Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələdə olmuşdur

Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində yanvarın 10-da Qəbələ rayonunda bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olmuşdur.

Qazaxıstanın Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində yanvarın 10-da Qəbələ rayonunda bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqlar Qəbələ Beynəlxalq Hava Limanında hörmətlə qarşılanmışlar. Qəbələ ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında mühüm rol oynayır. Qəbələdə irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.

Qonaqlar əvvəlcə rayonun Ovculu kəndində yeni istifadəyə verilmiş iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyəti ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, 2012-ci ilin noyabrında fəaliyyətə başlayan kompleksdə 660 baş inək və düyə bəslənilir. Rayonda heyvandarlığın inkişafı üçün Avstriyadan gətirilən cins inəklərin hamısından yaxın vaxtlarda yeni balaların əldə edilməsi gözlənilir.

Qəbələ konserv zavodunda istehsal prosesi ilə yaxından tanış olan nümayəndə heyətinə məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.

Qonaqlar Qəbələ limonad zavoduna da baş çəkmiş, müəssisənin istehsal prosesi ilə maraqlanmışlar. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul-kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir.

Sonra nümayəndə heyəti Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun uzun müddət saxlanması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonaqların diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.

Qonaqlar, həmçinin beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, Qəbələdə yaradılmış müasir turizm infrastrukturu, rayonun füsunkar təbiəti ilə tanış olmuşlar. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri qazaxıstanlı nümayəndə heyətində zəngin təəssürat yaratmışdır.

Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə mühüm işlər görüldüyünü söyləmişlər. Onlar ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmiş və Qəbələyə səfərlərindən məmnunluqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında