Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə möhkəmlənir

2012-ci ildə xarici siyasət sahəsində qazanılan uğurlar da bunu təsdiqləyir

2012-ci ildə xarici siyasət sahəsində qazanılan uğurlar da bunu təsdiqləyir 

Yenicə yola saldığımız 2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır və ölkəmizin dünya birliyindəki mövqeyi getdikcə güclənir.

Ölkəmizin beynəlxalq aləmə sürətli  inteqrasiyası  Azərbaycanın kifayət qədər güclü, qüdrətli, nüfuzlu dövlət olduğunu təsdiqlədi. Dünyanın inkişaf etmiş  dövlətlərinin  də Azərbaycana böyük etimad göstərməsi bu inkişafın təzahürü idi.  2012-ci ildə qarşıya qoyulan  bütün planlar reallaşdırıldı. Bunu həm ölkəmizin sürətli iqtisadi inkişafında, həm də xarici siyasətdə qazanılan uğurlarda, eyni zamanda  beynəlxalq aləmlə əməkdaşlığın güclənməsində görmək mümkündür.

2012-ci ilin ən önəmli siyasi hadisələrindən biri ölkəmizin BMT  kimi mötəbər bir qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusuyla fəaliyyətə başlamasıdır. Məlumat üçün qeyd edək ki, 2011-ci ilin oktyabrında keçirilən səsvermədə BMT üzvü olan 155 ölkənin səsini qazanan Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və 2012-ci il yanvarın 1-dən yeni statusda səlahiyyətlərinin icrasına başlayıb. Qəbul olunmuş reqlamentə əsasən, ölkəmiz ötən ilin  may ayında BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycanın sədrliyi ilə keçirilən iclaslarda Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması, Balkanlarda son durum, Suriya böhranının nizamlanmasına dair ciddi müzakirələr aparılmış, BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclası keçirilmişdir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin müstəqillik tarixində qazandığı ən böyük diplomatik uğurudur. Bu, müstəqil dövlətimizin həmin nüfuzlu qurumla  əməkdaşlığının  yüksək səviyyədə olmasının nəticəsidir. Azərbaycanın tarixinə əbədi həkk olunmuş bu hadisə  ölkəmizi  dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevirdi. Hazırkı çətin və mürəkkəb bir siyasi şəraitdə respublikamıza qarşı öz çirkin niyyətlərini həyata keçirmək istəyən düşmən qüvvələrin  bütün cəhdlərinə baxmayaraq 193 BMT üzvündən 155-i Azərbaycanı dəstəkləmişdir. Bu fakt bir daha ölkəmizin beynəlxalq  aləmdəki reytinqinin artmasını və düşünülmüş  xarici siyasətinin uğurla həyata keçirildiyini  təsdiqlədi.

 BMT  Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya) və 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına və BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi nəzərə alınır. Ölkələrin beynəlxalq münasibətlər sistemində yeri və rolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfəsi həlledici faktorlar kimi götürülür.  Siyasi ekspertlərin fikrincə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmiz qarşısında böyük imkanlar açmışdır.

Nizamnamənin 7-ci bölümünə əsasən, Təhlükəsizlik Şurası sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir, tam və ya qismən iqtisadi  sanksiyaların tətbiq edilməsi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə Təhlükəsizlik  Şurasının  qərarı ilə güc tətbiq edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə görə, regional razılaşmaların yerinə yetirilməsi üçün Təhlükəsizlik  Şurasına məcburetmə imkanları verilir. Azərbaycan ərazisinin 20 faizinin  Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması faktını  nəzərə alaraq, Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış  dörd  qətnamənin yerinə yetirilməsi və Ermənistana qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin belə bir nüfuzlu quruma qeyri - daimi üzv seçilməsini çox yüksək dəyərləndirərək  müstəqil dövlətimizin  bundan sonra da  etibarlı və dost tərəfdaş olacağını bəyan etmişdir. Nyu-Yorkda  dövlətimizin başçısının  sədrliyi ilə keçirilən  BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasındakı nitqindən bir məqamı xatırlatmaq istərdik. Azərbaycan  Prezidenti  həmin  iclasda demişdir: “Biz birmənalı olaraq Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı böyük töhfəmizi verəcəyik. Mən BMT-dəki bütün dostlarımızı və üzv dövlətləri əmin edə bilərəm ki, Azərbaycan bütün ölkələr qarşısında etibarlı və dost tərəfdaş olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı genişləndirmək istəyirik. Bu dəstəyə görə çox minnətdarıq”.

  Siyasi ekspertlər 2012-ci ili Azərbaycanın  xarici siyasətində  inkişaf xəttinin zirvəsi hesab edirlər. Ötən il  dövlətimizin başçısının  xarici səfərlərlə zənginliyi ilə də yadda qalacaq. Azərbaycan Prezidenti məhz həmin il on iki dəfə işgüzar və rəsmi dövlət səfərlərində olmuş və bu səfərlər zamanı imzalanan sənədlər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Prezidentinin ötən ilin yanvarından başlayaraq  noyabra qədər Rusiya Federasiyasına iki dəfə , İsveç, Almaniya Federativ Respublikası, Koreya, Çexiya və ABŞ-a iki dəfə, Türkiyəyə, Londona, Fransaya və Sinqapura səfərləri xüsusilə qeyd edilməlidir. Bu səfərlər zamanı bir daha təsdiqlənmişdir ki, Azərbaycan həm daxili siyasətində, həm də xarici siyasətində təkcə region üçün deyil, o cümlədən beynəlxalq aləm üçün daim güclənən, reytinqini davamlı olaraq  yüksəldən, nüfuzunu durmadan  artıran bir dövlət olub. Azərbaycanın inkişafı beynəlxalq reytinq agentliklərinin  hesabatlarında da öz əksini tapıb. Bir sıra hesabatlarda ölkəmizin adının birinci yerdə olması həyata keçirilən xarici siyasətin parlaq nümunəsidir.  Onu da qeyd edək ki, ötən il  biz Cənubi Amerika dövlətləri, Avstraliya, Cənubi Şərqi Asiya dövlətləri ilə də  yeni əlaqələr qurmuş və  əməkdaşlıq yaratmışıq.   Məhz bunun nəticəsidir ki,  bu gün Cənubi Qafqaz regionunda elə bir layihə, elə bir hadisə yoxdur ki, Azərbaycan orada iştirak etməsin. Ölkəmizin  razılığı, təşəbbüsü olmadan regionda hər hansı  bir layihənin  reallaşdırılması mümkün deyil. 2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Ötən il qarşıya qoyulan bütün vəzifələrin layiqincə yerinə yetirilməsi ölkəmizin dünya dövlətləri ilə əməkdaşlığını daha da gücləndirmişdir.

 Dövlətimizin başçısı tərəfindən  həyata keçirilən  məntiqli xarici siyasət ölkəmizin bir çox mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə də rəvac vermişdir. Dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük vermişlər. Bu da Azərbaycana dünya miqyasında olan inam və etibardan irəli gəlmişdir. Ötən il respublikamızda keçirilən beynəlxalq tədbirlərdə  Avropanın, Amerikanın, Asiyanın, ərəb ölkələrinin görkəmli ictimai-siyasi xadimləri iştirak ediblər. Bəzi tədbirlərdə hətta , onlarla keçmiş dövlət rəhbərləri, Nobel mükafatı laureatları, dünyanın tanınmış siyasətçiləri, dövlət və hökumət rəhbərləri iştirak ediblər. Bu tədbirlər ölkəmizin  xarici və  daxili siyasətini, mədəniyyətimizi, dinlərarası dialoqu əhatə edib. Bunlarla yanaşı həmin əhəmiyyətli tədbirlərdə  bəşəriyyəti maraqlandıran, bütövlükdə cəmiyyəti  narahat edən müasir dövrün problemləri də öz əksini tapıb.  “Eurovision-2012" mahnı müsabiqəsi, Krans Montana Forumu, Beynəlxalq Humanitar Forum, dinlərarası dialoqla bağlı beynəlxalq konfrans və bir çox digər tədbirlər xüsusi qeyd olunmalıdır. Eyni zamanda,  yola saldığımız ildə  Prezident İlham Əliyevin  iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də Azərbaycanda keçirildi. Bütün bunların hamısı Azərbaycanın  beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinin və  beynəlxalq proseslərdə fəal iştirakının təzahürüdür.  Təbii ki, bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi dövlət başçısının yorulmaz fəaliyyətinin məntiqli nəticəsidir.

Bundan başqa, ölkəmizin  ötən  ilin fevralında  Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan nüvə təhlükəsizliyi üzrə zirvə toplantısında təmsil olunması da  Azərbaycanın qüdrətindən, dünyadakı nüfuzunun sürətlə artmasından xəbər verir. Çünki həmin  tədbirlərdə dünyanın yalnız  qüdrətli,  inkişaf səviyyəsi çox yüksək olan dövlətləri iştirak edirdilər.  Ölkəmizin də həmin tədbirdə təmsil olunması və  həmin dövlətlər arasında  yer alması dünya birliyində reytinqinin artmasının nəticəsidir.  2012-ci ildə Ermənistanın təcavüzkar siyasətinin daha geniş miqyasda tanınması və işğalçı dövlətin azərbaycanlılara qarşı törətdiyi soyqırımının tanınması istiqamətində çox səmərəli tədbirlər həyata keçirilmişdir. Bu da nəticəsiz qalmadı. Belə ki, ötən il  Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması baxımından uğurlu il olub. Yanvarın 31-də Meksika Senatı Xocalı soyqırımını rəsmən tanımaq barədə qərar qəbul edib. Bu, Xocalı soyqırımının xarici parlament tərəfindən qanunvericilik aktı səviyyəsində tanınmasına dair ilk faktdır. Latın Amerikasının ən böyük və aparıcı dövlətlərindən birinin parlamenti tərəfindən qəbul olunan bu qərarın ardınca dünyanın daha bir nüfuzlu dövləti Xocalı soyqırımını rəsmən tanıyıb. Fevralın 1-də Pakistan Senatı “Pakistan - Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra “Azərbaycan Respublikasının ərazilərinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı” adlı qətnamə qəbul edib. Qəbul olunan qətnamədə Senatın Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyib. Sənəddə Ermənistan işğalçı dövlət adlandırılıb və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd - şərtsiz azad olunması barədə  qəbul etdiyi qətnamələrin  dərhal yerinə yetirilməsi  tələb olunub.

 2012-ci ilin ən yaddaqalan hadisələrindən biri də ötən il təsis olunan Avropa  Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbuludur. Avropa Olimpiya Komitəsinin 2012-ci il dekabrın 8-də Romada keçirilən Baş Assambleyasında Avropa  Olimpiya Oyunlarının təsis olunması və bu turnirin 2015-ci ilin mayında Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, Avropa  Olimpiya Oyunları 13 idman növü üzrə keçiriləcək.  Bu  idman növlərinin sayının artırılması da  nəzərdə tutulur.

Ümumilikdə, 2012- ci il ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən siyasi hadisələrlə yada qalacaq. Təbii ki, bütün bunlar dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Məhz buna görə də hazırda  Azərbaycan əhalisinin böyük bir hissəsi - 80-90 faizi Prezident İlham Əliyevin tutduğu yolu dəstəkləyir, bu yolun dövlətimizi inkişafa, tərəqiyyə, dünya birliyində mövqelərinin daha güclü olmasına doğru,  xalqımızı daha parlaq gələcəyə apardığını görür. Bütün bunlar  təbii ki, 2020-ci ilə hesablanmış böyük inkişaf mərhələsinin başlanğıcı olacaq.

 


“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında