Ölkəmiz müstəqillik yoluna qədəm qoyduğu vaxtlardan demokratik prinsiplərin inkişafına xüsusi önəm verib. Etiraf edək ki, dövlət müstəqilliyimizin bərpa edildiyi ilk illərdə ölkədə hərc - mərclik, özbaşınalıq, anarxiya baş alıb gedirdi. Lakin sonralar ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra Azərbaycanda ictimai - siyasi sabitliyin qorunub saxlanılması istiqamətində qətiyyətli addımlar atıldı. Ayrı - ayrı şəxslərə xidmət edən qeyri - qanuni silahlı birləşmələr ləğv edildi. Qanunun aliliyinin təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirildi. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər hazırlandı. Bunlardan biri də xarici sərmayələrin ölkəmizə axınını təşkil etmək idi. Bu, həm ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasına təkan verəcəkdi, həm də iqtisadiyyatımızın qüdrətlənməsinə öz müsbət təsirini göstərəcəkdi.
Ulu öndər Heydər Əliyev dünyanın ən iri şirkətlərini və inkişaf etmiş dövlətlərinin respublikamıza sərmayə qoymaq məqsədilə ilk növbədə ölkədə davamlı ictimai - siyasi sabitliyin yaradılmasına nail oldu. Çünki hər hansı bir ölkəyə sərmayə qoymaq istəyən xarici şirkətləri ilk növbədə həmin ölkədə xalqın dövlət başçısına olan inamı, sonra isə ictimai - siyasi sabitlik maraqlandırırdı. Azərbaycanda isə xalq ümummilli lider Heydər Əliyevə inanır və ona güvənirdi. Ulu öndərin həyata keçirdiyi hər bir tədbir ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə hesablanmışdı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə çox böyük əhəmiyyət kəsb edirdi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün çox böyük əhəmiyyət kəsb edirdi. Ulu öndər Heydər Əliyev bu müqavilənin məhz Bakıda imzalanmasını yüksək dəyərləndirərək demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da, yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlandı və ölkəmiz dünya birliyində sabit, Prezidentlə xalqın sıx vəhdəti olan ölkə imicini qazandı. Qeyd etdiyim kimi, dünyanın tanınmış şirkətlərini ilk növbədə sərmayə qoyduqları dövlətlərin başçısının xalq arasındakı nüfuzu və həmin ölkədəki ictimai - siyasi sabitliyin davamlı olması maraqlandırırdı. Bu baxımdan ölkəmiz artıq beynəlxalq aləmin diqqət mərkəzində idi. Həmin vaxtdan başlayaraq müstəqil dövlətimizin beynəlxalq aləmdəki nüfuzu getdikcə artdı və ölkəmizlə ikitərəfli əməkdaşlığa maraq göstərən dövlətlərin sayı getdikcə artdı.
Azərbaycan məhz ulu öndərin hakimiyyətdə olduğu dövrdə bütün beynəlxalq və regional təşkilatlarda təmsil olundu, sivil birgəyaşayış qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatıldı, beynəlxalq və regional münasibətlərin həllində fəal iştirak etməsi zəminində dünyanın siyasi xəritəsində layiqli yer tutmasına nail oldu.
Ölkəmiz mötəbər qurumlara üzv olarkən qarşıya qoyulan əsas vəzifə ilk növbədə milli maraqlarımızın qorunması olmuşdur. Bu minvalla siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq getdikcə inkişaf etdirilmiş və müstəqil dövlətimiz nüfuzlu beynəlxalq təşkilatların fəal üzvünə çevrilmişdir. Bu təşkilatlarla əməkdaşlıq, ən azından, ölkənin tanıdılması baxımından çox faydalı olmuşdur. Postsovet respublikaları ilə müqayisədə bu gün Azərbaycanın beynəlxalq qurumlarla sıx əməkdaşlığı çox yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artması mötəbər qurumların Azərbaycana olan münasibətində də özünü büruzə vermişdir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti dünyanın ən nüfuzlu təşkilatları tərəfindən kəskin pislənilmiş, respublikamızın sülh tərəfdarı olması həmin qurumların rəsmi sənədlərində də öz əksini tapmışdır. Fakt üçün deyək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının artması ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyinin bildirilməsi və bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd - şərtsiz çıxarılması tələbinin öz əksini tapması ölkəmizin beynəlxalq aləmdə reytinqinin artması xarici siyasət sahəsində atdığı ilk uğurlu addım kimi dəyərləndirilməlidir. Təəssüf ki, Azərbaycanın inkişafından və beynəlxalq aləmə inteqrasiyasından xoflanan, qısqanclıq hissi keçirən antimilli qüvvələr, həmçinin ikili standartlar nümayiş etdirən beynəlxalq təşkilatlar öz xəbis niyyətlərini gizlədə bilmirlər. Belələri gah öz illik “hesabatları”, gah da müxtəlif sahələr üzrə “sorğularının nəticələri” ilə guya Azərbaycanda ictimai - siyasi sabitliyin gərgin olması barədə rəy formalaşdırmağa çalışır, bununla da, ölkəmizin beynəlxalq aləmdə sürətlə artan reytinqinə xələl gətirmək istəyirlər. Görünür, belə üzdəniraq beynəlxalq təşkilatlar və “siyasətçilər” Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi və mövqelərinin getdikcə möhkəmlənməsini görmürlər və ya görməməzliyə vururlar. Dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyəndə ölkəmizin iqtisadiyyatında inkişaf müşahidə olundu, əhalinin əmək haqları, sosial müavinətlər və pensiyalar artırıldı. Bu nailiyyət dünya birliyinin diqqətindən yayınmadı. Bundan sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artdı. Artıq respublikamız beynəlxalq aləmdə nüfuz sahibi olan müstəqil dövlət kimi tanındı. Ötən ilin sonlarında BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçkilərində dünya birliyi tərəfindən ölkəmizə verilən dəstək də bunu təsdiqlədi.
Müstəqil Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas faktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır. Ümumiyyətlə, Azərbaycanın bütün sahələr üzrə inkişafı dünya miqyasında yüksək qiymətləndirilib. Artıq ikili standartlar nümayiş etdirən təşkilat kimi tanınan bəzi beynəlxalq qurumların heç bir əsası olmayan “faktlara” əsaslanaraq saxta hesabatlar hazırlamaqla ölkəmizə qara yaxmaları ənənə halına çevrilib. Belə qurumların hazırladıqları hesabatlar ilk növbədə elə onların özlərinə ciddi zərbə vurur. Çünki bu gün dünyada işğalçı dövlət kimi tanınan Ermənistanın adının üstündən sükutla keçib sülh tərəfdarı olan Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkə kimi təqdim edən təşkilat, görəsən, hansı meyarlara istinad edib? Təəssüf ki, belə bir qərəzli informasiyanı ABŞ Dövlət Departamentinə istinad etməklə “Reuters” agentliyi yaymışdır. Azərbaycanı özünə dost ölkə hesab edən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupuna həmsədrlik edən dünyanın aparıcı dövlətlərindən biri olan ABŞ-ın Dövlət Departamenti tərəfindən belə bir qərəzli məlumatın yayılması təəssüf doğurur. Yəni, doğurdanmı bu gün ABŞ Dövlət Departamenti Ermənistanın Azərbaycana qarşı törətdiyi vandal aktlarını, işğalçılıq siyasətini və digər ədalətsizliyini görmür? Əgər 20 ilə yaxın vaxtda bu haqsızlığı görmürsə, bəs nə vaxt görəcək? Axı ABŞ dünyada demokratik bir ölkə kimi tanınır.
Azərbaycan son illərdə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini keçirdiyi məkana çevrilib və dünyada sülhə, əməkdaşlığa, habelə dialoqa xidmət edən ölkədir.
Əgər ölkəmizdə hər hansı bir təhlükənin baş verməsi gözlənilsəydi, belə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə şərait yaradılardımı? Ona görə də mən belə hesabatları qərəzli adlandırıram və ölkəmizdə ictimai - siyasi sabitliyi pozmağa yönəldilmiş addım kimi dəyərləndirirəm. Azərbaycan müstəqil siyasət yeridən dövlətdir və hər hansı yalan və böhtan xarakterli hesabatlar bizim siyasətimizə təsir edə bilməyəcək.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.