Respublikamızın inkişafını gözü götürməyən bəzi dairələr ölkədə baş vermiş hər hansı bir hadisədən öz məqsədləri naminə istifadə edərək çaşqınlıq yaratmağa cəhd göstərir, bununla da sürətli inkişaf yolunda olan Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək istəyirlər. Bu günlərdə əsgər Ceyhun Qubadovun həlak olmasını siyasiləşdirməyə çalışan və bundan şəxsi məqsədləri üçün istifadə etməyə cəhd göstərən bəzi bədxahlar daha da fəallaşmışlar.
Belə neqativ ünsürlər hətta hüquq-mühafizə orqanlarının ölüm faktı ilə bağlı qaldırdıqları araşdımalara da mane olmaq istəyirlər. Məlum olduğu kimi, Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Müdafiə Nazirliyi yüksək rütbəli zabitlərin bir neçəsini ciddi cəzalandırıb, bəziləri həbs olunub. Araşdırma isə davam etdirilir.
Bəzi dairələrin əsgər ölümündən bir vasitə kimi istifadə etmələri və aksiya keçirmək cəhdləri mərhum Ceyhun Qubadovun anasını da hiddətləndirib. O, həmin insanlara müraciət edərək deyib: “Bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasının, bununla bağlı hər hansı aksiyanın keçirilməsinin əleyhinəyəm”.
Əsgər anası Samirə Qubadova Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək deyib ki, ailəmizə üz vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm. Mən Azərbaycan dövlətinə, onun Prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar.
O, bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunduğunu da bildirib. Bununla əlaqədar açıqlama verən S.Qubadova deyib: “Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir. Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməyə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”. Göründüyü kimi, bəzi xəbis insanların bəd niyyətləri, hər hansı bir hadisədən öz şəxsi məqsədləri üçün istifadə etmələri əsgər anasının da heysiyyətinə toxunub və o, həmin ünsürlərə müraciət etmək məcburiyyətində qalıb. Onu da qeyd edək ki, əsgər Ceyhun Qubadovun vəfat etməsi ictimaiyətin nümayəndələrini, Milli Məclisin deputatlarını da ciddi narahat etmiş, onlar mərhumun valideynlərinə başsağlığı vermişlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova bu hadisə ilə əlaqədar demişdir: “Onu da qeyd edim ki, Azərbaycanda ordu quruculuğuna böyük diqqət yetirilir, əsgərlərimizin öz hərbi xidmətlərini yerinə yetirmələri, onların vətənə olan borclarını qaytarmaları üçün hər cür şərait, imkan yaradılır. Azərbaycan ordusu, Azərbaycan əsgəri bu gün dövlətin, ölkə Prezidentinin diqqət və qayğısı altındadır. Bununla belə, son dövrlər ordumuzda baş verən bəzi neqativ hallar da hamımızı ciddi narahat etməkdədir”. Komitə sədri eyni zamanda, C.Qubadovun ölümü ilə əlaqədar onun ailə üzvlərinə başsağlığı verib, mərhuma Allahdan rəhmət, əzizlərinə isə səbir diləyib: “Mən bir ana, bir valideyn, bir millət vəkili kimi, bu hadisədən dərin üzüntü, kədər hissi keçirdiyimi, bu hadisənin baş verməsində günahkarların müəyyənləşdirilərək cəzalandırılmasını istəyirəm. Eyni zamanda, mərhumun ailəsinin kədərinə, acısına şərik olduğumu, onu bölüşdüyümü bildirmək istəyirəm. Bir daha mərhuma Allahdan rəhmət diləyir və ailəsinə Böyük Yaradandan səbir arzulayıram”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc da bu hadisənin Azərbaycan əleyhinə və ordunun gözdən salınması kampaniyasına çevrilməsini pisləyir. Deputat əminliklə bildirib ki, bu məsələ ilə bağlı Hərbi Prokurorluq ən operativ səviyyədə tədbirləri həyata keçirəcək və həqiqətən də döyülmədən ölüm baş vermişsə, buna bais olan, məsuliyyət daşıyanların ən sərt qanuni tələblərlə cəzalandırılması həyata keçiriləcək. Buna heç şübhəm yoxdur, çünki bunu həm qanunlar, həm də Azərbaycan cəmiyyəti tələb edir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov orduda baş vermiş neqativ hallardan sui - istifadə edilməsinin qəti əleyhinə olduğunu bildirib. O, belə hadisələrin həddindən artıq şişirdilməsinə lüzum olmadığını bildirərək deyib: “Baş vermiş hadisənin siyasiləşdirilməsi qəti şəkildə yolverilməzdir. Belə faciəvi hadisələri siyasiləşdirən insanların heç olmasa yaşlarına hörmət qoyması lazımdır. Hətta əsgərin anası da qeyd etdi ki, oğlunun ölümü siyasiləşdirilməsin. Gənclər mərhum əsgərimizin xatirəsini yad etmək üçün nələrsə etmək istəyirlər. Düşünürəm ki, bunu başqa şəkildə etmək lazımdır. Həmin insanları da qınayıram ki, ölüm üzərindən məqsədlərinə çatmaq istəyirlər. Əfsuslar olsun ki, bəzi hallarda radikallar arasında manqurtlaşama da gedir. Hətta öz məqsədlərinə çatmaq üçün ən alçaq hərəkətlərə yol verirlər. Bunu başqa cür dəyərləndirmək olmaz”.
Azərbaycan Ordusu hər birimizin ümid, güvənc yeridir. Bu gün ölkəmiz yüksək döyüş qabiliyyətinə malik mütəşəkkil, nizami və peşəkar Silahlı Qüvvələrə malikdir. Qürurla deyə bilərik ki, respublikamız iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də uğurlar əldə etməkdədir. Bizim ordumuz Cənubi Qafqaz regionunda ən qüdrətli orduya çevrilmişdir. Ən müasir texnika və silahlarla tam təchiz olunmuş Milli Ordumuz artıq qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazır möhtəşəm bir gücə çevrilmişdir. Hazırda NATO standartlarına uyğun qurulan Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika ilə təmin olunur. Ali Baş Komandanın xüsusi diqqət və qayğısı sayəsində ordunun təchizatı getdikcə yaxşılaşdırılır, zabit və əsgərlərin peşəkarlığı beynəlxalq standartlar səviyyəsinə çatdırılır. Bugünkü Azərbaycan Ordusunu fərqləndirən əsas cəhətlərdən biri də hərbi hissələrdə zabit və əsgərlərin yüksək səviyyəli döyüş hazırlığı, ruh yüksəkliyi və qələbə əzmidir. Bu gün Azərbaycanda müxtəlif hərbi texnika, döyüş sursatlarını istehsal edən çox güclü hərbi sənaye kompleksi yaradılıb. Ölkəmizin hərbi potensialının ilk növbədə daxili imkanlar hesabına gücləndirilməsi və hazırda respublikamızda 600 adda hərbi məhsul istehsal edilməsi dediklərimizi bir daha təsdiqləyir. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar ayrılmışdısa, 2010-cu ildə bu rəqəm 13 dəfə artırılaraq 2 milyard 150 milyon dollara çatmışdır. 2011-ci ildə ordu quruculuğuna ayrılan vəsait 3 milyard 413 milyon dollar, 2012-ci ildə isə 3 milyard 474 milyon dollar olmuşdur. Bu gün qürurla deyə bilərik ki, ölkəmizin hərbi xərcləri təcavüzkar Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur.
Çox təəssüf ki, Azərbaycan ordusunda baş verən hər hansı bir hadisə ilə bağlı radikal müxalifət və ölkəmizin inkişafını gözü götürməyən müəyyən dairələr hakimiyyətə qarşı qərəzli kampaniyalar aparırlar. Ordu bizim ümummilli məsələmizdir və oradakı əsgərlər hamımızın balasıdır. Ona görə də onlarla bağlı baş verən hadisədən sui-istifadə etmək olmaz. Həlak olan əsgərin üzərindən siyasi kampaniya qurmaq, bundan şəxsi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Əsgər ölümü böyük itkidir. Bu, təkcə bizim ölkəmizdə deyil, bütün ölkələrdə baş verib. Təcavüzkar Ermənistan silahlı qüvvələrində əsgərlərə verilən işgəncələr, orduda baş alıb gedən yolxucu xəstəliklər göz önündədir. Təkcə ötən il Ermənistan ordusunda çoxlu sayda ölüm halları baş verib. Buna görə də valideynlər öz uşaqlarını açıq şəkildə hərbi xidmətə buraxmırlar. Hazırda işğalçı ölkənin ordusunda xidmət edənlərin əksəriyyəti muzdlulardır. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə ordu quruculuğuna, əsgərlərin təhlükəsizliyinə çox böyük diqqət yetirilir. Dövlətimizin başçısının tez - tez cəbhə bölgəsinə səfərləri və əsgərlərlə onların xidmət etdikləri ərazilərdə görüşməsi də ordu quruculuğuna, habelə hərbi xidmətçilərə göstərilən qayğının təzahürüdür.
Əsgər Ceyhun Qubadovun ölüm faktını araşdıran Hərbi Prokurorluq operativ işləyir, artıq müvafiq tədbirlərini də görüb. Eyni zamanda Müdafiə Nazirliyi və ölkədə bu məsələyə məsul digər qurumlar tərəfindən də bu işin araşdırılması istiqamətində ciddi iş gedir. Təbii ki, ictimaiyyət nümayəndələri də əsgər Ceyhun Qubadovun hansı şəraitdə, necə həlak olmasının araşdırılaraq nəticənin ortaya qoyulmasını və cinayətkarların cəzalandırılmasını gözləyir. Əminik ki, araşdırmalar tezliklə öz nəticəsini verəcək, günahkarlar cəzalandırılacaq, ictimaiyyət və mərhum əsgərin ailəsi məlumatlandırılacaq. Bundan ötrü aksiya keçirməyə ehtiyac yoxdur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.