Vahid namizəd məsələsi radikal müxalifətin iç üzünü açdı

AXCP funksionerləri İsa Qəmbəri prezidentliyə namizəd yox, namizədliyə namizəd adlandırırlar

 

 

Müxalifətin, habelə İctimai Palatanın bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinə vahid namizədlə qatılmaq məsələsi müxalif düşərgəni savaş meydanına çevirib. Dünənə qədər İctimai Palata adlı qondarma qurumda birlik nümayiş etdirən AXCP - Müsavat cütlüyünün qarşıdurması artıq açıq müstəviyə keçib. İndi məlum olur ki, hər iki partiyanın rəhbərini özlərinin tez-tez təkrarladığı “demokratiya” yox, vəzifə maraqlandırırmış. 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizəd kimi iştirak edəcəklərini deyən radikal müxalıfət nümayəndələri seçkilərə xeyli vaxt qalmasına baxmayaraq artıq parçalandılar. İndi onlar tələm - tələsik özlərini prezidentliyə namizəd kimi təqdim etməyə başlayıblar. Artıq Müsavat Partiyasının başqanı İsa Qəmbər özünü prezidentliyə namizəd elan edib.

İctimai Palatada gərginlik artmaqda davam edir.AXCP - Müsavat qarşıdurması artıq son həddə çatıb. Çünki bu qondarma qurumda prezidentliyə namizəd məsələsi müzakirəyə çıxarılmamış, İsa Qəmbər AXCP funksionerlərinə arxadan zərbə endirdi. Həmin vaxtdan da bu partiyaların fəallarının bir - birilərinə qarşı apardıqları gözdənsalma kampaniyası daha geniş vüsət aldı. İsa Qəmbərin özünü prezidentliyə namizəd elan etməsi hətta bir sıra müsavatçıları qeyzləndirmiş və onlar bu partiyadan istefa verərək AXCP sıralarına qatılmışlar. Həmin müsavatçılar Əli Kərimlinin mövqeyini İsa Qəmbərin mövqeyindən daha üstün tutduqlarını bildiriblər. Bir qrup cəbhəçi isə nə İsa Qəmbəri, nə də Əli Kərimlini prezidentliyə namizəd kimi görmədiyini bildirib. Artıq rayonlarda hər iki partiya sıralarından istefalar başlayıb.

Müsavat Partiyasından istefa verənlər İsa Qəmbərin başqanlıq kreslosundan əl çəkə bilməməsinə hiddətləniblər. Onlar deyirlər ki, neçə ildir ki, İsa Qəmbər müxtəlif bəhanələrlə partiyanın qurultayını təxirə salır. Çünki yaxşı bilir ki, qurultayda onun başqanlıqdan istefa verməsi məsələsi ortalığa çıxacaq. İ.Qəmbər guya Azərbaycanda qurultay keçirmək üçün əlverişli yer tapa bilməmək bəhanəsi ilə gah Türkiyəyə, gah da Gürcüstana getdi. Guya həmin ölkələrin rəhbərləri ilə danışıqlar aparıb qurultay keçirmək üçün münasib yer alacaqmış. Sən demə, İ.Qəmbərin həmin ölkələrə səfərlərinin arxasında başqa məqsəd dayanıbmış. O, qarşıdan gələn prezident seçkiləri ərəfəsində özünə dəstək axtarırmış. Müsavat Partiyasının başqanının düşüncələri hələ də 1992-ci ildə olduğu kimi qalıb. Ona elə gəlir ki, Azərbaycanda hakimiyyətə gəlmək üçün yenə də hansısa ölkələrdən “xeyir - dua” almaq lazımdır. İ.Qəmbər Gürcüstan səfərindən dərhal sonra özünü prezidentliyə namizəd elan etdi. AXCP sədri Əli Kərimli isə Müsavat başqanını prezidentliyə namizədliyə namizəd adlandırıb.

Müsavat Partiyasının rəhbəri prezidentliyə vahid namizədliyi Şaxta Babaya bənzədib. Onun həmfikirləri başqanın bu bənzətməsinə münasibət bildirərkən deyiblər ki, artıq İsa Qəmbər siyasi meydandan birdəfəlik getməlidir. Çünki onun başçılıq etdiyi partiya 20 ildir ki, uğursuzluq bataqlığından xilas ola bilmir. Ona görə də onun taleyi Şaxta Babanın taleyinə bənzəyir. Şaxta Babanın ömrü yazın gəlişinə qədərdir. Yaz gələr - gəlməz Şaxta Baba “əriyib suya dönür və axıb çaya gedir”. İsa Qəmbər də tərəfdaşlarını aldada-aldada çox çətinliklə özünü 2013-cü ilin prezident şeçkilərinə çatdıra bildi. Yəqin ki, bu seçkilərdən sonra onu Şaxta Babanın taleyi gözləyir.

 İ.Qəmbərin prezidentliyə vahid namizədliklə dağlı dayaz düşüncəsi tərəfdaşları tərəfindən də ikrahla qarşılanıb. Hazırda onun tərəfdarları da vahid namizədlik məsələsinin gündəmə gətirilməsinin əleyhinədirlər. Çünki hadisələrin gedişi də təsdiqləyir ki, İsa Qəmbərin prezidentliyə vahid namizədliyini 5-10 müsavatçıdan başqa dəstəkləyən yoxdur. Əslində müsavatçıların özləri də İ.Qəmbərin prezidentliyə namizədliyini dəstəkləmirlər. Çünki son 20 ildə ölkədə keçirilən bütün seçkilərdə İsa Qəmbərin rəhbərlik etdiyi komanda həmişə uğursuzluğa düçür olub. Müsavatçılar bunu partiya rəhbərinin yarıtmaz siyasəti və xalq arasında nüfuzunun olmaması ilə əlaqələndirirlər. Bu il keçiriləcək prezident seçkilərində İsa Qəmbərin namizədliyinin qeydə alınması ilə əlaqədar tələb olunan imzanın toplanılması da şübhə altındadır. Bütün bunlara baxmayaraq İ.Qəmbər özünü zorla prezidentliyə namizəd elan edib.

Eyni aqibəti İctimai Palata adlı qondarma qurumun digər üzvü olan AXCP sədri Əli Kərimli də yaşayır. Onun tərəfdarları Müsavat başqanına qarşı açıq mübarizəyə başlayıblar. Onlar müxalifətin əsas namizədinin AXCP sədri Əli Kərimli olduğunu bildiriblər. Əli Kərimli “Amerikanın səsi” radiostansiyasına verdiyi müsahibəsində də bunu təsdiqləyib. O bildirib ki, qarşıdan gələn prezident seçkilərində müxalifətin əsas namizədi qismində iştirak edə bilər. Bununla da İ.Qəmbərin prezidentliyə namizədliyinə özünü ciddi rəqib kimi göstərib. İctimai palatanın aparıcı partiya rəhbərlərinin bir-birinə zidd mövqedə olmaları bu qurumun dağılacağından xəbər verir. Burada birləşən partiya rəhbərləri arasındakı fikir ayrılığı quruma qoşulan QHT-lər arasında da ciddi narazılıq yaradıb. Son vaxtlar həmin QHT-lərin nümayəndələri tədricən İctimai Palatadan uzaqlaşmağa başlayıblar.

Müxalifət nümayəndələri Əli Kərimli ilə İsa Qəmbərin prezidentliyə namizədliklərini ölüm-dirim mübarizəsi adlandırırlar. Hətta bəzi müxalifət nümayəndələri kinayə ilə deyirlər ki, İsa Qəmbər Əli Kərimlinin ona nisbətən gənc olmasını nəzərə alaraq prezidentliyə əsas namizəd özünü hesab edir.

Artıq İctimai Palata adlı qondarma qurumun üzvləri arasında prezidentliyə vahid namizəd olmaq istəyənlərin sayı artmağa başlayıb. İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Leyla Əliyevanın açıqlamasından sonra bu sahədə əməlli-başlı canlanma müşahidə olunub. Politoloq deyib ki, bütün qüvvələr hansısa bir ziyalını və ya beynəlxalq aləmdə tanınan şəxsin namizədliyini müdafiə edə bilər. Əslində xanım politoloqun da bu bəyanatının arxasında bəzi maraqlı xarici qüvvələrin olduğu özünü büruzə verir. Çünki həmin xarici qüvvələrə də məlumdur ki, İctimai Palatadan istər Əli Kərimli, istərsə də İsa Qəmbər prezidentliyə namizəd olsun, onlardan heç biri xalqdan dəstək ala bilməyəcək. L.Əliyevanın fikrini Qərb institutları ilə işləyən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu da dəstəkləyir və İctimai Palatanın üzvləri arasında prezidentliyə vahid namizəd kimi özünü gördüyünü bəyan edir.

İctimai Palata üzvlərinin bir-birinin ardınca prezidentliyə namizədliklərini irəli sürməsi müxalifət düşərgəsində ciddi narazılığa səbəb olub.

Partiya sədri deyib ki, Azərbaycanda ciddi sosial gərginlik müşahidə olunmur: “Eyni zamanda, cəmiyyət də yeni keyfiyyət dəyişikliklərinə hazır deyil. Bu baxımdan, nəinki İctimai Palatanın, bütövlükdə müxalifətin bu seçkilərdə uğur qazanmaq şansı çox aşağıdır”.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva da növbəti prezident seçkilərində indiki Prezident İlham Əliyevə ciddi rəqib görmədiyini deyib. Partiya sədrinin fikrincə, İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə Azərbaycanda bütün sahələr üzrə sürətli inkişaf müşahidə olunub. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu getdikcə artıb. Bu da Azərbaycanın BMT kimi çox mötəbər bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə nəticələndi. SSRİ-nin süqutundan sonra postsovet respublikaları arasında belə bir uğur Ukraynadan sonra bizim ölkəmizə nəsib olub. Etiraf etməliyik ki, bu uğura Prezident İlham Əliyevin məntiqli xarici siyasəti nəticəsində nail olmuşuq. Bu gün dünyanın ən reytinqli ekspertləri də hesab edirlər ki, Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasında Prezident İlham Əliyevin böyük rolu var. Son 9 ildə bir milyondan artıq yeni iş yerlərinin açılması, regionlarda tikinti-abadlıq işlərinin geniş vüsət alması, dünya standartlarına cavab verən zavod və fabriklərin açılması və insanların həyat səviyyəsinin getdikcə yüksəlməsi məhz Prezident İlham Əliyevin düzgün müəyyənləşdirilmiş siyasi strategiyasının nəticəsidir. Ona görə də xalq Prezidentin ətrafında sıx birləşib. Hesab edirəm ki, bu il keçiriləcək prezident seçkilərində də seçicilər bütün bunları diqqətdə saxlayacaq və böyük ruh yüksəkliyi ilə yenidən İlham Əliyevə səs verəcəklər. Kimlərinsə indidən özünü prezidentliyə namizəd göstərməsi elə bir əhəmiyyət kəsb etmir. Hansısa xarici qüvvələrə ümid bəsləyən bəzi partiya sədrləri də unutmasınlar ki, Azərbaycanda prezidenti xalq seçir. Bu gün xalqımız Heydər Əliyev siyasi xəttinə alternativ görmür.

İsa Qəmbər və Əli Kərimli isə heç nəyi nəzərə almaq istəmir, dəfələrlə siyasi səhnədə məğlub olsalar da, biri-birinə qarşı təbliğat aparsalar da yenə ortaq məxrəcə gələ bilmirlər. Bu qarşıdurmanı görən Eldar Namazov isə həm İ.Qəmbərə, həm də Ə.Kərimliyə “sürpriz” hazırlayıb. Bu, “El” adlı qondarma hərəkatın yaradılmasıdır. “El” deyəndə onlar xalqı, eli nəzərdə tutmurlar. Bu, reneqat Eldar Namazovun adının başlanğıcındakı iki hərfi ifadə edir. Biznes maraqları təmin olunmadığı üçün Eldar Namazovun kölgəsinə sığınmağa çalışan Rüstəm İbrahimbəyovun dediklərindən belə çıxır ki, “El” “üçüncü qüvvə” kimi çıxış edəcək. R.İbrahimbəyov onu da deyib ki, hərəkatın bütün rayonlarda strukturları formalaşdırılandan, əsas ictimai birliklər, siyasi partiyalarla razılığa gəldikdən sonra Milli Şura yaradılacaq. Prezidentliyə vahid namizədi də Milli Şura irəli sürəcək. Rüstəm İbrahimbəyov bununla İ.Qəmbərə və Ə.Kərimliyə mesaj göndərmək istəyir ki, siz nahaq tələsirsiniz. “El”in namizədi siz yox, Eldar Namazov olacaq.

Göründüyü kimi, bu il keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq istəyənlərin sayı çox olacaq.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında