Bədniyyətli adamların proqnozları iflasa məhkumdur

Bu gün regiondakı bəzi antiazərbaycan qüvvələrin diqtəsi ilə orda-burda səs qaldıran, gündəlik əmək fəaliyyətinin mahiyyətini qəzet və jurnallara müsahibə verməkdə görən bütün bədniyyətli adamların proqnozları iflasa məhkumdur.

Bu gün regiondakı bəzi antiazərbaycan qüvvələrin  diqtəsi ilə orda-burda səs qaldıran,  gündəlik əmək fəaliyyətinin mahiyyətini qəzet və jurnallara müsahibə verməkdə görən bütün  bədniyyətli adamların  proqnozları iflasa məhkumdur. Çünki müxtəlif tribunalardan səsləndirilən  populist çıxışlarla real həyatdakı həqiqətlər tamamilə başqa-başqa məqamlardan xəbər verir.

Hətta son zamanlar adı çoxsaylı  maliyyə fırıldaqlarında və dövlət əmlakını mənimsəməkdə  hallanan  Rüstəm İbrahimbəyov bir qədər də irəli gedərək  “böyük əminliklə” proqnoz verir ki, guya  nə zamansa Azərbaycanda hakimiyyət daxilində hansısa dəyişiklik olacaq. Bu adam öz yazıçı təxəyyülü ilə arzularını reallıq kimi qələmə verərək ictimai şüura sırımaq istəyir. Rüstəm müəllim unudur ki,  indi  Azərbaycanda inkişaf və tərəqqi mərhələsidir, uğurlarımız ilbəil artır. Bu gün bizim ölkədə mövcud iqtidarla siyasi mübarizə aparmaq gücündə olan qrup və ya qruplar olmadığı kimi, Azərbaycan iqtidarına bəd niyyətlə baxan potensial siyasi qüvvə də yoxdur.  

Bir çox qaragüruhçu qüvvələrin və populist “ziyalıların” hansısa qeyri-müəyyən dəyişikliklər barədə verdiyi cəfəng bəyanatlar xalq tərəfindən ikrahla, dövlət rəsmiləri tərəfindən isə məzmunsuz, mənasız söz-söhbət kimi qarşılanır.  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bu məqam daha aydın şəkildə ifadə edilir:  “Hakimiyyət komandasında hər hansı dəyişikliyin olacağını, hər hansı ciddi ictimai-siyasi, yaxud digər addımların atılacağını proqnozlaşdırmaq doğru deyil.”

Dövlət rəsmisi öz arqumentini əsaslandırmaq üçün qeyd edir ki, hakimiyyət komandası sabitdir və Prezident İlham Əliyev  Azərbaycana beynəlxalq aləmdə görünməmiş dərəcədə nüfuz qazandıran uğurlara məhz bu komanda ilə nail olmuşdur.   

Həm ölkə daxilində, həm də ümumiyyətlə, dünyanın hər yerində hamıya məlumdur ki,  bugünkü  Azərbaycanın nəinki öz yaxın qonşuları ilə, hətta bütövlükdə dünyada hansısa ölkə ilə problemi yoxdur. Təbii ki, Ermənistan istisna olmaqla. Rəsmi Bakı Rusiya Federasiyası, İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti, Gürcüstan, Qazaxıstan və Türkmənistan dövlətləri ilə, sözün həqiqi mənasında, səmimi dostluq və tərəfdaşlıq münasibətləri yaradıb. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın xarici siyasətini konstruktiv nümunə kimi qiymətləndirirlər. Ancaq Rüstəm İbrahimbəyov kimi insanlar çox çalışırlar  ki, Azərbaycanın kiminləsə problemləri yaransın. Onlar  məhz bu istəklə  gah Rusiya Federasiyasına, gah Azərbaycana, gah da Türkiyəyə və ya İrana qarşı  fitnə-fəsad törətməyə çalışırlar ki, nəticədə, ölkə üçün problem yaransın.  Bəd niyyətlə, ssenari  hazırlayanlar ötən yazılarımızda da qeyd etdiyimiz kimi,  İrana pislik etmək istəyəndə Azərbaycanın adından, Azərbaycana qarşı çıxmaq istəyəndə Rusiya mövzusundan və ya bu kimi başqa variantlardan bəhrələnməyə çalışırlar. Ancaq ssenarinin uğursuzluqla nəticələndiyini görəndə şər, böhtan və qarayaxmaların əlində əsir-yesir olurlar.   

Bir faktı xüsusi qeyd edək.  Belə ki, Azərbaycan- Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin artan sürətlə inkişaf etməsini dünyada hamının alqışladığını söyləmək sadəlövhlük olardı.  Yəni, bu tendensiyadan narahat olanlar da az deyil. Bir qədər də açıq desək, bu münasibətlərdən böyük narahatlıq keçirən və xoflananlar var.  Məhz həmin qüvvələr Rüstəm İbrahimbəyov kimi imzası tanış olan insanlardan ustalıqla istifadə edirlər.  Yeri gəlmişkən, bu il noyabrın 16-da Bakıdakı “Buta” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycana qarşı şər, böhtan, iftira söyləyən qüvvələrin konkret ünvanını da göstərmişdi: “Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir...İkinci antiazərbaycan mərkəzi, islamofobiya xəstəliyinə düçar olmuş qurumlardır, dairələrdir. Onlar da vardır. Əfsuslar olsun ki, onların sayı getdikcə artır. Onların sayının artması bəzi ölkələrdə keçirilmiş seçkilərdə də özünü əyani şəkildə göstərir”.

Prezident daha incə bir məqama toxunaraq qeyd edir ki, bizim ermənilərə olan düşmənçiliyimiz onların bizə qarşı olan düşmənçiliyindən qaynaqlanır. İkinci ünvan haqqında söz açarkən isə dövlət başçımız Azərbaycanın dünya miqyaslı sosial-iqtisadi və ictimai-siyasi uğurlarının beynəlxalq aləmdə yaratdığı əks-sədanın məhz həmin mərkəzlər tərəfindən qısqanclıqla qarşılandığını, o qısqanclığın sonradan düşmənçiliyə çevrildiyini vurğulayır: “Dərhal bizə qarşı o mərkəzlərdən də hücumlar, təzyiqlər, təxribatlar başlayır və biz bunun təzahürlərini müxtəlif formalarda görürük”. Azərbaycana kimlərin pislik etmək istədiyini, bizə qarşı ünvanlanan şər və böhtanların haradan qaynaqlandığını ifadə etmək üçün bundan yaxşı, bundan aydın xarakterizə verilməsi mümkün deyildi. Yəqin ki,  Moskvada oturub Azərbaycana qarşı şər-böhtan yağdıran insanların, xüsusən, Rüstəm İbrahimbəyovun  əsl məqsədi, məramı barədə hörmətli oxucuda tam təsəvvür yaratmaq üçün bundan aydın arqument səsləndirmək mümkün deyildi.  Bu adamlar sadəcə Azərbaycanın uğurlarından ciddi şəkildə narahat olanların fitvası ilə oturub-dururlar.    Xatırladaq ki, bu qəbildən olan ssenarilərin müəllifləri bəzi mövcud faktorlardan da bacarıqla istifadə edirlər. Antiazərbaycan dairələrin Rüstəm İbrahimbəyov kimi qeyri-sabit və öz mənafeyini güdən adamlardan məharətlə istifadə etməsi danılmaz bir həqiqətdir. Əslində,  özü də bilmədən erməni lobbisinin əsas fiqurlarından birinə çevrilən Rüstəm müəllim peşəkar yazıçı məharətindən istifadə edərək  Azərbaycan haqqında elə danışır ki, həmin məzmunlu böhtan və iftiralar erməni mətbuatı üçün göydəndüşmə olur.  Rüstəm müəllim indi erməni mətbuatındakı antiazərbaycan ruhlu  məqalələrin müəlliflərinə  onların xüsusi müxbirlərindən  qat-qat çox  kömək edir.  Onun başqa bir dostu Söyün Sadıqov  isə gedib haradasa ermənilərlə Azərbaycan adından danışıqlar aparır. 

  Bir çox siyasi ekspertlərin fikrincə bu adamların əndazədənkənar fəallaşmasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, elə bilirlər bütün məsələləri pulla həll etmək mümkündür. Yanılırlar. Hər şeyi pulla almaq mümkün olsaydı,   Rüstəm müəllim və havadarları indiyə qədər neçe-neçə ölkəni bir neçə dəfə alıb satmış olardılar. Yəni, pul hər şeyi həll eləmir. Xüsusən də haram yolla toplanan pul.  İkinci, elə güman edirlər ki, Rusiyada hansısa ermənipərəst məmur onlara “qorxma, qorxma” deyibsə, vəssalam.  Bu adamlar siyasətdən o qədər uzaqdırlar ki, elə bilirlər Rusiya Azərbaycanla da Gürcüstanla danışdığı dildə danışar və ya danışa bilər.

Bu  gün politoloqlar arasında həmin adamların qəflətən siyasətə qoşulan bir gürcü milyarderinin məlum uğurundan ruhlandığını söyləyənlər də var. Əgər belədirsə, onda bizim adı çəkilən “siyasətçilərimizə”  yazığımız  gəlməlidir. Nə qədər qaragüruhçu olsalar da öz soydaşlarımızdır.  Onlar Gürcüstan ictimai-siyasi mühitinin ölkə rəhbərliyinə münasibəti ilə Azərbaycan ictimai- siyasi mühitini müqayisə edirlərsə, deməli, həqiqətən yazıq adamlardır. Hər halda, kimin öz qarmağına keçirdiyi “məşhur” soydaşlarımızı necə danışdırmasından asılı olmayaraq   Azərbaycan tərəqqi və inkişaf yolunu qətiyyətlə davam etdirir və etdirəcək. Hər bir azərbaycanlı, hər bir dostumuz və hər bir bədxahımız yaxşı bilir ki, bu gün Azərbaycanı öz haqq yolundan döndərə biləcək bir qüvvə yoxdur və gələcəkdə də olmayacaq.

  Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun yuxarıda qeyd etdiyimiz müsahibəsində xüsusilə vurğulanır ki,  Azərbaycan dövlətinin və cənab Prezident İlham Əliyevin son on ildəki fəaliyyəti ölkə əhalisinin və bütün dünyadakı soydaşlarımızın hamısının  gözü önündədir.  Ona görə də “ Bu uğurlar bizim üstünlüyümüzü təşkil edir... Azərbaycan seçicisini heç kəs aldada bilməz, Azərbaycan seçicisinin adından heç kim qərar verə bilməz”.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında