Cənubi Qafqazda lider dövlət mövqeyini daha da möhkəmləndirən respublikamız 2012-ci ildə də beynəlxalq birliyin diqqət mərkəzində oldu. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi elmi əsaslara söykənən uğurlu daxili və xarici siyasət Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirdi, ölkəmiz qlobal təhlükəsizlik siyasətini müəyyənləşdirən dünyanın inkişaf etmiş aparıcı ölkələri sırasında öz layiqli yerini tutdu. Paytaxtımız Bakı şəhərinin ümumbəşəri problemlərin müzakirə olunduğu mühüm məkana çevrilməsi, bu məsələlərin həllində respublikamızın əsas söz sahiblərindən biri kimi çıxış etməsi düşünülmüş xarici siyasətin parlaq qələbəsidir.
Azərbaycanın regional oyunçudan qlobal aktor səviyyəsinə yüksəlməsini dünyanın nüfuzlu siyasətşünasları da təsdiq edir. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru, siyasi elmlər doktoru Andrey Kazantsev ölkəmiz barədə danışarkən qeyd etmişdir ki, 2012-ci ildə Azərbaycanın Cənubi Qafqazdakı rolu kifayət qədər artıb və bu pozitiv tendensiya önümüzdəki illərdə davam edəcəkdir. O vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatı regionda ən böyük iqtisadiyyatdır. Beynəlxalq karbohidrogen bazarında ciddi dəyişikliklərin olmayacağını nəzərə alsaq, ölkəmiz Cənubi Qafqazda mərkəzi iqtisadi məkan kimi qalacaqdır.
Siyasi elmlər doktoru Andrey Kazantsev fikirlərini davam etdirərək deyir: “Azərbaycan rəhbərliyi ölkənin iqtisadi gücünü məharətlə siyasi təsir vasitəsinə çevirir. Ötən il Azərbaycanın iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, may-iyun aylarında Təhlükəsizlik Şurasına sədrlik etməsini, “Eurovision-2012” müsabiqəsini uğurla keçirməsini qeyd etmək istərdim. Bu siyahıya qarşıdan gələn Avropa Olimpiya Oyunlarına ev sahibliyi hüququnun əldə olunmasını da əlavə etmək olar. Perspektivdə qeyd olunan tendensiyalara üçüncünü də əlavə etmək olar: qloballaşma proseslərinin inkişafından asılı olaraq Azərbaycanın Şərq-Qərb dəhlizində əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə daha çox ehtiyac duyula bilər”.
Dünya birliyi də Azərbaycanın geostrateji əhəmiyyətini anlayır, onun regiondakı rolunu yüksək qiymətləndirir, həyata keçirdiyi çoxşaxəli əlaqələrin genişlənməsini nəzərdə tutan tarazlı xarici siyasətini alqışlayır. Təsadüfi deyil ki, sürətli iqtisadi inkişafı ilə hər kəsi təəccübləndirən ölkəmiz 2012-ci ilin fevral ayında Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, həmin ilin martında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan Nüvə Təhlükəsizliyi üzrə Zirvə Toplantısında təmsil olundu. Hər halda qeyd olunan tədbirlərdə dünyanın ancaq nəhəng, qabaqcıl, inkişaf səviyyəsi çox yüksək dövlətlərinin iştirak etdiyini xatırlatmağa ehtiyac yoxdur.
Bu məqamda 2012-ci il mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammitində Azərbaycanın iştirakını və yuxarıda qeyd etdiyimiz mötəbər tədbirlərdə olduğu kimi, burada da düşmən Ermənistanın iştirak edə bilməməsi ölkəmizin beynəlxalq aləmdəki imicinin xeyli yüksəlməsindən xəbər verirdi. Sürətli iqtisadi inkişafa və böyük maliyyə mənbələrinə malik olan respublikamızın NATO-nun Əfqanıstandakı əməliyyatlarına hərbçilər, təlimlər və xüsusən də tranzit baxımından mühüm töhfələr verməsi ilə yanaşı, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna yardım göstərməyə hazır olduğunu bəyan etməsi Şimali Atlantika Alyansında böyük əks-səda doğurmuşdu. Baş katib Anders Foq Rasmussen “Azərbaycan öz hüdudlarından kənarda, Əfqanıstanda da çox mühüm rol oynayır”- deyərək, əslində, NATO ölkələrinin respublikamıza, onun yürütdüyü daxili və xarici siyasətinə duyulan rəğbəti ifadə etmişdir.
Ulu öndər Heydər Əliyevin müdrik siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq münasibətlərin dəyişməsi, sürətlə qloballaşan dünyada yeni məsələlərin, çağırışların ortaya çıxması fonunda mütəmadi qaydada Azərbaycanın xarici siyasətinə müəyyən düzəlişlər edir, onu müasir dövrün tələblərinə uyğunlaşdırır. 2012-ci ildə biz bunun bir daha şahidi olduq. Keçən il də dünyanın bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə, bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır.
2011- 2012-ci illər ərzində Braziliya, Argentina, Cənubi Afrika Respublikası, Serbiya, Liviya, Estoniya və Xorvatiyada, Avstraliya İttifaqında yeni səfirliklərimiz, Batumidə isə baş konsulluğumuz fəaliyyətə başlamışdır. Əlbəttə ki, gələcəkdə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin sayı daha da artacaq. Bu da Azərbaycanın öz maraqlarını böyük uğurla müdafiə etməsinə zəmin yaradacaq. Ölkəmizdə isə artıq Macarıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş və Niderland Krallığının səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluqları fəaliyyətə başlamışdır.
Azərbaycanın dünya birliyində əlaqələrinin daha da möhkəmlənməsi ölkəmiz barədə həqiqətlərin çatdırılmasında, beynəlxalq ictimaiyyətin ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər haqda məlumatlandırılmasında mühüm rol oynayır. Bu baxımdan 2012-ci il Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması baxımından uğurlu il olmuşdur. Keçən il yanvarın 31-də Meksika Senatı Xocalı soyqırımını rəsmən tanımaq barədə qərar qəbul etmişdir. Bu, Xocalı soyqırımının xarici parlament tərəfindən qanunvericilik aktı səviyyəsində tanınmasına dair ilk faktdır. Latın Amerikasının ən böyük və aparıcı dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunan bu qərarın ardınca qitənin digər mühüm bir dövləti– Kolumbiya Senatı 2012-ci il aprelin 23-də Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edərək, Xocalı faciəsini soyqırımı kimi tanıdı. Bundan əvvəl isə fevralın 1-də Pakistan Senatı “Pakistan - Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra “Azərbaycan Respublikasının ərazilərinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı” adlı qətnamə qəbul etmişdi. Qəbul olunan qətnamələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı kəskin şəkildə pislənilmişdir. Həmin sənədlərdə Ermənistan işğalçı dövlət adlandırılmış və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd - şərtsiz azad olunması barədə qəbul etdiyi qətnamələrin dərhal yerinə yetirilməsi tələb olunmuşdur.
Azərbaycanın dövlət başçısının yürütdüyü xarici siyasət nəticəsində, ölkəmiz həm də mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Bir sıra tanınmış siyasi xadimlər də etiraf edirlər ki, son illər bu istiqamətdə Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər nəinki region üçün, bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Keçən il iyunun 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olmuşdur. 23-cü dəfə keçirilən forumda Gürcüstanın, keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri iştirak etmişlər. Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsi idi.
Keçən il oktyabrın 4-də Heydər Əliyev Mərkəzində keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumu dünyada böyük əks-səda doğurdu. Beynəlxalq tədbirdə Litva, Bolqarıstan, Rumıniya, Xorvatiya, Qırğızıstan, Estoniya və Latviyanın keçmiş prezidentlərinin (forumda Bolqarıstanın 3, Latviyanın isə 2 sabiq prezidenti iştirak edirdi), 11 nəfər Nobel mükafatçısının, 4 beynəlxalq təşkilat rəhbərinin və ölkəmizdə akkreditə olunmuş bütün səfirliklərin rəhbər və ya təmsilçisinin iştirak etməsi də ölkəmizin dünyadakı nüfuzundan, onun sivilizasiyalararası dialoqa verdiyi misilsiz töhfələrə böyük inamdan irəli gəlir.
Bundan əvvəl isə, yəni 2012-ci il noyabrın 6-9-u Bakıda digər əhəmiyyətli tədbir–BMT-nin təşkilatçılığı ilə 7-ci Dünya İnternet İdarəçilik Forumu keçirildi. Bu mühüm tədbirin Azərbaycanda təşkil olunması heç də təsadüfi xarakter daşımırdı. Çünki son illər bizim ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış, ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ölkəmizin həyata keçirdiyi dünya əhəmiyyətli missiya barədə danışarkən demişdir: “Azərbaycan Respublikası Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Belə dialoq bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətini göstərməklə fərqlilik amilinə dözümlülüyü təbliğ edir. Azərbaycan, eyni zamanda, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən, xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu, Azərbaycan dövlətinin qədim tarixi xüsusiyyətlərindən irəli gəlir. Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən Azərbaycan hər iki region arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm amilə çevrilmişdir”.
Xarici siyasət və diplomatiya hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin, milli təhlükəsizliyin qorunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. İnamla deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir.
Dövlətimizin başçısının məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.