Yanvarın 17-də yenidən tikilən Naxçıvan-Şahbuz ortatəzyiqli qaz boru xəttinin açılışı olmuşdur. Açılış mərasimində çıxış edən “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Səxavət Abbasov demişdir ki, artıq 7 ildir muxtar respublikanın bütün yaşayış məntəqələri təbii qazla tam təmin edilir.
İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatan xətlər yeniləri ilə əvəz olunur. 2012-ci ilin aprel ayından etibarən Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xəttinin tikintisinə başlanılmış, qaz xəttinin tikintisi qısa müddətdə başa çatdırılmışdır. Çəkilişində müasir texniki vasitələrdən istifadə edilən qaz xətti yüksək təhlükəsizlik normalarına cavab verir və ümumi layihə dəyəri 4 milyon manatdır.
Səxavət Abbasov muxtar respublikada istehlakçıları keyfiyyətli təbii qazla təmin etmək üçün bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xəttinin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək demişdir: “Azərbaycanda qazlaşdırma prosesinə ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-ci illərində başlanmış, 1980-ci ildə Naxçıvana da yüksəktəzyiqli qaz xətti çəkilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublikamız blokada vəziyyətinə düşmüş, elektrik və qaz xətləri kəsilmişdir. Bu xətt də 2005-ci ilə kimi istifadəsiz vəziyyətdə qalmışdır. Həmin dövrün şərtlərinə uyğun çəkilən, korroziyaya qarşı lazımi qoruma sistemi olmayan və uzun müddət istifadəsiz qalan bu qaz xətti də yararsız vəziyyətə düşmüşdü”.
Ali Məclisin sədri demişdir: “Ölkə Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı və himayəsi ilə 2005-ci ildə muxtar respublikaya yenidən təbii qazın verilməsinə başlanmış və 2 il müddətində qazlaşdırma prosesi başa çatdırılmışdır. Bu gün muxtar respublikamızın bütün yaşayış məntəqələri, hərbi hissələr, istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilir”.
Ali Məclisin sədri bildirmişdir ki, “2005-ci ildə qazlaşma prosesi həyata keçirilərkən yalnız paylayıcı xətlər yeniləndi. Həmin vaxt qarşıya məqsəd qoyulmuşdu ki, muxtar respublika əhalisi tezliklə təbii qazla təmin olunsun. Ona görə də qərara alındı ki, yüksəktəzyiqli və ortatəzyiqli qaz xətlərinin tikintisi və bərpası işi növbəti mərhələdə həyata keçirilsin. Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xətti də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Tikintisi keyfiyyətlə aparılan 27 kilometrlik bu qaz xəttinin 9 kilometri diametri 559 millimetr olan yüksəktəzyiqli, 18 kilometri isə diametri 273 millimetr olan ortatəzyiqli izolyasiyalı borularla çəkilmiş, texniki tələblərə yüksək səviyyədə əməl edilmişdir. Bu da lazım gəldikdə qaz xəttində ehtiyatın yaradılmasına, texniki itkilərin qarşısının alınmasına, təbii qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan verəcəkdir. Naxçıvan-Şahbuz qaz xəttinin istifadəyə verilməsi ilə Babək rayonunda 8700-dən, Şahbuz rayonu isə tam əhatə olunmaqla, 4500-dən artıq abonent dayanıqlı təbii qazla təmin olunacaqdır”.
V.Talıbov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında 2005-ci ildən abonentlərin təbii qazla davamlı və keyfiyyətli təminatı muxtar respublika təbiətinin qorunmasında da mühüm rol oynamışdır. Əgər 2005-ci ildə muxtar respublika ərazisinin 1 faizini yaşıllıqlar təşkil edirdisə, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində, xüsusilə də təbii qazın verilişindən sonra bu rəqəm artaraq 10,5 faizə çatmışdır. Bu da əhalimizin rahatlığı və sağlamlığı deməkdir.
“Ölkəmizin hərtərəfli inkişafı uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin bəhrələridir”, – deyən Ali Məclisin sədri bildirmişdir ki, bu gün Azərbaycanın hər yerində, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayan əhali bu siyasətin bəhrələrini görür. Muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”ndə bu qaz xəttinin açılışı da bir daha onu göstərir ki, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin əsasını müstəqil Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışı təşkil edir.
Ali Məclisin sədri qaz kəmərinin istifadəyə verilməsini bildirən qurğunu işə salmış, qaz xəttinin layihəsinin və tikintinin fotoşəkillərinin əks olunduğu stendlərə baxmış, tikintinin icraçılarına təşəkkürünü bildirmişdir.
Qeyd olunmuşdur ki, tikintisi “Etimad” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan Naxçıvan-Şahbuz qaz kəməri yer səthindən 80 santimetr dərinlikdən çəkilmiş və katod mühafizə sistemi ilə təmin edilmişdir. Kəməri korroziyadan qorumaq məqsədilə Şahbuz rayonunun Sələsüz kəndində 1 ədəd elektrik katod qoruması qutusu, katod qorumasına nəzarət etmək üçün kəmər boyu 34 ölçmə dirəyi, 5 ədəd qazpaylayıcı məntəqə və ölçü qovşaqları, qəza halları zamanı kəmərdən qazın tamamilə boşaldılmaması üçün 1 ədəd kran meydançası və Babək rayonunun Cəhri kəndi ərazisində kəmərə qoşulma məntəqəsi quraşdırılmışdır. Kəmərin çay və yol keçidlərindən keçən hissələrində lazımi mühəndis-texniki qaydalara əməl edilmiş, kəmər boyu avtomobil yolu çəkilmişdir. Tikinti işləri başa çatdırıldıqdan sonra qaz kəmərinə 20 atmosfer hava vurularaq sınaqdan çıxarılmışdır. 12 atmosfer işçi təzyiqə hesablanmış qaz kəməri 3 atmosfer təzyiqdə istismar olunacaqdır.
Şahbuz rayonundan olan ziyalı Ramiz Cəlilov sakinlər adından minnətdarlıq edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası 20 ildən artıqdır blokada şəraitində yaşasa da, sakinlər bu blokadanı hiss etmirlər. Dövlətimizin artan iqtisadi imkanları, uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bəhrələrini bu gün hər bir sakin öz həyatında hiss edir. Muxtar respublikanın enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, aparılan genişmiqyaslı quruculuq işləri insanlara qayğını, əhalinin yüksək həyat standartları səviyyəsində yaşayışını özündə əks etdirir. Bu, bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında arzuları uğurla gerçəkləşdirilir, muxtar respublikamız, eləcə də Şahbuz rayonu günü-gündən inkişaf edib çiçəklənir. Yeni qaz xəttinin açılışı da rayon sakinlərinə göstərilən qayğının daha bir nümunəsi kimi böyük minnətdarlıq hissi ilə qarşılanır.
Ali Məclisin sədri V.Talıbov hazırda tikintisi aparılan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttində işlərin gedişi ilə də maraqlanmışdır. Bildirilmişdir ki, bu xəttin tikintisi yüksək keyfiyyətlə və bütün texniki normalar nəzərə alınmaqla həyata keçirilir. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttinin bu ilin iyun ayında istifadəyə verilməsi nəzərdə tutulur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.