliğat kampaniyasında “baş rolda çıxış etməsində” marağı nədir?  Təbii ki, bunun çox açıq və konkret cavabı var: L. Yunus “xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına,  müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub və erməni lobbisinin sifarişlərini yerinə yetirməlidir ki, həmin obyektləri əldə saxlaya, varidatını daha da artıra bilsin.

Əgər L. Yunus erməni maraqlarına xidmət etməsəydi, onda Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan etməzdi. Ümumiyyətlə, “hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əllərindən gələni edirlər.  Buradan bir daha açıq görünür ki, Leyla Yunusun ermənilərlə müttəfiqliyi, dostluğu sırf Azərbaycan Respublikasına qarşı, onun taleyüklü milli maraqlarına qarşı yönəlib.  Bu kimi ünsürlər və onların məlum himayəçiləri unudurlar ki, Avropadakı sağlam düşüncəli siyasətçilər, deputatlar bu səviyyədə ucuz və şərəfsiz  təbliğatın məqsəd və məramını onlardan da yaxşı bilirlər. Bu mənada,  erməni lobbisinin, eyni zamanda, lobbinin təsir dairəsində olan anti-türk dairələrin cəhdləri yenə də iflasa uğrayacaqdır.

Leyla Yunus, onun fəaliyyəti, bir fərd olaraq şəxsi keyfiyyətləri, ermənilərlə qohumluğu, ermənipərəst dairələrlə işbirliyi, işğalçı ölkəyə bəslədiyi rəğbət haqqında ictimaiyyət kifayət qədər məlumatlıdır. Nə vaxt ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artır, ölkəmiz dünya ictimaiyyətinin diqqət mərkəzində olur, həmin vaxt L. Yunus “səhnəyə” çıxaraq özünün “aktrisalıq məharətini” göstərir. Keçən ilin may ayında Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma sədrlik etdiyi günlərdə və  “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində  məhz Leyla Yunusun rəhbərliyi altında Azərbaycana qarşı təbliğat kampaniyası aparılırdı. Məhz həmin günlərdə erməni lobbisi də “Eurovision-2012” mahnı yarışmasının reallaşmaması üçün fəaliyyətə başlamışdı. Onun mövqeyi həmin vaxt ermənilərin mövqeyi ilə olduqca “gözəl” uzlaşırdı. Azərbaycana, ölkəmizin uğurlarına daima ermənilərdən betər ermənipərəst mövqe ilə yanaşan L.Yunus hər zamankı kimi o dövrdə də hədəf olaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını seçmişdi. Göründüyü kimi, aylar ötsə də, illər keçsə də L.Yunusun hədəfi dəyişmir. O, yenə də azərbaycanlı körpələrin qatili olan ermənilərlə dostluq, əməkdaşlıq qurur, bu əməkdaşlığından isə Azərbaycan xalqına və dövlətinə qarşı istifadə edir. Milli mənsubiyyəti hər zaman müzakirə və mübahisə mövzusu olan bu insan sanki dövlətimizin və xalqımızın maraqlarına zərbə vurmaq, hər an erməni dəyirmanına su tökmək üçün kodlaşdırılıb. Bu isə təsadüfi deyil. Ermənipərəst dairələr tərəfindən maliyyələşdirilən və illərdir xalqımıza qarşı nifrətlə dolub daşan Leyla Yunus bunu artıq özünə peşə edib.

Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməsi də erməni lobbisi — Leyla Yunus işbirliyinin növbəti “nümunəsi” idi. Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə reallaşan layihə, guya,  erməni  və   Azərbaycan ictimaiyyəti arasında qarşılıqlı inamın bərpa edilməsinə xidmət edəcək. Bu saytın hansı məqsədə xidmət edəcəyini və kimlərin dəyirmanına su tökdüyünü isə yaydığı ilk müsahibə gözlər önünə çox yaxşı  qoydu. Ermənilərin təbliğat maşını işə düşən kimi  “azərbaycanlı” və erməni jurnalistlər Ermənistanın “İrs” Partiyasının sədri Raffi Ovannisyandan müsahibə aldılar. Partiya lideri əvvəldən müəyyənləşdirildiyi kimi, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini dərhal  “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməklə ilk təbliğat və təxribat xarakterli açıqlamanı verdi.

Gələcəkdə Azərbaycan dövlətçiliyinə, onun ərazi bütövlüyünə, suverenliyinə qarşı olan bundan da betər açıqlamalarla qarşılaşa bilərik. Çünki bu saytın məqsədi, hər hansı icma arasında ünsiyyət yaratmaq deyil, Azərbaycan ictimaiyyətini çaşdırmaq, bu məkanda erməni təbliğatını həyata keçirməkdir. Buna şərait yaradan isə yenə ermənipərəst Leyla Yunusdur. Belə olmasaydı, L. Yunus  1995-ci ildə erməni xüsusi xidmət orqanlarının tapşırığı əsasında Bakı Metropolitenində qatarı partladanlara əfv tələb etməzdi.

 

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında