Çoxsaylı bəd əməllərinə aydınlıq gətirmək istəməyən Rüstəm İbrahimbəyov nədən “demokrat” cildinə girməyə çalışır?!

yaxud ssenarist “Bəd əməllər” dramında baş rolda

yaxud ssenarist “Bəd əməllər” dramında baş rolda

Azərbaycanın müstəqillik tarixinə nəzər yetirsək görərik ki,  ölkəmizin ziyalıları milli dövlətçiliyimizin möhkəmləndirilməsində və inkişafı proseslərində hər zaman öndə gediblər. Onlar tarix boyu Azərbaycanı, onun zəngin mədəni irsini, milli məfkurəsini yaşatmış, müstəqillik, azadlıq arzularını və milli düşüncə sistemini gələcək nəsillərə ötürmüş, bu məsələlərdə xalqın, millətin dayağı  olmuşlar. Tarixi inkişafımızın hər bir mərhələsində öz elmi, ədəbi, mədəni yaradıcılıqları ilə maddi-mədəni irsimizin güclənməsinə, milli dəyərlərimizin möhkəmlənməsinə xidmət edən ziyalılar, həqiqətən də, böyük bir missiyanın daşıyıcılarıdırlar.

Ancaq bəziləri də var ki, bu müqəddəs ada ləkə gətirir, siyasi möhtəkir təfəkkürü ilə ətrafındakıları, sözün həqiqi mənasında, zəhərləyir, özünü xalqına düşünən şəxs kimi göstərməyə çalışaraq şəxsi mənafelərini təmin etməyə çalışır. Bəli, onlardan biri də itmiş şöhrətin sahibi olan Rüstəm İbrahimbəyovdur.

Çox təəssüf doğuran və utanc gətirən məqamdır. Özünü ziyalı adlandıran  bu insan  şəxsi maraqları naminə böyük bir xalqa həqarətlə baxır, düşmənlərimizlə əməkdaşlıq etməkdən çəkinmir, istənilən iqtisadi, siyasi və mənəvi fırıldağı yolverilən hal kimi qəbul edir. Bu adam “Daşnaksütyun” partiyasının fəalları ilə əməkdaşlıq edərək milli qürurumuza ləkə salır,  ziyalı adına yaraşmayan əməlləri, çoxsaylı maliyyə fırıldaqları ilə postsovet məkanındakı ziyalı soydaşlarımıza üz qaralığı gətirir.

Maraqlıdır ki, Rüstəm İbrahimbəyova ömrü boyu “ gözün üstdə qaşın var” deyən olmayıb. İstədiyi kimi yaşayıb, istədiyi kimi yazıb,  imkanı daxilində soyub, talayıb, dövlətin əmlakını satıb, xalqın vəsaitini mənimsəyib və özünü Azərbaycanın tanınmış yazıçısı kimi qələmə  verməyi bacarıb. Beləcə sovet dönəmində və müstəqilliyin ilk illərində nə istəsə edib. Ölkədə qayda-qanun bərpa ediləndə, bütün insanların qanun qarşısında bərabər şəkildə məsuliyyət daşıması tələb olunanda isə Rüstəm İbrahimbəyov vay-şivən qaldırıb ki, ermənilərsiz Azərbaycanın heç bir ləzzəti yoxdur. Bu adama başa saldılar ki, ermənilər bizim torpaqlarımızı işğal ediblər, 20 min soydaşımızı öldürüblər, bir milyon azərbaycanlını evindən- eşiyindən didərgin salıblar. Dedi ki, başa düşürəm. Amma başa düşə-düşə ermənilərlə daha dərin əməkdaşlığa rəvac verdi.

Hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamada xalqını təhqir edən, sanki, bundan zövq alan və özünü “elitar şəxs” sayaraq millətinə yuxarıdan aşağı baxan Rüstəm İbrahimbəyovun, görəsən, məqsədi nədir? Əsl vətənpərvər insanlar onun çıxışlarına lazımi cavab veriblər və verməkdə davam edirlər. Hələ həmin vaxt milli dəyərləri təhqir etməyə cəhd göstərən İbrahimbəyov açıq şəkildə Azərbaycandan, azərbaycançılıqdan uzaq olduğunu ortaya qoymuşdu. Onun bəhs edilən dövrdə və sonra verdiyi açıqlamalar göstərdi ki, bu şəxsin siyasi təfəkkürü ibtidai icma quruluşundakı ilk insanların təfəkküründən irəli getmir. Azərbaycan ziyalıları uzun illər ərzində Rusiyada yaşayan İbrahimbəyovun bir dəfə də olsun erməniləri, Ermənistanın işğalçılıq siyasətini ifşa edən fikirlərlə çıxış etməməsinin səbəblərini soruşmuşdular. Təəssüf ki, bu suallar cavabsız qalıb və bəzən də  İbrahimbəyov  elə anlaşılmaz cavablar verib ki, onu anlamaq üçün ibtidai icma quruluşu üzrə mütəxəssislərə ehtiyac duyulub.

Bu adam Azərbaycan xalqına olan kin və nifrətini bəyan etməkdən, on minlərlə şəhid valideyninin gözü qabağında erməniləri Bakıya dəvət  etməkdən də utanmadı. Düşmənin ölkə paytaxtına dəvət edilməsinin hansısa bir ictimai-siyasi mənası olsaydı, bəlkə də buna dözmək mümkün idi. Ancaq İbrahimbəyov erməniləri Bakıya sadəcə “Dağüstü park”da yeyib-içməyə dəvət edirdi. Yeri gəlmişkən, İbrahimbəyovun Azərbaycan xalqı və dövləti ilə münasibətlərində soyuqluq yaradan ilk məsələ də məhz həmin “Dağüstü park” məsələsi olub. Belə ki, İbrahimbəyov indi hamımız üçün göz dağı və ürək ağrısı yeri olan Şəhidlər Xiyabanında “Kino evi” adıyla restoranlar şəbəkəsi yaratmaq istəyirdi. Deyilənə görə bu barədə Moskvadakı erməni dostları  ilə şərik biznes qurmaq barədə danışıqlar da aparıbmış. Azərbaycan dövləti həmişə olduğu kimi həmin məqamda da şəhidlərin xatirəsinə böyük ehtiram nümayiş  etdirərək  Şəhidlər Xiyabanında  restoran tikilməsinə icazə vermədi. Ona görə də “böyük ədib” bədnam qonşularımız haylar kimi, haray-həşir salmağa başladı, yeni-yeni  layihələr  üzrə  şəhərin  müxtəlif yerlərində torpaqlar  zəbt etməyə girişdi. Lakin ssenaristin iştahası böyük olsa da ona  həmin  əraziləri zəbt  etməyə imkan verilmədi.

Sonradan məlum oldu ki, həmin ərazilərin İbrahimbəyova verilməməsinin əsaslı səbəbləri var imiş. Bu məsələyə  ARDNŞ tərəfindən verilən açıqlama aydınlıq gətirdi. Açıqlamada qeyd olunurdu ki,  son illər mədən ərazilərində və neft sənayesi infrastrukturlarının mühafizə zonalarında zəbt edilmiş torpaqlarda qanunsuz tikililərə qarşı qətiyyətli hüquqi tədbirlər həyata keçirilir. Bu tədbirlər tam hüquqi əsaslarla və ayrı-ayrı insanların şəxsiyyətinə fərq qoyulmadan aparıldığından, təəssüf ki, özünə xüsusi yanaşma tələb edən bəzi şəxslərin etirazları ilə qarşılaşılır. R. İbrahimbəyovla əlaqəli torpaq mübahisələri də, bütün digər hallarda olduğu kimi, məhkəmə qərarları ilə tamamlanıb və ARDNŞ-nin qanuni mənafeyi təmin edilib.

ARDNŞ-nin açıqlamalarında o da bildirilirdi ki, R. İbrahimbəyov müsahibələrində “əldə etdiyi” torpaq sahələrinin “kino sahəsinin inkişafına yönəlmiş böyük bir layihə üçün” nəzərdə tutulduğunu iddia edibmiş. Lakin məhkəmə araşdırmaları nəticəsində müəyyən edilib ki, həmin torpaq sahələri müxtəlif şəxslərin, daha dəqiq desək, onun ailə üzvlərinin və yaxın qohumlarının adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsası olmayan bələdiyyə qərarları ilə ayrılıb. Qanunsuz əməllərinin  qarşısı alınan Rüstəm müəllimin “xalqın gələcəyini düşünən ziyalı”, demokratiyanı sevən  “demokrat” olmağının səbəbləri  bax bundan sonra faş olub.

Bəs, bu qədər cılız məqsəd naminə ziyalı adına ləkə vurmağa dəyərdimi? Doğrusu, danışmağa heç bir mənəvi haqqı olmayanların hay-küy salması qədər iyrənc heç nə ola bilməz.

Görünən odur ki, bu gün də Rüstəm İbrahimbəyov  keçmişdə məşğul olduğu və Rasim Ocaqov kimi sənətkarların istedadı ilə az-çox müvəffəqiyyət qazandığı kino sənəti ilə biznes maraqları arasında vurnuxur. O nə Moskvada aldadaraq pullarını topladığı iş adamlarının pulunu geri qaytara bilir, nə də ki onlara vəd edib, Şəhidlər Xiyabanı yaxınlığında tikmək istədiyi fantastik “gəlir gətirəcək” restoranlar layihəsini həyata keçirə bilir.

Məlum olduğu kimi, keçən il iyunun 21-də Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü Rüstəm İbrahimbəyovun ittifaqa yarıtmaz rəhbərliyinə və qurumun heç bir perspektivi olmayan fəaliyyətinə etiraz edərək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını yaradıblar. Tanınmış kino xadimlərinin yer aldığı bu qrupun üzvləri qeyd ediblər ki, hazırda mövcud olan Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Ortaya çıxan yeni faktlar isə bu insanların nə qədər haqlı olduğunu bir daha təsdiq edir. Deməli, bu günə qədər Azərbaycan kinosunun inkişafına xidmət etməli olan Azərbaycan Kinematoqrafçılar İttifaqı, əslində, Rüstəm İbrahimbəyovun biznes strukturu kimi onun şəxsi maraq və ambisiyalarının təmin olunmasına yönəldilibmiş.

O da ictimaiyyətə məlumdur ki, aparılan araşdırmalar nəticəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının balansında olan çoxlu sayda avtomobil sənədlərdə qeydiyyatda qalsa da, əslində, R.İbrahimbəyov tərəfindən çoxdan satıldığı üzə çıxıb. İttifaqın “Çayka” qonaq maşını indiyədək evlənən cütlükləri şadlıq saraylarına daşımaq üçün istifadə olunur, sənədlərdə isə, guya, Kinematoqrafçılar İttifaqının qonaqlarına xidmət edirmiş kimi göstərilir. Bundan başqa, Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yardım olaraq ayırdığı 83 min dollar vəsait ittifaqın xəzinəsindən “yoxa” çıxıb. R.İbrahimbəyov pulun faizlə banka yatırıldığını desə də, sonradan həmin vəsaiti gördüm deyən olmayıb.  Kinorejissor Oqtay Mirqasımov katiblikdə bu məsələni qaldırdıqdan dərhal sonra R.İbrahimbəyovun hücumlarına məruz qalıb və etiraz əlaməti olaraq ittifaqı tərk edib.

2007-ci ildə 28 May küçəsində (Dəmiryol İdarəsi yaxınlığında) yerləşən və ittifaqa məxsus olan “Şərq-Qərb” restoranı sökülüb. Fəhlələrin binanın sökülməsindən almalı olduğu pullar R.İbrahimbəyov tərəfindən mənimsənilib.

Hələ çoxsaylı qaranlıq məqamlara aydınlıq gətirməyən İbrahimbəyov, görəsən, hansı üzlə cəmiyyətin qarşısına çıxaraq ləyaqətli insanlara böhtan atır. O, nəyə görə Kinematoqrafçılar İttifaqının Şəkidəki  torpaq ərazisini kimə satdığını,  niyə  satdığını açıqlamayıb? Bəs satılan torpaq sahəsinin pulları haradadır?  “Şərq-Qərb” kinofestivalının iştirakçıları üçün İçərişəhərdə tikilmiş qonaq evini kim özəlləşdirib və orada indi kim yaşayır?  İbrahimbəyovun şəxsi mülkiyyəti olan “İbrus” şərab firmasındakı maliyyə fırıldaqlarını və vergidən yayınma hallarını kim  himayə edib? Kino evi üçün ayrılan torpaq sahəsində ailə üzvləri üçün kotteclər tikdirən “görkəmli yazıçı” kim idi? Bəs Moskva meriyasının Ümumrusiya Azərbaycanlıları Konqresi üçün ayırdığı torpağı tamamilə başqa adamlara satan  azərbaycanlı ədib kim idi? Bu sualların cavabını tapan adam Rüstəm İbrahimbəyovun nə qədər böyük yazıçı olduğunu anlaya biləcək.

Rüstəm İbrahimbəyovun yazıçıya yaraşmayan hərəkətləri bununla bitsəydi, nə vardı ki? Bu adamın satıb taladığı – bəli, bəli, mənimsədiyi və ya “yox etdiyi” dövlət və xalq əmlakının siyahısı böyük bir kitab həcmində olar. Kinematoqrafçılar İttifaqına alternativ olan  normal bir qurumun yarandığını görəndə isə dəridən-qabıqdan çıxırdı ki, bu işi əngəlləsin. Ancaq onu çoxdan və yaxşı tanıyan adamlar həmin ideyanı reallaşdırdılar ki, Azərbaycan kino sahəsi də ölkənin ümumi inkişafı ilə ayaqlaşsın. İbrahimbəyov kino xadimlərinin bu ədalətli addımını elə bir qarayaxalıqla qarşıladı ki, onu heç bir ortabab savadlı adam eləməzdi. Ancaq özünə “ziyalı” deyən İbrahimbəyov elədi.

Özündən ağıllıların məsləhətini qulaqardına vurmağı partizanlıq sayan İbrahimbəyov növbəti partizanlığı iqtidarda olarkən yarıtmaz işlədiyinə görə kənarlaşdırılan adamların qoltuğuna sığınmaqla reallaşdırdı. Siyasi buqələmun Eldar Namazovun kölgəsinə sığınmağa çalışan  İbrahimbəyov bu gün gələcəkdə hansısa mənfi  dəyişikliklərin, xalqımız tərəfindən arzuolunmaz proseslərin gedəcəyinə ümid bəsləyir, bundan faydalanacağına inanır.

Belə görünür ki, İbrahimbəyov həmişə “kölgə axtarışında” olub. Arzu Abdullayeva (Azərbaycanın mənafelərini istənilən anda ermənilər başda olmaqla hamıya satmağa hazırdır), Pənah Hüseyn (o iqtidarda olanda Rüstəm İbrahimbəyova nə vermişdi ki, indi nə verə? ), Əli Kərimli (Rüstəm müəllimin işi gücü bu adamı ələ salan yazılar qələmə almaq deyildimi?),  İsa Qəmbər  (Rüstəm müəllimin burnunun ucunu göynədən ermənilərlə İsa Qəmbər də artıq  hərtərəfli əməkdaşlıq üçün müqavilə imzalayıb), Eldar Namazov ( bu başqa məsələ, Namazovun Rüstəm İbrahimbəyova, həqiqətən, ehtiyacı var) və digər şəxslərin dəstəyini qazanıb.

Bəs bu dəstək necə, Rüstəm müəllimin dadına çatacaqmı?  Əsla yox. Çünki həmin adamların hər biri ayrılıqda məhz  İbrahimbəyov kimi öz mənafeyindən başqa heç nə barədə düşünmürlər. Eldar Namazova yarınmağa çalışması isə Rüstəm İbrahimbəyova heç bir fayda verməyəcək. Çünki buqələmunlar rəng dəyişmək məharətinə sahibdirlər. Siyasi buqələmunlar isə özünün  ən yaxın “tərəfdaşını” belə rəngindən də “tez dəyişərək” məhvə  məhkum edirlər.  

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında