Bu bir həqiqətdir ki, ölkəmizə düşmən kəsilən erməni lobbisi və onun təsir dairəsində olan bəzi üzdəniraq daxili və xarici dairələr bir müddət “gözəgörünməz” olduqdan sonra müəyyən dövrlərdə təkrar fəallaşır, sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmağa çalışırlar.
Həmin qüvvələr davamlı olaraq Azərbaycan daxilindəki proseslərə müdaxilə etməyə, buradakı əlaltılarına lazımi maddi dəstək verməklə təxribatlar törətməyə ölkə ictimaiyyətində çaşqınlıq yaratmağa çalışırlar. Ancaq Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Xalq siyasi buqələmun Eldar Namazovun da, onun kölgəsində özünə sığınacaq tapmağa çalışan Rüstəm İbrahimbəyovun da hansı dairələr ilə, hansı sövdələşmələrə getdiklərini və məqsədlərinin nə olduğunu çox yaxşı bilir.
Bu kimi şəxslərin erməni tərəfdaşları ilə əlaqələri artıq düşmənə xidmət müstəvisinə keçib. Öncə Eldar Namazovun kimliyi barədə bəzi məqamları bir daha xatırlatmaq istərdik.
E. Namazov bu gün “ziyalılar forumu”nun qaragüruhçu yönətməni rolunda çıxış edir. Qeyd etmək yerinə düşər ki, hər bir ali təhsilli şəxsi “ziyalı” adlandırmaq düzgün deyil. Həmçinin, bir neçə ali təhsilli şəxsin bir yerdə toplaşmasını da “ziyalılar forumu” adlandırmaq böyük səhv olardı. Əgər özünü “ziyalı” adlandıran şəxsin dünən dedikləri ilə bugünkü fikirləri bir-birinə uyğun gəlmirsə, keçmişi ilə bu günü arasında böyük uçurum varsa, onun cəmiyyətdəki proseslər haqqında mülahizələrini, elita, ictimai rəy, ziyalı mövqeyi, ədalətli cəmiyyət haqqında söylədiklərini səmimi qəbul etmək olmaz.
Reallıq budur ki, Eldar Namazovun cəmiyyətdə bir ziyalı kimi qəbul olunub-olunmaması nəinki sual altındadır, hətta tamamilə qəbul edilməzdir. O, uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Yuxarıda qeyd etdiyimiz kimi, onun siyasi keçmişi ilə bugünkü mövqeyi arasında kəskin uçurum olduğunu bu gün hər kəs yaxşı bilir. Eldar Namazovla bağlı bir vaxtlar kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da anlaşıldığı kimi, o, 1993-cü ildə özünü kimlərinsə qohumu kimi qələmə verərək ulu öndər Heydər Əliyevlə görüşmək üçün cəhdlər göstərmiş və ümummilli liderin ziyalılara böyük hörməti olduğunu bildiyi üçün özünü “elm adamı” kimi təqdim etmişdir. Vəzifə aldıqdan sonra hiyləgər siyasi oyunlara aludə olmuş və davranışları ilə ətrafındakıların nifrətini qazanmışdır. Əgər siz əziz oxucularımız keçmiş iş yoldaşlarının onun haqqında nələr danışdığını və hansı faktları açıqladıqlarını eşitsəniz, tam əminliklə demək olar ki, siz də bu insana kəskin nifrət bəsləyərdiniz.
Fakt budur ki, Eldar Namazov dövlət orqanlarında ona göstərilən etimadı doğrulda bilməmişdi. Daha doğrusu, o zaman da konkret bir mövqeyi olmadığına görə, məlum komandada oturub başqa-başqa adamlarla görüşür, dönüklük, ikiüzlülük edirdi. Məhz həmin “keyfiyyətlərinə” görə ən yüngül cəza ilə — komandadan uzaqlaşdırılmaq barədə qərarla üz-üzə qalan Eldar Namazov dərhal çörəyini yediyi adamlar barədə hərzə - hədyanlar danışmağa başladı. O, tutduğu vəzifədə qeyri-səmimi olduğu kimi vəzifədən uzaqlaşdırılandan sonra daha natəmiz mövqe ilə, çirkin bir ağ yalanla ortaya atıldı. Guya, onu vəzifədən kənarlaşdırmayıblar, özü nəyəsə etiraz olaraq istefa verib. Halbuki, elə həmin günlər müxalifət qəzetləri yazmışdılar ki, Eldar Namazov hardansa, haçansa istefa vermək iqtidarında olan fiqur deyil, o ki, qala ulu öndər Heydər Əliyevin tabeçiliyində işləyib istefa verə bilə. Buna görə də E. Namazov indi qucağına sığındığı müxalifət düşərgəsinə qədəm qoyanda ilk addımlarını yalanla atmış və bu addımların yalan olduğunu üzünə vurmuşdular.
2005-ci il parlament seçkilərindən sonra birdən-birə radikal müxalifətin ən yaxın dostuna çevrilmiş Eldar Namazov barədə danışarkən bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, o, “ziyalılar forumu”nda da eyni xislətlə hərəkət etmiş və buradakı hər kəsdən daha layiqli “ziyalı” olduğunu, bu səbəbdən də prezidentliyə namizəd olmasının vacibliyini vurğulamışdı. Vaxtilə forumda təmsil olunan vəkil Aslan İsmayılovun qurumdan getməsinin səbəbi də məhz Namazov olmuşdur. A.İsmayılov bildirmişdir ki, o, ilk gündən E. Namazova etiraz edib: “Mən onun forumda aparıcı fiqura çevrilməsini qətiyyən istəmirdim. Ən azı yaxın gələcəkdə hər şey bəlli olacaq, insanlar hər şeyi müəyyən edəcəklər və kimin kim olduğu üzə çıxacaq. Bəs onda buradakı ziyalılar insanlara nə cavab verəcəklər? Bütün bunları nəzərə alaraq mən forumdan uzaqlaşdım”. Həqiqətən də ziyalılar adından danışmağa cəhd edən hər bir şəxsin ilk növbədə özü ziyalıya xas keyfiyyətlərə malik olmalıdır. Yalnız öz şəxsi maraqlarını deyil, milli maraqlarımızı hər şeydən üstün tutmağı bacarmalıdır. Eldar Namazov isə həmişə şəxsi ambisiyaları ilə yaşayan insandır.
Təəsssüf ki, “ziyalılar forumu” adlandırılan qondarma qurum bu kimi meyarlara cavab vermədiyinə görə cəmiyyət tərəfindən qəbul olunmadı və bu gün “reneqat Eldar Namazovun dəstəsi” adını alıb. Axı, ziyalı deyəndə biz gözümüzün qarşısında səsi böyük salonlardan gələn, minlərlə, on minlərlə insanın qarşısında çıxış edən, xalqın qəlbinə yol tapmağı bacaran, millətin, dövlətin inkişafına töhfələr verən, onun problemləri, ağrı-acısı ilə yaşayan, öz əməli fəaliyyəti, vətəndaş mövqeyi ilə insanlara örnək olan şəxsiyyətləri canlandırırıq. Reneqat Namazovun dəstəsi isə öz mənafelərini hər şeydən uca tutan, biznes maraqları təmin olunmayan, deputatlıq arzuları puça çıxan, haqqında lətifələr gəzən bir neçə insandan ibarətdir. Cəmiyyətdə qarşıdurma, hərc-mərclik yaratmaq haqqında düşünən dəstə üzvlərinin heç biri ziyalı adına layiq deyildir.
Siyasi elmlər namizədi Sabir Hacıyev qeyd edir ki, özünü ziyalı sayan bu kimi insanların hakimiyyətə gəlməsi ölkə üçün böyük fəlakət olardı: “Çünki onlar öz ambissiyaların reallaşdırmaq üçün ölkəni uçuruma da apara bilərlər. Siyasi buqələmun təfəkkürünə sahib olmaları səbəbindən respublikanın həm daxili, həm də xarici siyasəti bərbad vəziyyətə düşər. Özlərini ağıllı hesab edən belələri heç kəsi dinləmək mədəniyyətinə də sahib deyillər. Ona görə də Azərbaycan seçiciləri bütün bunları qiymətləndirir. Azərbaycan cəmiyyəti siyasi baxımdan kifayət qədər hazırlıqlıdır və haqqı nahaqdan seçməyi bacarır. Bu mənada, Eldar Namazov və hakimiyyətə gəlmək xatirinə ermənilərlə də əməkdaşlıq edən digərlərinin heç bir şansı yoxdur”.
Bu məqamda, qeyd etmək yerinə düşər ki, Namazov qruplaşmasının əsas siması olan 2009-cu ildən bəri bir-birinə zidd açıqlamalar verən Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində deyirdi ki, “elə danışmalıyıq ki, heç kəsin şəxsiyyətinə toxunulmasın”. Amma ondan əvvəl keçirdiyi mətbuat konfransında hakimiyyətdə təmsil olunanları küçə ifadələri ilə təhqir etmişdi. Rüstəm İbrahimbəyov restoran tikməyə icazə ala bilməməsini ictimai münasibətlərdə ədalət axtarışı fonunda təqdim edir. Məsələn, bir vaxtlar maraqları tam təmin olunanda ölkə başçısı haqqında ən xoş fikirlər səsləndirərdi.
2010-cu il mayın 7-də “Azadlıq” radiosuna müsahibəsində də bildirmişdi ki, Azərbaycanda İlham Əliyevə alternativ olacaq ikinci bir siyasi fiquru tanımır və indiki siyasətçilərdən heç birini Azərbaycan prezidenti kimi görə bilmir. Bunun üstündən il yarım keçdikdən sonra 2011-ci il dekabrın 28-də bəyan edir ki, “bu hakimiyyət bizə lazım deyil” və ya keçən ay “mütləq şəkildə prezident dəyişəcək” deməklə Eldar Namazov kimi reneqat olduğunu və siyasətdə riyakar olduğunu göstərir. Özünü “ziyalı” sayan bu insan anlamaq istəmir ki, ölkədə prezidentin dəyişməsini yalnız Azərbaycan seçicisi, xalqın iradəsi müəyyən edir. Bir insanın iradəsi bunu müəyyən etsəydi, onda Azərbaycanda heç bir seçkiyə ehtiyac olmazdı.
Birmənalı şəkildə demək olar ki, kinorejissoru və onun müdafiə etdiyi “ziyalıları” nə Azərbaycan xalqı və dövləti, nə də onun problemləri maraqlandırır, onları maraqlandıran, bir araya gətirən yalnız və yalnız şəxsi biznes maraqlarıdır. Məhz buna görə də R.İbrahimbəyov el arasında tamamilə nüfuzdan düşüb. Onun yazıçıya yaraşmayan hərəkətləri bununla bitsəydi, nə vardı ki? Bu adam satıb taladığı, mənimsədiyi və ya “yox etdiyi” dövlət və xalq əmlakının siyahısı böyük bir kitab həcmində olar. Gecə-gündüz ermənilər üçün göz yaşı töküb ağlayan, ermənilərsiz Bakının viranə kimi göründüyünü dilə gətirən, bir erməni dostunun xatirinə “Şəhidlər Xiyabanı”nda böyük restoran tikdirmək üçün dəridən-qabıqdan çıxan Rüstəm İbrahimbəyov prezident seçkilərində məhz Eldar Namazovun namizədliyinin üstündə dayanıb. Elə ermənilərlə separat danışıqlara getməklə diletantlıq nümunəsi göstərmiş Söyün Sadıqov da nədənsə reneqat Namazovun mövqeyini dəstəkləyir. Görünür, onları bir-birinə bağlayan tellər arasında antiazərbaycan qüvvələrlə iş birliyi qurmaq istəyi artıq şiddətlənərək xəyanət müstəvisinə daxil olmuşdur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.