2010-cu ilin dekabrında Tunisdən başlayaraq Orta Şərqə doğru yayılan ümumxalq etirazı qısa müddət ərzində Tunis, Misir və Liviya və Yəməndə diktatorların uzunmüddətli hakimiyyətinə son qoyulması ilə nəticələndi. Bu dalğa 2011-ci ilin martında Suriyaya da gəlib çatdı. Hadisələrin gedişatı başda Türkiyə də olmaqla bir çox ölkələri və beynəlxalq təşkilatları Suriyada dəyişiklik etmək istiqamətində mövqe sərgiləmək məcburiyyətində qoydu.
Aradan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Suriyada dəyişiklik hələ də baş verməyib. Ölkədə elə bir vəziyyət yaranıb ki, nə rejim müxalifəti süquta yetirə bilir, nə də müxalifət rejimi. Qarşıdurmanın uzanması həm problemin həllini çətinləşdirir, həm də rejimin dağılmasının yaradacağı xərci artırır. Bu da uzun müddət yaşamaq şansı olmayan Bəşər Əsəd üsuli-idarəsinə hakimiyyətdə qalmaq müddətini uzatmağa və siyasi bazarlıq edə bilmək şansını artırmağa imkan verir. Suriyada dəyişikliyi müdafiə edən aktorlar da həll yolunun tapılmaması və rejimin dağılmasının yarada biləcəyi risklərin çoxluğu səbəbindən siyasətdə kiçik dəyişiklik etmək zəruriyyətinin qaçılmaz olduğunu anlayırlar. Çünki ən vacib problemlərdən biri və narahatedici məqam BƏƏS hökumətindən sonra hansı siyasi hakimiyyətin ortaya çıxmasının hələ də naməlum olmasıdır. Bütün bunlar, eləcə də Livan və 2003-cü ildən sonrakı İraq nümunələri bölgə aktorlarını düşünməyə vadar edir. Hamını düşündürən sual da budur – Əsəddən sonrakı Suriya necə olmalıdır?
Suriyada rejim dəyişikliyinin reallaşmasından sonra ortaya çıxan yeni quruluşun indikindən daha pis ola biləcəyi və demokratiyaya gətirib çıxarmayacağı təhlükəsi barədə fikirlər səslənir. Bu yanaşmanın əsas qaynağı Livan və 2003-cü il ABŞ-ın müdaxiləsindən sonra dövlətin bütün strukturları ilə birgə çökdüyü İraq nümunəsidir. Suriya da rejim məhv olduğu təqdirdə, zəif mərkəzi hakimiyyətin idarə etdiyi ölkə halına gələ bilər. Bu nümunələrə NATO müdaxiləsindən sonrakı Liviya da əlavə oluna bilər.
Yaxın Şərqdə güclü mərkəzi hakimiyyətin süqutu nəticəsində yaşanacaq olaylar müxtəlif formalar ala bilər. Bunlar etnik-məzhəb qarşıdurmaları və vətəndaş müharibəsi, siyasi qeyri-sabitlik və zəif hökumətlərin ortaya çıxması, xarici müdaxilə və təsirlərə məruz qalmaq, unitar quruluşdan daha çox federal idarəetmə üsulunun qəbulu və hətta ərazi bütövlüyünün qoruna bilməməsi, xarici silahlı qurumların və ya terror təşkilatlarının dövlət yanında himayə tapa bilməsidir.
İraqda Səddam rejiminin məhvindən sonra yaşanan şiə-sünni, ərəb-kürd qarşıdurması sözü gedən etnik-məzhəb qarşıdurmalarına nümunə ola bilər. Livana nəzər saldıqda isə müstəqilliyini qazandığı gündən etibarən müsəlmanlar və xristianlar, daha sonralar şiələrlə sünnilər arasında yaşanan qarşıdurmaları və bütün bunların nəticəsi kimi 1975-ci ildən başlayaraq 1990-ci ilə qədər davam edən vətəndaş müharibəsini misal göstərmək olar. Həmin gərginlik Livanda bu və ya digər dərəcədə indi də davam etməkdədir.
Siyasi qeyri-sabitlik səbəbindən İraqda 2003-cü ildən sonra seçkilər olduqca mürəkkəb şəraitdə keçib və effektli hakimiyyətin formalaşdırılması prosesi hələ də başa çatmayıb. Livanda da hökumətlər həmişə çətinliklə formalaşır, geniş koalisiyalı bu hökumətlər zəif olduqları üçün uzunömürlü ola bilmir.
Xarici müdaxilə və təsirlərə məruz qalmaq baxımından həm İraq, həm də Livan xarici güvvələrin son dərəcə güclü təsiri ilə üzləşirlər. İşğaldan sonrakı İraq regional və qlobal aktorların oyun meydanına çevrilmişdir. İraqdakı şiələr İran, sünnilər isə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Bu arada Türkiyə də öz növbəsində İraqdakı hakimiyyət boşluğunu doldurmaq üçün ölkə siyasətinin formalaşmasında daha təsirli bir rolu öhdəsinə götürməyə çalışır. Livanda da eyni formada hər hansı bir dini qrup xarici gücün müdafiə çətiri altında daxildəki mövqeyini gücləndirməyə səy göstərir. Şiələr İran, sünnilər isə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Suriyanın Livandakı mövqeyi vətəndaş müharibəsi illərində və ondan sonra ən yüksək həddə çatmışdı. Bu səbəbdən mərkəzi hakimiyətin nüfuzunun zəif olduğu hər iki ölkədə güclü xarici təsirə və müdaxilələrə məruz qalan bir şərait hökm sürür.
Federallaşma və ya bölünmə baxımından işğaldan sonrakı İraqda da vəziyyət mürəkkəb olaraq qalır. Şimali İraq kürdlərinin 1991-ci ildən sonra de-fakto olaraq qazandıqları muxtariyyət 2003-cü il müdaxiləsindən sonra qanuniləşdirilmişdir. Federal bölgə tələbləri şimal ilə məhdudlaşlmamış, həm də cənubda və orta seqmentdə bəzi vilayətlər öz muxtar bölgələrini formalaşdırma istiqamətində tələb irəli sürürlər. İraq rəsmi olaraq federal bir ölkə halına gəlmiş və gələcəkdə parçalanmanın gündəmə gəlməsi təhlükəsi görünür. Livanda da hər bir dini qrup öz fəaliyyətini davam etdirmək niyyətindədir. Liviyada isə Müəmmər Qəddafidən sonra ölkənin Şərq və Qərb olmaqla ikiyə bölünəcəyi ətrafında müzakirələr gedir.
Son olaraq ölkəxarici aktorların varlığı baxımından Livanda milli ordudan daha güclü mövqedə olan Hizbullah təşkilatı görünür. İraqda kürdlərin peşmərgə qüvvələri, şiələrin Bədr briqadaları kimi hökumətə tabe olmayan silahlı milis dəstələri mövcuddur. Ölkəxarici silahlı təşkilatlarla yanaşı, terror təşkilatları da mərkəzi hakimiyyətin zəif olduğu bu ölkələrdə özlərinə güclü dayaq qazanıblar. Məsələn, İraqda “Əl-Qaidə”nin 2003-cü ildən sonrakı fəaliyyəti, Şimali İraqda PKK terror təşkilatının özünə mövqe tutması misal göstərilə bilər. Eyni şəkildə Livanın 1980-90-cı illər arası PKK və digər bir çox terror təşkilatına ev sahibliyi etməsi də bu qəbildəndir.
Bu nümunələr əsas götürülərsə, o zaman Suriyanın gələcəyinə dair müxtəlif fikirlər meydana çıxar: Suriyada ciddi bir sünni-Nusayri qarşıdurmasının yaşanması ehtimal olunur. Hətta mövcud vəziyyətdə ölkədə vətəndaş müharibəsi mühitinin yaşandığını və sistemin çökməsilə bunun daha geniş əraziyə yayılması gözlənilir. İraqda işğaldan sonra xristianların məruz qaldığı hücumları suriyalı xristianların da yaşaması mümkündür. İraqda işğaldan əvvəl böyük sayda xristian əhali vardı, hazırda böyük hissəsi terror hücumları səbəbiylə başqa ölkələrə köçmək məcburiyyətində qalmışdır.
Xarici müdaxilə və təsirə məruz bir ölkəyə çevrilmə ehtimalı əsas məsələdir. Suriyada rejim ani çökərsə, ölkənin həm regional, həm də bölgə xarici qlobal qüvvələr baxımından yeni bir oyun ərazisinə çevrilməsi son dərəcə realdır. Öz ictimai birliyinə sahib ola bilməyən və güclü mərkəzi hakimiyyət tərəfindən təhlükəsizliklərini təmin edə bilməyən qruplar eynilə İraq və Livanda olduğu kimi, xarici dəstək axtarışına başlayacaq. Mərkəzi hakimiyyətdə yaranan boşluq regional və qlobal aktorlar tərəfindən doldurulmağa çalışılacaq. Regional aktorlar rəqabətlərini Suriya üzərindən aparmağa çalışacaq və bu da İraq və Livanda olduğu kimi, həm siyasi, həm də təhlükəsizlik mənasında qeyri-sabit bir mühitin meydana gəlməsinə səbəb ola bilər.
(ardı var)
İbrahim NİZAMİOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.