Müsavat – AXCP qarşıdurması qaydasız savaşa çevrilir
2013-cü il Azərbaycanın tarixində həm də seçki ili kimi qalacaq. Bu ilin sonunda keçiriləcək prezident seçkiləri ötən illərdə olduğu kimi şəffaflığı, ədalətli olması və demokratikliyi ilə diqqəti daha çox cəlb edəcək. Çünki ötən illərlə müqayisədə artıq Azərbaycanın nüfuzu xeyli artmış, dünya birliyində əsas söz sahiblərindən birinə çevrilmişdir.
Xatırladaq ki, ölkəmiz 2011-ci ilin sonlarında BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü seçilmiş, hətta ötən ilin mayında bu mötəbər quruma sədrlik etmişdir. Bu fakt ölkəmizin beynəlxalq aləmdə yüksək reytinqə sahib olmasından xəbər verir. Bundan başqa, son illər dünyanın ən nüfuzlu təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri də ölkəmizə olan inam və etimadın göstəricisidir. Bütün bunlar bir daha təsdiqləyir ki, artıq Azərbaycan sıradan bir ölkə deyil və inkişaf etmiş müstəqil dövlət kimi dünya birliyinin diqqət mərkəzindədir. Təbii ki, belə olan halda ölkədə keçirilən seçkilər də obyektivliyinə və demokratikliyinə görə diqqəti cəlb etməlidir.
Azərbaycanda hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələr yenidən fəallaşmağa başlayıblar. Dünənə qədər qeybə çəklmiş belə ünsürlər indi müxalifət adı ilə peyda olublar və özlərinin “lidercik”lərini prezidentliyə vahid namizəd kimi təqdim etməyə cəhd göstərirlər. Seçki prosesinə hələ xeyli vaxt qalıb. Ölkəmizdə seçki prosesi Seçki Məcəlləsi ilə tənzimlənir. Həmin sənədin müddəalarına əsasən prezidentliyə namizədlərin irəli sürülməsinə və təbliğat kampaniyasına xeyli müddət var. Ona görə də əgər kimlərsə elə indidən prezidentliyə namizədliklərini irəli sürürsə, bu onların savadsızlıqlarından, qanunu bilməmələrindən irəli gəlir. Məgər belə siyasi naşılar düşünmürlərmi onların prezidentliyə namizədləri hansı təşkilat tərəfindən qeydə alınacaq? Axı bu proseslərin başlamasına hələ xeyli vaxt qalıb. Ancaq AXCP və Müsavat rəhbərləri necə deyərlər, “başlayıblar tullanmağa çay gəlməmiş”.
Artıq Müsavat başqanı özünü prezidentliyə namizəd kimi təqdim edib və təbliğat kampaniyasına da başlayıb. AXCP funksionerləri isə Müsavat başqanının namizədliyini heç cür qəbul etmirlər. Partiyanın sədr müavini Asəf Quliyev son müsahibələrinin birində yenə də Müsavat başqanının prezidentliyə namizədliyini kəskin tənqid edib. O, İsa Qəmbərin nüfuzunun olamamasına işarə edərək deyib: “Əbülfəz Elçibəyin namizədliyini qəbul etməyən müxalifətin İsa Qəmbəri vahid namizəd kimi qəbul etməsi real görünmür. Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürməsi bizi o qədər də narahat etmir. AXCP ona görə narahatdır ki, bu gün müttəfiq olduğu Müsavat Partiyası barışdırıcılıq mövqeyini əldən verir. Namizədini irəli sürməklə dostlarımızın hüquqlarını məhdudlaşdırır, gələcəkdə seçkilərə vahid mövqe ilə getməyə problem yaradır və müəyyən qədər qarşısını alır. Problem cəmiyyətdə barışdırıcılıq strategiyasının qarşısının alınmasıdır. Amma son vaxtlar İsa Qəmbərin çıxışları məndə belə təəssürat yaradır ki, İsa Qəmbərin özü namizədliyinin irəli sürülməsində israrlı deyil. Çünki qələbə qazanacağına əmin deyil. Hiss olunur ki, onun öz namizədliyini irəli sürməsində partiyadaxili məsələlərin təsiri böyük olub”.
Müsavat Məclisinin sədri Arzu Səmədbəyli isə AXCP sədrini riyakarlıqda ittiham edərək tez - tez sözünü dəyişdiyini deyib. O, AXCP rəhbərliyinin mövqeyinin müttəfiqlik münasibətlərinə yaraşan açıqlamalar olmadığını bildirərək deyib: “Ən azı, dostlarımız, müttəfiqlərimiz səmimi görünmürlər. Biz istər Müsavat Partiyasının Divanında, istər Məclisində, istərsə də İctimai Palatanın sessiyasında yekdil qərara almışıq. Bir tərəfdən AXCP sədri bu qərarlara İctimai Palatanın qərarlarına uyğun olduğunu söyləyir, eyni zamanda da müttəfiqlik münasibətləri ilə bağlı səylərin davam etdirilməsi və gələcəkdə demokratik seçki mühitinin yaradılması ilə bağlı birgə mübarizə aparılacağını deyir. Digər tərəfdən Xalq Cəbhəsinin önəmli isimləri İsa Qəmbəri, Müsavatı hədəf götürür. Burada hansı səmimi müttəfiqlikdən danışmaq olar? Axı, bu, səmimi müttəfiqlik deyil, bunu təkcə biz demirik, kənardan da görünür. Kimisə aşağılamaqla, vurmaqla, kimisə ona yaraşmayan sözlərlə geri itələyib başqasını önə çəkmək düzgün deyil axı. Bizim söhbətlərimiz bu cür olmayıb axı. Mən bu vəziyyətlə bağlı çox böyük təəssüf hissi keçirirəm”.
A. Səmədbəyli AXCP-nin çox eybəcər göründüyünu vurğulayıb və onlara sərt mesaj da göndərib: “Onlar bu hərəkətlərindən çəkinsinlər və oturub düşünsünlər. Hələ gec deyil, oturub düşünsünlər və düşərgəyə, demokratik prosesə əngəl olmasınlar. Artıq yetər!”
Artıq İsa Qəmbər builki prezident seçkilərinə “orijinal”, “qeyri-adi” təbliğat kampaniyası ilə başlayıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər prezidentliyə vahid namizədi Şaxta Babaya bənzətdi. Bircə o qaldı ki, Şaxta Baba qiyafəsində qapı - qapı, ev - ev gəzsin və hər evdə də pıçıldasın ki, prezident seçkilərində İsa Qəmbərə səs verin. Sonra o, daha “orijinal” təbliğat yolu tapdı. Bu dəfə naşı meyxanaçılara qoşulub meyxana deməyə başladı. O, meyxananın nə olduğunu hələ də dərk edə bilməyən əqidə dostlarından irəli gedə bilmədi. Bunun da bir nəticə vermədiyini görən Müsavat başqanı bu dəfə seçicilərlə görüşə başladı. Bərəkallah müsavatçıların seçki təbliğatına. Prezident seçkilərinə hələ start verilmədiyi halda, onlar artıq təbliğat kampaniyasına da başlayıblar. Bax belələri üçün deyiblər ki, “tez yanan, tez sönər”.
Müsavatçıların builki təbliğat kampaniyası “qeyri - adiliyi” ilə fərqlənib. “Seçicilərlə görüşə” gedən İsa Qəmbər maşınlara çoxlu miqdarda daş yığdırmağı tapşırtdırıb. Səbəbini soruşduqda isə “yolda lazım olar”- deyib. Sən demə, beynəlxalq təşkilatlar qarşısında hay - həşir salmaq, “iqtidar tərəfindən müxalifətə təzyiq göstərilməsi”, “seçicilərlə görüşə” əngəl yaradılması üçün növbəti şou planı hazırlanıbmış. Qabaqcadan öyrədilmiş müsavatçılar İsa Qəmbərin maşınını daş, pomidor və yumurta atəşinə tutacaqlarmış və bununla da “prezidentliyə ciddi rəqib” obrazı formalaşdırılacaqmış. Hətta bu şounun daha inandırıcı olması ücün Müsavat funksionerinin bəziləri özləri ilə götürdükləri yumurtaları öz başlarına çırpıb və deyiblər ki, iqtidar nümayəndələrinin atdıqları yumurtalar bizim başımıza dəyib. Müsavatçıların pomidor və yumurta şousundan irəlicədən xəbərdar olan cəbhəçilər İsa Qəmbərdən əvəz çıxmaq üçün əllərinə yaxşı fürsət düşdüyünü görüb bu şouya qoşulublar. “Müttəfiqlərindən” xəbərsiz olan müsavatçılar bir də onda ayılıblar ki, artıq başqanın maşını zədələnib, atılan pomidor və yumurtaların sayı artıb. Bundan sonra şounu dayandırıblar.
Bir neçə gündür ki, Müsavat Partiyasının başqanı beynəlxalq təşkilatlara xəbəri xəbər dalınca göndərir. Hətta qabaqcadan yazıb hazır qoyduqları məqaləni də hansısa xarici ölkə mətbuatında dərc etdiriblər. Onlar hələ də dərk edə bilmirlər ki, Azərbaycanda siyasi hakimiyyətin, seçkilərin taleyini bəzi ermənipərəst beynəlxalq təşkilatlar deyil, xalq həll edir. Belə qruplar hələ də 1992-ci ilin təsirindən ayrıla bilmirlər. Müsavatçılara elə gəlir ki, yenə də onların hakimiyyətə gəlişi “9 ölkə ilə razılaşma”dan sonra baş tutacaq.
AXCP sədri Əli Kərimli Müsavat başqanını prezidentliyə namizəd kimi sıradan çıxarmaq məqsədilə yaxın ətrafına məxfi göstərişlər verərək onlara müsavatçıların seçki kampaniyasını pozmaq üçün təxribat planları hazırlamağı tapşırıb.
AXCP - Müsavat qarşıdurması və hakimiyyət uğrunda didişmələri digər müxalifət nümayəndələrini də təngə gətirib. Dünənə qədər İsa Qəmbərlə bir partiyada əməkdaşlıq edən, sonradan isə partiya sıralarından istefa verərək digər siyasi partiyaya rəhbərlik edən Sülhəddin Əkbər də Müsavat başqanını müxalifət üçün ziyanlı şəxs hesab edir. O, müsahibələrinin birində İsa Qəmbəri müxalifət üçün ziyanlı mövqe tutmaqda, hakimiyyətin maraqlarına xidmət etməkdə, müxalifətin birliyinə zərbə vurmaqda və “İctimai Palata” adlanan qurumun daxilində ziddiyyət və qarşıdurmanı gücləndirməkdə günahlandırıb.
Radikal müxalifət düşərgəsində yaranmış qarşıdurmadan istifadə edən kinorejissor Rüstəm İbrahimbəyov əsas işini bir kənara qoyaraq siyasətə qatılmaq istəyir. Söz yox ki, özü də siyasət aləmindən bixəbər olduğunu etiraf edib, ancaq necə deyərlər, hakimiyyətə yaxın yerdə lövbər salmağa öyrəşdiyi üçün xəyal-plov eşqi ilə meydana atılıb. Ziyalılar Forumu adlı qondarma bir qurumun kölgəsinə sığınan kinorejissor da deyəsən, Seçki Məcəlləsindən bixəbərdir.
Yeri gəlmişkən qeyd edək ki, qondarma Forumda toplaşanlar hakimiyyətdən incik düşənlər, vəzifədən qovulanlar və biznes maraqlarını qoruyub saxlamağa çalışanlardır. Son vaxtlar müxtəlif bəyanatlarla yenidən gündəmə qayıtmaq istəyən bu qurumun üzvü sabiq deputat Gültəkin Hacıbəyli də belələrindəndir. O, deputat mandatından sui - istifadə edərək Goranboy rayonunda yaratdığı biznes strukturlarını qoruyub saxlamaq üçün hərdənbir bəyanatlar səsləndirir və müxalifətdə olduğunu bəyan etməklə havadarlar axtarır. Sabiq deputat bunu düşünülmüş şəkildə, bilərəkdən edir. Gələcəkdə onun biznes maraqlarına xələl gələrsə, dərhal antiazərbaycan dairələr qarşısında haray - həşir salacaq ki, bəs müxalifətdə olduğum üçün təzyiq göstərirlər.
Nə qədər gülünc olsa da Rüstəm İbrahimbəyov bu bədxah forumun üzvü olan üzüdönük Eldar Namazova prezident seçkilərində namizəd olmağa “icazə verdiyini” bəyan edib. Əvvəla, Eldar Namazov cəmiyyətdə tanınan simalardan deyil. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, bir vaxtlar yüksək vəzifədə çalışarkən oturduğu ağacın budağını kəsməyə başladı. E.Namazov ona etimad göstərən hər kəsə xəyanət etdi, kimlərinsə çirkli pulları onun gözlərini qamaşdırdı, ağlını başından çıxartdı və bir də onda ayıldı ki, artıq onun üzüdönüklüyü barədə hamı xəbərdar olub. Bununla da E.Namazov tutduğu vəzifədən uzaqlaşdırıldı. İndi isə kimlərinsə əlində alətə çevrilib. Ona prezidentliyə namizədliyini irəli sürməyə “icazə verən” kinorejissor R.İbrahimbəyov, əslində, erməni dostlarının sifarişini yerinə yetirir. O da çox yaxşı bilir ki, E.Namazov hətta namizədliyini təsdiq etdirmək üçün tələb olunan imzanı belə toplaya bilməyəcək. Ancaq yaşının ahıl vaxtında kimlərinsə çirkli pullarına aldanaraq ikrah doğuran oyunların oyunçusuna çevrilib.
Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir. Bəzi ünsürlər müxtəlif şoular düzəltməklə bizim inkişafımıza və ölkəmizin dünya birliyindəki nüfuzunun getdikcə artmasına heç bir təsir göstərə bilməyəcəklər. Onların bütün cəhdləri Prezident – Xalq birliyini poza bilməz.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.