Bunun qərəzçilikdən və rəzillikdən başqa heç bir adı yoxdur. 20 ildir ki, dünyanın bütün beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini müzakirə edir, işğalçı erməni hərbi birləşmələrinin ölkəmizin ərazilərindən çıxarılmasını tələb edir, bu tərəfdən də özünün və təmsil etdiyi ölkənin nüfuzuna xələl gətirən məsuliyyətsiz adamlar Dağlıq Qarabağı Azərbaycandan kənarda göstərən xəritə tərtib edirlər. Sanki bu bir qrup adam bütövlükdə dünyanın iradəsinə qarşı çıxmaq istəyir.
Əslində isə həmin adamlar erməni lobbisinin əlində əsirə çevriliblər. Ermənipərəst qüvvələr hansı havanı çalsalar, o havaya oynayır. Erməni pul verib desə ki, xəritədə Avropanın yarısını Ermənistan kimi göstərin, göstərəcəklər. Çünki öz tamahlarının əsirinə, girovuna çevriliblər.
Artıq açıq şəkildə hamıya məlumdur ki, xaricdəki bəzi antiazərbaycan mövqeli qüvvələr nəinki respublikamızın inkişafından, hətta paytaxt Bakının simasının dəyişməsindən və müasirləşməsindən də məyus olur və narahatlıq hissləri keçirirlər. Əgər belə olmasaydı dövri olaraq Bakıda həyata keçirilən yenidənqurma işlərinə əngəl törətmək istəməzdilər. Biz bu prosesə əngəl törətmək istəyənləri də yaxşı başa düşürük.Onlar görürlər ki, Azərbaycan inkişaf etdikcə, Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrildikcə, dünyanın aparıcı beynəlxalq təşkilatlarının respublikamıza olan marağı artır. İstənilən beynəlxalq tədbir isə respublikamızın nüfuzunu daha da artırır. Bu isə işğalçı Ermənistanın tutduğu siyasi kursun heçə endirilməsi ilə nəticələnə bilər. Odur ki, beynəlxalq aləmdəki ermənipərəst qüvvələr dövri olaraq ya Azərbaycanın ümumi inkişafına badalaq gəlmək məqsədilə, ya da Bakıda həyata keçirilən yenidənqurma işlərinə qara yaxmaq məqsədilə öz səviyyələrinə uyğun dedi-qodular uydurub yayırlar.
Bir neçə gün əvvəl də həmin addımlardan birinin şahidi olduq. ABŞ -da fəaliyyət göstərən “Freedom House” adlı təşkilat özünün hazırladığı növbəti “hesabatda ” Bakıda həyata keçirilən yenidənqurma və müasirləşmə prosesindən böyük narahatlıq hissləri ilə söz açmışdır. Bu qərəzli mövqenin açıq-açığına ölkəmizin daxili işlərinə qarışmaq cəhdi olduğuna görə istənilən azərbaycanlı gənc həmin cızma-qaranı rəsmi sənəd kimi tanımadığını bildirir və onların ermənipərəstlərin növbəti məkrli niyyətlərindən biri olduğunu bəyan edirlər. Ancaq Azərbaycan dövləti öz inkişafının elə bir səviyyəsindədir ki, o, hansısa qarayaxmadan narahat olmur. Üstəlik, xalqımız ermənilərdən və digər bədxahlarımızdan fərqli olaraq, istənilən məsələyə münasibət bildirərkən nəinki emosiyalara qapılmır, həm də səhv edən tərəfin öz səhvlərini başa düşməsinə şərait yaradır. Yəni bizdə böyüyün- kiçiyin yeri həmişə layiqincə qiymətləndirilib və indi də qiymətləndirilir. Ona görə də biz ən qərəzli insanlara da cavab verərkən dövlətimizin mövqeyini əsas götürürük.
“Freedom House”un qərəzli mövqeyinə dövlətin münasibətini isə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu şəkildə ifadə edib: “Bu tipli ittihamlar bizim üçün tanış böhtan və yalanlar üzərində qurulmuşdur. “Eurovision” müsabiqəsi zamanından genişlənən bu kampaniyanın arxasında erməni lobbisi və bəzi antiazərbaycan dairələr dayanır. Məqsəd də guya insanların mülkiyyət hüququnun pozulduğunu şişirdərək Azərbaycanın artmaqda olan müsbət imicinə zərbə vurmaq, Qərbdə onun dinamik inkişaf edən ölkə obrazını zədələmək, nüfuzuna xələl gətirməkdən ibarət idi”.
Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı isə bu barədə belə deyir: “Freedom House” təşkilatı öz hesabatında işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma Dağlıq Qarabağ rejimini qismən azad ərazilər siyahısına daxil edib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. “Freedom House” bununla qondarma, işğalçı, birbaşa Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan rejimi qismən azad ərazi kimi göstərmək istəyir. Bu, çox gülünc bir mövqedir.
İşgal altında olan Dağlıq Qarabağda faktiki olaraq quldur bir rejim var. Bu rejim Dağlıq Qarabağdakı erməni əhalisini də təhdid altında saxlayır. Burada insan haqlarından və azadlıqlarından danışmaq olmaz. Bu ərazi faktiki olaraq Ermənistanın işğalçı rejiminin və onu himayə edən dairələrin bir poliqonudur, narkotik istehsal edən, quldurluqla məşğul olan, kriminallaşmış bir ərazidir. Buradakı hərbi qüvvələr birbaşa Yerevana tabedir. Burada yaradılmış oyuncaq rejimin başında duranların, demək olar ki, hamısı hərbi cinayətkardır, vaxtilə azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş şəxslərdir. Xatırladaq ki, Bakı şəhərindəki bütün bu yenidənqurma işləri və abadlaşdırma siyasəti Prezident İlham Əliyevin təşəbbüsü ilə insanlar və onların rifahının yüksəldilməsi, şəhərimizin abadlığı və gözəlliyi üçün həyata keçirilir. Bu zaman kiminsə öz daimi yaşayış yerindən köçürülməsi zərurəti yaranır. Əlbəttə, sakinlərə kompensasiya və ya başqa yerdə ev verilməsi şərtiylə. Dünyanın istənilən ölkəsində bu qaydalar tətbiq olunur. İndi haqlı olaraq bir sual ortaya çıxır. Tutaq ki, hansısa tikinti-yenidənqurma işləri ilə köçürülən sakinlərdən beşi-onu öz evi müqabilində verilən kompensasiya ilə razılaşmadı və “Freedom House” onu hüquqları pozulmuş insan kimi müdafiə etməyə başladı. Şərti və müvəqqəti olaraq mən bu tezislə razılaşdım.Çox sağ olsunlar ki, bizim soydaşlarımızın hüquqlarını qorumağa cəhd edirlər. Bəs elə isə 1 milyon azərbaycanlı məcburən öz ata-baba yurdundan köçürüləndə onların hansı mülkiyyət hüququ qorunmuşdu? Robert Koçaryan və Serj Sarkisyan kimi insan qanı içən canilər, quldurlar, vandallar deportasiya etdikləri bütün azərbaycanlıların əmlakını, var-dövlətini mənimsəməmişdilərmi? Bəs o zaman “Freedom House” harada idi?
Bu suallar ortaya çıxır və evi sökülən zaman daha münasib alternativlər, daha sərfəli evlər, yaxud müvafiq ödəmələr təklif olunan, fəqət həmin şərtlərlə razılaşmayan insanların “hüququnu qoruyan” saxta hüquq müdafiəçiləri unutmasınlar ki, onların “hesabatları” özündə hansısa həqiqəti əks etdirmədikcə həmin raportların hamısı məişətdə istifadə edilən kağızdan başqa heç nə olmayacaqdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.