(əvvəli qəzetin 8 yanvar 2013-cü il tarixli sayında)
İraq və Livan təcrübələrindən gördüyümüz başqa bir nəticə federallaşma, siyasi və ərazi bütövlüyünün qoruna bilməməsidir. Suriyada da bu baxımdan uyğun ictimai və siyasi bir zəminin olduğunu söyləmək mümkündür. Etnik-məzhəb qrupları tamamilə bir-birlərindən ayrılmış şəkildə yaşamasa da, müəyyən qrupların sıx olduğu vilayətlər var. Məsələn, kürdlər ölkənin şimal və şimal-şərqində sıx şəkildə yaşayırlar. Onlar ərəblər, türkmənlər və ermənilərlə iç-içə yaşasalar da, özlərinin say çoxluğuna sahib olduğu bu bölgələrdə muxtariyyət qazanma səyindədirlər. Suriyanın bir çox kürd siyasi hərəkatları bu tələbləri gündəmə gətirməkdədir. Bu da Şimali İraqa bənzər yeni bir muxtar bölgənin ortaya çıxmasına səbəb ola bilər. Məsələn, druzlar ölkənin cənubunda olan Süveyda vilayətində sıx vəziyyətdə yaşayırlar. Hakimiyyət zəifliyi olarsa, burada da ayrı bir bölgə meydana gətirmək istəyi yaranacaq. Ələvilər öz təhlükəsizliyini təmin etmək üçün sıx yaşadıqları Qərb sahil zonasına çəkilərək etibarlı bölgə yaratmaq arzusuna düşə bilərlər. Bu tipli quruluşun tarixi keçmişi də var. Fransız mandatı dövründə Suriya Ərəb Ələvi Dövləti, Druz Dövləti, Şam Dövləti, Hələb Dövləti, Böyük Livan Dövləti, İskəndərin Bayrağı şəklində altı ayrı hissəyə bölünmüşdü. Yəni nəticə olaraq mərkəzi hakimiyyət zəiflədikcə mərkəzdənqaçma qüvvələri güclənəcək və bu zaman mandat dövrünün Suriyasına bənzər bir federal quruluş ortaya çıxa bilər.
Rejimin süqutundan sonra Suriyada xarici silahlı qrupların və terror təşkilatlarının ortaya çıxması da ehtimal olunur. Suriyada milli ordunun və təhlükəsizlik qüvvələrinin İraqdakına bənzər çöküşü hər bir qrupun özünü qorumaq üçün silahlanma yolunu seçməsinə gətirib çıxara bilər. Ələvilər və digər mövcud silahlı təşkilatlar, o cümlədən sıravi vətəndaşlar mövqelərini qeyri-qanuni yollarla qorumaqda davam edəcəklər. Təhlükəsizliyini təmin etmək cəhdində olan digər etnik və məzhəb qrupları da öz silahlı milis qüvvələrini yaratmaq istəyəcək. Beləliklə, milli ordunun çökdüyü və hər qrupun özünü qorumağa çalışdığı vətəndaş müharibəsi dövründəki Livana bənzər bir mühit yaranacaq. İraqda “Əl-Qaidə” terror təşkilatı və PKK-nın özünə yer tapmadığı kimi, Suriyada da xaos sələfi qruplar və PKK-nın yeni etibarlı bölgələr və mübarizə sahələri meydana gətirməsinə yol aça bilər. Bu fikrin əsasında hazırda Suriyada sələfi qrupların müəyyən gücə sahib olması, suriyalı kürdlər arasında PKK-nın fəal olması, 1980-ci illər və 1990-cı illər ərzində PKK-nın Suriyada fəaliyyət göstərməsi kimi faktlar dayanır.
Bildiyimiz kimi, Suriyada rejim 40 ildən çox müddət ərzində “ya mən, ya xaos” siyasəti ilə öz hakimiyyətini qoruyub saxlamışdır. Xalq qiyamından sonra da rejim həmin tezisə söykənərək həyatını davam etdirməyə və ya öz varlığının qəbul ediləcəyi bir dəyişikliyi təmin etməyə çalışır. Suriya lideri Bəşər Əsəd bu yanaşmanın işarətlərini əsasən bir il əvvəl 2011-ci ilin oktyabr ayında vermişdi. Əsəd İngiltərənin “Sunday Telegraph” qəzetinə verdiyi müsahibəsində “Suriya bölgənin fay xəttidir. Zəminlə oynasa, zəlzələ olar. Suriyadakı bir problem bütün bölgəni yandırar. Plan Suriyanı bölməkdirsə, bütün bölgə bölünər. Onlarla Əfqanıstan olar” demişdi. Suriya rəhbərliyi bu ifadələr ilə “əgər mən getsəm, hər kəs mənimlə birlikdə gedər” mesajını verməklə bölgə ölkələrini və bölgədə ortaya çıxacaq qeyri-sabitlikdən çəkinən xarici qüvvələri onunla fərqli davranmağa səsləmişdi.
Suriyada qarşıdurma uzandıqca Bəşər Əsədin qızışdırmağa çalışdığı meyllər reallaşmağa başlamışdır. Ölkə torpaqlarının əhəmiyyətli bir qismində dövlət təsirinin ortadan qalxması ilə müxtəlif qüvvələr arasında, məhdud səviyyədə də olsa, “Əl-Qaidə” kimi terror təşkilatları fəallaşır. Dünyanın hər yerindən mücahidlər Əsəd rejiminə qarşı döyüşmək üçün Suriyaya gəlmişdir və bu da bölgədə mövcud olan şiə-sünni qütbləşməsini dərinləşdirmişdir. Ölkədə mərkəzi hakimiyyətin zəifləməsi ilə yerli qüvvələr səlahiyyət qazanmağa başlamışdır. Regional təsirlər baxımından ən diqqət çəkən hadisə kürdlərin öz yaşadıqları ərazilərin idarəsini ələ keçirməsi olmuşdur. Bu da ölkənin Əsəddən sonrakı bütövlüyünü qoruya bilməməsi riskini gündəmə gətirmişdir.
Qarşıdurmanın uzanmasının yaratdığı başqa bir risk də Suriyadakı qeyri-sabitliyin bütün bölgəyə yayılması ehtimalıdır. Bu mənada Suriyanın qonşuları qeyri-sabitliyin yayılması potensialından birbaşa təsirlənməyə başlamışdır. İordaniya, Türkiyə, Livan və İraqda suriyalı qaçqınların sayı yarım milyona çatmışdır. Qaçqınların sayının artması Türkiyənin və xüsusilə də daha kövrək bir sistemə malik İordaniyanın sabitliyinə mənfi təsir etməyə başlamışdır. Suriyadakı qeyri-sabitlik Livan, Türkiyə və İsrailin təhlükəsizliyinə də mənfi təsir etməyə başlamışdır. Livan Suriyanın təsir dairəsindədir və Suriyadakı hər cür dəyişiklikdən təsirlənməkdədir.
Suriyadakı məzhəb qütbləşməsi Livandakı sünni-şiə, sünni-Nusayri qütbləşməsini qızışdırmışdır. 2012-ci ilin avqustunda Beyrutda Hizbullah tərəfdarları ilə Gələcək Hərəkatı Partiyası tərəfdarları arasında yaşanan toqquşmalar, Tripolidə uzun müddət davam edən və çox sayda adamın ölümü ilə nəticələnən sünnilər ilə nusayrilər arasındakı münaqişəyə nümunə ola bilər. Suriya rejimi də Livan daxilindəki təsirini və müttəfiqlərini istifadə edərək ölkədəki sabitliyi çox rahat bir şəkildə poza biləcəyinə ehyam edir. 2012-ci il oktyabrın 18-də Beyrutda bomba yüklü bir avtomobilin partlaması nəticəsində səkkiz adam həyatını itirmişdi. Hücumun hədəfində isə kəşfiyyat şefi Vissam əl-Həssən olmuşdu. Sünni mənşəli Suriya əleyhdarı olan əl-Həssənin ölümü ölkəni yenidən məzhəb döyüşünün astanasına gətirmişdi. Suriya terror hücumunu boynuna götürməsə də, bütün barmaqlar Əsəd rejimini işarə vermişdi. Əl-Həssən sünni lider olmaqla yanaşı, Suriyadakı müxaliflərə mənəvi və siyasi dəstək təmin edən önəmli şəxs idi. Uzun illərdir daxili təhlükəsizlik təşkilatının başında olan əl-Həssənin Türkiyənin Milli İstihbarat Təşkilatıyla da yaxşı əlaqəsi olmuşdu. Xarici işlər naziri Davudoğlu hücumun mümkün təsirlərini bu sözlərlə dilə gətirmişdi: “2005-ci ildəki Həriri sui-qəsdi qədər böyük təsir yaradacaq kritik bir hadisədir. Onun ölümü Livanda sünni seqmentdə fövqəladə reaksiya yaradacaq”. Bu səbəbdən Suriyadakı qarşıdurmalar indidən Livanın sabitliyinə mənfi təsir etməyə başlamışdır.
Qaçqınların yaratdığı təhlükəsizlik problemləri, sərhəddəki qarşıdurmaların Türkiyəyə sıçraması və bu vəziyyətin iki ölkə arasında qarşıdurma ehtimalını ortaya çıxarması, Hatayda gərginliklər, PKK hücumlarının artması Suriyadakı qarşıdurmanın uzanmasının Türkiyənin təhlükəsizliyi üçün yaratdığı mənfi nəticələr olaraq sıralana bilər.
Rejimin tamamilə çöküşünün yaradacağı vəziyyət mövzusundakı mülahizələr doğru olsa, onda “yeni Suriya” Türkiyə üçün fürsətlərdən çox risklər yaradır. Fürsət baxımından yeni Suriyanın İrandan çox Türkiyəyə daha yaxın olması ehtimalı mövcuddur. Ancaq hər şeydən əvvəl siyasi və ərazi bütövlüyünü itirmək riski Türkiyənin təhlükəsizlik qayğılarını artıracaq. Bölgədə sabitlik axtarışındakı Türkiyə öz sərhədlərində qeyri-sabit bir siyasi sistem ilə üzləşəcək. Sabitliyi təmin etmək üçün hazırda İraqda və Livanda etdiyi kimi, çox səy göstərmək məcburiyyətində qalacaq və çox ehtimal ki, qeyri-sabitlik Türkiyənin sərhəd bölgələrinə təsirsiz ötüşməyəcək.
Təhlükəsizliyin olmaması iqtisadi risklər də gətirəcək. Hazırda Türkiyə Yaxın Şərqdə ticari baxımdan ən uyğun xətt olan Suriyaya alternativ marşrutları tapmağa çalışır və bu da xərcləri indidən artırır. Təhlükəsizliyin olmadığı bir mühitdə ictimai, siyasi, iqtisadi inteqrasiya prosesi gedə bilməyəcək. Ancaq Əsəd rejiminin varlığını davam etdirməsi də qeyri-sabitlik yaradacaqdır. Bu səbəbdən Türkiyə üçün ən önəmlisi Suriyada dəyişikliyin sülh yolu ilə reallaşmasıdır.
Ancaq Əsəd rəhbərliyi buna razı deyil və hələ də geri çəkilməyə məcbur edilməmişdir. Suriya müxalifəti də hazırda rejimi dəyişdirə biləcək gücə malik deyil. 2 ilə yaxındır ki, regional və qlobal aktorların Suriyada apardıqları güc mübarizəsinin nəticəsi demək olar ki, bərabərdir. Amma son hadisələrdən də göründüyü kimi, artıq Bəşər Əsəd qüvvələri gün keçdikcə mövqelərini itirərək daha da zəifləyir və hətta öz xalqına qarşı kimyəvi və raket hücumlarını təşkil etməkdən belə çəkinmir. Bu da Əsəd rejiminin sonunun çatdığına işarədir. Sonda vurğulamaq yerinə düşər ki, bölgə gücləri və aktorlar “böyük razılıq” əldə edə bilməyiblər, bu bölgədə mübarizə hələ uzun müddət davam edəcək.
İbrahim NİZAMİOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.