Hər kəs özünə aid olan sahə ilə məşğul olsa, ona tapşırılan vəzifəni layiqincə yerinə yetirsə, ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edər, beynəlxalq aləmə daha sürətlə inteqrasiya olunar. Söz yox ki, son illər Azərbaycanın bütün sahələr üzrə inkişafı beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Ancaq bu nailiyyətlər daha yüksək ola bilər. Bir şərtlə ki, sapı özümüzdən olan “baltalar” ölkəmizi beynəlxalq aləmdə gözdən salmaq üçün cilddən-cildə girməsinlər. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun son vaxtlar bu sahədəki “fəaliyyəti”ni xüsusilə qeyd etmək istərdim.
2013-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində olkəmizə düşmən qüvvələrin əlində alətə çevrilən Rüstəm İbrahimbəyov öz işini unudaraq, guya, ziyalıları təmsil etdiyini deyir və özünü xalqa canıyanan kimi göstərir. Əslində isə azərbaycançılıqdan tamamilə uzaq olan kinorejissor ermənipərəst qüvvələrin təhriki ilə ölkədə çaşqınlıq yaratmağa, xalqla hakimiyyət arasında nifaq salmağa cəhd göstərir. Təbii ki, qoca kinorejissorun canfəşanlığı heç bir nəticə verməyəcək. Çünki xalq böyük ruh yüksəkliyi ilə seçdiyi prezidentə inanır, ona güvənir və ölkə başçısının ətrafında daha sıx birləşir. Ona görə də Rüstəm İbrahimbəyov kimilərini eşidən olmayacaq.
Hamıya çox yaxşı məlumdur ki, qondarma Ziyalılar Forumuna toplaşanlar hakimiyyətdən narazı olanlardır. Onlar qanunlara riayət etmək istəmir, əsas məqsədləri rəhbərlik etdikləri sahələri çapıb-talamaq, təşkilatın hesabında olan vəsaiti mənimsəmək və istədikləri kimi istifadə etməkdir. Belələrinə bunun yolverilməz olduğunu xatırladanda isə dərhal şantaja əl atır, hakimiyyətin onlara təzyiq etməsi barədə hay - küy salmağa və beynəlxalq təşkilatların diqqətini Azərbaycana cəlb etmək istəyirlər. Kinorejissor Rüstəm İbrahimbəyov son vaxtlar bu üsuldan daha tez-tez istifadə etməyə başlayıb. Onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında “Lələ köçüb – yurdu qalıb”. R.İbrahimbəyov ittifaqa məxsus əmlakı, inventarı və vəsaitləri xımır-xımır dağıdıb, satıb, talayıb. Bir hissəsini isə yaxınlarının adına keçirməklə mənimsəyib. Ona başa salanda ki, axı bunlar sənin deyil, Azərbaycan Kinematoqrafçılar İttifaqına məxsusdur, R.İbrahimbəyov da dərhal hakimiyyətin ünvanına şər-böhtan yağdırmağa başlayır. O, hətta 2013-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd də axtarmağa başlayıb və “əsl namizədi ” tapıb. R.İbrahimbəyovun bu il keçiriləcək prezident seçkilərində namizəd kimi görmək istədiyi şəxsə baxanda kinorejissorun həqiqətən də çaşdığının, başını itirdiyinin şahidi oluruq. Onun prezidentliyə namizədi cəmiyyətdə heç kimin tanımadığı, müxalifətin, bitərəflərin və iqtidarın qəbul etmədiyi reneqat Eldar Namazovdur. Eldar Namazov elə Rüstəm İbrahimbəyov əqidədə olan şəxsdir. Bax, belə yerdə deyiblər ki, dostunu göstər, sənin kim olduğunu deyim.
Son vaxtlar isə R.İbrahimbəyovun daha bir acgözlüyünün şahidi olduq. Sən demə, o, vergidən də yayınıbmış. Vergilər Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumatda bildirilir ki, “Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 2012-ci il noyabrın 20-dən növbəti səyyar vergi yoxlaması başlanılıb.
Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq zamanı departamentin istintaq idarəsində toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilmişdir.
İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunmuşdur ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanıb. Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyeva Lalə Kamil qızına Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev da bu məlumatı təsdiqləyib. O bildirib ki, Kinemotoqrafçılar İttifaqına qarşı manat vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb: “2009-cu ildə Kino Festivalının keçirilməsi üçün Mədəniyyət Nazirliyindən Kinematoqrafçılar İttifaqına 30 min manat ödənilmişdi. Lakin o vaxt onun 9 min manata qədər vergisi ödənilməyib. Bu səbəbdən də, cinayət işi başlanıb. Ziyalılar Forumunun təsisçisi Eldar Namazov isə bunu R.İbrahimbəyova qarşı aparılan kampaniya olduğunu bildirib. Dünənə qədər Eldar Namazovun vəkili kimi çıxış edən Rüstəm İbrahimbəyovun vergi cinayətini ört-basdır etmək üçün bu dəfə Eldar Namazov kinorejissorun “vəkili” rolunda çıxış etməyə başlayıb. O, guya bu hadisəni Rüstəm İbrahimbəyova qarşı aparılan kampaniyanın tərkib hissəsi hesab etdiyini bildirib. E.Namazov əsl həqiqəti ört-basdır edərək deyib: “Baş verən hadisələrlə bağlı Kinematoqrafçılar İttifaqının rəhbərliyinin açıqlamasından da görünür ki, qurumun fəaliyyətində hansısa bir nöqsan olmayıb. Hansısa problemlər varsa, Kinematoqrafçılar İttifaqına yox, Mədəniyyət Nazirliyinə aid olan problemlərdir. Ona görə biz bu hadisələrin inkişafını ciddi izləyirik. Mən əminəm ki, təkcə Ziyalılar Forumu yox, bütövlükdə Azərbaycan cəmiyyəti haqsız hücumlara həmişə reaksiya verib, bundan sonra da ciddi reaksiya verəcək”. E.Namazova xatırlatmaq istərdik ki, yuxarıda qeyd etdiyimiz kimi artıq Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev təşkilatın vergidən yayındığını təsdiqləyib. Belə halların baş verməsinə aydınlıq gətirilməsi üçün onun və ittifaqda məsul vəzifədə çalışanların izahat verməsi niyə təzyiq vasitəsi kimi dərk edilməlidir. Təəssüf ki, E.Namazov bunu təzyiq vasitəsi kimi dərk edir, cavabdeh şəxslərin dindirilməsindən guya narahat olduğunu bildirərək çaşqınlıq yaratmağa cəhd göstərir. O, məsələnin mahiyyətini dərk etmədən şantaja əl ataraq deyib: “Rüstəm müəllimlə işləyən onlarla insanı çağırırlar, dindirirlər, onlara təzyiq göstərirlər. Əslinə qalsa, bunlar Rüstəm müəllimə təsir mexanizmidir ki, onunla işləyən adamları belə pressinqə salırlar”.
Halbuki Rüstəm İbrahimbəyovun özü də rəhbərlik etdiyi təşkilatın vergidən yayınma faktını təsdiq edib. O deyib ki, söhbət 2009-cu ilin sentyabrında keçirilmiş “Şərq-Qərb” festivalının maliyyə sənədlərindən gedir. Onun sözlərinə görə, iddianın mahiyyəti budur ki, 330 min manatın 30 min manatından ƏDV ödənilməyib.
Kinorejissor vergi cinayətini ört-basdır etmək üçün müxtəlif böhtanlara, şantaja əl ataraq bunun onu siyasi fəaliyyətdən çəkindirmək məqsədilə edildiyini deyib. Halbuki onun özü də müsahibələrinin birində təsdiqləyib ki, siyasət onluq deyil. Yəni, bu sahədə naşı və piyadadır. Kinorejissor bu yoxlama ilə guya onu qorxutmaq və mövqeyindən çəkindirmək istədiklərini iddia edir.
Əslində, bu şantaj və böhtanRüstəm İbrahimbəyovun xislətindən, hakimiyyətə qarşı qısqanclığından irəli gəlir. Demokratiyadan, haqq-ədalətdən, obyektivlikdən dəm vuran kinorejissor bir həqiqəti dərk etməlidir ki, kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər kəs qanuna hörmətlə yanaşmalı və öz hərəkətlərini qanunla tənzimlədir. Rüstəm İbrahimbəyovun rejissor və dramaturq olması ona vergidən yayınmaya və dövlət vəsaitini mənimsəməyə əsas vermir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.