Ziyalılar elmi fəaliyyətlə, əsasən yaradıcılıqla, mədəniyyətin inkişafı və yayılması ilə peşəkar məşğul olan sosial təbəqədir. Bu təbəqəyə aid olan insanlar cəmiyyətin intellektual və müstəqil düşüncəyə malik hissəsi hesab edilir. Xalq həmişə ziyalılara, onların dəyərli məsləhətlərinə, məntiqi fikirlərinə inanıb və belələrinin arxasınca gedib. Cəmiyyətdə sayılıb - seçilən, etimad qazanan ziyalılarımıza həmişə böyük hörmət bəslənilib, müəyyən problemlərin həllində onlara güvənilib.
Təəssüf edirik ki, bu gün ziyalı adı ilə alver edən, bu addan yararlanaraq öz şəxsi ambisiyalarını reallaşdırmaq istəyənlər də var. Bu istəkdə olanların iç üzü gec - tez hamıya bəlli olur və özləri özlərini ifşa edirlər. Ziyalılar Forumu adı altında ölkədə çaşqınlıq yaratmaq istəyən bəzi qaragüruhçu “ziyalılar”ın artıq iç üzü hamıya bəlli oldu. Onlardan biri də yaşının ahıl vaxtında kimlərinsə əlində alətə çevrilmiş Rüstəm İbrahimbəyovdur.
Bədnam foruma toplaşanların keçmişlərinə nəzər saldıqda onların öz şəxsi incikliklərinə və maraqlarına görə bir yerə yığışmaları və özlərini xalqın qədirbiləni kimi sırımaları açıq şəkildə bəlli olur. Bu təşkilatda cəmi 5-10 nəfər toplaşıb və onlar da ölkə, xalq mənafeləri naminə deyil, şəxsi maraq - mənafeləri naminə bir araya gəliblər.
Belə “ziyalıların” özlərini millətin təəssübkeşi, Azərbaycanın gələcəyi barədə düşünən kimi göstərmələri ikrah hissi doğurur. Çünki bir vaxtlar vəzifədə olarkən gözləri ayaqlarının altını görməyən bu “ziyalılar” işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən uzaqlaşdırıldıqdan sonra xalq, millət, Vətən yadlarına düşüb. Belələrinin Azərbaycan ziyalıları adından danışmağa mənəvi haqları çatmır.
Bu günlərdə kinorejissor Rüstəm İbrahimbəyovun bir yazısını oxudum. O, haradansa gələrkən Heydər Əliyev adına Bakı hava limanında sənədlərini yoxlayıblar və bu da kinorejissora çox pis təsir edib. Sən demə, R.İbrahimbəyovun ürəyindən keçirmiş ki, o, hava limanına çatar - çatmaz yüzlərlə insan əlində gül dəstəsi onu qarşılamağa çıxsın. Moskvada və digər xarici ölkələrdə “zavallı” ermənilərin halına acıyanda, özünü onlara qayğıkeş kimi göstərəndə, “dərdlərinə” şərik çıxanda onu hava limanında xidmət göstərdiyi ermənilər qarşılayıb. İndi də Bakıda - Heydər Əliyev adına hava limanında qarşılanmaq istəyirmiş.
Rüstəm İbrahimbəyov sənədlərinin yoxlanılmasından qeyzlənərək adətkərdə olduğu yalan və böhtanlardan bu dəfə də bərk - bərk yapışıb. O, yaşının ahıl çağında sərhədçilərə şər - böhtan yağdırmaqdan da utanmayıb. Guya kimsə ona deyib ki, ictimai temperamentini azaltmasan, hakimiyyət səni “ağıllandırmağın” yollarını tapacaq. Əslində isə R.İbrahimbəyovun son hərəkətləri özünün dediyi kimi heç də “ictimai temperament” yox, Ziyalılar Forumunun qaragüruhçu “ziyalısı” Eldar Namazovun çaldığı havaya oynamaqdan başqa bir şey deyildir.
Rüstəm İbrahimbəyovun bu hakimiyyətdən incik düşməsi artıq hamıya bəlidir. Ona xalqımızın müqəddəs ziyarətgah kimi tanıdığı “Şəhidlər Xiyabanı”nda “Kino evi” adı ilə restoran tikməyə icazə vermədilər. Əvəzində başqa bir yer təklif olunmuşdu. Ancaq R. İbrahimbəyov bununla razılaşmamışdı. O, restoranı mütləq “Dağüstü park”da tikdirməli imiş. Sən demə, bu, kinorejissorun erməni dostlarının sifarişi imiş. Ermənilər Rüstəm İbrahimbəyov və onun əqidəsində olan “ziyalı”larla torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin uyuduğu ərazidə yeyib - içmək istəyirlərmiş. Belə bir “ziyalıya” azərbaycanlı demək olarmı? Bundan başqa kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi müddətdə onun əsas məqsədi heç də ölkənin kino sahəsini inkişaf etdirmək yox, öz şəxsi maraqlarını təmin etmək olub. R.İbrahimbəyov İttifaqın bütün əmlakını acıgözlüklə çapıb - talayaıb. İttifaqın üzvləri etirazlarını bildirdikdə isə o, vay - şivənlik salaraq demokratiyanın pozulmasını iddia edib. Bəhanəsi də bu olub ki. guya hakimiyyət ona qarşı təzyiqlər edir. Belə dönüklərdən ölkəmizin əleyhinə donosbazlıq etməkdə yararlanan erməni lobbisi də R.İbrahimbəyovdan öz köməklərini əsirgəmirlər və bizə düşmən olan dairələrin himayəsindəki kütləvi informasiya vasitələrində gen - bol müsahibələrini dərc etdirirlər. Öz xalqını, millətini, hakimiyyət strukturlarını təhqir edən R.İbrahimbəyov görəsən azərbaycanlı olduğunu yadına salırmı? Axı, o, həmişə dövlətin qayğısından bəhrələnib, istədiyi kimi yaşayıb. Daha bundan artıq ona nə lazım idi? Belələrinə harınlamış insan deyirlər. Onun harınlamağı o həddə çatıb ki, artıq millət, Vətən, mənəvi dəyərlər belə yaddan çıxıb. Özünü “elitar ziyalı” hesab edən R.İbrahimbəyov deyəsən artıq çaşıb. Belə olmasaydı, anlayardı ki, ölkə rəhbəri ssenaristin sifarişi və ya istəyi ilə yox, seçki yolu ilə müəyyənləşdirilir. Bu seçkilərdə əsas seçicilərin iradəsidir. Görünür, Ziyalılar Forumunun digər qaragüruhçu “ziyalı”sı, R.İbrahimbəyovun xaç atası Eldar Namazov da bu həqiqəti hələ dərk edə bilmir. O da anlamır ki, Azərbaycanda Prezident seçki yolu ilə seçilir. Erməni lobbisi və ölkəmizi gözü götürməyən dairələrin çirkli pulları hesabına alətə çevrilmiş reneqat ziyalıların hikkəli sayıqlamaları ümummilli seçkisini əvəz edə bilməz.
Hələ prezident seçkilərinə xeyli vaxt qalsa da, artıq Rüstəm İbrahimbəyov Eldar Namazovun vəkili rolunda çıxış etməyə başlayıb. Guya ziyalılar bu seçkilərdə Eldar Namazovu dəstəkləyəcəklər. Bədnam ssenarist ziyalı dedikdə çox güman ki, Ziyalılar Forumu adı altında toplaşan vəzifədən qovulmuş ünsürləri nəzərdə tutur. Çünki bu gün R.İbrahimbəyovun ətrafında olanlar yalnız belələridir. Özünü “elitar ziyalı” hesab edən kinorejissorun 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar dediklərini oluğu kimi təqdim edirik. İndi özünüz onun hansı əqidənin sahibi olduğunu müəyyənləşdirin: “Təbii ki, əsas namizədin müəyyənləşdirilməsində biz də iştirak edəcək, məsləhətlərimizi verəcəyik. Məlumdur ki, Müsavat İsa Qəmbərin namizədliyini irəli sürüb. Əsas namizəd İsa Qəmbər də, başqası da ola bilər. Bütün bunları müzakirə etməliyik və əsas namizəd mütləq olmalıdır. Azərbaycan vətəndaşları kimi dəstəkləsə, prezident o olacaq. Amma həmin namizəd Ziyalılar Forumunun üzvü olmayacaq. Bir nəfərdən başqa. Bu da Eldar Namazovdur. Eldar Namazov namizəd ola bilər, çünki o, peşəkar siyasətçidir, politoloqdur. Ona görə də Eldar Namazova bu icazəni veririk.
Fikir verirsinizmi, R.İbrahimbəyovun dediklərindən belə məlum olur ki, prezident seçkilərində kim isə namizəd olmaq istəyirsə, gərək ondan icazə alsın. Bax belə yerdə deyirlər ki, bi kişi lap başını itirib. Sən demə, bunun prezidentliyə namizəd olmağa icazə vermək səlahiyyəti varmiş. Onun icazəsi ilə prezidentliyə namizəd olan reneqat Eldar Namazov da artıq öz “platformasını” açıqlayıb. Ermənipərəst R. İbrahimbəyovun icazəsi ilə “prezidentliyə namizəd” olan Eldar Namazov öz “platformasında” deyir: “Ziyalılar Forumu 2012-ci il noyabrın 26-da verdiyi bəyanatda konkret göstərib ki, 2013-cü il prezident seçkilərində Azərbaycan xalqının iradəsini təmin etmək, demokratik seçkilərin keçirilməsi üçün bütün təsir imkanlarından istifadə edəcək... Şəxsən mənim əsas fəaliyyətim yuxarıda qeyd etdiyim prosesin təşkil olunması ilə bağlı olacaq”.
Sən demə, Eldar Namazovun əsas istəyi və məqsədi Azərbaycanda demokratik seçkilər keçirmək imiş. Hətta bu yolda hansı işi görmək üzərinə düşəcəksə, o işi görməyə də hazır olduğunu bildirib. Reneqat Namazovun bu açıqlaması bir daha təsdiqləyir ki, onun başı özünün şəxsi işlərinə, biznesinə, qarışdığından ölkədə gedən siyasi proseslərdən bixəbərdir. Əvvəla qeyd edək ki, dünyanın inkişaf etmiş dövlətlərinin ekspertləri Azərbaycanda demokratik proseslərin inkişafına böyük önəm verdiklərini dəfələrlə bəyan ediblər. Digər tərəfdən ən reytinqli beynəlxalq təşkilatlar ölkəmizdə keçirilən prezident və parlament seçkilərinin şəffaf, ədalətli və oyektiv keçirildiyini bildiriblər. Bu bəyanatları eşitməmək nankorluq, görməmək isə siaysi korluqdur. Tutaq ki, R. İbrahimbəyov həddən artıq yaşlı bir adamdır. Onun görmə və eşitmə orqanları zəifləyib. Həm də o, kinirejissordur, siyasətçi deyil və özü də etiraf edir ki, siyasi düşüncəsi yoxdur. Bəs, reneqat E. Namazov niyə antiazərbaycan dairələrin əlində oyuncağa çevrilib düşmən dəyirmanına su tökür, ictimai rəyi çaşdırmağa çalışır.
R.İbrahimbəyovun artıq iç üzü hamıya bəlli oldu. Kinorejissoru və onun müdafiə etdiyi “ziyalıları” nə Azərbaycan xalqı və dövləti, nə də onun problemləri maraqlandırır, onları maraqlandıran, bir araya gətirən yalnız və yalnız şəxsi biznes maraqlarıdır. Məhz buna görə də R.İbrahimbəyov el arasında tamamilə nüfuzdan düşüb. Bir vaxtlar maraqları tam təmin olunanda ölkə başçısı haqqında ən xoş fikirlər səsləndirərdi.R. İbrahimbəyovun dediklərindən: “Mən 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsinə səmimi olaraq sevinənlərdən biri olmuşam. O vaxt bunun necə baş verdiyi üzərində o qədər də düşünmürdüm. Gənc, təhsilli, ünsiyyətcil, incəsənət adamları arasında dostları olan və ölkənin mədəni həyatında baş verən hadisələrə maraq göstrən ölkə başçısı xoşuma gəlirdi. Və mən dəfələrlə bu barədə söyləmişəm”.
İndi isə yaşının ahıl vaxtında özünü gülünc vəziyyətə salan, erməni lobbisindən və ölkəmizi gözü götürməyənlərin çaldıqları havaya oynayan Rüstəm İbrahimbəyova adamın lap yazığı gəlir. Ancaq neyləmək olar, “özü yıxılan ağlamaz” deyiblər.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.