Azərbaycan dünyanın ən sabit və ən təhlükəsiz ölkələrindən biridir

Xaricdəki erməni lobbisi ilə sıx əməkdaşlıq edən anti-Azərbaycan dairələrinin cəhdləri həmişəki kimi iflasa məhkumdur

Xaricdəki erməni lobbisi ilə sıx əməkdaşlıq edən anti-Azərbaycan dairələrinin  cəhdləri həmişəki kimi iflasa məhkumdur

Qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesinin çox ağrılı keçdiyi, maliyyə böhranı ilə üzləşən aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin qarşısını ala bildiyi bir dövrdə 21 illik müstəqillik tarixinə malik olan Azərbaycanın qeyri-adi iqtisadi, siyasi uğurlar qazanması, əsaslı nailiyyətlərə imza atması Qərb ölkələrində erməni lobbisi ilə sıx əməkdaşlıq edən bəzi anti-Azərbaycan dairələri tərəfindən böyük qısqanclıqla qarşılanır.

Ölkəmizin mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsi, həmin tədbirlər zamanı heç bir fors-major hallarının baş verməməsi və ya baş verə biləcək istənilən təxribat halların qarşısının vaxtında alınması islamafobiya xəstəliyinə düçar olan dairələrin qısqanclığını daha da artırır və bu, müxtəlif formalarda özünü büruzə verir. Guya, Azərbaycanın Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr siyahısında olduğuna dair  “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadla yaydığı əsassız məlumatı da bu qəbildən hesab etmək olar.

Məsələ barədə fikirlərimizi bildirəcəyik, ancaq bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycana və əslində, reallığa, həqiqətə qarşı olan həmin qüvvələr daim ölkəmizin imicinə zərbə vuran  müxtəlif uydurmalar, təxribatçı materiallar yayaraq, o cümlədən insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək respublikamızı dünyada qeyri-demokratik, qeyri-sabit və təhlükəli dövlət kimi təqdim etməyə cəhd göstərirlər. Bunu əsaslı faktlar da təsdiq edir. Xatırlayırsınızsa,  Azərbaycanda dünya miqyaslı mədəniyyət tədbiri olan “Eurovision-2012” musiqi müsabiqəsi keçirilməmişdən əvvəl Qərb ölkələrinin bəzi mətbuat orqanlarında ölkəmizə qarşı əsassız təbliğat kampaniyasına start verilmişdi.

Almaniyanın “Deutsche Presse Agentur” informasiya agentliyində,  “Die Welt” qəzeti və digər media quruluşlarında müxtəlif vaxtlarda yayılan məqsədli dezinformasiyalarda  Azərbaycanın mahnı müsabiqəsini keçirməyə layiq demokratik ölkə olmadığı barədə ictimai rəy formalaşdırılmağa çalışılır, buna paralel olaraq, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser Azərbaycanda “Eurovision”u boykot çağırışı ilə bağlı çıxış edirdi. Almaniya Bundestaqında  təmsil olunan “Yaşıllar” fraksiyası və Almaniyanın insan haqları üzrə müvəkkili Markus Löninq Azərbaycana qarşı ittihamlar səsləndirir,  əsassız olaraq insan haqlarının pozulduğunu iddia edirdi. Bir çox alman siyasi ekspertlərinin də qeyd etdiyi kimi, bütün bunlar Azərbaycana qərəzli yanaşmadan irəli gəlirdi və bu münasibətin formalaşmasında erməni lobbisinin fəaliyyətinin izləri özünü açıq-aşkar hiss etdirirdi.

Dost Almaniyadan və bəzi Qərb ölkələrindən ünvanımıza səslənən fikirlərə baxmayaraq, Azərbaycan “Eurovision - 2012” mahnı müsabiqəsini yüksək səviyyədə təhlükəsiz, beynəlxalq standartlara cavab verən formada keçirdi, bütün dünyaya inkişaf etmiş, qabaqcıl dövlət olduğunu bir daha nümayiş etdirdi.  Erməni lobbisi ilə həmrəy olan anti-Azərbaycan dairələrinin bu cəhdləri heç bir nəticə vermədi və verə də bilməzdi. “Eurovision - 2012”  musiqi müsabiqəsini izləmək üçün  Azərbaycana gələn çoxsaylı xarici turist, qonaqlar öz gözləri ilə gördülər ki, bizim cəmiyyətimiz tolerantdır, Azərbaycanda siyasi plüralizm tam təmin olunub, respublikada insan hüquqları, vətəndaş cəmiyyəti normaları, təhlükəsizlik şəraiti Avropa ölkələrinin heç birindən geri qalmır. Onlar Azərbaycanın gözəl mədəniyyətinə, xalqımızın qonaqpərvərliyinə, yüksək milli-mənəvi dəyərlərinə heyran qaldılar, anti-Azərbaycan qüvvələrin təxribatçı əməllərini dəfələrlə lənətlədilər.

Dünyaya səs salan, böyük rəğbətlə qarşılanan digər beynəlxalq səviyyəli tədbirlər — bu il oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu və Birləşmiş Millətlər Təşkilatı ilə  Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrın 6-9-da Bakıda keçirilmiş VII İnternet İdarəçiliyi Forumu da ölkəmizin beynəlxalq aləmdəki imicinə çox müsbət təsir göstərdi. Təkcə Beynəlxalq Humanitar Forumda Litva, Bolqarıstan, Rumıniya, Xorvatiya, Qırğızıstan, Estoniya və Latviyanın keçmiş prezidentlərinin (Bolqarıstanın 3, Latviyanın isə 2 sabiq prezidenti iştirak edirdi), 11 nəfər Nobel mükafatçısının, 4 beynəlxalq təşkilat rəhbərinin və ölkəmizdə akkreditə olunmuş bütün səfirliklərin rəhbər və ya təmsilçisinin iştirak etməsi də ölkəmizin dünyadakı nüfuzundan, onun sivilizasiyalararası dialoqa verdiyi misilsiz töhfələrə böyük inamdan irəli gəlirdi.

İnternet idarəçiliyi forumunun Bakıda keçirilməsi isə Azərbaycanın qlobal internet şəbəkəsinin idarə edilməsi və gələcək inkişafı perspektivlərinin müəyyən edilməsi məsələlərində rolunun artdığını, ölkəmizdə digər hüquq və azadlıqlar kimi, internet azadlığının da yüksək səviyyədə təmin olunduğunu göstərən amildir. Həmin mötəbər tədbirlərdə Azərbaycan dünyaya müstəqillik illərində əldə etdiyi uğurları, o cümlədən müasir, demokratik  cəmiyyət quruculuğunu, güclü iqtisadi potensialını təqdim edə bildi, qlobal problemlərin müzakirə edildiyi məkana çevrildiyini təsdiq etdi.

Təsadüfi deyil ki, ölkəmizin beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu görən Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu, hər bir azərbaycanlının qəlbində sonsuz iftixar hissi yaratmış, cəmiyyətdə hədsiz sevincə səbəb olmuşdır. Bu il dekabrın 10-da bu münasibətlə xalqımızı təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı böyük tarixi hadisə, ölkəmizin növbəti möhtəşəm uğuru kimi qiymətləndirmişdir.

Məhz belə bir məqamda “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadla Azərbaycanın Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr siyahısında olduğuna dair  əsassız məlumatlar yayması gözlənilən idi. Çünki bu, əslində, Azərbaycanın qeyri-adi sürətlə yüksəlişini, beynəlxalq aləmdəki nüfuzunun sürətlə artmasını həzm edə bilməyən erməni lobbisinin, anti-Azərbaycan dairələrinin biabırcasına verdikləri  “cavab reaksiyası” idi.  Onlar yaxşı bilirlər ki,  Azərbaycan bu cür tədbirləri yüksək səviyyədə keçirməyə, yüzlərlə avropalı turisti qəbul etməyə, bununla bütün dünyanın diqqətini öz üzərinə çəkməyə tam qadirdir və əgər belə olarsa, ölkəmizin imici daha da möhkəmlənəcək, mövqeləri daha da güclənəcəkdir.  Həmin qüvvələr ötən illərdə İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Bakı şəhərinin Avropanın da mədəniyyət, idman paytaxtı olacağını hiss etdikcə dəhşətə gəlir, sərsəmləyir və gedən proseslər qarşısında acizliklərini nümayiş etdirərək şər, böhtan yağdırır, dezinformasiya yayırlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Newtimes.az saytına müsahibəsində bu barədə danışaraq haqlı olaraq demişdir: “Azərbaycan dəfələrlə sübut etdi ki, o, ən böyük tədbirləri belə keçirə bilir. Siyasi əməkdaşlığa, enerji təhlükəsizliyinə, iqtisadi inteqrasiyaya, dinlərarası dialoqa, idmana həsr edilmiş bu tədbirlər Cənubi Qafqazda yalnız Azərbaycanda uğurla təşkil edilib. Bu işləri regiondakı xristian ölkələrindən biri həyata keçirsəydi, Qərb mediasının reaksiyası necə olardı? Bəlkə də həmin dövləti qlobal arenada nümunə göstərərdilər. Ancaq Azərbaycanın bu cür fəallığına, müasir tələblər səviyyəsində tədbirlər keçirməsinə süni oyunlarla cavab verirlər. Amma bu, münasibət düzgün deyil. O heç bir ölçüyə, çərçivəyə sığmır”.

Əgər dünyanın təhlükəli və riskli ölkələri  reallığa əsaslanılaraq müəyyən edilsəydi, onda ABŞ-dakı vəziyyətin daha acınacaqlı olduğu ortaya çıxardı. Məsələn, ötən günlərdə Amerikada 20 yaşlı Adam Lanza Nyutaun şəhərindəki orta məktəblərdən birinə silahla hücum edərək 27 nəfəri öldürüb. Ölənlərin əksəriyyəti 5-10 yaş arasında olan uşaqlar idi. Adam Lanza cinayəti törətməzdən əvvəl evdə anasını da öldürüb. ABŞ-ın Konnektikut ştatındakı faciəyə görə dekabrın 18-dək ölkədə matəm günü elan edilib. Azərbaycan da daxil olmaqla dünya ölkələri ABŞ Prezidentinə və Amerika xalqına başsağlığı verib. Vaşinqtonda isə yüzlərlə etirazçı nümayişə çıxaraq silah gəzdirməyə nəzarətin gücləndirilməsini tələb ediblər. Bundan sonra yenə ABŞ-da 62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alır və evini yandırır. Üstəlik, bacısını alovlar içində qoyur. Yardıma gələn yanğınsöndürənlərdən ikisini isə güllələyir. Amerikada bu cür hadisələr yüzlərlə deyil, minlərlədir.

Digər bir fakt: Nyu-York şəhərinin mərkəzindəki elektron lövhədə şəhərdə baş verən cinayət, təcavüz hadisələri ilə bağlı statistik məlumatları əks etdirən və daim yenilənən siyahı var. Bu siyahıdakı rəqəmlər hər dəqiqə deyil, hər saniyə dəyişir.  Amerikanın böyük şəhərlərində, xüsusən, oğurluq, qarət və təcavüz faktlarının  hər keçən gün artdığını ölkənin hüquq-mühafizə orqanları da təsdiq edirlər.  Bunlara nə ad vermək olar? Görəsən, biz bu faktlara əsaslanaraq, ABŞ-ın dünyanın ən təhlükəli ölkələrinin siyahısında birinci yerdə olduğunu iddia edə bilərikmi?

Milli QHT Forumunun prezidenti Rauf Zeyninin fikrincə, bu gün Avropa ölkələrində də vəziyyət yaxşı deyil. Breyvikin törətdiyi faciənin xatırlamaq kifayətdir ki, qitədə vəziyyətin nə dərəcədə gərgin olduğunu anlayaq.  2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək Partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində Breyvik 77 nəfəri öldürmüş və 97 nəfəri yaralamışdır. O, cinayətləri etiraf edib, ancaq hələ də özünü təqsirkar hesab etmir. Xristianlığın lüteran cərəyanına etiqad edən bu cani, məgər Avropa cəmiyyətində yetişməyib? Bəs Fransada baş verənləri necə dəyərləndirmək olar? Almaniyada azlıqlara — müsəlmanlara, türklərə, ərəblərə qarşı neofaşistlər dəfələrlə cinayətlər törədiblər, onların ailə üzvlərini yandırıblar.  Bu, Qərbdəki islamafobiyanın təhlükəli həddə çatdığını göstərən faktlar deyilmi?  Belə olan halda necə iddia edə bilərik ki,  həmin ölkələr sabit və təhlükəsizdir?

Əfsuslar olsun ki, Qərbdə islamofobiya xəstəliyinə düçar olmuş qurumların, dairələrin sayı  getdikcə artır. Onların sayının artması bəzi ölkələrdə keçirilmiş seçkilərdə də özünü əyani şəkildə göstərir. Yəni seçkilərin nəticələrinə baxmaq kifayətdir ki, islamofobiya qüvvələrinin reytinqinin artmasını görmək mümkün olsun. Gənc, dinamik inkişaf edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan, müasir müsəlman ölkəsi Azərbaycan onlar üçün problemə çevrilib, yəni onların stereotiplərinə sığmır. Onların stereotipləri dünyada müsəlmanları geridə qalmış millət, xalq kimi göstərməkdir. Hətta İslam müqəddəslərinin təhqiri, bizə qarşı təxribat xarakterli addımların məqsədi məhz ondan ibarətdir ki, savadsız kütləni hərəkətə gətirsin və ondan sonra kütləvi informasiya vasitələri hesabına onların timsalında dünyaya göstərsin ki, bax, müsəlmanlar belədirlər. Biz isə mübarizəni sivil yollarla aparırıq və sübut etməliyik və edəcəyik ki, müsəlman aləmində inkişaf var, müasirlik var, mərhəmət var, dözümlülük var.

Konstitusiya Araşdırmaları Mərkəzinin prezidenti Əliməmməd Nuriyev bu məsələyə başqa prizmadan yanaşaraq qeyd edir ki, bəzi dövlətlər nəyisə diqtə etməyə öyrəşiblər.  Onlar bu təfəkkürlə yaşayırlar. Görəndə ki, özünün, necə deyərlər, ləyaqətini həmişə saxlayan, heç kimin qarşısında baş əyməyən, müstəqil siyasət aparan ölkə var, bu, onları təəccübləndirir. Bu mərkəzlərdən həmin ölkəyə qarşı hücumlar, təzyiqlər başlayır. Bizim ölkəyə gəlincə, bunlar üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz doğru bildiyimizi edəcəyik. Çünki bizim ölkəmizin güclü potensialı, Prezident İlham Əliyev kimi xalqdan güc alan qüdrətli lideri vardır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun qeyd etdiyi kimi, Azərbaycan daim uğur qazanacaqdır, çünki haqlıdır, ədalətlidir. Dünyada sülhə, əməkdaşlığa və dialoqa xidmət edən addımlar atır. Müstəqilliyin ilk illərindən seçdiyi uğurlu inkişaf yolunu davam etdirir. ABŞ Dövlət Departamentinə istinadla yayılan informasiyalar isə bir daha belə təəssürat yaradır ki, özünü Azərbaycanın dostu kimi təqdim edən Amerikanın xarici siyasəti koordinasiya olunmur, müxtəlif daxili qüvvələr, lobbi qrupları öz maraqlarına uyğun istədiklərini edirlər. 

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında