Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov yap.org.az-ın suallarını cavablandırmışdır.
– Son vaxtlar Rüstəm İbrahimbəyov “siyasi fəallığını” artırıb. Sizcə bu nə ilə əlaqədardır: 2013-cü ilin prezident seçkiləri ili olması ilə, yaxud başqa səbəb var?
– Əslinə qalsa, bu mövzuda danışmaq istəməzdim. Səbəbi də çox sadədir. Rüstəm İbrahimbəyovun siyasi həyata təsiri olmadığından ona diqqət yetirməyə dəyməz. “Azadlıq” qəzetində, yaxud başqa mətbuatda müsahibə verməklə ölkənin siyasi həyatına təsir etmək mümkünsüzdür.
Sualınızın mahiyyətinə gəldikdə isə, onu deyə bilərəm ki, fikir verirsinizsə, Rüstəm İbrahimbəyov ritorikasında ciddi dəyişiklik edib. Əvvəllər siyasətlə məşğul olmadığını bildirirdi, indi isə açıq şəkildə siyasətlə məşğul olduğunu deyir. Əslində, əvvəllər də onun bütün bəyanatları siyasi xarakterli idi, yalnız siyasətlə məşğul olduğunu etiraf etmək istəmirdi.
Yəqin ki, prezident seçkilərinin yaxınlaşması müəyyən mənada səbəb rolunda çıxış edir. Bilirsiniz, seçki öncəsi sanki bir yaz yağışıdır, torpaq nəm olur, altındakılar üzə çıxır. Sonrası da məlumdur – qurd-quşa yem olur. Lakin mən seçki amilini həlledici və yeganə səbəb saymıram. Mənim müşahidələrim onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir. Təəssüf ki, o özünün hansısa problemini və ya kiminləsə şəxsi ədavətini siyasi üsullarla həll etmək istəyir. Və ən təəccüblüsü də budur ki, vasitə qismində prezident seçkilərini seçib. Belə bir seçimin sırf praktik rasionallığını kənara qoyub, mənəvi məsuliyyətini qeyd etmək istəyirəm. Atalar yaxşı deyib: qəzəbli başda ağıl olmaz. Siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib “haqq-hesab çürütmək” məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsurludur.
Rüstəm İbrahimbəyov 50 ildən çoxdur ki, yaradıcılıqla məşğuldur. Siyasətçini və yaradıcı insanı fərqləndirən əsas əlamət məsuliyyət məsələsidir. Bütün yaradıcı insanlara hörmətimi ifadə edərək bildirirəm ki, siyasətçi məsuliyyəti tamam başqa kateqoriyalı anlayışdır. Hiss etdiyim budur ki, Rüstəm İbrahimbəyov yenicə atıldığı siyasət meydanında siyasətçi məsuliyyətini hələ tam dərk edə bilmir.
– Axırıncı müsahibəsində Rüstəm İbrahimbəyov üçüncü qüvvədən bəhs edir. Azərbaycanda üçüncü qüvvə ehtimalı nə qədərdir və bu rola kimlər iddia edə bilər?
– Rüstəm İbrahimbəyov yaşlı adam olsa da, çox “gənc” siyasətçidir. Azərbaycanın siyasi palitrasının bütün çalarlarına bələd olduğuna inanmıram. Siyasətlə məşğul olan və müəyyən təcrübə toplamış hər kəs çox yaxşı bilir ki, elektorat baxımından ölkədə xeyli sabit mənzərə mövcuddur. Prezident İlham Əliyevi dəstəkləyənlərin cəmiyyətdə xüsusi çəkisinin kifayət qədər çox olduğunu keçirilən bütün sorğular təsdiq edir. Bitərəf müşahidəçi üçün bu sübuta xüsusi ehtiyacı olmayan bir həqiqətdir.
Üçüncü qüvvə məsələsinə gəldikdə, mən bilmirəm Rüstəm İbrahimbəyovdan ötrü bu anlayışın məna yükü nədən ibarətdir? Bir “beşinci kalon” anlayışı da mövcuddur. Zaman-zaman işə düşmək istəyir. Rüstəm İbrahimbəyovun təqdimatında bunlar eynidir ya yox, deyə bilmərəm.
Elektoral mənada üçüncü qüvvənin olmadığı mənə gün kimi aydındır. Digər baxımdan, Azərbaycanda tam aydın siyasi ab-hava hökm sürür, təlatümlər üçün hər hansı səbəb və ya əsas yoxdur. Gözlənilməz siyasi proseslər proqnozlaşdırmaq üçün həddən ziyadə fantaziya işlətmək lazımdır. Arzu olunanı həqiqət kimi qələmə vermək bədii yaradıcılıqda çox asandır. Əslində bədii yaradıcılıq sahəsində çalışanlar elə bununla məşğuldurlar. Ancaq siyasətçi üçün arzu olunanı həqiqət saymaq məğlubiyyətə bərabər olur. Rüstəm İbrahimbəyov öz xəyallarında bir üçüncü qüvvə yaradıb. Lakin Azərbaycanın reallığında belə qüvvə mövcud deyil. Azərbaycan cəmiyyəti normal seçki ilini yaşayır və əminəm ki, seçkiöncəsi dövr də məhz belə olacaq.
– Bəs milli şura ideyasına necə baxırsınız? Rüstəm İbrahimbəyovun “seçki doktrinasında” ona da toxunulur.
– Gənc siyasətçilərin utopistliyi yeni hadisə deyil. Xüsusilə də gənc siyasətçinin yaşı çox olanda utopizmi daha qabarıq görünür. Azərbaycanda formalaşmış siyasi təsisatlar var, dəfələrlə seçkilər keçirilib, həmin institutlar seçkilərdə iştirak edibər. Təklif olunan variant nəinki səmərəli deyil, həm də təhlükəlidir. Seçkilərə bu qədər qeyri-ciddi yanaşmaq olmaz. Biz ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi, siyasi institutların rol və əhəmiyyətinin artırılması kimi aktual problemləri müzakirə edirik. Azərbaycanın siyasi gündəmində nə milli şura deyilən qondarma quruma, nə müvəqqəti seçkilərə (deyəsən, Rüstəm İbrahimbəyov müvəqqəti prezident də seçmək istəyir) yer var. Azərbaycan 20 il öncə bu yolları keçib, acısını yaşayıb. Müvəqqəti dövlət başçısı da olub, milli şuralar yaratmaq istəyənlər də. Rüstəm İbrahimbəyov siyasi diletantlığı ucbatından dediklərini nə isə qeyri-adi saya bilər. Lakin Azərbaycan indi təklif olunan formada siyasi dəyişikliklər mərhələsini çoxdan keçib, dayanıqlı siyasi sistemini formalaşdırıb. Elektoral sistem formalaşıb və fəaliyyət göstərir. Cəmiyyətin siyasi ab-havası və siyasi ehtirasları tam aydındır. Azərbaycan cəmiyyətinə, ictimai rəyə qəfil təsir effekti sıfıra bərabərdir, xüsusilə nəzərə alsaq ki, belə bir alternativ qüvvə və şəxs yoxdur. Qəti olaraq deyə bilərəm ki, Rüstəm İbrahimbəyovun “üçüncü qüvvəsi” bu rol üçün təmamilə yararsızdır. O ki qaldı Rüstəm İbrahimbəyovun özünə, onun ictimai-siyasi “nüfuzu” və şəxsi keyfiyyətləri “millətin atası” olmaq arzularını təmamilə puç edir. O, kiməsə heç “xaç atalığına” da yaramır.
Sonda onu bildirmək istəyirəm ki, Azərbaycanda İlham Əliyev kimi güclü, xalqın inandığı lider var, onun arxasında möhtəşəm partiya – Yeni Azərbaycan Partiyası dayanıb. İlham Əliyevin, bugünkü hakimiyyətin ən böyük siyasi resursu xalq, onun inamı və dəstəyidir. Bu resurs nə “üçüncü qüvvəyə”, nə də utopistlərin xəyallarına nə bu gün, nə də gələcəkdə yer qoymur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.