“İndi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin. Onların həyatı ilə maraqlansın və dövlətimiz də ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunların hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir”.
Bu sözləri söyləyən ulu öndərimizin pak, səmimi, çox dəyərli məsləhətləri hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunub. Xalqımız qan bahasına əldə etdiyi dövlət müstəqilliyini yalnız çox əhəmiyyətli milli birlik, milli həmrəylik ideyasına güvənmək və ona nail olmaqla qoruyub saxlaya bildi. Çətin dövrlərdə Azərbaycandan kənarda narahat yaşayan hər bir azərbaycanlı bu gün inkişaf etmiş, qüdrətli bir dövlətin vətəndaşları olması ilə fəxr edir və yaşadıqları ölkələrdə rahat bir ömür sürür, sərbəst təhsil alır, istədiyi şəkildə öz bizneslərini qurur və diaspor quruculuğunda fəal iştirak edirlər.
Mən daha vacib bir məsələyə toxunmaq istəyirəm. Müstəqillik əldə etmiş dövlətimizin bunu qoruyub saxlaması heç də asan məsələ deyil. Demokratik dəyərlərimizin gündən-günə surətli inkişafını görən xaricdəki və daxildəki bədxahlar gecə-gündüz çalışaraq pis niyyətli, dağıdıcı planlarını həyata keçirməyə cəhd edirlər.
Lakin bu gün xalqımız siyasi sabitlik, əmin-amanlıq şəraitində firavan, rahat bir həyat yaşayır. Çünki dövlətimizin başında böyük dövlət xadimi, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Prezidentimiz cənab İlham Əliyev durur. Ona görə də antimilli qüvvələrin bütün bəd niyyətləri iflasa uğrayır. Müstəqil, suveren demokratik respublikamızın ən yeni dövrünün qurucusu - ulu öndərin əməllərini, tövsiyələrini yaşadan və həyata keçirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi dünya birliyinə daha sürətlə inteqrasiya edir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev xarici səfərlərində hər dəfə soydaşlarımızla görüşür, xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmağı, inkişaf etdirməyi və bütün dünyada təbliğ etməyi hər bir azərbaycanlının üzərinə düşən məsuliyyətli bir yük olduğunu bildirir.
Xaricdə yaşayan azərbaycanlılar dövlətin qayğısını, diqqətini, dəstəyini hiss etdiyindəndir ki, harada yaşamalarından asılı olmayaraq daha sıx birləşir, yeni-yeni qurumlar yaradır, icmalar arasında əlaqələri genişləndirir və müstəqil Azərbaycanla daha sıx əlaqələr qururlar. Bütün bunlar bizim həmrəyliyimizin, birliyimizin təmin olması üçün çox vacibdir.
Demokratik Azərbaycan Dünyası Partiyası sarsılmaz birliyimizi daha da möhkəmləndirmək üçün dünyanın bir sıra dövlətlərində yaşayan Azərbaycan icmaları ilə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Rusiya Federasiyasının Xabarovsk, Novosibirsk, Tümen vilayətlərində, Bolqarıstan və Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycan icmaları, milli - mədəni mərkəzlərlə yaxın əlaqələrimiz var. Soydaşlarımızla görüşlərdə Azərbaycanın tarixi gerçəkliyini, 20 Yanvar qırğınını və Xocalı faciəsini, minlərlə günahsız insanların axıdılan qanını əks etdirən müxtəlif foto-şəkilləri, hüquqları tapdalanmış, tarixi ərazi bütövlüyü pozulmuş, təcavüzə məruz qalmış xalqımızın etiraz səsinin eşidilməsini əks etdirən albom və kitabları, audio-video lentləri yerlərdə fəaliyyət göstərən Azərbaycan evlərinə vermişdir.
Hər bir üzvünə xüsusi qayğı və diqqətlə yanaşan partiyamız xarici dövlətlərdə yaşayan soydaşlarımızın sosial-məişət problemleri ilə maraqlanır və lazım gəldikdə həllinə də diqqət yetirir. Həyat yoldaşları xarici ölkələrdə yaşayan bir sıra üzvlərimizin buradakı məişət problemlərinin həllində həmişə yardımçı olmağa çalışır.
Bu gün partiyamızın xaricdə yaşayan soydaşlarımızla sıx əlaqələr qurması demokratik prinsiplərin inkişafına xüsusi önəm verən möhtərəm Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsindəki yorulmaz fəaliyyətinin nəticəsidir. Respublikamızın bugünkü uğurlarında dövlət başçısının yeritdiyi daxili və xarici siyasətin rolu çox böyükdür. Biz soydaşlarımızla sıx əlaqələr yaratdıqca, dünyada yaşayan digər xalqların da milli mədəniyyətləri ilə tanış olur, beynəlxalq təşkilarlarla əməkdaşlıq edir, onların milli maraqları, siyasi perspektivlərinə yaxından bələd oluruq.
Bu gün ulu öndərimizin layiqli varisi, onun bəşəri ideyalarının davamçısı möhtərəm Prezident İlham Əliyevin dünya azərbaycanlılarına diqqətindən bəhrələnən, güvənən, qüdrət və güc alan diasporumuz fəaliyyətini daha da genişləndirərək həyata keçirdikləri müxtəlif tədbirlərlə istənilən ölkədə öz sözünü artıq deyə bilir. Tarixi faciələrimizə etiraz olaraq, haqq səsini qaldırır, Qarabağ münaqişəsinin əsl gerçəkliyini dünya xalqlarına çatdıra bilir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü, repressiya və deportasiya faciələrimizin ildönümünü erməni separatizminə qarşı mübarizə bayrağı altında keçiririk. Diasporumuz beynəlxalq əlaqələrin, dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti və incəsənəti günlərini keçirməklə müstəqil dövlətimizin dünyaya inteqrasiyasında müstəsna rol oynayır.
Yalnız bugünümüzü deyil, gələcəyimizi də düşünən uzaqgörən siyasətçi Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməklə gənclərimizin beynəlxalq aləmə inteqrasiyası üçün çox əlverişli şərait yaratdı. Dövlət Proqramının qarşıya qoyduğu vəzifəyə əsasən 2015-ci ilədək 5 min azərbaycanlı gənc xarici ölkələrdə dövlət hesabına təhsil alacaq. Bu proqramın dəyərini, əhəmiyyətini geniş mənada düşünəndə, fərəh və qürur hissi keçirməyə bilmirsən. Bu müddət ərzində minlərlə gəncimiz azərbaycançılıq ideologiyasını dünya miqyasında yaşadacaq, qoruyacaq və davam etdirəcək. Bu, azərbaycanlı övladlarımızın nurlu gələcəyinə möhtərəm Prezident İlham Əliyevin böyük töhfəsidir! Soydaşlarımız doğma Vətənə gələrkən qəlbləri qürur hissi ilə döyünür. Azərbaycanın sürətlə inkişaf edən bir ölkə kimi tanınması, müstəqil siyasət yeridən dövlət kimi nüfuzunun artması hər birimizin ürəyincədir. Azərbaycanın hər bir regionunda yüksək quruculuq işlərini görəndə fərəhlənməyə bilmirsən. Xalqımızın, dövlətimizin maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev milli birliyimizi, həmrəyliyimizi də qətiyyətlə müdafiə edir.
İndiki dövrdə beynəlxalq aləmdə milliliyi və milli dəyərləri, xarici və daxili sabitliyi qoruyub saxlamaq ölkə rəhbərindən güclü siyasi zəka, müdriklik tələb edir. Möhtərəm Prezidentimiz İlham Əliyev xalqı öz ətrafında birləşdirən, Azərbaycanın demokratikliyini, hüquqiliyini, ulu öndərimiz tərəfindən qurulmuş vətəndaş cəmiyyətini qorumağı bacaran böyük siyasətçi və qətiyyətli bir liderdir. Nailiyyətlərimizi, uğurlarımızı saymaqla qurtaran deyil. Azərbaycanın getdikcə güclənməsi, dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilməsi artıq reallığa çevrilib. Bu işdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasporlarımızın da üzərinə böyük vəzifə düşür. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrikində deyilir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan hər bir azərbaycanlının doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir.Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mədəni dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm”.
Partiyamızın hər bir üzvü xalqımızın çox güvəndiyi və inam, ümid yeri olan Prezident İlham Əliyevin bu çağırışına səs verir. Soydaşlarımızla bərabər hər birimiz Vətənimizə öz töhfəmizi verməklə Azərbaycanın nurlu sabahına doğru mətin addımlarla irəliləyirik.
Fatma ƏLİYEVA,
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.