Seyid Əhməd Arslan: “Azərbaycan–Türkiyə böyük birliyini bütün türk cümhuriyyətlərinə arzulayıram”

Bütün dünyada, adətən, xarici ölkələrdə səfirləri daha yaxından tanıyır və onların fəaliyyəti diqqət mərkəzində olur. Təbii ki, Azərbaycanda da belədir, amma ölkəmizdəki Türkiyə səfirliyinin təhsil, mədəniyyət və tanıtım müşavirləri ölkə ictimaiyyətinin yetərincə tanıdığı insanlardandır.

Bütün dünyada, adətən, xarici ölkələrdə səfirləri daha yaxından tanıyır və onların fəaliyyəti diqqət mərkəzində olur. Təbii ki, Azərbaycanda da belədir, amma ölkəmizdəki Türkiyə səfirliyinin təhsil, mədəniyyət və tanıtım müşavirləri ölkə ictimaiyyətinin yetərincə tanıdığı insanlardandır. Heç şübhəsiz ki, bu onların, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslanın uğurlu fəaliyyətinin bəhrəsidir. Amma biləndə ki, onun Azərbaycandakı fəaliyyəti vur-tut bir ildir, istər-istəməz bu insanın işgüzarlığına rəğbət və məhəbbətin artır. Mən ilk tanışlığımızdan da onun Azərbaycan sevdalı bir insan olduğunu hiss etmişdim. Bunu onun bir ildə gördüyü işlər və əməli fəaliyyəti bir daha sübut edir. Məhz buna görədir ki, Seyid Əhməd Arslan bu gün Azərbaycanın ziyalı mühitində kifayət qədər tanınan və yüksək imicə malik bir dövlət məmurudur. Ötən  bir ildə o,  həm özünü, həm də qardaş Türkiyəni geniş içtimaiyyətə ətraflı və yaxşı bir şəkildə tanıda bilib.

- Mən onu bu ilin yayında Şəkidə keçirilən mədəniyyət tədbirlərinin birində tanıdım. Böyük türk dünyasının mədəniyyətinə və tariximizə olan vurğunluğu diqqətimi cəlb etdi və biləndə ki, bu adam Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviridir, düzü tanışlıqdan xeyli məmun oldum. Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev söyləyir və deyir ki, mən ölkəmizdə qonaq olan çox xaricilərlə həmsöhbət olmuşam və bu sırada  Azərbaycanı öz doğma vətənləri qədər sevən onlarca dostlarım var. Seyid Əhməd Arslan onlardan təkcə biri yox, bəlkə də birincilərindəndir. Əslində onunla bir balaca yaxınlaşandan sonra ilk qənaətin bu olur ki, bu insan elə bizlərdən biridir-torpağımıza, məmləkətimizə vurğunluğu və sevgisi ilə, bir də Qarabağ dərdi ilə... Azərbaycanla Türkiyə arasında mədəni-humanitar əlaqələr bu gün yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3 min nəfərə çatır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğu məhz bu cür dövlət  və xalq adamlarının sayəsində mümkün olmuşdur. Mənim nəzərimdə Seyid Əhməd Arslan  Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” möhtəşəm kəlamını və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi “Bir millət-iki dövlət” ifadəsini müasir dövrdə əməli işə çevirən, Azərbaycan-Türkiyə münasibətlərini dərinləşdirməklə ona yeni  məzmun verən, tale və ömür yolunu  bu iki dövlətin böyük gələcəyinə həsr edən dəyərli bir qardaşımızdır.

Bakıdakı Türkiyə səfirliyində onun haqqında maraqla danışdılar. Doğrudan da, Türk dünyasının varlılığı təkcə yeraltı və yerüstü sərvətlərində deyil, həm də bütün ali, mənəvi-milli dəyərlərə malik insanlara sahib olmağındadır.  Cəsarət, istedad, təəssübkeşlik, fədakarlıq, alicənablıq, bütövlük, istiqanlılıq, dostluq, səmimiyyət, torpağa, vətənə, doğulub boya-başa çatdığı yurd yerlərinə sonsuz məhəbbət kimi yüksək dəyərlər bu xalqın hər bir övladının canında-qanındadır, ruhunda və bütün varlığındadır. Seyid Əhməd Arslan  bu sırada olan öncüllərdəndir. Onun tərcümeyi-halı əməli işləridir. O, az-az adamlardandır ki, həm danışığı ilə, həm də istənilən məsələdə prinsipial mövqeyi ilə diqqəti cəlb edər. Böyük türk dünyasının tarixini dərindən bilməyindəndir ki, həmişə faktların dili ilə danışar, danışdığı bütün söhbətlərində qarşısındakını düşündürər. O, bir ildir ki, səfirlikdə çox məsul bir vəzifədə çalışır. Onun bu bir ildəki, daha doğrusu, bu az bir vaxtdakı, işgüzar fəaliyyəti gözlərimiz önündədir. Zahirən bütün yetkin diplomatlar kimi çox sakit görünən Seyid Əhməd daxilən olduqca qaynar, zəngin və çox səmimi bir insandır. O, bildiyini dəqiq bilən, mükəmməl bir həyat yolu keçmiş diplomatdır.

 Seyid Əhməd Arslan 1967-ci ildə TürkiyəninYozqat vilayətində  dünyaya göz açıb. İlk və orta təhsilini doğulduğu Sorqun şəhərində alıb. 1986-cı ildə Ankara Universitetini, 1990-cı ildə İstanbul Universitetini bitirib. Ankarada Mədəniyyət Nazirliyində məmur kimi əmək fəaliyyətinə başlayıb. 1996-2011-ci illərdə Türkiyədə, daha sonra bir sıra xarici ölkələrdə - Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı və Qazaxıstanda  çalışıb. 2012-ci ilin yanvarından Azərbaycanda Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri vəzifəsində çalışır. Dörd oğul atasıdır. 24 illik məmur həyatının ən əziz günlərinin  Azərbaycanla bağlı olduğunu söyləyərək bildirir:

- Türkiyənin bütün dünyada tanıdılması məqsədlə fəaliyyət göstərən Baş Tanıtma Müdirliyində uzun müddət dairə rəhbəri olmuşam. Bir çox ölkələrdə çalışsam da, Azərbaycan mənim üçün çox doğma və əziz bir məmləkət olub, bu diyarı özümə doğma vətən bilmişəm. Maraqlıdır ki, mənim  ilk xarici səfərim də Azərbaycana olub. 1990-cı il Azərbaycanın ən sıxıntılı illəri, həm də Sovet rejiminin son illəri idi. Qarabağdan hər gün onlarca şəhid xəbərinin gəldiyi bu günlər təkcə azərbaycanlıların yox, həm də biz türklərin ən faciəli günləri kimi xarakterik idi. Belə bir zamanda Ankaradan 75 nəfərlik heyətlə Azərbaycana gəldik. Gəncədə, Bakıda qucaqlaşib görüşdüyümüz qardaşlarımızın ağrı-acıları, bir-birinə qarışan göz yaşlarımız indi də yadımdan çıxmayıb. Bu, uzun illər boyu bir-birinin yolunu gözləyən həsrətli qardaşların görüşü idi!  Onda İstanbul Universitetini yenicə bitirib,  Mədəniyyət Nazirliyində təzəcə işə başlamışdım və belə ağır günlərdə tale mənə Azərbaycana gəlmək şansı vermişdi.

-Azərbaycanın o ağır illərindən 20 il sonra buraya işləməyə gəldiniz. İndi gördükləriniz də yəqin ki, sizi yenə riqqətə gətirir, amma sevincdən...

- Azərbaycanın bugünkü uğurları bütün azərbaycansevərlər kimi məni də çox fərəhləndirir,  xoşbəxt edir. Güclü, tərəqqi etmiş Azərbaycanın o günləri ilə indisini müqayisə etdikcə çox böyük bir qürur duyuram. Mərhum ümummilli lider Heydər Əliyevin “biz bir millət-iki dövlətik” kəlamı iki ölkənin münasibətləri haqqında söylənilən ən böyük bir deyimdir. Azərbaycan və Türkiyə haqqında nə qədər yazılıb söylənilsə bu deyimdən yuxarısı yoxdur. Əslində böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi də ulu öndərin bu məşhur ifadəsi ilə tam üst-üstə düşür. Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi uzaqgörən dahi olmağın böyüklüyü də məhz budur!

- Türkiyə ilə Azərbaycanın mədəni münasibətlərindən də danışmağınızı istərdik.

- Xalqlarımız arasındakı əlaqələrin tarixi kifayət qədər qədimdir. Ona görə ki, xalqlarımız arasında çox güclü bağlar tarixən mövcud olmuşdur. Buna soykökü bağlılığı, qan bağlılığı, yaxud din bağlılığı kimi onlarca adlar qoymaq olar, fərqi yoxdur adını nə qoyursunuz qoyun. Bir həqiqət var ki, “iki dövlət-bir millət” arasındakı bugünkü əlaqələr hər hansı bir təmənna əsasında qurulmayıb. Türkiyə ilə Azərbaycanın yüksək səviyyəli münasibətləri həm mədəni, həm də turizm sahəsində çox mükəmməl və sivil qanunlara söykənir. Təbii ki, bu qanunlar da iki ölkə arasında mədəniyyət və turizm sahələrindəki işbirliyinə möhkəm təməl yaratmışdır. İki ölkə arasında turizm əlaqələri 1992-ci ildə imzalanan “Turizm işbirliyi anlaşması” ilə rəsmiləşib. Bu gün də iki ölkə arasında bütün sahələrdə, daha çox  turizmdə böyük uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri Azərbaycanda  turizm sektorunda çox böyük layihələrlə çıxış edirlər. Hətta ölkələrimiz arasında imzalanan sənədlər, qarşılıqlı anlaşmalar da çox vaxt bizim münasibətlərimizə darlıq edir. Şükürlər olsun ki, bu gün bu baxımdan işlərimiz uğurla davam etməkdədir. Bizim hər işimizin təməlində böyük bir səmimiyyət var. İndiyə qədər iki qardaş ölkə arasında turizm, mədəniyyət və digər sahələrdə hər hansı bir problemlə üzləşməmişik, ümidvaram ki, bundan sonra da üzləşməyəcəyik. Belə düşünürəm ki, bu barədə uzun danışmağa ehtiyac da qalmır, çünki hər şey başadüşüləndir. Amma yeri gəlmişkən söyləyim ki, möhtərəm Prezident İlham Əliyevin Türkiyə və Azərbaycan birliyinin vacibliyini ortaya qoyan çox bəyəndiyim bir ifadəsi var: ...Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünyada misilsiz münasibətlərdir". Bu fikir Türkiyə Prezidenti hörmətli Abdulla Gülün “İki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq və qardaşlıq hisləri ilə dolu olması vacibdir. Biz də bu anlayış çərçivəsində daima və tez-tez görüşürük, ətraflı məstləhətləşirik və əməkdaşlıq edirik” ifadəsi ilə çox səsləşir və  üst-üstə düşür, bir-birini təsdiq edir. Bu əslində təkcə prezidentlərin yox, həm də xalqların mövqeyinin üst-üstə düşməsidir.

-Azərbaycanda olduğunuz və fəaliyyət göstərdiyiniz bir il o qədər də böyük bir dövr olmasa da, hər halda böyük və uğurlu işlərə imza atmısınız. Bu barədə konkret deyəcəkləriniz varmı?

-  Bakıda çalışdığım bir il ərzində xeyli işlər görməyə müvəffəq olmuşuq, mədəniyyət, sənət və turizmlə bağlı 60-dan artıq  tədbirlər həyata keçirmişik. Azərbaycanın televiziyalarında,  internet portallarında, nəqliyyatın sıx olduğu prospektlərdə bilbortlar yerləşdirmiş, bir sıra marşrut avtobusların üzərində, “Park Bulvar” Ticarət Mərkəzində Türkiyəni tanıdan və təbliğ edən  reklam fəaliyyəti ilə məşğul olmuşuq. Azərbaycanda keçirilən bütün turizm sərgilərinin fəal iştirakçısı olmuşuq. Ölkə mediası ilə yaxşı əlaqələr qurmuşuq. Azərbaycanın tanınmış mətbuat mənsublarının Türkiyəyə səfərlərini təşkil etməklə, Türkiyənin turizm imkanlarını Azərbaycanda daha yaxşı tanıtmağa çalışmışıq. Bununla bağlı xəbərlərin, televiziya proqramlarının, qəzetlərdə və saytlarda çoxsaylı informasiya materiallarının yayımını təşkil etmişik. Azərbaycanda keçirilən “İpək yolu Beynəlxalq Musiqi Festivalı” kimi mədəni tədbirlərə dəstək verməklə yanaşı, Türkiyədə tanınmış sənət qruplarının da  bu festivalda iştirakı üçün çalışmışıq. Azərbaycan və Türkiyə arasındakı çox uzaq tarixlərdən gələn qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi məqsədilə KİV nümayəndələri arasında yazı müsabiqəsi keçirərək qalib gələn 10 nəfərin Türkiyənin ən görməli və tarixi bir məkanına-İzmirə, Egey bölgəsinə bir həftəlik səfərlərini təşkil etmışik. Sizin də “Xalq qəzeti”nin nümayəndəsi kimi  iştirak etdiyiniz bu tədbir söylənənlərə görə jurnalistlərimiz üçün yuxu kimi bir tətil yaşamaq imkanı yaratdı. Səfərin  yekunundan sonra mətbu orqanlarda dərc olunan təəsüratlar maraqlı və cəlbedici olduğundan biz onları bir kitab şəklində nəşr etməkdə də qərarlıyıq. İki ölkə arasında həmçinin tibb sahəsində də əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə sağlamlıq turizmi ilə bağlı simpoziumlar, forumlar təşkil etmişik. Lənkəran bölgə kitabxanasına gəncləri maarifləndirmək məqsədlə türk dilində 200-dən artıq kitab bağışlamışıq. Əlbəttə, bunlar söhbət əsnasında xatırladığım faktlardır. Amma təbii ki, fəaliyyət göstərdiyimiz bir il ərzində xatırlamadığım məqamlar da onlarcadır. Bir yaxşı misal var: niyyətin hara, mənzilin ora! Hər halda niyyətimiz xoş məramlara xidmətdir. Bunu bizdən təkcə keçmişimiz yox, həm də bu günümuz tələb edir.

-Bildiyimizə görə, “Kulturoloqların II Beynəlxalq Bakı Forumu”nda Şərəf Diplomu ilə təltif olunmusunuz...

-Bəli, bu bizim beynəlxalq mədəni əlaqələrin inkişafı yolunda göstərdiyimiz xidmətlərə verilən qiymət idi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin şəxsən imzaladığı diplomla təltif olunmağım mənim üçün əsl hadisə oldu. Mədəniyyət və tanıtım müşavirlikləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin xaricdəki diplomatik nümayəndəlikləri hesab olunur. Buna görə də Azərbaycanda ən çox Mədəniyyət və Turizm Nazirliyi ilə daha genişmiqyaslı layihələr həyata keçirməyə çalışırıq. Eləcə də Azərbaycanda fəaliyyət göstərən mədəniyyət və sənət dairələri, mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları, turizm işləri həyata keçirən qurum və birliklərlə, tur operatorlarla, səyahət agentlikləri ilə yaxın əlaqələrimiz mövcuddur. Türkiyə dünya turizminin ən çox inkişaf etdiyi bir məkandır. Demək olar ki, burada turizmin bütün sahələrində güclü bir inkişaf var. Ölkəmiz bu sahədəki zəngin təcrübələrini bütün qardaşları ilə paylaşmaqdan iftixar hissi keçirir. Mən yüksək turizm potensialına malik Azərbaycanda bu sahədə böyük işlərin görüldüyünü alqışlayır, eyni zamandaЁ Azərbaycanın  gələcəkdə bu sahədə  də  əhəmiyyətli uğurlara imza atacağına inanıram.

-Yeni 2013-cü il ərəfəsində görüşdüyümüzdən sizə və yaxınlarınıza uğurlar arzulayır, fürsətdən istifadə edərək arzu və istəklərinizi də bilmək istərdik.

 -Sağ olun. Mən ilk növbədə Azərbaycanla Türkiyə arasında olan bu böyük birliyin bütün türk cümhuriyyətləri ilə olmasını arzulayıram. 2012-ci ilin noyabrında “Atatürk” Mədəniyyət Mərkəzində təşkil edilən “Qarabağ-türk dünyasının ortaq problemi” konfransında Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan, Bolqarıstan, Qaqauz və İraqdan-Kərkük, Ərbil türklərinin çıxışları məni çox sevindirdi. Bu, böyük türkçülük ideyası ətrafında birləşməyimizin çox gözəl təzahürü idi. Bu şəkildə əl-ələ verərək ortaq problemlərimizi beynəlxaq arenada müdafiə edə bilsək, daha güclü olarıq. Haqq səsimiz daha güclü çıxar və diqqət çəkərik. Buna bənzər fəaliyyətimizi Amerikada, Avropada da davam etdirməliyik. Ortaq hərəkət etmək, əl-ələ, çiyin-çiyinə çalışmaq yeganə yolumuzdur. Yeni ildə həm Azərbaycan, həm Türkiyə üçün Allahdan sülh və rifah istəyirəm, insanlarımızın kədərdən uzaq, bərəkət və zənginlik içində yaşamasını arzulayıram. Bütün dünyada sülhün bərqərar olmasını diləyirəm.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında