Ermənistan Xarici İşlər Nazirliyi və erməni səfiri bu ölkənin diplomatik uğursuzluqlarını pərdələmək üçün növbəti dəfə yalan məlumat yaymışdır

 

Yanvarın 15-də BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə mövzusunda açıq müzakirələri keçirilmişdir. Pakistanın xarici işlər nazirinin sədrlik etdiyi iclasda BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının üzvü olan bir sıra ölkələrin yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, iclasda ölkəmizi Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil etmişdir. Səfir Y.Əliyev çıxış edərək Azərbaycanın dəfələrlə terror hücumlarının hədəfi olduğunu bildirmiş, tarixi, irqi və dini əsasda nifrət ideologiyasına söykənən və dövlət dəstəyinə arxalanan bəzi beynəlxalq terrorçu təşkilatların fəaliyyətinin Azərbaycanın milli təhlükəsizliyinə və bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə ciddi təhdid olduğunu söyləmişdir. Çıxışda, həmçinin bildirilmişdir ki, terrorçuluqla mübarizə məsələsi 2012-ci ilin mayında Azərbaycanın Təhlükəsizlik Şurasında sədrliyinin əsas mövzusu olmuşdur. 2012-ci il mayın 4-də Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında dövlət başçısının Azərbaycanın üzləşdiyi təhlükə və təhdidlər barədə məlumat və ətraflı təhlillər verdiyi diqqətə çatdırılmışdır. İclasda ölkəmizin terrorçuluqla mübarizənin bir sıra aspektləri üzrə mövqeyi, gördüyü işlər, Bakıda keçirilmiş və keçiriləcək beynəlxalq səviyyəli tədbirlər barədə məlumat verilmişdir.

Münaqişələr məsələsinə toxunan səfir Y.Əliyev xarici hərbi işğal altında olan ərazilərin terrorçular və öz qanunsuz məqsədlərinə nail olmaq üçün terrordan istifadə edən qeyri-dövlət elementləri üçün münbit şərait yaratdığını bildirmişdir. Səfir demişdir ki, bu ərazilərdə beynəlxalq nəzarətdən gizlədilən külli miqdarda silah və texnikanın cəmləşdirilməsi, kütləvi qırğın silahlarının və aidiyyəti materialların qeyri-dövlət elementlərinin əlinə keçməsi təhlükəsi beynəlxalq və regional təhlükəsizliyə ciddi təhdiddir. Bununla əlaqədar səfir Y.Əliyev münaqişənin həlli prosesinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığına hörmət prinsipləri əsasında həllinin tezləşdirilməsinin vacibliyini vurğulamışdır.

İclasda, həmçinin Təhlükəsizlik Şurasının üzvü olmayan BMT-nin digər üzv dövlətlərinin nümayəndələrinə də çıxış etmək imkanı verilmişdir.

Ermənistanın bir sıra media vasitələrində “Ermənistan BMT Təhlükəsizlik Şurasında Azərbaycanı tənqid atəşinə tutdu” başlığı altında məlumat yayılmışdır. Ermənistanın Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumata əsasən, bu dövlətin BMT yanında daimi nümayəndəsinin iclasda etdiyi çıxışda guya “Azərbaycanın ermənilərə qarşı nifrət təbliğatı tənqid edilmiş”, “Dağlıq Qarabağın etnik ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun terrorçuluqla uzlaşdırılması qəbuledilməz sayılmış”, “Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının terrorçuluqla mübarizə üzrə əməkdaşlığa mənfi təsir göstərildiyi” bildirilmişdir.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən verilən məlumatda bildirilir ki, Ermənistan nümayəndəsi çıxışında nəinki Azərbaycan və Türkiyənin adlarını çəkməmiş, heç Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması barədə bir söz belə deməmişdir. İclasın BMT-nin rəsmi internet səhifəsində yerləşdirilmiş videoyazısı və BMT-nin iclasla bağlı yaydığı mətbuat məlumatında Ermənistan nümayəndəsinin bəyanatından verilmiş çıxışlar deyiləni aydın sübut edir.

 

Azərbaycanın daimi nümayəndəliyi məsələyə münasibət bildirərək, bu halı Ermənistan xarici siyasət orqanı və onun BMT-dəki nümayəndəsinin “şanlı qələbələri” barədə mətbuatda tez-tez yayılan yalan məlumatlar silsiləsindən növbəti biri kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, BMT çərçivəsində keçirilən tədbirlər, verilən bəyanatlar və yayılan sənədlər barədə həqiqəti təhrif etmək, iclaslarda qorxaqcasına susaraq sonradan mediada “yumruq davası aparmaq” Ermənistan nümayəndəsinə xas bir davranışdır. Ermənistan Xarici İşlər Nazirliyi və erməni səfirinin belə hərəkətlərinin məqsədi bir tərəfdən Ermənistan cəmiyyətinə yalan məlumat yedirtməklə Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu qarşısında Ermənistanın diplomatik uğursuzluqlarını pərdələmək, digər tərəfdən isə belə saxta və ucuz vasitələrlə rəhbərliyin gözündə özlərini yüksəltməkdir.

Erməni səfirinin “xalqların öz müqəddəratını təyin etmək hüququ” ilə bağlı söylədiklərinə dair xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın səyləri sayəsində sözügedən iclasın yekun sənədi kimi qəbul edilmiş bəyanata dövlətlərin beynəlxalq münasibətlərdə bir-birinin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güclə hədələməkdən və ya güc tətbiq etməkdən yayınmasına dair müddəa daxil edilmişdir. Terrorçuluqla mübarizə sahəsində Təhlükəsizlik Şurasının qərarlarına Azərbaycanın ötən ilin may ayında sədrliyi dövründə daxil edilmiş bu prinsip Şuranın məsələyə dair birmənalı mövqeyini göstərir. Bu baxımdan, münaqişələrin həlli ilə bağlı məhz ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin Təhlükəsizlik Şurası kimi mötəbər qurumun qərarında əks olunması fonunda Ermənistan səfirinin söylədikləri adi cəfəngiyatdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında