Azərbaycan – Bolqarıstan dostluğu ölkəmizin Avropa qurumlarına inteqrasiyasının genişlənməsinə təkan verir

Prezident Georgi Pırvanovun Bakıya növbəti səfəri də qarşılıqlı əməkdaşlığa yeni perspektivlər açır

{nl}

Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Mən keçirilmiş danışıqlardan çox razıyam. Sözün əsl mənasında, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri olmuşdur. İndi isə bizim belə bir imkanımız var ki, həmin o münasibətlərə yeni məna verək, yeni keyfiyyət gətirək.
Georgi PIRVANOV Bolqarıstan Prezidenti

{nl}

Bolqarıstan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycanla Bolqarıstan arasında ənənəvi dostluq münasibətləri olmuşdur. Bu münasibətləri ümummilli liderimiz Heydər Əliyevin 1995-ci ilin iyun ayında Bolqarıstana, Bolqarıstan Prezidenti Georgi Pırvanovun 2004-cü ilin oktyabr ayında Azərbaycana və Prezident İlham Əliyevin 2005-ci ilin sentyabrında Bolqarıstana səfərləri daha da inkişaf etdirmişdir. Bu il iyunun sonunda Bakıya işgüzar səfər edən Prezident Georgi Pırvanov Bakı-Sofiya münasibətlərinin yeni keyfiyyət üzərində dəyişdirilməsi, inkişaf etdirilməsi kimi səmərəli perspektivlərdən bəhs edir.
Azərbaycan-Bolqarıstan dostluq və tərəfdaşlıq münasibətləri respublikamızın Mərkəzi və Şərqi Avropa dövlətləri ilə qurduğu səmimi münasibətlərin tərkib hissəsi kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursumuzun əsas istiqamətlərindən olan Mərkəzi və Şərqi Avropa ölkələri ilə dostluğun genişləndirilməsini zəruri edən bir neçə amil vardır. Onlardan biri də bu ölkələrin vahid nəqliyyat-kommunikasiya şəbəkəsi üzərində yerləşməsidir. SSRİ-nin çökməsindən sonra bu ölkələr qeyd edilən sahədə müəyyən problemlərlə üzləşsələr də sonradan uzaqgörən siyasətçilərin işləyib hazırladığı proqramlar həmin problemləri aradan qaldırdı. Xüsusən, 1993-cü ilin yayında Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən sonra ölkəmiz Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya, Çexiya, Slovakiya və başqa Mərkəzi və Şərqi Avropa ölkələrinin geosiyasi əhəmiyyətini, iqtisadi potensialını və siyasi mövqelərini yüksək qiymətləndirməyə başladı. Bu gün artıq Mərkəzi və Şərqi Avropa ölkələrinin hamısı Azərbaycanın dostu, tərəfdaşı və strateji müttəfiqidir. Bolqarıstan həmin siyahıda xüsusi əhəmiyyət kəsb edən ölkələrdən biridir.
Georgi Pırvanovun Azərbaycanda keçirdiyi görüşlər, apardığı danışıqlar, xüsusən, prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri zamanı müzakirə edilən məsələlər bir daha sübut etdi ki, bu ölkələr bir-biri üçün nə qədər əhəmiyyətli tərəf-müqabil, səmimi müttəfiqdir. Dövlət başçılarının hər ikisi ölkələrimiz arasındakı siyasi, iqtisadi, energetika və digər sahələrdəki əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə etdilər. Prezident İlham Əliyevin geniş tərkibdə keçirilən görüşdə söylədiyi "Biz ölkələrimizin və xalqlarımızın rifahı, habelə Azərbaycan ilə Avropa strukturları arasında münasibətlərin möhkəmlənməsi naminə ikitərəfli əməkdaşlıq potensialından tam şəkildə istifadə etmək üçün sizinlə siyasi, iqtisadi, mədəni məsələlərə dair əməkdaşlığa hazırıq" - ifadəsi rəsmi Bakının Sofiya ilə əməkdaşlığa verdiyi önəmin təzahürü idi. Dövlət başçılarının mətbuat üçün verilən bəyanatları da məhz həmin məntiq üzərində qurulmuşdur. Prezident Georgi Pırvanov öz bəyanatını səmimi bir etirafla başladı: "Mən keçirilmiş danışıqlardan çox razıyam... Hesab edirəm ki, bu münasibətlər Avropa İttifaqının üzvü olan dövlət ilə sizin regionun dövləti arasında nümunəvi münasibətlər kimi xidmət edə bilər". Göründüyü kimi, Azərbaycan dövlətinin rəhbəri hər iki ölkənin potensialından daha səmərəli şəkildə istifadə edərək münasibətlərin inkişafına yeni töhfələr vermək zərurətini yada salır. Onun bolqarıstanlı həmkarı isə Sofiya-Bakı münasibətlərinin nümunəvi münasibətlər olduğunu xatırladır.
Təbii ki, Avropa ölkələri Azərbaycanla əldə edilmiş siyasi münasibətlər fonunda iqtisadi əməkdaşlığın genişləndirilməsində, xüsusən, Xəzərin Azərbaycan sektorundan hasil edilən neft və qazın alıcısı kimi çıxış etməkdə maraqlıdırlar. Cənab Georgi Pırvanovun Bakıya səfəri də bu baxımdan istisna təşkil etmədi. Qonaq mətbuat üçün verdiyi bəyanatda həmin məqamı daha aydın şəkildə qabartdı: "Mən eyni zamanda, energetika sahəsində apardığımız danışıqları müsbət dəyərləndirirəm. Bu baxımdan əlaqələrimiz yaxşı inkişaf edir, müsbət nəticələrimiz vardır. Biz Bolqarıstana bir milyard kubmetr həcmində Azərbaycan qazının alınması imkanının yaranmasından çox məmnunuq. Bu, çox müsbət bir haldır və bu sahədə əməkdaşlıq artıq gələn ildən başlayaraq baş tutacaqdır. Zənnimcə, bu, mənim ölkəmin enerji təhlükəsizliyinə mühüm töhfə olardı". Bu mənada "Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir" - tezisini söyləyənlər tamamilə haqlıdırlar.
Qeyd edilməli xüsusi məqamlardan biri də Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün aparılan danışıqlara özünəməxsus münasibət bildirməsidir. Əksər ölkələrin rəsmiləri adı çəkilən münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həllini vacib saymaqla öz işlərini bitmiş hesab edirlər. Bolqarıstan isə bu prosesə öz töhfəsini də verməyə çalışır. Georgi Pırvanov həmin məqamı bu şəkildə yada saldı: "Mən, eyni zamanda, qeyd etmək istəyirəm ki, biz Avropa təsisatları ilə birgə çalışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Minsk qrupuna lazımi dəstəyi veririk". Yeri gəlmişkən, bu yaxınlarda Avropa parlamenti Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edərkən Bolqarıstan Azərbaycanın mövqeyini müdafiə etmişdir. Prezident İlham Əliyev həmin məsələyə toxunaraq qeyd etdi ki, "Biz bu qətnamənin qəbul edilməsində Bolqarıstan nümayəndələrinin iştirakını da çox yüksək qiymətləndiririk".
Bir sözlə, Azərbaycan-Bolqarıstan münasibətləri tərəflərin hər ikisi üçün səmərəli və maraqlı olan şəkildə, müasir beynəlxalq siyasətin tələbləri səviyyəsində, yeni müstəvidə inkişaf edir. Həm Bakıda, həm də Sofiyada bu əməkdaşlığın perspektivlərinə ümid və inam hər gün artır.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında