Bu yolun yolçuları siyasi iflasa məhkumdurlar
Məşhur Amerika filmlərindən birində, sanki bizim bugünkü müxaliflərimiz üçün deyilibmiş kimi çox tutarlı bir ifadə eşitmişdim: “Sən ikiüzlülərdən qorxma. İkiüzlü ya Conla olacaq, ya da Şonla. Sən də onun yerini biləcəksən. Ehtiyatlanmalı olduğun adamlar çoxüzlülərdir”. Tamamilə haqlı xəbərdarlıq idi. Çünki çoxüzlülər bütün xalqlarda və bütün cəmiyyətlərdə qəbul edilmir, nifrətlə qarşılanırlar. Bu adamlara nifrət və ikrah hissi yaradan əsas səbəblərdən biri isə onların dünən çörəyini yediyi insana qarşı etdiyi dönüklüyüdür.
Çox təəssüf ki, bu qəbildən olan “üzlülər” bizim aramızda da var və məhz üzləri çox olduğuna görə onların utandığını görən olmur. Adamın gərək bir üzü ola ki, onun hansı insani hissləri keçirdiyini üzündən, gözündən oxuya biləsən. Fəqət, Eldar Namazov kimi adamların hansı məsləkə qulluq etdiyini oxumaq üçün onların konkret simasını görən olmayıb.
Burada bir “amma” sözünə ehtiyac duyulur. Çünki deyəsən onun bəzi üzlərini oxuya bilənlər tapılıb. Əgər elə olmasaydı, gecə- gündüz ermənilər üçün göz yaşı töküb ağlayan, ermənilərsiz Bakının viranə kimi göründüyünü dilə gətirən, bir erməni dostunun xatirinə “Şəhidlər Xiyabanı”nda böyük restoran tikdirmək üçün dəridən-qabıqdan çıxan Rüstəm İbrahimbəyov prezident seçkilərində məhz Eldar Namazovun namizədliyinin üstündə dayanmazdı. Elə ermənilərlə separat danışıqlara getməklə diletantlıq nümunəsi yaratmış Söyün Sadıqov da nədənsə reneqat Namazovun mövqeyini dəstəkləyir. Görünür onları bir-birinə bağlayan tellər arasında antiazərbaycan qüvvələrlə iş birliyi qurmaq istəklərinin eyni səviyyədə olması da var. Əlbəttə, elin gözü tərəzidir və cəmiyyət həyatı durulduqca, ötən əsrin sonlarındakı bulanıq ab-havadan istifadə edərək ortaya çıxanların əsl kimliyi məlum olur. Məlum olur ki, Azərbaycan xalqının və dövlətinin çörəyi ilə böyüyüb ərsəyə gəlmiş, konkret adamların qayğısı ilə vəzifə, mənsəb sahibi olmuş insanlar istənilən uğursuzluqdan dərhal sonra əqidəsini dəyişir, dünən ətəyindən tutduğu adama bu gün badalaq gəlməyə çalışır. Bəs Eldar Namazovun uğursuzluğu nədə idi?
O, sadəcə dövlət orqanlarında özünə göstərilən etimadı doğrulda bilməmişdi. Daha doğrusu, o zaman da konkret bir mövqeyi olmadığına görə, məlum komandada oturub başqa-başqa adamlarla görüşür, dönüklük, ikiüzlülük edirdi. Məhz həmin “keyfiyyətlərinə” görə ən yüngül cəza ilə - komandadan uzaqlaşdırılmaq barədə qərarla üz-üzə qalan Eldar Namazov ( xatırladaq ki, bu adam həmin etibarsızlıqları bizim qonşu ölkələrin hansında törətsəydi, mütləq ağır cəzalandırılardı) dərhal çörəyini yediyi adamlar barədə hərzə - hədyanlar danışmağa başladı. O, tutduğu vəzifədə qeyri-səmimi olduğu kimi vəzifədən uzaqlaşdırılandan sonra da daha böyük natəmiz mövqe ilə, çirkin bir ağ yalanla ortaya atıldı. Guya onu vəzifədən kənarlaşdırmayıblar, özü nəyəsə etiraz olaraq istefa verib. Halbuki, elə həmin günlər müxalifət qəzetləri yazmışdılar ki, Eldar Namazov hardansa, haçansa istefa vermək iqtidarında olan fiqur deyil, o ki, qala Heydər Əliyevin tabeçiliyində işləyib istefa verə bilə. Yəni, Eldar Namazov indi qucağına sığındığı müxalifət düşərgəsinə qədəm qoyanda ilk addımlarını yalanla atmış və bu addımların yalan olduğunu üzünə vurmuşdular.
O, hiylə və məkrlə qoşulduğu müxalifət düşərgəsində də bir üzlə deyil, bütün üzləri ilə “fəaliyyət göstərməyə” başladı. Bu “politoloq” uzun illər müxalifətçilik təcrübəsi olan İsa Qəmbər və Əli Kərimliyə elə şəkildə tor qurdu, fitnə-fəsadlar törətdi ki, xalqın bu adamlara olan nifrəti birə beş qat artdı. Sadə camaat bu əyri yolların icraçılarını - yəni Əli Kərimli ilə İsa Qəmbəri gördü, torquranın kim olduğunu isə bilmədi. İndi müxalifət düşərgəsində açıq şəkildə etiraf edirlər ki, Eldar Namazov bu düşərgəyə təkcə yamaq deyil, həm də açıq bir problemdir. Çünki o, iqtidarda vəzifə tutaraq kənar qüvvələrlə xəlvəti anlaşdığı kimi müxalifətdə də özünə yer edib, istədiyi şəkildə biznesini qurandan sonra respublikamızdan kənardakı bəzi antiazərbaycan qüvvələrlə separat danışıqlara getdi və saxtakarlıqla özünə “peşəkar siyasətçi” imici qazanmaq üçün Azərbaycanın əleyhinə böhtan, iftira kampaniyasına başladı. Bu nə deməkdir? Bu o deməkdir ki, İsa Qəmbərin və Əli Kərimlinin illərdən bəri iddia etdikləri ana müxalifət rəhbəri imici heçə endirilir və ortaya daha avantürist, daha çoxüzlü bir “peşəkar” çıxır.
Hələ bu harasıdır, öz natəmiz əməlləri ilə bütün azərbaycanlıların gözündən düşən Rüstəm İbrahimbəyov heç kəsin mövqeyini və münasibətini gözləmədən prezidentliyə Eldar Namazovun namizədliyini “irəli sürməklə” kimlərinsə tapşırıqlarını yerinə yetirir. Əlbəttə, mənim üçün və ya bütövlükdə xalq üçün bunun elə bir əhəmiyyəti yoxdur ki, müxalifətin prezidentliyə namizədi kim olacaq. Çünki həmin namizədin kimliyindən asılı olmayaraq istənilən müxalif namizəd xalqın uzaq başı 2 və ya 3 faizinin səsini toplaya bilər. Azərbaycanı cəmi on ildə dünyanın aparıcı dövlətləri sırasına çıxarmış bir siyasətçi ilə gah Müsavatın Divanında özünə yer tapan, gah “ziyalılar”ın qovluğunda məskunlaşan, gah da Rüstəm İbrahimbəyovun xəyallar dünyasının “peşəkar” qonağına çevrilən reneqat Eldar Namazov arasındakı fərqi görməmək üçün sadəcə əlil və zəlil olmaq lazımdır. Əli Kərimli və ya İsa Qəmbər də elə . O adamların doxsanıncı illərdən indiyə qədər bacardıqları iş məhz iqtidar düşərgəsindən qovulmuşları başlarına toplayıb antiazərbaycan dairələrdən, siyasi riyakarlardan və əqidəsi dönüklərdən imdad gözləmək olub. Riyakarlar isə gəlib onlara növbəti problemlər yaradıblar.
Mən ötən yazılardan birində qeyd etmişdim ki, bu fərdlərə adamın yazığı gəlir. Çünki korafəhimdirlər. Burunlarından o tərəfi qətiyyən görə bilmirlər. Elə güman edirlər ki, Azərbaycandakı şərait hələ ötən əsrin 90-cı illərindəki səviyyədədir. Düşünürlər ki, dünya xalqlarının və dövlətlərinin Azərbaycana münasibəti yenə də iyirmi il əvvəlki səviyyədədir. Çox şeyi unudurlar. Sanki xalqın ictimai-siyasi proseslərə nə dərəcədə ayıq və aydın münasibət bildirdiyini görmürlər. Sanki dünyanın qüdrətli dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların Azərbaycana bugünkü münasibətini görə bilmirlər. Görə bilmirlərsə, xatırladaq. Azərbaycan xalqı Heydər Əliyev siyasi kursundan kənarda olan istənilən qüvvəni və simanı nəinki qəbul etməyəcək, hətta, rədd edəcək. Dünya dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycandakı mövcud siyasi kursu hələ uzun onillər, qərinələr boyu özünün dostu, tərəfdaşı kimi qəbul edəcək və dəstəkləyəcək. Ona görə də ermənipərəst qüvvələrin istənilən cəhdi əbəsdir və iflasa məhkumdur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.