Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri cəbhə bölgəsində yaşayan əhalinin qələbə əzmini və ruh yüksəkliyini daha da artırmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi səfərlərinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağının ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin əzəmətli zalında keçirilməsi heç də təsadüfü deyil.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi səfərlərinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağının ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin əzəmətli zalında keçirilməsi heç də təsadüfü deyil. Məsələ burasındadır ki, ölkə Prezidentinin Füzuliyə səfəri zamanı açılışında iştirak etdiyi obyektlərdən biri də Heydər Əliyev mərkəzi idi. Müasir və milli memarlıq elementləri ilə zəngin olan və 300 nəfərlik bu yaraşıqlı iclas zalında istər regional, istərsə də respublika səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Fəallar yığıncağında Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ölkə Prezidenti İlham Əliyevin rayona səfərinin yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə etmişdir. Yekdilliklə belə bir fikir ifadə edilmişdir ki, ölkə Prezidentinin növbəti səfəri, keçirilən görüş və söhbətlər, bir sıra müxtəlif təyinatlı obyektlərin açılışı, görülüb başa çatdırılmış işlərə verilən yüksək qiymət böyük ruh yüksəkliyi və əmək coşğunluğu yaratmış, insanların sabaha olan inam və ümidlərini daha da artırmışdır. İcra başçısı vurğulamışdır ki, ölkəmizin əldə etdiyi hər bir uğur, hər bir nailiyyət möhtərəm Prezidentimizin adı ilə bilavasitə bağlıdır. Respublikamız günbəgün çiçəklənir, həyatın istənilən sahəsində artan templə inkişaf edir. Bu artıq bir reallıqdır və bu reallığı yaradan başlıca amil ulu öndər, ümummilli lider Heydər Əliyevin vəsiyyətinə, onun siyasi dəsti-xəttinə və kursuna olan sadiqliyin, ehtiram və hörmətin nəticəsidir.

Yüksək şərəf və fəxarət hissi ilə demək olar ki, Azərbaycanın daxili və xarici siyasətdə qazandığı saysız- hesabsız uğur və nailiyyətlər, xalqın güzəranının, həyat şəraitinin yaxşılaşması istiqamətində atılan addımların səmərəli nəticələri, digər tərəfdən beynəlxalq arenada günü-gündən güclənən möhkəm və hərtərəfli mövqeyimiz, bir sözlə, qüdrətli Azərbaycan dövlətinin bugünkü inkişaf mənzərəsi ölkə Prezidentinin gecəli-gündüzlü yorulmaz və sarsılmaz fəaliyyətinin nəticəsidir.

Aparılan uğurlu daxili siyasətimizin bariz nümunəsi özünü nəinki paytaxt Bakının, eləcə də respublikanın bütün regionlarının, o cümlədən, Füzuli rayonunun da hərtərəfli inkişafında göstərməkdədir. Belə ki, respublika Prezidentinin 15 dekabr 2012-ci il tarixdə Füzuli rayonuna səfəri uşaqdan böyüyə hər bir sakininin ürəyində sabaha inamı, yaşamaq həvəsini, qurub-yaratmaq eşqini daha da alovlandırmışdır.

Prezidentin Füzuliyə hər səfəri cəbhə bölgəsində, döyüş xəttində yaşayan sakinlərə sonsuz sevinc, xoşbəxtlik və səadət gətirmişdir. Belə ki, 2008-ci ildə ölkə rəhbərinin səfəri zamanı ən vacib sosial problemlərdən biri olan təbii qaz problemi həll edilmişdir. İndi rayonda 5 mindən artıq ailənin evində mavi yanacaq alovlanır.

2010-cu ildə isə füzulililərə Muğam mərkəzi, İdman kompleksi, Müalicə Diaqnostika mərkəzi hədiyyə edilmişdir. İndi ən ağır xəstələrin müayinəsi üçün uzaq yol qət edib Bakıya, hansısa xarici ölkəyə getməyə ehtiyac yoxdur. Həmin müəssisə əhaliyə normal xidmət göstərir.

Füzulililər ölkə rəhbərinin diqqət və qayğısını hər an hiss edirlər. 13 iyul  2011-ci il tarixli sərəncamla rayonun 8 yaşayış məntəqəsinin 16 min nəfər əhalisinin istifadə etdiyi bərbad vəziyyətdə olan 17,9 kilometrlik yolun bərpası nəzərdə tutulmuşdu. İşlər yüksək səviyyədə həyata keçirilmişdir. Nəticədə 25 min nəfər əhalinin istifadə etdiyi 15 yaşayış məntəqəsini birləşdirən 34 kilometrlik yol çox keyfiyyətlə bərpa olunmuşdur və əhali bir ildən artıqdır ki, həmin yoldan istifadə edir.

İşğal dövrü dağıdılmış Horadiz şəhəri öz simasını tamam dəyişmişdir. Son il yarım ərzində Horadiz şəhərində Heydər Əliyev mərkəzi, Heydər Parkı, YAP rayon təşkilatının binası, Gənclər mərkəzi, Mədəniyyət sarayı, Şahmat məktəbi və başqa binalar, park və xiyabanlar tikilmiş, Heydər Əliyev prospekti salınmış, küçələr müasir dizaynla düzəldilmiş, 50 mindən artıq müxtəlif ağac əkilmiş, müasir işıq sistemi quraşdırılmışdır. Horadiz müasir Avropa şəhərinə çevrilmişdir. Əhali bu gözəlliklə fəxr edir, göstərilən diqqət və qayğıya görə sonsuz minnətdarlıqlarını bildirirlər.  Füzulili məcburi köçkünlər dövlət təminatı ilə əhatə olunmuşlar. Belə ki, təkcə çörək pulu, işıq, qaz, su və torpaqla bağlı imtiyazların hesabına hər il onlara 40 milyon manata qədər təmənnasız köməklik göstərilir. Bura tikinti-abadlıq işlərini, güzəştli kreditləri, əkinlə bağlı subsidiyaları, müxtəlif yardımları da əlavə etsək füzulililərə olan qayğının miqyası özünü daha aydın göstərər.  Məlumdur ki, ölkəmizin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən çox aslıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də öz bəhrəsini verməkdədir. Ölkə rəhbərinə olan inamın, yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bir çox iş adamları, imkanlı şəxslər döyüş bölgəsi olan Füzulidə sahibkarlıq fəaliyyətlərini genişləndirərək ərzaq bolluğu  yaradırlar. Məsələn, Qarabağ kəndində ildə 3-3,5 min ton quş əti istehsal edəcək “Qarabağ-Broyler” MMC, Əhmədbəyli kəndində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayacaq anbar, Kərimbəyli kəndində 2,5 hektar ərazini əhatə edən “Qarabağ” və Horadiz şəhərində istirahət mərkəzləri tikilmişdir.

Bütün bu uğurların nəticəsi isə yeni iş yerlərinin yaradılmasında özünü göstərir.

Belə bir fakt xüsusilə böyük razılıq doğurur ki, ölkə Prezidentinin Füzuliyə ilk gəlişindən ötən müddət ərzində həyata keçirilmiş tədbirlər sayəsində rayonda 2504 yeni daimi iş yeri yaradılmışdır. Ölkə rəhbərinin son səfərində açılışını etdiyi yeni müəssisələrdə isə 300 nəfərdən artıq adam daimi işlə təmin olunacaqdır.

Fəallar yığıncağında ölkə rəhbərinin belə bir nikbin və qətiyyətli fikri dönə-dönə səsləndi ki, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzu və iqtisadi qüdrəti onunla nəticələnəcək ki, işğal altında olan torpaqlarımız yağı düşməndən azad olunacaq və bu cür abadlıq, quruculuq işləri  həmin ərazilərdə də uğurla davam etdirələcəkdir. O günə isə çox az qalıb.

Füzuli Rayon İcra Hakimiyətinin başçısı Alı Alıyev yığıncaq iştirakçılarının belə bir yekdil fikrini bir daha bəyan etmişdir ki, ölkə Prezidenti İlham Əliyevin rayona növbəti səfəri, keçirilən görüş və söhbətlər eləcə də bölgənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncam cəbhə xəttində yaşayan əhali arasında böyük ruh yüksəkliyi yaratmış, işlərin daha sürətlə aparılmasına güclü stimul vermişdir. Bu diqqət və qayğıya görə rayon sakinləri ölkə rəhbərinə sonsuz təşəkkür və minnətdarlıqlarını bildirir, bu diqqət və qayğıya konkret əməli işlə cavab verəcəklərini bəyan edirlər.

Fəallar yığıncağında Aşağı Yağlıvənd kəndindən veteran müəllim Heydər Hacıyev, YAP rayon təşkilatının sədri Almaz Həşimova, rayon icra hakimiyyəti başçısının Füzuli şəhəri üzrə nümayəndəsi Şakir Hacıyev, YAP gənclər təşkilatının sədri Tural Nəbiyev çıxış edərək ölkə Prezidentinin Füzuliyə səfərinin əhali arasında doğurduğu yüksək əhval-ruhiyyədən, sonsuz inam və ümiddən, qarşıda duran konkret vəzifələrdən danışmışlar.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında