Başa çatmaqda olan 2012-ci ilin yekunları artıq mətbuatda geniş müzakirə olunmağa başlayıb. Dünyanın ayrı-ayrı regionlarında neçə illərdir ki, davam edən iqtisadi-maliyyə böhranlarının, Cənubi Qafqazda yaşanan müharibə və qarşıdurmaların, etnik separatçı hərəkatların yaratdığı acınacaqlı mənzərələrin fonunda və qlobal maraqların toqquşduğu mürəkkəb bir regionda Azərbaycanın dinamik inkişafı 2012-ci ildə də davam etmiş, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələlər vahid proqram əsasında öz həllini tapmışdır.
Ölkə bu il həm də siyasi, iqtisadi, sosial-mədəni, idman və digər sahələr üzrə çoxsaylı səviyyəli beynəlxalq tədbirlərə layiqli ev sahibliyi etmiş, regionun və Avropanın enerji təhlükəsizliyi sahəsində getdikcə öz mövqelərini gücləndirmiş, habelə BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal beynəlxalq məsələlərin həllində yaxından iştirak etmişdir. Azərbaycanın 2003-cü ildən başlanan və fasiləsiz dinamika ilə müşahidə olunan bu inkişaf tempi bütün dünyanın diqqətini özünə cəlb edərək, hazırda beynəlxalq aləmdə maraqla izlənilir və şərh olunur. Ölkənin ümumi inkişaf strategiyasının cari ilin yekunlarında öz ifadəsini tapmış nəticələrini, həyata keçirilən daxili və xarici siyasətin əsas istiqamət və prioritetlərini, habelə növbəti illərdə qarşıda duran vəzifələri AzərTAc Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla müzakirə edir:
- Əli müəllim, ötən ilin yekunları ilə bağlı verdiyiniz müsahibədə qeyd etmişdiniz ki, 2011-ci ildə Azərbaycan tarixi nailiyyətlərə imza ataraq öz inkişafının yeni səhifəsini açdı. Azərbaycanın milli inkişafı baxımından ümumən keçən illəri və konkret olaraq 2012-ci ili necə dəyərləndirirsiniz?
- Azərbaycanın müasir milli inkişaf siyasətinin əsası 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-2003-cü illərdə ulu öndərin aydın, iradəli, uzaqgörən və qətiyyətli siyasəti, dövlət idarəçilik istedadı sayəsində Azərbaycanın suverenliyi qorunub-saxlanıldı, dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, milli dövlətimiz bütün sahələr üzrə möhkəmləndirildi, ölkəmiz beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildi, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi, gələcək inkişafının beynəlxalq qarantiyası alındı və maddi resursları təmin olundu. Son onillik müddətdə Azərbaycanda Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının əsas prinsiplərinin müntəzəm olaraq həyata keçirilməsi, milli dövlət quruculuğu siyasətinin uğurla reallaşdırılması müstəqil dövlətimizin formalaşması və inkişafında müstəsna əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev 2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” xüsusi Fərman imzalayaraq ölkənin gələcək sosial-iqtisadi inkişafının təmin edilməsini dövlət siyasətinin prioritet vəzifəsi kimi müəyyənləşdirdi. Bu məqsədlə enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və bu sahələrin tələbatından doğan digər istiqamətlərə yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramlarının, reallaşdırılmış xüsusi layihələrin əsas məqsədi güclü iqtisadi potensialın yaradılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yenilənməsi, əhalinin rifahının yüksəldilməsi və digər sosial problemlərin həlli olmuşdur. 2003-2011-ci illərdə ÜDM-in orta illik artım tempi dünyada rekord vuraraq 14,2 faiz təşkil etmişdir. Ölkənin strateji valyuta ehtiyatları 25 dəfə artaraq 40 milyard dolları keçmiş, dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara çatmış, əmək haqları və orta aylıq pensiya 6 dəfə yüksəlmiş, yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik 5,4 faizə enmişdir. Azərbaycanın tarixində ilk dəfə neft hasilatı ildə 50 milyon ton, qaz hasilatı isə 30 milyard kubmetr təşkil etmişdir. Beləliklə, göründüyü kimi, tarix baxımından çox qısa zaman kəsiyində, 10 ildən az müddətdə Azərbaycan iqtisadiyyatın həcmini 3 dəfə artırmağa nail olaraq sosial-iqtisadi sahədə keçid dövrünü başa vurmuş və yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Odur ki, bu ilin yekunlarının təhlilinə keçməzdən əvvəl bir daha vurğulamaq yerinə düşərdi ki, başa çatmaqda olan 2012-ci il həm də Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşdü.
Bilirsiniz ki, Prezident İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Fərman imzaladı. Sənədin hazırlanmasına müvafiq dövlət orqanlarının, elmi təşkilatların yüksək ixtisaslı mütəxəssisləri cəlb olundu, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirildi, vətəndaş cəmiyyəti təsisatları layihənin açıq müzakirəsinə qoşuldu. Hazırda Konsepsiyanın üzərində aparılan iş tamamlanmaq üzrədir. Qarşıdan gələn dövrdə Azərbaycanın əsas hədəfləri bu Konsepsiya ilə müəyyən ediləcək və Prezident İlham Əliyevin “Rossiya-24" telekanalına verdiyi müsahibəsində qeyd etdiyi kimi, çoxşaxəli, səmərəli, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması, sosial-iqtisadi və mənəvi sahədə davamlı inkişafın təmin olunması, işsizliyin, yoxsulluğun tam ləğv edilməsi, əhalinin rifahının layiqli təminatı və s. məsələlər ölkə siyasətinin prioritet istiqamətləri olacaqdır.
- Əli müəllim, dünya iqtisadiyyatını ağır sınaqlarla üzləşdirən, bir sıra ölkələrdə ciddi sosial gərginliyə səbəb olan iqtisadi böhran şəraitində Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı olduqca maraqlı fenomendir. Bu mənada 2012-ci ilin əsas sosial-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?
- Prezident İlham Əliyevin bununla bağlı fikrinə toxunduq. Cənab Prezident vurğulayır ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan rəqabətədavamlı iqtisadi sistemin formalaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin rifahının yüksəldilməsi, yoxsulluğun və işsizliyin tam aradan qaldırılması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindəndir. Bu gün Azərbaycanın günbəgün müasirləşən siması, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə Prezident İlham Əliyevin rəhbərliyi ilə konkret dövlət proqramları əsasında həyata keçirilən sosial-iqtisadi siyasətin böyük uğurlarından xəbər verir.
Qeyd edilməlidir ki, iqtisadi böhran bir sıra inkişaf etmiş ölkələrin iqtisadiyyatını olduqca ağır duruma salıb. Bir neçə ildir ki, Avropa İttifaqı Yunanıstanı uçurumun kənarından uzaqlaşdıra bilmir. İtaliyanın dövlət borcu artıq 2 trilyon avronu ötür, Portuqaliya və İspaniya ciddi sınaqlarla üz-üzədirlər. Ekspertlərin, araşdırma mərkəzlərinin pessimizmi o həddə çatıb ki, artıq Avropa İttifaqının dağılması haqqında real proqnozlar səsləndirilir. Dünyanın aparıcı reytinq agentlikləri inkişaf etmiş Qərb ölkələrinin kredit reytinqlərini aşağı salırlar. Mütəxəssislərin fikrincə, böhran şəraitində qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesi çox ağrılı gedir. Aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin qarşısını almağa yarayır. Bəzi ölkələrdə büdcə kəsiri ÜDM-in 10 faizi həddindədir, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Hakimiyyət uğrunda siyasi mübarizəyə qoşulan qüvvələr ağlasığmaz vədlər verir, hakimiyyətə gəldikdən sonra o vədlərin heç olmasa bir qismini həyata keçirmək üçün böyük borclar götürür və nəticədə ölkə iqtisadiyyatını daha ağır duruma salaraq onu növbəti siyasi qüvvəyə ötürürlər. Yığılmış belə borcları azaltmaq üçün ən yaxşı halda 10 illərlə vaxt tələb olunur. Məcburi “kəmərsıxma” tədbirləri, maaşların, sosial müavinətlərin azaldılması, iş yerlərinin bağlanması kəskin sosial etirazlara gətirib çıxarır. Biz hər gün Avropa ölkələrində çoxsaylı etirazların, toqquşmaların şahidi oluruq.
Azərbaycanda isə hökm sürən sabitlik ölkədə uzun müddət həyata keçirilən düşünülmüş makroiqtisadi strategiya və siyasətə əsaslanır. Digər tərəfdən, böyük maliyyə ehtiyatlarına malik Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarından yararlana bilir. Bu gün Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 10 dəfədən çox üstələyir.
2012-ci ilin statistikası göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sosial-iqtisadi inkişaf dinamikası təmin edilib. Bu ilin hələ tam dəqiqləşdirilməmiş yekunlarına görə, ÜDM 1,2 faiz, qeyri-neft sektoru isə orta hesabla 10 faiz artıb. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Qeyri-neft sektorunda sənaye istehsalı 8 faizə yaxın, kənd təsərrüfatı isə 6,5 faiz yüksəlib.
2012-ci ildə ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ən qabaqcıl yerlərdədir.
Bu ilin ortalarında dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəl dərc etdi və Azərbaycan o siyahıda MDB məkanında 1-ci, dünyada isə 46-cı yeri tutdu. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir.
“Fitch”, “Standard & Poor’s”, “Moody’s” kimi aparıcı beynəlxalq reytinq agentlikləri davamlı şəkildə Azərbaycanın kredit reytinqini artırırlar. Sevindirici haldır ki, Azərbaycan artıq ən yüksək A zonasına çox yaxınlaşıb.
Sabit makroiqtisadi göstəricilər və böyük maliyyə imkanları Azərbaycanda uğurlu sosial-mənəvi siyasət həyata keçirmək üçün geniş imkanlar yaradır. 2012-ci ilin 11 ayında əhalinin pul gəlirlərinin 12.2 faiz artması müqabilində inflyasiya cəmi 1,2 faiz təşkil edib ki, bu da inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq olduğunu göstərir. Azərbaycan bu göstəricilərə görə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Hazırda Azərbaycanda orta maaş 500 dollara, orta pensiya 200 dollara bərabərdir. Ölkədə pensiyalar əmək haqlarının 40 faizini təşkil edir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin meyarları səviyyəsindədir.
Cari ildə SSRİ dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılıb. Qeyd edilməlidir ki, bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda verilir.
Dünya Bankının məlumatında bildirilir ki, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni, ölkədə geniş əhali kütləsi davamlı inkişafdan yararlanır. Eyni zamanda, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluq səviyyəsinə malik 20 ölkədən biridir. Son statistik məlumatlara görə, ölkədə yoxsulluğun səviyyəsi 6 faizə enmişdir.
Cari ildə təkcə regionlarda 300-ə yaxın yeni müəssisə yaradılıb, daha 500-ə yaxın müəssisə isə yaradılmaqdadır. Bu ilin 9 ayı ərzində 94 min yeni iş yeri açılıb və onun 73 mini daimidir. Ölkədə işsizliyin səviyyəsi daha da aşağı enərək 5.2 faizə düşmüş və nəticə etibarilə, əhalinin məşğulluğu artıq 95 faiz təşkil edir.
Ölkəmizdə icra olunan ünvanlı sosial yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə ayda orta hesabla 112 manat vəsait ödənilir.
İl ərzində 200-ə yaxın məktəb və əlavə korpuslar tikilib, 100-dən çox məktəb əsaslı təmir edilib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, uşaq bağçaları əsaslı təmir olunur, əlavə korpuslar tikilir. Bütün ölkə üzrə müasir tibb müəssisələrinin tikintisi, mövcud texniki bazanın yenilənməsi prosesi davam edir.
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, son illər baş verən təbii fəlakətlərin fəsadlarını öz qüvvəsi ilə yüksək səviyyədə aradan qaldırmağa nail olur. Bu il ölkənin qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində minlərlə ev, kommunal təsərrüfat, sosial obyekt dağıldı və ya qəzalı vəziyyətə düşdü. Prezident İlham Əliyev fəlakət zonasına səfər etdi, onun nəticələri ilə yerində tanış oldu, problemlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verdi. Bu məqsədlər üçün həm Prezidentin Ehtiyat Fondundan, həm də dövlət büdcəsindən 300 milyon manatdan çox vəsait ayrıldı və qısa müddətdə vacib məsələlərin həllinə yönəldildi.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” uğurla icra edilir. Bakı qəsəbələrinin bütün problemləri həll olunur, kommunal layihələr icra edilir, nəqliyyat infrastrukturu yenilənir, sosial obyektlərin tikintisi, iş yerlərinin yaradılması prosesi gedir. Gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramının tam yekunlaşdırılması nəzərdə tutulur.
Ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərin miqyası həqiqətən də nəhəngdir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində bölgələrin siması dəyişir, sənaye mərkəzləri, texnoparklar yaradılır, müasir standartlara uyğun yüzlərlə emal, istehsal, sosial obyekt tikilib istifadəyə verilir, insanların yaşayış səviyyəsi yüksəlir. Bütün ölkəni əhatə edən yol-nəqliyyat, içməli su, suvarma-meliorasiya layihələri başa çatdırıldıqdan sonra Azərbaycan həqiqətən də müasir Avropa standartlarına uyğun infrastruktura malik ölkəyə çevriləcəkdir.
Son illər Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, Milli Ordunun müasir texnika və sursatla təchizatı sahəsində həyata keçirilən tədbirlər bu il də davam etdirilib. Son 5 ildə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində 40-dan çox yeni istehsalat sahəsi yaradılıb, müdafiə təyinatlı məmulatların çeşidi 700-ə çatdırılıb. Cari ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilələr bağlanıb.
Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, bu gün həyata keçirilən nəhəng layihələr yaxın gələcəkdə ölkəmizin tranzit imkanlarını artıracaq və yeni gəlir mənbələri yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi tikilib istifadəyə verildikdən, habelə bir çox istiqamətlərdə ölkə və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri başa çatdırıldıqdan sonra ölkəmiz Şərq-Qərb tranzit mərkəzi statusunu daha da möhkəmləndirəcəkdir.
- Bu il neft hasilatı sahəsində müəyyən problemlər müşahidə olundu. Görülən tədbirlər bu sahədə sabitləşmənin təmin edilməsindən xəbər verirmi?
- Qeyri-neft sektorunun dinamik inkişafına baxmayaraq, enerji sektoru Azərbaycan iqtisadiyyatının aparıcı seqmenti olaraq qalır. Bu gün əldə etdiyimiz uğurların əsasında Heydər Əliyevin neft strategiyasının uğurla reallaşdırılması amili durur. Buna görə də son bir neçə ildə “Azəri”-"Çıraq"-"Günəşli" (AÇG) yataqlarında hasilatın gözlənilmədən aşağı düşməsi cənab Prezidenti narahat etməyə bilməzdi.
Hasilatın aşağı düşməsinə dair bir neçə versiya irəli sürüldü. Qeyd edildi ki, Meksika körfəzində ağır qəzadan sonra külli miqdarda ziyana düşən bp şirkəti digər layihələrində, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda hasilatda risklərin idarə olunmasından imtina edib. Digər səbəb kimi bildirildi ki, AÇG layihəsi üzrə pay bölgüsünün nisbəti nəzərdə tutulan qrafikdən xeyli əvvəl Azərbaycanın xeyrinə dəyişəndən sonra əsaslı səbəb olmadan AÇG-də hasilatın səviyyəsi aşağı düşməyə başladı. Nəticədə dünya bazarında olan qiymətlərlə Azərbaycan 8,1 milyard dollar itirdi.
Başqa versiyalar da səslənirdi. Lakin istənilən halda mövcud vəziyyət Azərbaycanı qane edə bilməzdi və buna görə də Prezident İlham Əliyev sərt şəkildə bp-dən öz öhdəliklərini yerinə yetirməyi, hasilatın aşağı düşməsində günahkar olan şəxslərin əvəz edilməsini və hasilatın stabilliyini təmin etmək üçün müvafiq tədbirlər görməyi tələb etdi. Nəticədə “bp-Azərbaycan” şirkətinin rəhbərliyi dəyişdirildi. Bu günlərdə Bakıya səfər edən bp-nin icraçı direktoru Robert Dadli ilə görüşdən sonra Prezident İlham Əliyev bp-nin öz öhdəliklərini dərk etdiyini və gələn ildən sabitləşmənin təmin olunacağını bəyan etdi.
Hazırda ölkənin enerji strategiyasının başlıca məqsədi neft hasilatını sabit saxlamaqla Azərbaycanın böyük qazını dünya bazarına çıxarmaqdır. Bu yaxınlarda hər biri 300 milyard kubmetr qaz ehtiyatına malik olan “Ümid” və “Abşeron” yataqlarının aşkar edilməsi nəticəsində Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2.6 trilyon kubmetrə yüksəldi. Mütəxəssislərin fikrincə, Azərbaycanın ümumi qaz potensialı 6 trilyon kubmetr həcmində qiymətləndirilir. Neft ehtiyatları ilə birlikdə (təsdiqlənən və güman edilən) Azərbaycanın ümumi ehtiyatlarının həcmi 10 milyard ton şərti yanacaqla qiymətləndirilir. Hesab edilir ki, 2025-ci ilə Azərbaycanın qaz ixracı 40-50 milyard kubmetrə çatacaq və onun böyük hissəsi Avropaya və Türkiyəyə nəql ediləcəkdir. Dünyada 2012-ci ilin ən əsas enerji ixracı layihələrindən biri kimi dəyərləndirilən transmilli TANAP qaz ixracı kəmərinin işə salınması nəticəsində Azərbaycan gələcəkdə öz təbii qazı ilə Avropanın enerji bazarında birbaşa iştirakını əsaslı şəkildə təmin edəcəkdir.
- 2012-ci ilin yekunları barədə danışarkən, ilk növbədə, “Eurovision-2012" musiqi yarışması başda olmaqla, Azərbaycanın çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi yada düşür. Amma o da faktdır ki, bir sıra daxili və xarici qüvvələr bu tədbirləri Azərbaycana qarşı kampaniya təşkil etmək üçün əlverişli fürsət kimi qiymətləndirdilər. Bu tədbirlərin Azərbaycan üçün əhəmiyyəti və ölkəmizə qarşı həyata keçirilən kampaniyaların səbəbləri barədə nə deyə bilərsiniz?
- 2012-ci il həqiqətən də Azərbaycanın müstəqillik tarixində böyük uğurlar, möhtəşəm qələbələr, sürətli inkişaf və tərəqqi ili kimi yadda qalacaqdır. Azərbaycan tarix boyu heç vaxt siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə bu qədər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməmişdi. Əlbəttə, Avropanın bir nömrəli musiqi yarışması olan “Eurovision” müsabiqəsini qazanmaq musiqi sahəsində böyük nailiyyət olduğu kimi, onu uğurla keçirmək də böyük təşkilatçılıq bacarığı və beynəlxalq məsuliyyət tələb edirdi. Buna görə də Azərbaycan Prezidentinin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə müvafiq komissiya yaradıldı. Komissiya qısa zamanda müsabiqənin keçirilməsi ilə bağlı bütün texniki və təşkilati məsələləri həll etdi, müsabiqənin keçirildiyi məkan - “Crystall Hall” tikilib istifadəyə verildi. Bununla Azərbaycan dövləti sübut etdi ki, həm onun gücü və imkanları yetərincədir, həm də qətiyyət, istək, imkan olan yerdə hər şeyə nail olmaq mümkündür.
“Eurovision” bizim üçün Azərbaycan xalqının mədəniyyətini, adət-ənənələrini, insan potensialını, müstəqillik illərində qazandığı uğurları və s. dünyaya təqdim etmək üçün böyük fürsət idi. Yerli və xarici KİV-lərdə gedən materiallar, çoxsaylı təhlillər və rəylər təsdiq etdi ki, Azərbaycana gələn xaricilər xalqımızın qonaqpərvərliyini, Bakının gözəlliyini, zəngin tarixini və müasir inkişafını xüsusi razılıqla qarşılayaraq, qısa dövr ərzində ölkəmizin əldə etdiyi uğurlara heyran olublar. Bütün dünya mediası tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı.
Ancaq çox təəssüf ki, bəzi xarici dairələr, dağıdıcı müxalifət və bir sıra yerli antimilli QHT-lər sinxron şəkildə “Eurovision-2012" və digər tədbirləri hədəf götürərək, heç bir əsası olmayan böhtanlarla, adi məsələlər ətrafında süni ajiotaj yaratmaqla bu tədbiri siyasiləşdirməyə, beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətlərə yönəltməyə çalışdılar. Vətəndaşların mülkiyyət hüququnun, ifadə azadlığının guya pozulması ilə bağlı təşkil olunmuş bədnam kampaniyaların əsas məqsədi də Azərbaycanı bir ölkə kimi gözdən salmaq, beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı mənfi rəy formalaşdırmaqdan ibarət idi. Bilirsiniz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin baş planına uyğun olaraq daxili infrastrukturların yenidən qurulması, şəhərin əvvəlki illərdə pozulmuş ahənginin bərpası, vətəndaşların və sakinlərin rahat nəqliyyat hərəkətinin və istirahətinin təşkili üçün tədbirlər görülür. Əlbəttə, bu işdə bəzi ailələrin başqa yerə köçürülməsindən qaçmaq qeyri-mümkündür. Lakin köçürülməyə məruz qalan insanların hüquqları tam təmin olunur, onlara daha münasib alternativlər, yaxud müvafiq ödəmələr təklif edilir və həmin insanlar da bunu razılıqla qarşılayırlar. Təbii ki, köçürülənlərdən bəziləri ənənəvi yaşayış yerini tərk etmək istəmədiyi üçün narazı qalır. Ancaq necə olur ki, minlərlə köçürülən insanın içərisindən bir neçə narazını təkrar-təkrar Qərb mətbuatının səhifələrinə çıxarırlar, onların qərəzli müsahibələrini dərc edirlər, lakin on minlərlə razı sakindən bir nəfərin də fikrini vermirlər? Məgər Londonda keçirilmiş Olimpiada zamanı köçürülənlər, onların arasında narazılar olmadı? Ancaq bu barədə bir kəlmə də yazmadılar.
Yaxud xarici jurnalistləri xüsusi qaydada şəhərin kənarına apararaq hansısa “çatışmazlıqları” göstərmək hansı “azərbaycansevərlik” əlaməti idi?! Bəzi dağıdıcı müxalifət partiyalarının funksionerləri həmin günlər xarici jurnalistlər qarşısında qəsdən özlərini yerə yıxaraq, üst-başlarını cırır, xarici kameralara pozalar nümayiş etdirirdilər. Bütün bunlar hansı əxlaqi normaya sığırdı? Təəssüf ki, bütün bunlar da bir sıra dağıdıcı müxalifət dəstələrinin, bəzi QHT rəhbərlərinin qrant naminə 2012-ci ildə nümayiş etdirdiyi real antimilli fəaliyyət nümunələri idi.
- Əli müəllim, bəzi xarici təşkilatlar, yerli QHT-lər Azərbaycanda insan haqlarının, sərbəst toplaşmaq, söz və məlumat azadlığının vəziyyətini tənqid edirlər. Onların iddiaları nə dərəcədə əsaslıdır?
- Bilirsiniz, demokratiya fundamental dəyərlər sistemi kimi müasir Azərbaycanda dövlət idarəçiliyinin, ictimai həyat normalarının və vətəndaş cəmiyyətinin əsas prinsiplərinə çevrilib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Konstitusiyası və digər qanunvericilik aktları demokratik dəyərlərə və Avropa standartlarına uyğunlaşdırılıb. Ölkədə insan hüquq və azadlıqları, söz və məlumat, ifadə azadlığı, təmin olunub, mətbuatın və vətəndaş cəmiyyəti institutlarının inkişafına dövlət səviyyəsində dəstək göstərilir, onlar cəmiyyətin aktual məsələlərinin həllinə cəlb olunurlar. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə hər il QHT və KİV-lərin müxtəlif layihələrinin maliyyələşdirilməsinə on milyonlarla manat vəsait xərclənir. Gələn ildən siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanacaqdır. Bu gün Azərbaycanda 55 siyasi partiya, 2700-dən çox QHT qeydiyyatdadır, 4800-ə yaxın KİV uçota götürülüb və ya qeydə alınıb. Yüzlərlə qəzet, jurnal, internet media, elektron KİV, mətbuat yayımı firması fəaliyyət göstərir. Azərbaycanda internet, media və informasiya fəaliyyəti tam azaddır, jurnalistlər sərbəst şəkildə məlumat əldə etmək və yaymaq imkanına malikdirlər. Bu məqsədlə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin fəaliyyəti daim təkmilləşdirilir, media ilə dövlət orqanları arasında əlaqələr genişləndirilir. Prezident İlham Əliyevin bu ilin sentyabrında təsdiqlədiyi “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” cəmiyyətin dövlət orqanlarının fəaliyyəti haqqında informasiya əldə etmək imkanlarının maksimum asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsini təmin etmək məqsədi daşıyır.
Eyni zamanda, bu məqsədlə müvafiq seminarlar, treninqlər təşkil olunur, qabaqcıl xarici təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqi siyasəti həyata keçirilir. Məsələn, bu ilin noyabrında ATƏT-in Media ofisi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Kütləvi tədbirlərdə jurnalist təhlükəsizliyi” və “Dövlət orqanlarının malik olduğu informasiyaya medianın çıxışı” mövzularında iki seminar keçirildi. Bundan əvvəl, iyunun 30-da KİV və mətbuat yayımı firmalarının rəhbərləri, iyulun 2-də də QHT rəhbərləri ilə hakimiyyətin iki böyük görüşü təşkil olundu, bu sahələrdə mövcud çatışmazlıqlar, problemlər müzakirə edildi, irəli sürülən təkliflər öyrənildi, təhlil olundu və sistemləşdirilərək həlli məqsədilə aidiyyəti orqanlara göndərildi. Qeyd etmək istərdim ki, belə görüşlər bundan sonra da sistemli xarakter daşıyacaq və gələn il də QHT və KİV rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dövlət vəsaiti hesabına jurnalistlərin sosial müdafiəsini gücləndirmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün tədbirlər görülür.
Dövlətin vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına bu qədər diqqət və qayğısı olan bir ölkədə mətbuatın, demokratik azadlıqların, insan haqlarının məhdudlaşdırıldığını iddia etmək heç kimə baş ucalığı gətirməz və gətirmir də. Hesab edirəm ki, insan hüquq və azadlıqları mövzusu müəyyən xarici antiazərbaycan dairələrin ölkə daxilindəki bəzi antimilli qruplarla birgə Azərbaycana qarşı təzyiq məqsədilə reallaşdırdığı kampaniyadır. Bu kampaniyanın sifarişçiləri, icraçıları və əsas aktorları artıq cəmiyyətə məlumdur. Azərbaycan cəmiyyəti belə yalançı və subyektiv hüquq müdafiəçilərinə inanmır və onları dəstəkləmir. Bildiyiniz kimi, bu il noyabrın 6-9-u Bakıda BMT-nin təşkilatçılığı ilə 7-ci Dünya İnternet İdarəçilik Forumu (İCF) keçirildi. Bu mühüm tədbirin Azərbaycanda təşkil olunması heç də təsadüfi xarakter daşımırdı. Çünki son illər bizim ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaradıb və ölkədə müasir internet şəbəkəsi formalaşıb.
Hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Azərbaycanda hər yüz nəfərə 20-dən artıq müasir kompyuter düşür. İnternet xidmətlərindən istifadə haqları son 3 ildə 10 dəfədən çox azalıb və region ölkələrindəki tariflərdən aşağı salınıb. Bu gün 9 milyon əhalisi olan ölkədə bir milyona yaxın Facebook istifadəçisi, minlərlə bloqqer fəaliyyət göstərir. Gələn ilin əvvəlində Azərbaycan özünün süni peykini kosmosa çıxarmağa hazırlaşır. Hazırda ölkə səviyyəsində provayder xidmətləri və internet vasitələri, informasiya və media strukturları çox sürətlə inkişaf edir. Respublikada artıq aktiv, online rejimdə fəaliyyət göstərən, yüksək oxucu auditoriyası olan xəbər saytlarının, internet portallarının sayı yüzlərlə ölçülür. Məhz bu reallıqlar da 2012-ci ildə İCF-in Azərbaycanda keçirilməsini şərtləndirdi. Lakin bu ilin ortalarında bəlli dairələr fəallaşaraq dərhal ortaya “Online ifadə təşəbbüsü” adlı yeni bir bədnam kampaniya atdı. Onlar həm İCF ərəfəsində, həm də tədbir dövründə bütün gücləri ilə çalışdılar ki, Azərbaycanda internetin azad olmadığını göstərsinlər. Əlbəttə, “Eurovision” ərəfəsindəki kampaniya kimi, bu da Azərbaycanı qaralamaq üçün uğursuz bir cəhd idi və təbii ki, məqsədinə nail olmadı. Çünki hamıya məlumdur ki, Azərbaycanda internet tam azaddır, bu reallıq beynəlxalq səviyyədə qəbul olunur və təqdir edilir. Hesab edirəm ki, bu reallıqla yanaşı, BMT Baş katibinin müavini Vu Hongbonun Prezident İlham Əliyevə minnətdarlıq məktubunda Bakıda İCF-in uğurla keçirilməsi, Azərbaycanda İKT-nin və internetin inkişafı sahəsində əldə edilmiş nailiyyətlər, hökumətin internetdə ifadə azadlığını prioritetlərindən birinə çevirməsi və s. çoxsaylı müsbət fikirlərin əks olunması Azərbaycana qarşı müxtəlif əsassız iddialarla çıxış edənlərə layiqli cavabdır.
Təəssüf ki, “Freedom House”, “Article XlX”, “Human Rights Watsh”, “Amnistey İnternational”, “Sərhədsiz Reportyorlar” kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər. Bu qurumlar davamlı şəkildə Azərbaycanda ifadə, sərbəst toplaşmaq azadlığının vəziyyətinin guya pis olduğunu sübut etməyə çalışırlar. Əgər onlar üçün azad ölkə meyarı bir qrup məsuliyyətsiz insanın anarxiya, xaos yaratmaq cəhdlərinə asayiş keşikçilərinin seyrçi mövqedə qalmasıdırsa, o zaman Avropa ölkələrində polisin o tipli aksiyaçılara tutduğu divana qiymət versinlər. Nəyə görə 2011-ci ildə Böyük Britaniyada 2000-ə yaxın insanın həbsi, bloqqerlərin məhkum edilməsi, internetin məhdudlaşdırılması haqqında heç nə demirlər? Nyu-Yorkda “Uoll striti zəbt et!” kampaniyasının, Hamburqda şaxtaçıların etirazının, Yunanıstan, İspaniya və digər ölkələrdə böhranla əlaqədar keçirilən aksiyaların necə qəddarlıqla dağıdıldığını, insanların atların ayağı altına atıldığını görmürlər?
O ki qaldı vətəndaşları təhqir edən, onlara böhtan atan, qələm arxasında gizlənərək min bir oyundan çıxan “jurnalistin” cəzasız qalmasına, bu da bu gün Azərbaycan cəmiyyətinin istəyinə uyğun gəlmir. Hansı peşə sahibi olmasından asılı olmayaraq hər bir vətəndaş öz fəaliyyətinin məsuliyyətini dərk etməli və başqa insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Heç bir ölkədə qanun jurnalisti və ya hüquq müdafiəçisini cinayətdən sığortalamır və ya onlara digər vətəndaşlardan artıq imtiyaz vermir. Ancaq Azərbaycanda jurnalist vəsiqəsi arxasında gizlənərək konkret cinayət törətmiş insanlar dərhal siyahılara daxil edilir və onlardan az qala “qəhrəman” obrazı yaradırlar. Belə qərəzli yanaşmanın nəticəsidir ki, 2010-cu ildə “Article XlX” təşkilatının koordinatorluğu ilə “beynəlxalq əməkdaşlıq qrupu” adlı bir qondarma qurum yaradılıb və Azərbaycana qarşı bədnam kampaniya həyata keçirir. “Eurovision-2012" ərəfəsində həmin qrup Avropa Şurasında döymədiyi qapı qalmadı, Avropa ölkələrində Azərbaycanın səfirlikləri qarşısında aksiyalar təşkil etdi. Məqsəd əlbəttə ki, heç də Azərbaycanda insan haqlarının qayğısına qalmaq deyildi. Onlar konkret sifariş yerinə yetirərək müsabiqəni siyasiləşdirməyə, dünya ictimaiyyətinin diqqətini uydurma məsələlərə yönəltməyə çalışırdılar.
Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycana qarşı təşkil edilən kampaniyaların arxasında duran qüvvələri dəfələrlə ifşa edib. Onlar erməni lobbisi, onun təsirində olan bəzi riyakar, rüşvətxor siyasətçilər, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən və sadəcə ölkəmizin inkişafını həzm edə bilməyən dairələrdir. Çünki Azərbaycan tam müstəqil, heç kimdən asılı olmayan, öz daxili və xarici siyasətini özü müəyyən edən ölkədir və ona qarşı təzyiq cəhdləri heç vaxt baş tutmayacaqdır.
- 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Bu il isə bir ay müddətində həm də ona rəhbərlik etdi. Azərbaycanın bu sahədəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əvvəla onu qeyd edim ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi müstəqillik tariximizin ən əlamətdar hadisəsidir. Bu tarixi nailiyyəti şərtləndirən amillər barədə kifayət qədər danışılıb və bir daha qeyd etmək istərdim ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə təməlini qoyduğu və Prezident İlham Əliyevin ötən müddətdə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu, həm də bizim ölkənin etibarlı tərəfdaşlıq imicinin və Prezident İlham Əliyevin qlobal düşüncəli bir siyasi xadim kimi dünya ölkələrində qazandığı etimad və etibarın göstəricisi kimi dəyərləndirilə bilər. 155 ölkənin Azərbaycanı dəstəkləməsi bir daha göstərdi ki, dünya ictimaiyyəti ən ağır, böhranlı illərdə Azərbaycanın dinamik inkişafını, dünyada nüfuzunun artmasını, onun qlobal problemlərin həllinə qoşulduğunu və bu prosesin fəal iştirakçısı kimi özünü təsdiq etdiyini, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanıyır və qiymətləndirir.
Ölkəmiz BMT TŞ-yə üzv seçildikdən sonra Prezident İlham Əliyev verdiyi bəyanatda Azərbaycanın beynəlxalq sülhü və ədaləti ardıcıl müdafiə edəcəyini bildirdi. Bu ilin mayında Şuranın fəaliyyətinə rəhbərlik etməyə başlayan Azərbaycan ilk gündən öz öhdəliklərinə çox ciddi yanaşaraq, həm də bir sıra tədbirlərin təşəbbüskarı oldu. Mayın 4-də Azərbaycan Prezidentinin sədrliyi ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda Şuranın yüksək səviyyəli görüşü keçirildi. Cənab İlham Əliyev görüşdəki çıxışında terrorçuluğun sülh və təhlükəsizliyə, fundamental demokratik dəyərlərə, dövlətlərin siyasi müstəqilliyinə, ərazi bütövlüyünə və sosial-iqtisadi inkişafına ciddi təhdid olduğunu qeyd etməklə yanaşı, Azərbaycanın xaricdən dəstəklənən terrorçuluq fəaliyyətinin bilavasitə hədəfinə çevrildiyini diqqətə çatdırdı. Dövlət başçısı dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə yardım göstərməsinin əhəmiyyətini qeyd etdi. Yüksək səviyyəli görüşün nəticəsi kimi TŞ üzvləri adından qəbul olunmuş Şura Sədrinin Bəyanatında Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən məqam ondan ibarət oldu ki, bu sənəddə dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi vurğulandı.
Azərbaycanın sədrliyi müddətində TŞ-nin 13 açıq və 16 qapalı iclası keçirilmişdir, müxtəlif regionlarda münaqişələrə dair üç qətnamə qəbul olunmuş, dünyanın bir sıra ölkələrində sülh və təhlükəsizliyə qarşı yaranmış təhdidlərlə bağlı mətbuat üçün yeddi bəyanat verilmişdir. Cari il mayın 26-27-də isə İstanbulda TŞ-nin üçüncü ənənəvi illik səfər görüşü keçirildi. TŞ-yə sədrliyinin sonunda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda TŞ-də qeyri-rəsmi müzakirələr təşkil olundu. Azərbaycan TŞ-nin bütün üzvləri, BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, QHT-lər və media ilə sıx işbirliyi və əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə nail oldu. Əldə edilmiş təcrübə bundan sonra da dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldiləcəkdir.
- Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşündə respublikamızın müstəqil xarici siyasəti, bu sahədə qarşıda duran vəzifələr barədə danışdı. 2012-ci ildə Azərbaycanın dünyadakı mövqeyini necə xarakterizə edərdiniz? Xarici siyasətimiz hansı uğurlarla yadda qaldı və gələcəkdə hansı məsələlər Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edəcək?
- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, Ermənistan istisna olmaqla, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. İqtisadi potensialın gündən-günə güclənməsi, böyük maliyyə və insan resurslarına malik olması, iqtisadi, sosial, enerji, infrastruktur, ərzaq və s. sahələrdə milli təhlükəsizliyinin təmin edilməsi bu gün Azərbaycana imkan verir ki, tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütsün. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məntiqi nəticəsidir ki, dünyada Azərbaycanın tərəfdaşlarının, bizə dost ölkələrin sayı getdikcə artır. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada sözü eşidilən, mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur. Bütün bunlar xarici siyasətimizin prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana əlavə üstünlüklər verir, onun dominant mövqeyini şərtləndirir.
Azərbaycanın xarici siyasətinin uğurlarına gəldikdə, bir neçə mühüm məsələni qeyd etmək vacibdir. İlk növbədə, bu il Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar misli görünməmiş kampaniya təşkil edildi. Əlamətdar haldır ki, bu kampaniyada vətəndaş cəmiyyəti institutları, xaricdəki diaspor təşkilatlarımız fəal iştirak etdilər. Nəticədə dünyanın üç ölkəsinin - Pakistan, Kolumbiya və Meksikanın ali qanunverici orqanları rəsmi şəkildə Xocalı soyqırımını tanıdı. Beləliklə, Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil edilmiş kampaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasəti, torpaqlarımızın işğalı haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Digər mühüm hadisə bu ilin mayında Qoşulmama Hərəkatının İndoneziyada keçirilən 16-cı konfransında Azərbaycanın bu quruma tamhüquqlu üzv seçilməsidir. Azərbaycan Qoşulmama Hərəkatında müşahidəçi statusunda təmsil olunub və onun məqsəd və məramlarının öz xarici siyasətinin başlıca prinsiplərinə tam uyğun gəldiyinə əmin olduqdan sonra üzvlüklə bağlı öz qəti qərarını verib. Qoşulmama Hərəkatına üzvlük Azərbaycanın xarici siyasətinin genişlənməsi, bu qurumda təmsil olunan, lakin Azərbaycanla əlaqələri zəif olan dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün yeni imkanlar açdı. Hazırda Azərbaycan fəal şəkildə Latın Amerikası və Afrika ölkələri ilə əməkdaşlıq əlaqələri qurur. Əlamətdar hadisədir ki, digər nüfuzlu beynəlxalq təşkilatlar kimi, Qoşulmama Hərəkatı da öz qərar və yekun bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Yeri gəlmişkən qeyd edim ki, bu ilin mayında NATO-nun ABŞ-ın Çikaqo şəhərində keçirilən sammitində qəbul edilmiş bəyannaməyə Azərbaycan haqqında paraqrafın daxil edilməsi və ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi də mühüm hadisədir. Çünki sənədi imzalayanlar arasında dünyanın aparıcı ölkələri, eyni zamanda, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər vardır.
2012-ci ildə Qəbələ RLS-lə bağlı məsələnin Rusiya Federasiyası ilə qarşılıqlı anlaşma əsasında həlli, bir qədər əvvəl isə iki ölkə arasında dövlət sərhədlərinin tanınması haqqında sazişin imzalanması Prezident İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında növbəti böyük, tarixi xidmətləridir. Bununla da Azərbaycanın xarici siyasət doktrinasına, həmçinin yenicə üzv seçildiyimiz Qoşulmama Hərəkatının başlıca prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazisində digər dövlətlərin hərbi mövcudluğuna son qoyuldu. Digər tərəfdən, Qəbələ RLS Azərbaycanın həmin bölgəsinin turizm potensialına, orada yaşayan əhalinin sağlamlığına mənfi təsir göstərirdi, ekoloji problemlərin yaranmasına səbəb olurdu. İqtisadi rentabellik baxımından da stansiyanın saxlanması üçün heç bir əsas yox idi. Düşünürəm ki, Armavirdə “Voronej DM” adlanan yeni, daha güclü radiolokasiya stansiyasının istifadəyə verilməsindən sonra Qəbələ RLS-in fəaliyyətinin dayandırılması həm də Rusiyanın özünün maraqlarına cavab verirdi.
Qeyd edilməlidir ki, bəzi siyasi dairələr, xüsusilə Ermənistan və erməni lobbisi Qəbələ RLS-lə bağlı məsələni süni şəkildə qabardaraq Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhd etdilər. Lakin Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsində qeyd edildiyi kimi, Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də dinamik inkişaf etmişdir. İki ölkə arasında bütün məsələlər öz həllini tapmış, regionda və dünyada baş verən hadisələrlə bağlı siyasi məsləhətləşmələr, dialoq davam etdirilmiş, iqtisadi sahədə əmtəə dövriyyəsinin strukturu daha da yaxşılaşmışdır.
Prezident İlham Əliyev bu il Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşündə ikitərəfli formatın gücləndirməsini, bu formatda iqtisadi əməkdaşlıq məsələlərinin prioritetlər sırasına daxil edilməsini, Azərbaycan kapitalı üçün xarici ölkələrdə əlverişli investisiya mühitinin yaradılmasını xarici siyasətin vəzifələri kimi müəyyənləşdirdi.
Diaspor təşkilatlarının fəaliyyətinin daha da genişləndirilməsi, onların xarici ölkələrdəki səfirliklərimizlə əlaqələrinin gücləndirilməsi vacib məsələlərdəndir. Son illər Azərbaycanın diaspor təşkilatlarının sayı artır, onların fəaliyyətinin keyfiyyəti yüksəlir. Ayrı-ayrı vaxtlarda keçirilən nümayişlər, etiraz aksiyaları, digər tədbirlər göstərir ki, biz doğrudan da güclü diaspor hərəkatı yarada bilmişik.
Bütün bu məsələlərlə yanaşı, Prezident İlham Əliyev qarşıdan gələn illərdə enerji diplomatiyasının daha fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğuladı. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşlardan birinə çevrilib. Avropa İttifaqına üzv olan bəzi ölkələrin enerji balansında Azərbaycan neftinin payı 35-40 faizə yaxındır. Azərbaycanın 80 faiz paya malik olduğu Trans-Anadolu Qaz Kəməri layihəsi işə salındıqdan sonra, ölkəmiz Avropanın qaz bazarında da önəmli amilə çevriləcək. Qeyd edilməlidir ki, bu ilin iyununda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı TANAP layihəsi ilə bağlı Türkiyə ilə Azərbaycan arasında razılaşma imzalandı. Artıq bəzi ölkələr TANAP-da iştirak etmək niyyətlərini ortaya qoyurlar və onların tərəfdaş kimi bu layihəyə cəlb edilməsi istisna olunmur.
Enerji diplomatiyasına paralel olaraq mədəniyyət diplomatiyası daha da genişləndirilir. Son illər, xüsusilə 2012-ci ildə müxtəlif ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzləri yaradıldı, mədəni-kütləvi tədbirlər keçirildi. Həmin mərkəzlər Heydər Əliyev Fondu və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın xüsusi səyi ilə xalqımızın tarixini, mədəni irsini, incəsənətini və s. təbliğ etmək funksiyasını yerinə yetirirlər. Bu ilin sentyabrında Parisdə Fondun dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtından birində təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardandır.
- 2012-ci il “İdman ili” çərçivəsində ölkədə çoxsaylı turnirlər keçirildi, idmançılarımız ardıcıl qələbələr qazandılar. “İdman ili”nin yekunlarını qənaətbəxş hesab etmək olarmı?
- Şübhəsiz, 2012-ci il idmançılarımızın möhtəşəm qələbələri, Azərbaycanda dünya səviyyəli turnirlərin keçirilməsi ilə yadda qalacaqdır. Prezident İlham Əliyevin ölkədə idman infrastrukturunun inkişaf etdirilməsinə diqqət və qayğısı, gənclərin kütləvi şəkildə idmana axınının təmin edilməsi, sözsüz ki, belə yüksək nailiyyətlərin əldə olunmasının başlıca səbəbidir.
Bu il London Yay Olimpiya Oyunlarında idmançılarımız ikisi qızıl, ikisi gümüş, altısı bürünc olmaqla 10 medal qazandılar və Azərbaycan dünyanın 204 ölkəsi arasında 30-cu, Avropanın 54 ölkəsi arasında 15-ci yeri tutaraq milli olimpiya tariximizdə rekord nəticə əldə etdi. Paralimpiyaçılarımız isə dördü qızıl olmaqla 12 medal əldə edərək dünyada 27-ci yeri qazandılar.
Ümumilikdə, 2012-ci ildə Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda 750-dən çox medal qazanmışlar ki, onlardan da 255-i qızıldır.
Cari ildə Azərbaycanda çoxsaylı mötəbər beynəlxalq yarışlar keçirilib. Onların sırasında 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı xüsusilə qeyd edilməlidir. Azərbaycan tarixində ilk dəfə dünya səviyyəli turnir təşkil edildi və bu, ölkəmiz üçün yeni təcrübə idi. Dünya çempionatının yüksək səviyyədə təşkili həm iştirakçılar və qonaqlar, həm də beynəlxalq futbol federasiyaları tərəfindən müsbət qiymətləndirildi.
Hazırda Azərbaycanda idman infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı səylər gücləndirilir. Bu il daha iki Olimpiya mərkəzi istifadəyə verildikdən sonra bölgələrdə tikilmiş müvafiq komplekslərin sayı 35-ə çatdı. Hazırda 8 kompleksdə tikinti işləri davam etdirilir və daha bir neçə kompleksin tikintisi nəzərdə tutulur.
“Eurovision-2012” ərəfəsində Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmir edildi, bir müddət sonra isə ”Səkkizinci kilometr" stadionu tikilərək istifadəyə verildi. Dekabrın 21-də isə Prezident İlham Əliyev Bakıda “Azəryol” klubunun inzibati binasının və voleybol meydançasının açılışında iştirak etdi.
Azərbaycanda idmanın inkişafına böyük diqqət, idmançılarımızın ardıcıl qələbələri, ölkədə idman infrastrukturunun əsaslı şəkildə inkişaf etdirilməsinin nəticəsidir ki, bu il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. Bununla da Azərbaycan Avropa Olimpiya hərəkatının tarixinə düşdü.
- Əli müəllim, 2012-ci ildə daha hansı hadisələrin əhəmiyyətini vurğulamaq istərdiniz?
- Bilirsiniz, bu il Azərbaycanda keçirilən dünya və beynəlxalq səviyyəli tədbirlərin sayı həddən artıq çox olmuşdur. Sosial, iqtisadi, humanitar və digər sahələrdə qlobal əhəmiyyətli məsələlərin müzakirəsi, müasir dövrün çağırışlarına cavab axtarışları Bakının nəinki regional, demək olar ki, dünya səviyyəli intellektual mərkəzə çevrildiyini göstərir. Bakıda İkinci Beynəlxalq Humanitar Forumun keçirilməsi göstərdi ki, Azərbaycan artıq qlobal səviyyədə humanitar məsələlərin həlli üçün əlverişli məkana çevrilib. Bunu təsdiq edən faktlardan biri də artıq ikinci dəfə dünya elitasının Bakıda toplaşması oldu. 10 ölkənin keçmiş dövlət başçısı, 11 Nobel mükafatı laureatı, dünyada tanınmış elm, mədəniyyət elitasının nümayəndələri, ümumilikdə, 62 ölkəni təmsil edən 600-dən çox qonağın Bakıda toplaşması, əlbəttə, əlamətdar hadisədir.
Bu il Azərbaycanda keçirilmiş mühüm tədbirlərdən biri də İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısı olmuşdur. Sammitdə Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Tacikistan prezidentləri, Türkiyənin Baş naziri, habelə digər üzv ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak etmişlər. Qeyd edilməlidir ki, Azərbaycan İƏT-də təmsil olunduğu müddətdə çoxtərəfli regional əlaqələrin və üzv ölkələrlə ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət vermiş, bu məqsədlə qurumda təmsil olunan dövlətlərlə 10 müqavilə bağlamışdır. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da təşkilat çərçivəsində regional əməkdaşlığın inkişaf etdirilməsinə və üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulamışdır. Sammitdə Azərbaycanın İƏT sədri seçilməsi üzv ölkələr üçün bu təşkilatın əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın mühüm coğrafi əhəmiyyəti, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, strateji əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun dünya standartlarına uyğun inkişaf etdirilməsi yaxın gələcəkdə Azərbaycanın nəqliyyat sahəsində regionun mərkəzinə çevrilməsinə şərait yaradır.
2012-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət Forumunun, “Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfransın, “Rusiya-Azərbaycan dialoqu-2012” üçüncü Rusiya-Azərbaycan Regionlararası Forumun, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının, din və dövlət mövzusunda Beynəlxalq konfransın, Qəbələdə IV Beynəlxalq Musiqi Festivalının və s. onlarla digər adlarını çəkmədiyim tədbirlərin keçirilməsi təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi mərkəz statusunu qazanıb.
Bu il Macarıstanın paytaxtı Budapeşt şəhərində məhbus həyatı yaşayan azərbaycanlı zabit Ramil Səfərov Azərbaycana verildi və əfv edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları, erməni lobbisinin güclü müqaviməti nöqteyi-nəzərindən Ramil Səfərovla bağlı problemin həlli kifayət qədər mürəkkəb, ciddi səylər tələb edən məsələ idi. Azərbaycan xalqının yekdil mövqeyi ondan ibarət idi ki, R.Səfərova həddən artıq ağır cəza verilib və o, 10 ilə yaxın məhbus həyatı sürməklə artıq öz cəzasını çəkib. Hüquqi nöqteyi-nəzərdən təhqir edildiyinə görə stress vəziyyətinə düşmüş, Xocalı kimi soyqırımı yaşamış, çoxlu sayda əzizlərini itirmiş bir insanın qətlə görə 30 il müddətinə azadlıqdan məhrum edilməsi son dərəcə qeyri-mütənasib qərar idi. Bütün bu reallıqları, Azərbaycan xalqının arzu və istəklərini nəzərə alan Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın müvafiq orqanları xarici hüquq şirkətləri ilə birlikdə R.Səfərovun verilməsinin reallaşdırılması üçün ciddi iş apardılar. Nəticədə beynəlxalq hüquq normalarına tam uyğun olaraq R.Səfərovun Azərbaycana gətirilməsi mümkün oldu və Prezident İlham Əliyevin fərmanı ilə, o, əfv edildi.
2012-ci il həm də Azərbaycan gənclərinin uğurları, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında onların rolunun və fəallığının artması ilə yadda qaldı. Ümummilli lider Heydər Əliyev sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin mühüm vəzifəsi hesab edirdi. Ulu öndərin gənclər siyasətinin əsas məqsədi müstəqil Azərbaycanda öz milli-mənəvi irsinə sahib çıxan, geniş intellektə və dünyagörüşünə malik, fiziki cəhətdən sağlam, əqidəli, Azərbaycanın sabahı naminə məsuliyyəti öz üzərinə götürməyi bacaran yeni bir nəsil formalaşması olmuşdur. Bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır.
Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin reallıqlarından, sabitlikdən, əmin-amanlıqdan, inkişafdan faydalanır. Dövlət başçısı çoxsaylı gənclər mərkəzlərinin açılışında iştirak edir, regionlara səfərləri zamanı gənc nəslin nümayəndələri ilə görüşür, daim onlarla təmasda olur. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması, Gənclər Fondunun təsis edilməsi, gənclərin dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərində təhsil almalarına şərait yaradılması, gənclər mərkəzlərinin istifadəyə verilməsi və digər tədbirlər Azərbaycan Prezidentinin gənclər siyasətində sistemli yanaşmanın olduğunu göstərir.
Bu il Bakıda Azərbaycan gənclərinin təşkilatçılığı ilə çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli tədbirlər keçirilib. Onların arasında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını xüsusi qeyd etmək istərdim. Dünya azərbaycanlı gənclərinin təşkilatlanmasının təməli Rusiya Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ilə qoyulmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaranan bu təşkilat həqiqətən də Azərbaycan gəncliyinin vahid amal uğrunda səfərbər olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük işlər görür. Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan hakimiyyətinin, Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan gəncliyi yüksək fəallıq nümayiş etdirdi. Dünyanın 70-dək ölkəsində aksiyalar, konfranslar və s. tədbirlər təşkil olundu.
Buna görə də Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcəkdir.
- Əli müəllim, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Ölkə üçün taleyüklü bu məsələ artıq ictimaiyyətdə geniş müzakirə olunur. Seçkilərlə bağlı sizin fikrinizi öyrənmək maraqlı olardı.
- Əlbəttə, prezident seçkiləri ölkənin gələcək taleyini müəyyən edən mühüm ictimai-siyasi aksiyadır və buna görə də həmişə cəmiyyəti qayğılandıran ən əhəmiyyətli məsələlər sırasına daxildir. Azərbaycanda seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şərait təmin edilib. 2013-cü il prezident seçkiləri də bu mənada istisna olmayacaqdır. Şübhəsiz, insanlar seçimlərini edərkən bu günün reallıqlarını rəhbər tutur və qarşıdan gələn dövrdə ölkənin inkişafını təmin edə biləcək liderə səs verirlər. Bu günün reallığı ondan ibarətdir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir.
Cənab İlham Əliyev öz prezidentlik fəaliyyətində daim xalqa söykənir və onun yüksək etimadına arxalanır. Dövlət başçısı tərəfindən qəbul edilən bütün qərarlar cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəyə rəhbərliyi dövründə - 2003-cü ildən bu günə kimi cənab Prezident xalqın etimadını, gözləntilərini, arzu və istəklərini öz əməli fəaliyyəti ilə tam doğrultmuşdur. İctimai rəyin öyrənilməsini həyata keçirən müstəqil sorğu mərkəzlərinin araşdırmaları göstərir ki, bu günə kimi Azərbaycanın inkişafı ilə bağlı həyata keçirilən siyasət və sistemli tədbirlər qarşıdan gələn dövrdə də davam etdirilməli, 10 illik perspektivə hesablanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır. Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcəkdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.