Azərbaycanın Yaponiyadakı səfirliyi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar məlumat yaymışdır

 

 

Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar yanvarın 18-də bu ölkənin dövlət və media qurumlarına, burada akkreditə edilmiş diplomatik korpusun nümayəndəliklərinə məlumat göndərmişdir.

Məlumatda qeyd edilir ki, yanvarın 20-də Azərbaycan xalqının milli müstəqillik hərəkatında mühüm mərhələ olan Qanlı Yanvar faciəsinin 23-cü ildönümü tamam olur. Bu, keçmiş Sovet İttifaqı rəhbərlərinin imperiyanı saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları və qoşunu Azərbaycanın Bakı şəhərinə daxil olaraq günahsız insanlara hücum etmiş, uşaqlara, qadınlara və qocalara fərq qoymadan 147 nəfəri qətlə yetirmişdir. Bu qanlı hadisələr zamanı təxminən 800 nəfər yaralanmış, yüzlərlə insan həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalmışdır. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan 1990-cı ilin 20 Yanvarı tarixə həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşmüşdür.

Məlumatda bildirilir ki, bu qanlı müdaxilədə məqsəd Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq və kommunist rejiminin məhvinin qarşısını almaq idi. Sovet rəhbərliyi bütün cəhdlərə baxmayaraq, xalqın azadlıq mübarizəsini dayandıra bilmədi və bu hadisədən cəmi 20 ay sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi.

“Qara Yanvar” Sovet İttifaqının rəhbərləri tərəfindən törədilən terrordan qorxmayan insanların əsl mərdlik və mübarizlik nümunəsinə çevrildi.

Qanlı Yanvardan 23 il keçməsinə baxmayaraq, hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları böyük hörmət və ehtiramla anır.

Vüqar AĞAYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tokio


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında