Prezident İlham ƏLİYEV: “Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir”

 

2012-ci il ölkəmizin sosial-iqtisadi sahələrində əldə edilən  mühüm uğurlarla yadda qaldı. Dövlət başçısının elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etdi. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirdi.

Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edildi. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bütün bunlar  barədə ətraflı danışılmışdır.

Dövlət başçısı nitqində vurğulamışdır ki, 2012-ci ildə ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 9,7 faiz, qeyri-neft sənayesi  təxminən 8 faiz, kənd təsərrüfatı təxminən 6 faiz artmışdır. Makroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz həddindədir  ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Yəni inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Ölkə başçısı nitqində ötən ilin uğurları ilə bağlı digər göstəricilərə də toxunmuşdur:“Keçən il investisiya xərcləri rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9  milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır. Əlbəttə, bu məsələdə beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini artırmışlar. Bu da, deyə bilərəm ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki inkişaf etmiş ölkələrin bəzilərinin reytinqləri aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə yuxarı qaldırılır və bu da aparılmış iqtisadi islahatların nəticəsidir”

İclasda bildirilmişdir ki, qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etmiş, ümumi daxili məhsulda onun  payı artaraq 52,7 faizə çatmışdır. İnformasiya və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda yük daşımaları 3,5 faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artmışdır.

On bir ay ərzində 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2 faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar olmuşdur. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur.

Ötən il dövlət büdcəsinin icrası ilə əlaqədar vurğulanmışdır ki, icmal büdcənin gəlirləri 22,1 milyard manat və ya 101 faiz,  xərcləri isə 19,6 milyard manat və ya 93,9 faiz icra olunmaqla 2,4 milyard manatdan çox profisit yaranmışdır. Dövlət büdcəsinin gəlirləri 17,3 milyard manat və ya 101,4 faiz icra olunmuş, bu da əvvəlki illə müqayisədə 10,1 faiz çox, xərcləri isə 17 milyard manat və ya 96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə 10,4 faiz çox olmuşdur.

İclasda ötən il ərzində sənayeləşmə siyasətinin uğurla reallaşmasından danışılmış, bu  istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edilmişdir. Bildirilmişdir ki,  2012-ci ildə  Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-dək sənaye müəssisəsi istifadəyə verilmişdir. Hazırda isə  90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Növbəti illərdə də sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcəkdir.

Ölkədə elektrik enerjisi istehsalı 6,9 faiz artmış, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılmış, alternativ və bərpa olunan enerji ilə təminat sahəsində “Azgüntex” günəş panelləri, “Füzuli” və “Qusar-1" su elektrik stansiyaları istifadəyə verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulmasından danışılarkən qeyd edilmişdir ki, ötən il nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Hazırda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə magistral yolların, körpülərin, dəmir yollarının, yeni metro stansiyalarının, hava və dəniz limanlarının tikintisi davam etdirilir.

Kənd yolları üzrə əsasən ötən il 18 layihə üzrə işlərə başlanılmış və cari ildə bu işlərin tam başa çatdırılması nəzərdə tutulmuşdur. Bunun nəticəsində 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bununla yanaşı, 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir və cari ildə bu layihələrdən bir neçəsinin başa çatdırılması nəzərdə tutulur.

İclasda vurğulanmışdır ki, ölkə Prezidenti ötən  il ərzində 250-dək müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olmuş, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyənləşdirmiş, verdiyi tapşırıq və tövsiyələr isə regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır. Bütövlükdə, 2012-ci il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilir.

Ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, il ərzində 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası paytaxt qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları istifadəyə verilmiş, sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılmış, hazırda 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası da 2012-ci ildə  davam etdirilmiş, hesabat dövründə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri reallaşdırılmışdır. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.

İri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı dövlət başçısının tapşırığına əsasən Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılmış, bu mövsüm təsərrüfatda yüksək məhsuldarlıq əldə olunacaqdır. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılmışdır.

İclasda bildirilmişdir ki, müəyyən edilmiş siyasətə uyğun olaraq sahibkarlığın inkişafı daim diqqətdə saxlanılmışdır. İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamam elektronlaşdırılmış, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir. Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.

Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi  qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi  isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı və onun qəsəbələri üzrə müvafiq proqramın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə, ötən il ərzində fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələri - metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı müəssisələridir.

Ölkədə istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə ötən il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 107-si xaricdə, 201-i isə daxildə olmaqla 308 tədbir keçirilmişdir.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, “Holcim-Azərbaycan” yeni sement zavodu və Ağstafa aqroservis müəssisəsi fəaliyyətə başlamış, Səngəçal neft və qaz terminalının və duz istehsalı zavodunun uğurlu fəaliyyətləri nəzərə alınaraq şirkət öz sərmayə payını digər tərəfdaşlara satmaqla bu layihələrdə missiyasını başa çatdırmışdır.

İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində insanların həyat və sağlamlığı üçün təhlükəli olan 80 tondan artıq ərzaq malları dövriyyədən çıxarılmış, qanun pozuntusuna yol vermiş 2030 təsərrüfat subyektinə inzibati cərimə kəsilmiş, haqsız rəqabətə yol vermiş 72 təsərrüfat subyektinə qarşı qanuna - müvafiq tədbirlər görülmüş, istehlakçıların və sahibkarların maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir.

Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmış, “Doing Business-2013" hesabatında Azərbaycanın  mövqeyi yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə olduğu kimi, MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır.

Həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş  hədəflər bir daha göstərir ki, ölkə Prezidentinin rəhbərliyi ilə bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

İclasda yuxarıda qeyd edilənlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, İKT və telekommunikasiya sektorunda görülən işlər, sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulması barədə də ətraflı danışılmışdır.

Ölkə Prezidenti yekun nitqində 2012-ci ildə qarşıda duran vəzifələrə də toxunmuş, həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələrini vermişdir.

Dövlət başçımız yekun nitqinin sonunda demişdir:"Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq”.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında