Ermənistan 2012-ci ildə də uğursuzluq zolağından çıxa bilmədi

Ölkədən köçmələr kütləvi hal aldı, sosial-iqtisadi və siyasi vəziyyət daha da gərginləşdi, ordu çökmə həddinə gəldi

Ölkədən köçmələr kütləvi hal aldı, sosial-iqtisadi və siyasi vəziyyət daha da gərginləşdi, ordu çökmə həddinə gəldi

Hər bir ölkədə ictimaiyyət, idarəçi və intellektual dairələr  geridə qalan 2012-ci ildə hansı uğurlar qazanıldığı və bundan sonrakı hədəflərin nələr ola biləcəyi barədə geniş müzakirələr aparırlar. Faktlar belə deməyə əsas verir ki, bu baxımdan Ermənistanda vəziyyət dəhşətli həddə çatmışdır. İl ərzində ölkə miqyasında heç bir uğur, nəzərəçarpacaq irəliləyiş, nailiyyət əldə edilməmiş, 2012-ci ildə ölkə uçurumun kənarınadək sürüklənmiş, sosial-iqtisadi vəziyyət “müstəqillik” tarixində görünməmiş dərəcədə pisləşmiş, kriminal vəziyyət dözülməz həddə çatmışdır.

Yoxsulluqdan, işsizlikdən təngə gələn əhali kütləvi şəkildə ölkəni tərk etməyə başlamış, qarşıdurmalar, toqquşmalar fonunda siyasi qeyri-müəyyənlik davam etmiş, korrupsiya, qanunsuzluq çoxalmış, maddi-texniki təminatdan məhrum edilən orduda ölüm halları xeyli artmışdır. Qısaca, 2012-ci il Ermənistan üçün çox qarışıq və uğursuz il oldu.

Düşmən ölkədəki vəziyyəti daha yaxşı anlamaq üçün qeyd etmək yerinə düşərdi ki, rəsmi rəqəmlərə görə, 2011-ci ildə Ermənistan əhalisinin 31 faizi yoxsulluq səviyyəsindən də aşağı həddə yaşadığı halda, bu rəqəm keçən il artaraq 34 faizə yüksəlmişdir. Ermənistanda sabit gəliri olmayan 180 minə yaxın insan var ki, onlar rəsmi statistikada işsiz sayılmırlar. Fəqət, bu insanların ailələrində adambaşına düşən gəlir minimal yaşayış təminatı həddindən də aşağı olduğundan, onlar ifrat yoxsul sayıla bilərlər. Həmin rəqəmləri də 34 faizin üzərinə əlavə etsək, onda belə çıxır ki, ölkə əhalisinin demək olar ki, yarısı dilənçi vəziyyətində yaşayır.  Bu isə sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğunu göstərir.

Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda bu faktı təsdiqləməklə yanaşı, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir, belə gedərsə, 2013-cü il ərzində sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər.  Ölkədən köçün kütləvi hal almasının səbəbi də insanların sosial-iqtisadi çətinliklərdən təngə gəlməsidir. 2012-ci ildə bu məsələ ilə bağlı Ermənistan hakimiyyətinin gördüyü  preventiv tədbirlər sadəcə olaraq əks effekt verdi, ölkədən qaçanların sayı azalmaq əvəzinə daha da artdı.  Ermənistanın miqrasiya xidmətinin bildirdiyinə görə, təkcə keçən ilin ilk 7 ayı ərzində bu ölkəni 83 min 760 nəfər tərk edib. “Aykakan Jamanak” qəzeti isə bu rəqəmin ən azı iki dəfə artıq olduğunu bildirir. Rəsmi rəqəmlərin özü 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəni birdəfəlik tərk edənlərin sayının 5 min nəfər və ya 6,5 faiz artdığını göstərir. Təkcə iyul ayında ölkəni birdəfəlik tərk edənlərin sayı 10 min nəfəri ötüb.

Araşdırmalar göstərir ki, 2012-ci ildə bu ölkədəki miqrantların sayı yerli əhalinin sayını ötüb  və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir. 300 minə qədər erməni bu gün düşmən elan etdikləri Türkiyədə türk çörəyi yeyir. Yəqin ki, sərhədlər açıq olsaydı, Azərbaycana da axıb gələrdilər. Ermənilər həm də Avropaya üz tutmağa üstünlük verirlər və onların sayında ciddi artım var. Məsələn, elə keçən ilin iyulunda Belçikanın qaçqın və vətəndaşlığı olmayan şəxslər üzrə Ali Komissarlığına sığınacaq üçün müraciət edənlərin siyahısına ermənilərin başçılıq etdiyi üzə çıxıb. Ümumilikdə, 2012-ci ilin ilk 7 ayı ərzində Belçikadan sığınacaq istəyən ermənilərin sayı 1256 nəfər olub. Ekspertlər qeyd edirlər ki, Ermənistan vətəndaşları müraciət çoxluğuna görə Afrikanın kasıb ölkələri ilə eyni mövqedə qərar tuturlar.

2012-ci ilin hesablamalarına görə, Ermənistanda ərzağın qiyməti Avropa ilə müqayisədə 70 faiz baha olub və bahalaşma hər gün daha da artmaqdadır. Bununla paralel olaraq əhalinin aldığı əmək haqları və müavinətlərin həcmi  Avropadan 5-10 dəfə aşağıdır. Düşünün, ayda 100 dollar əmək haqqı alan erməni Avropa qiymətləri ilə necə yaşaya bilər? Maraqlı burasıdır ki, Ermənistan bu il də iqtisadi vəziyyətini sabitləşdirmək üçün heç bir maliyyə resursu əldə edə bilmədi.  2013-cü ildə Ermənistanın dövlət büdcəsi 3,4  milyard dollar həcmində nəzərdə tutulsa da, hazırda ölkənin dövlət və qeyri-dövlət borcu 7,6 milyard dollar səviyyəsinədək artıb. Ermənistan Maliyyə Nazirliyinin yaydığı ilkin hesabata görə, həmin borcların 37,5 faizi ölkənin Dünya Bankına, 33,2 faizi  Beynəlxalq İnkişaf Assosiasiyasına, 23,2 faizi Beynəlxalq Valyuta Fonduna, 4,6 faizi  Asiya İnkişaf Bankına, 4,2 faizi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının payına düşür.  Digər tərəfdən, Ermənistanın öz ekspertləri, xüsusən, bu ölkənin keçmiş baş naziri Qrant Baqratyan dəfələrlə bəyan edib ki, 2013-cü ildə Ermənistanı çox ciddi maliyyə-iqtisadi böhran gözləyir. Yəni bu il vəziyyət daha da ağırlaşacaq. Ölkənin milli valyutası sürətlə dəyərdən düşəcəkdir.  2013-cü ildə Ermənistan dövləti 500 milyon dollar xarici borc qaytarmalıdır. Ermənistanın büdcə kəsiri ümumi daxili məhsulun 3 faizini çoxdan ötüb. Vəziyyətin nə yerdə olduğunu daha yaxşı anlamaq üçün qeyd etmək yerinə düşər ki,  Maastrixt müqaviləsinə görə hər bir ölkənin büdcə kəsiri onun ümumi daxili məhsulunun 3 faizini keçirsə, bu, artıq çox ciddi iqtisadi böhranın əlaməti kimi qəbul edilir.  2008-ci ildə dünya maliyyə böhranı baş verərkən Ermənistanın xarici borcu ümumi daxili məhsulun 13 faizə qədərinə bərabər idi. 2012-ci ilin sonunadək ölkənin xarici borcu ümumi daxili məhsulun 50 faizinə çatdı ki, bu da iqtisadi və maliyyə böhranının son həddə çatması deməkdir. Bu, sözün əsl mənasında, bir dövlətin çökdüyünü, “iqtisadi xarabalığa” çevrildiyini göstərən ən önəmli faktdır.

Görünən odur ki, Ermənistandakı dözülməz həyat şəraiti mənəvi-psixoloji gərginliyi daha da artırır. Ölkənin statistika idarəsinin məlumatına görə, 2010-cu ildə 2 min 997 boşanma halı qeydə alınıb. 2011-ci ildə isə 3 min 181 boşanma hadisəsi baş verib. 2012-ci ildə bu rəqəm demək olar ki, iki dəfə artıb.  İdarə rəsmisi Ermənistanda boşanma hallarının ildən - ilə artmasına müxtəlif amillərin təsir göstərdiyini bəyan edib. Onun fikrincə, korrupsiyanın tüğyan etdiyi və məmur özbaşınalığının baş alıb getdiyi ölkənin iqtisadiyyatının iflic vəziyyətinə düşməsi, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması ölkədə boşanma hallarının getdikcə artmasına səbəb olan əsas amillərdən biridir. Digər tərəfdən, işsizlik halı da boşanma hallarının artmasında xüsusi rol oynayır.

Ailə başçısı iş tapa bilmədiyindən ərlə arvad arasında yaranan söz-söhbətin sonu çox vaxt boşanma ilə nəticələnir. Başqa bir amil ailəsini dolandırmaq məqsədi ilə başqa ölkələrə, xüsusilə, Rusiyaya üz tutan erməni kişilərinin başqa qadınlarla ailə qurmaları da boşanma  hallarına təsir göstərir. Gənc ailələr arasında bu halların getdikcə artması ölkənin əsl faciəsidir. Əgər hadisələr bu şəkildə davam edərsə, Ermənistanda demoqrafik göstəriciyə ciddi mənfi təsir göstərə bilər.

Ermənistan hakimiyyəti isə ölkə vətəndaşlarının problemlərini həll etmək yerinə  militaristləşmək siyasətini gücləndirir.  2012-ci ildə dövlət büdcəsinin 16 faizini  hərbi xərclərə ayıran ölkə, 2013-cü ilə büdcənin 19 faizini bu sahəyə ayırıb. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirir ki,  Ermənistan mövcud maliyyə resursu ilə də normal davrana bilmir: “Əlinə düşən vəsaiti hərbiyə, cəmiyyətin militarizasiyasına və Azərbaycan ərazisində hərbi baza saxlamağa sərf edir. Ermənistan müstəqil olarkən onun xəzinəsində o dövrün parametrlərinə uyğun 2 illik büdcəsi qədər vəsait toplanmışdı. O vaxtkı parametrlə bu 6 milyard dollar Ermənistanın 2 illik büdcəsinə müvafiq idisə, indiki parametrlə 6 milyard dollar 3 illik büdcəyə uyğundur”. Onun sözlərinə görə, o pulu, erməni diasporundan gələn bütün vəsaitləri və ABŞ-dan göndərilən 2 milyard dollarlıq yardımı Ermənistan 20 il ərzində Dağlıq Qarabağın işğalına və işğalın davam etməsinə xərcləyib ki, bu da ölkəni addım-addım iqtisadi çətinliklər məngənəsinə sürükləyib.

Maraqlı bir məqam da ondan ibarətdir ki, Ermənistan  hərbi xərcləri nə qədər artırsa da, ordunun maddi-texniki təminatında yaxşılaşma nəzərə çarpmır. Əksinə, buna paralel olaraq, təminat daha da zəifləyir, korrupsiya, rüşvətxorluq halları artır. Bu “artım” əsgər ölümlərində də özünü göstərir.  Hər gün orduda hansısa əsgər vəhşicəsinə döyülür, şikəst edilir və ya intihar edir. Rəsmi statistikaya görə, 2012-ci ildə  Ermənistan ordusunda 44 əsgər həlak olub. Bu, ötənilki göstəricidən 5 nəfər çoxdur. Bunu da qeyd etmək yerinə düşər ki, qeyri-hökumət təşkilatlarının hesabatlarında 2012-ci il ərzində Ermənistan ordusunda 127 əsgərin qeyri-müəyyən şəraitdə həlak olduğu vurğulanır. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuns isə İrəvanda keçirdiyi mətbuat konfransında daha maraqlı faktlar ortaya qoyub. O bildirib ki, ötən il 12 əsgər cəbhə bölgəsində həlak olub, 8 əsgər intihar edib, 14 əsgər bədbəxt hadisənin qurbanı olub, 5 nəfər vaxtında təcili tibbi yardım ala bilmədiyi üçün ölüb, 2 nəfər silahla ehtiyatsız davranıb, 3-ü qətlə yetirilib, 2 nəfər nizamnamənin pozulmasının qurbanı olub, birinin ölüm səbəbləri isə hələ məlum deyil. A. Sakuns onu da deyib ki,  sadalanan bütün hallarla bağlı cinayət işləri qaldırılıb və istintaq aparılır. Rəqəmlər dəqiqləşdirilir və konkret rəqəmlər açıqlanacaq.

Sabiq hərbçi Arman Poqosyan da “Kavkazski uzel”ə  maraqlı faktlar açıqlayıb. O bildirib ki, Ermənistan ordusunda kriminal aləmin qanunları hökm sürür. Orduda kriminalın “yazılmamış qanunları” var və bu qanunları pozanları cəza gözləyir: “Əsas münaqişələr isə zabitlərlə əsgərlər arasında olur. Əksər hallarda zabitlərin davranışı və reaksiyası əsgərin törətdiyi əmələ adekvat olmur. Əsgərlər arasında da qanlı haqq-hesablar olur. Belə hadisələr bütün hallarda postlarda ağır xidmət çəkən əsgərlərin qulluq etdiyi hissələrdə baş verir. Nevroz davranış, ifrat əsəbilik və yorğunluq münaqişələrə səbəb olur”.

Orduda vəziyyət o həddə çatıb ki,  gənclər hərbi xidmətə çağrılanda xidmətdən yayınmağa can atır, bu alınmadıqda isə dərin sarsıntı keçirirlər. Ermənistanda bir çağırışçı hərbi hissəyə aparılarkən avtobusda özünü pis hiss edərək ölüb. Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın açıqlamasına görə, çağırışçı hospitala çatdırılsa da, gec olub. Gəncin ürəyinin partladığı ehtimal edilir. Çağırışçı tibbi müayinədən keçsə də, onda heç bir “xəstəlik” müəyyən edilməyib. İndi Ermənistanda bu cür hadisələrin sayı hər keçən gün artmaqdadır.

 

  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında