Yola saldığımız 2012-ci il doğma Vətənimiz müstəqil Azərbaycan Respublikası üçün ən uğurlu illərdən biri olmuşdur. Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrini, siyasi xəttini böyük uğurla, sədaqətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının 155 ölkəni təmsil edən nümayəndələrin dəstəyini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi dünya miqyasında geniş rəğbət və hörmət rezonansı doğurmuş, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artmış, ona olan ehtiram hissi qüvvətlənmişdir.
Bundan sonra ölkəmiz artıq tarixə çevrilən 2012-ci ildə yaddaş dünyamıza qızıl hərflərlə yazılan mühüm missiyanı ardıcıl olaraq müvəffəqiyyətlə yerinə yetirməyə, imzalar içindəki imzamız daha aydın, daha parlaq şəkildə diqqəti cəlb etməyə başlamışdır.
Digər mühüm hadisə 2012-ci ilin may ayında Qoşulmama Hərəkatının İndoneziyada keçirilən 16-cı konfransında Azərbaycanın bu quruma tamhüquqlu üzv seçilməsidir. Qoşulmama Hərəkatına üzvlük Azərbaycanın xarici siyasətinin genişlənməsi, bu qurumda təmsil olunan, lakin respublikamızla əlaqəsi zəif olan dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün yeni imkanlar açdı. Sevindirici haldır ki, digər nüfuzlu beynəlxalq təşkilatlar kimi, Qoşulmama Hərəkatı da öz qərar və yekun bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Respublikamızın bütün sahələrdə qazandığı nailiyyətlər xarici ölkə nümayəndələrinin də marağına səbəb olub və ölkəmizin bu dinamik yüksəlişi qəlbimizi qürur hissi ilə doldurur. 2012-ci il Azərbaycan Tibb Universitetinin bütün əməkdaşları, professor-müəllim heyəti, tələbə-gəncləri üçün də son dərəcə əhəmiyyətli bir il olmuşdur.
Universitetimizin maddi-texniki bazası gündən-günə daha da möhkəmlənir, inkişaf edir, beynəlxalq standartlara tam uyğunlaşdırılır. Son 10 ildə istifadəyə verilmiş ATU-nun Stomatoloji, Onkoloji, Tədris-Terapevtik klinikalarında yaradılan əlverişli şərait bunun parlaq təzahürlərindəndir. Bu klinikaların fəaliyyətə başlamasından sonra tibb təhsilinin tədrisində yaranan ciddi dönüş cari ildə özünün daha bir yüksəkliyinə qovuşmuşdur. Belə ki, 2012-ci ildə də universitetimizin beynəlxalq əlaqələri genişlənmiş, dünyanın qabaqcıl təhsil ocaqları ilə qarşılıqlı müqavilələr imzalanmış, həm təhsil, həm elmi-tədqiqat, həm də müalicə-profilaktika işlərinin yerinə yetirilməsində böyük nailiyyətlər əldə edilmişdir. Hazırda ATU-da diplomdansonrakı təhsilin rezidentura sistemi ilə aparılması da bu klinikaların tam fəaliyyətə başlamasından sonra mümkün olmuşdur. 2012-ci ilin payızında artıq rezidenturaya ikinci qəbul aparılmışdır. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə səhiyyəmizin daha səriştəli həkimlər ordusu ilə zənginləşəcəyinə möhkəm zəmin yaranır.
Fərəhli haldır ki, yaxın vaxtlarda universitetimizin klinikaları sırasına daha biri qoşulacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 13 mart tarixli sərəncamı ilə təməli qoyulan Tədris - Cərrahiyyə Klinikasının inşası artıq başa çatmaq üzrədir. Cənab Prezidentimizin diqqət və qayğısı sayəsində ərsəyə gətirilən bu möhtəşəm binanın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirik. Buna ümid etməyə əsasımız var. 2012-ci ilin sonlarında ATU-nun Tədris-Cərrahiyyə Klinikasının tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Tibb Universitetinə yenidən əlavə pul vəsaitinin ayrılması kollektivimizin sevincinə səbəb olmuşdur.
ATU-nun əməkdaşlarına, tələbə-gənclərinə göstərdiyi hədsiz diqqət və qayğıya görə cənab Prezidentimizə bu bayram günlərində — köhnə illə yeni ilin qovuşağında dərin minnətdarlığımızı bildirir, səmimi təşəkkürlərimizi yetirir, Vətənimizin xoşbəxt gələcəyi, təhsilimizin, elmimizin, səhiyyəmizin hərtərəfli inkişafı naminə yerinə yetirdiyi mükəmməl işlərində yeni-yeni uğurlar arzulayırıq.
2012-ci il fevralın 26-da cənab Prezidentin başçılığı altında xalqımız Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Şəhidlər Xiyabanı”na doğru möhtəşəm yürüş keçirdi. Belə bir yürüş qardaş Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında da baş tutdu. Hər iki yürüşdə Azərbaycan Tibb Universiteti kollektivi də fəal iştirak etdi. 2012-ci il fevral ayının 24-də isə Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Qazi Universiteti kollektivləri arasında günümüzün bu vacib və təxirəsalınmaz məsələsinə həsr olunmuş ənənəvi telekörpü keçirildi. Telekörpünün baş tutmasında “İctimai” Televiziya və Radio Yayımları Şirkətinin kollektivi ilə TRT Avaz televiziya kanalı əməkdaşlarının böyük rolu oldu. Bu da tələbə-gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərən mühüm amilə-milli birliyimizin nümayişinə çevrildi.
Artıq 20 ildən çoxdur ki, Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü iftixar hissilə bayram edir. Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən milli bayram kimi yüksək səviyyədə qeyd edilir. Bu gün Azərbaycan diasporu üçün mühüm əhəmiyyət kəsb edən bayramdır. Bu əziz günlərdə müxtəlif səbəblərdən dünyanın bütün nöqtələrinə səpələnmiş azərbaycanlılar ulu öndərin xatirəsini yad edir, onun ruhuna dualar oxuyurlar. Bu bayram bizim milli birliyimizin ifadəsidir. Bizim qələbəmizin açarı milli həmrəyliyimizdə, milli birliyimizdədir.
Ölkə Prezidentimiz bu il dekabr ayının 25-də Dünya Azərbaycanlılarına təbrik müraciətində demişdir: “Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Buna görə də bu gün bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir, milli-mənəvi dəyərlərimizin qorunması, Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm”. Azərbaycan xalqının bir hissəsi olaraq, dünyada yaşayan bütün azərbaycanlılar kimi Azərbaycan Tibb Universitetinin çoxsaylı kollektivi də bu səmimi çağırışa qoşulmaqdan qürur duyur.
Ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqını və dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2013-cü ilin mübarək gəlişi münasibətilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və çoxminli tələbə-gəncləri adından, eləcə də öz adımdan səmimi qəlbdən təbrik edir, hamıya uzun ömür, cansağlığı diləyir, xalqımızın, millətimizin birliyi və rifahı, torpaqlarımızın işğaldan azad edilməsi naminə gördükləri işlərdə yeni-yeni nailiyyətlər, qələbə sevincləri arzulayıram.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət mükafatı laureatı,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.