Öz səhvlərinin girdabında boğulan müxalifət “saman çöpündən” yapışır

 

Son  günlər dağıdıcı müxalifət düşərgəsində qarşılıqlı ittihamlar artmaqdadır. Bu isə o deməkdir ki, xalqdan heç bir dəstəyi olmayan, yalnız maraqlı xarici qüvvələrin əlaltısı qismində “siyasi fəaliyyətini və istiqamətini” müəyyənləşdirən Azərbaycanın radikal müxalifəti yenə öz ampluasındadır. Məzmunundan asılı olmayaraq baş verən hər hansı bir hadisəni siyasi müstəviyə daşımağa cəhd göstərən, ağlına gələn istənilən iddianı  ortaya ataraq özünün siyasi varlığını sübut etməyə çalışan radikal düşərgənin  üzdəniraq liderləri, sivil siyasi mübarizə əvəzinə müxtəlif şoular təşkil edərək gündəmdə qalmaq istəyirlər. 

Bu zaman unudurlar ki, artıq nəyin necə baş verdiyini onlardan yaxşı bilən ictimaiyyəti aldatmaq mümkün deyil. Hər kəs bilir ki, bu düşərgədə toplaşan azsaylı üzdəniraq siyasi fəallar və onların liderlərinin hər birinin öz ambisiyası var. Bu insanlar məqsədlərinə çatmaq naminə ən iyrənc addımları belə atmağa hazırdırlar.

Misal kimi qeyd edə bilərik ki, növbəti prezident seçkilərinə hələ xeyli vaxt qaldığı halda prezidentliyə namizədlik məsələsində radikal düşərgədə parçalanma son həddə çatıb. Artıq müxalifətin seçkilərə vahid namizədlə qatılmaq ideyası iflasa uğrayıb. Çünki hər bir partiya prosesdə öz namizədi ilə iştirak edəcəyini bildirir. Bunun da sonda açıq qarşıdurmalara gətirib çıxaracağı istisna olunmur. Bu səbəbdən də demək olar ki, İctimai Palatanın tarixin arxivinə göndərilməsinə çox az vaxt qalıb. Hətta ötən günlərdə bu qurumun Koordinasiya Şurasının üzvü Zəfər Quliyev İP-in fəaliyyətini davam etdirə bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, Müsavat və AXCP bəzi məsələlərdə bir araya gələ bilmirlər. Bu da nəticə etibarilə qurumun fəaliyyətinə təsir göstərir. Zəfər Quliyev deyib: “İctimai Palatanın işində böhranlı vəziyyət yaranıb. Biz çalışırdıq ki, bunu ictimailəşdirməyək, lakin son toplantıda da heç bir nəticəyə gəlmədik. Baxmayaraq ki, bir neçə iclasdır ciddi müzakirələr gedir, təəssüf ki, prinsipial məsələlərdə konsensusa gələ bilmirik”.

İctimai Palatada qarşılıqlı ittihamlar gündən-günə artır.  Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının açıqlamaları reallıqları bir daha göz önünə sərir. O deyib: “İctimai Palata adlanan qurumun  tərkibində fəaliyyət göstərən AXCP və Müsavat bir-birini həzm etməyən, biri digərinə güzəştə getməyən partiyalardır. Əli Kərimlinin tərəfdarları çalışırlar ki, İsa Qəmbəri mövqeyindən çəkindirsinlər və “vahid namizəd” kimi Əli Kərimlinin seçkilərdə iştirakını təmin etsinlər. Qarşı tərəf də eyni əqidəylə hərəkət edir”. ACP sədri Sülhəddin Əkbər isə İsa Qəmbəri müxalifət üçün ziyanlı mövqe tutmaqda, hakimiyyətin maraqlarına xidmət etməkdə, müxalifətin birliyinə zərbə vurmaqda və İctimai Palatanın daxilində ziddiyyət və qarşıdurmanı göcləndirməkdə günahlandırıb.

Digər tərəfdən, bu düşərgədə gedən proseslər belə deməyə əsas verir ki, İsa Qəmbərin prezident seçkilərində iştirakıyla bağlı qərarından sonra Əli Kərimli AXCP ətrafında dağıdıcı müxalifət və anti-milli qruplardan ibarət yeni mərkəz formalaşdırmağa çalışır. Partiya fəalları və AXCP-yə yaxınlığı ilə seçilən şəxslər artıq Əli Kərimlinin başçılığı ilə yeni müxalifət “birliyinin” yaradılması təşəbbüsü ilə çıxış edirlər.  Klassik Xalq Cəbhəsi Partiyasının sədri  Mirmahmud Mirəlioğulunun AXCP ilə əməkdaşlığın mümkünsüzlüyünü bəyan etməsi isə onu göstərir ki, “birliyin” yaradılması heç də asan olmayacaq. Təbii, bir qurum ki, xarici dairələrin diktəsi əsasında yaradıla, “bir araya gələnlər” isə neçə illərin “mehriban düşmənləri” ola, onun uzunömürlülüyündən danışmaq xülyadır.

Əli Kərimli ətrafını möhkəmləndirə bilməsə də, İsa Qəmbərin də “narazılardan” dəstək almasını istəmir. Ona görə də gah  müavini olan Fuad Qəhrəmanlının, gah da digər müavini Asəf Quliyevin “dili” ilə Müsavat başqanını “sancır”, onu sıradan çıxarmağa çalışır. Məsələn, Əli Kərimlinin tərəfdarları qeyd edirlər ki,  1998-ci ildə də hakimiyyət ehtirası İsa Qəmbərin gözlərini bağlamışdı. Buna görə də o, hətta  ömrünün son illərində Elçibəyin etdiyi xahişi belə yerinə yetirmədi. 1998-ci ildə Elçibəy İsa Qəmbərdən xahiş edib ki, bu seçki mənim prezident olmağım üçün sonuncu şansım, imkanımdır, ona görə də sən geri çəkil, mən prezidentliyə namizədliyimi verim. O zaman İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi və onun qarşısında prezidentliyə namizədliyini irəli sürdü. İndi də Əli Kərimliyə güzəştə getmək istəmir.

AXCP sədrinin müavini Asəf Quliyev son müsahibələrinin birində də buna eyham vuraraq bildirib ki, müxalifətin İsa Qəmbəri vahid namizəd kimi qəbul etməsi real görünmür. Onun sözlərinə görə,  bu gün müttəfiq olduqları  Müsavat Partiyası barışdırıcılıq mövqeyini əldən verir: “Müsavat Partiyası namizədini irəli sürməklə dostlarımızın hüquqlarını məhdudlaşdırır, gələcəkdə seçkilərə vahid mövqe ilə getməyə problem yaradır və müəyyən qədər qarşısını alır. Problem cəmiyyətdə barışdırıcılıq strategiyasının qarşısının alınmasıdır. Amma son vaxtlar İsa Qəmbərin çıxışları məndə belə təəssürat yaradır ki, İsa Qəmbərin özü namizədliyinin irəli sürülməsində israrlı deyil. Çünki qələbə qazanacağına əmin deyil. Hiss olunur ki, onun öz namizədliyini irəli sürməsində partiyadaxili məsələlərin təsiri böyük olub”. Müsavat Partiyasının buna cavabı özünü çox gözlətmədi. Müsavat Məclisinin sədri Arzu Səmədbəyli AXCP sədrini riyakarlıqda ittiham edərək tez - tez sözünü dəyişdiyini deyib. O, AXCP rəhbərliyinin mövqeyinin  müttəfiqlik münasibətlərinə yaraşan açıqlamalar olmadığını bildirib.  A. Səmədbəyli  AXCP-nin çox eybəcər göründüyünu vurğulayıb və onlara sərt mesaj  da göndərib: “Onlar bu hərəkətlərindən çəkinsinlər və oturub düşünsünlər. Hələ gec deyil, oturub düşünsünlər və düşərgəyə, demokratik prosesə əngəl olmasınlar. Artıq yetər!”

Əslində, Azərbaycandakı daxili siyasi vəziyyəti dərindən bilən, radikal düşərgədəki qarşılıqlı münasibətlərdən xəbərdar olan tanınmış siyasətçilərin əksəriyyəti əvvəldən İsa Qəmbərlə Əli Kərimlinin bir-birinə qarşı böyük kin bəslədiklərini bildirirdilər. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev İctimai Palatanın prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müxalif düşərgədə yaranmış gərginliyə münasibət bildirərkən demişdir: “Mən İsa Qəmbər və Əli Kərimli qədər bir-birinə patoloji nifrət edən şəxslər tanımıram. Ona görə də onların bir-birinə güzəştə getmələri çətin məsələdir”.

Bəlkə də ona görədir ki,  AXCP  sədri  Əli Kərimli  Müsavat başqanını prezidentliyə  namizəd  kimi  sıradan çıxarmaq məqsədilə yaxın ətrafına  məxfi göstərişlər verərək onlara  müsavatçıların  seçki  kampaniyasını pozmaq üçün təxribat planları hazırlamağı tapşırıb. Deyilənə görə, bu planın “ilk hissəsi” İsa Qəmbər Lənkərana  “seçiciləriylə görüşə” gedərkən həyata keçirilib. Başqanın maşını yumurta, pomidor atəşinə tutulub.  Yəqin ki, müsavatçılar  “tərəfdaşlarına” borclu qalmayacaqlar. Ancaq hələlik İsa Qəmbər ona qarşı törədilən “sui-qəsd” faktını xaricdəki anti-milli qüvvələrin gözünə soxmağa çalışır ki, buyurun, baxın, siz məni real namizəd qəbul etməsəniz də, mənə edilən hücumlar  göstərir ki, bundan narahat olanlar var. Müsavat başqanı “narahat olan”ların kim və ya kimlər olduğunu özü yaxşı bilsə də, günahı hakimiyyətin üstünə atmağa cəhd edir. Çünki bu, ona daha çox qrant qazandıra bilər. 

İstər AXCP, istərsə də Müsavat Partiyası prezidentliyə namizədlik məsələsində üzvlərinin mövqelərini nəzərə aldıqlarını və ya alacaqlarını bildirirlər. Ancaq hamı bilir ki,  nə Müsavat Partiyasında,  nə   Azərbaycan Xalq Cəbhəsi Partiyasında, nə də İctimai Palata adlı qurumda demokratiyadan əsər-əlamət yoxdur.  Əgər bu düşərgədə demokratiya olsaydı, Müsavatda uzun illər partiyanın qurucusu kimi fəaliyyət göstərmiş və ikinci şəxsi olmuş Sülhəddin Əkbər İsa Qəmbəri tərk etməzdi.  Uzun illər Müsavatda siyasi fəaliyyətə qoşulan ziyalılar da bu gün İsa Qəmbərdən üz döndərməzdilər.  Vaxtilə AXCP-də fəaliyyət göstərən və partiyanın qurucusu olan, Azərbaycanda ictimai-siyasi proseslərdə kifayət qədər yaxından iştirak edən şəxslərdən bu gün bir nəfər də olsun Əli Kərimlini dəstəkləmir. Onları sadalaya da bilərik: Qulamhüseyn Əlibəyli, Qorxmaz İbrahimli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Mustafayev, Əli Məsimli və başqaları.

Müsavat - AXCP qarşıdurmasının son həddə çatması onu göstərir ki, İctimai Palata dağılmaq həddinə gəlib. Əslində, qurum ayrı-ayrı azlıqda qalmış, sosial dayaqlarını itirmiş, cəmiyyətdə, demək olar ki, tam şəkildə unudulmuş qrupların birləşməsinə cəhd etməkdən başqa bir şey deyil. Onlar çalışırlar ki, həmin qurumu müxalifətin güc mərkəzi kimi nümayiş etdirsinlər. Ancaq ötən müddət ərzində onların fəaliyyətini təhlil edərkən biz görürük ki, burada toplaşanlar həmin qurumu “cansız cəsədə” çeviriblər. Bu qurumun dağılması qaçılmaz hal alıb. Çünki biz 1993-cü ildən bu günə qədər müxalifətin onlarla ad altında bir araya gəldiyini görə bilərik, lakin həmin birliklərin qısa zaman kəsiyində iflasa uğradığını müşahidə etmişik. İctimai Palata  isə yarandığı gündən “ölü doğulub”.

Müxalifət düşərgəsində yaranmış boşluqdan və AXCP-Müsavat qarşıdurmasından yararlanmağa çalışan reneqat Eldar Namazov isə  Ziyalılar Forumu adlı qondarma qurumu öz məqsədlərinə alət etmək istəyir. Burada Goranboyda biznes maraqları təmin olunmyan Gültəkin Hacıyeva kimi bir neçəsinin toplanması heç də o demək deyil ki, forum ciddi qüvvəyə çevrilib. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Xalq siyasi buqələmun Eldar Namazovun da, onun kölgəsində özünə sığınacaq tapmağa çalışan Rüstəm İbrahimbəyovun da hansı dairələr ilə, hansı sövdələşmələrə getdiklərini və məqsədlərinin nə olduğunu yaxşı bilir.  Şəhidlər Xiyabanında  böyük restoran tikdirmək üçün dəridən-qabıqdan çıxan Rüstəm İbrahimbəyovun  prezident seçkilərində  məhz Eldar Namazovun  namizədliyinin üstündə dayanması və ermənilərlə separat danışıqlara getməklə diletantlıq nümunəsi yaratmış Söyün Sadıqovun da nədənsə reneqatı dəstəkləməsi   onu deməyə əsas verir ki,  xarici anti-milli dairələr AXCP və Müsavat Partiyası ilə yanaşı başqa qüvvələrlə də əməkdaşlıq etməyə çalışırlar. 

Eldar Namazov  hiylə və məkrlə qoşulduğu müxalifət düşərgəsində elə bir hiyləgər plan həyata keçirdi, elə şəkildə tor qurdu, fitnə-fəsadlar  törətdi ki,  uzun illər müxalifətçilik təcrübəsi olan  İsa Qəmbər və Əli Kərimliyə xalqın nifrəti daha da artdı. Sadə camaat bu əyri yolların icraçılarını - yəni Əli Kərimli ilə İsa Qəmbəri gördü, tor quranın kim olduğunu isə bilmədi. İndi müxalifət düşərgəsində açıq şəkildə etiraf edirlər ki, Eldar Namazov bu düşərgəyə təkcə yamaq deyil, həm də usta təxribatçıdır.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında