Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin bugünkü tərəqqisini təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi misilsiz xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son doqquz ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Cənab İlham Əliyevin reallaşdırdığı sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi - iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son doqquz ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin mükəmməl siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Heydər Əliyev siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Ulu öndər Heydər Əliyevin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarmış, dahi öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Son doqquz ildə həyata keçirilən tədbirlərə nəzər salanda, görülən işləri müqayisəli şəkildə təhlil edəndə yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı, ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş vermişdir. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamışdır. Hazırda iqtisadi inkişaf tempinə görə, dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurmuş, orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirmişdir. Respublikamızda yoxsulluğun səviyyəsi 49 faizdən 5,1 faizə qədər enmişdir.
Bu dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmiş və regionda ümumi gəlirin 75 faizi respublikamızın payına düşür. Bütün bunlar əsasən ölkədə aparılan düşünülmüş siyasətlə bağlıdır. Əsası ümummilli liderimiz tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə doğru aparır.
Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə ki dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına, - məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bugünə qədər artıq ikinci dövlət proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır”.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında da özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. Bu, həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Dövlət başçımızın regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət Proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Həmin proqramların icrasına başlanandan, yəni 2004-cü ilin fevralından indiyə qədər ölkəmizdə bir milyondan çox iş yeri açılmışdır. Yeni iş yerlərinin yaradılması, müasir standartlara cavab verən müəssisələrin işə salınması istehsal olunan malların sayını artırmış, ixracdan asılılığı azaltmışdır.
Son doqquz ildə aqrar sektorda da mühüm uğurlar əldə edilmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqrar sektorda ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə, aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılmasına, aqrar bölməyə maliyyə dəstəyinin artırılmasına, bu bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsinə mühüm önəm verilmişdir.
Ötən dövrdə əldə olunan makroiqtisadi nəticələr milli iqtisadiyyatın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Bununla əlaqədar cari ilin mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev demişdir: “Son doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır. Doqquz ildə iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik kəskin şəkildə azalmışdır. Bir milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda işsizlik Azərbaycanda 5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim üçün problem deyildir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir. Dünya üçün, qitə üçün ən çətin böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Üç əsas beynəlxalq reytinq agentlikləri ”Moody’s", “Fitch”, “Standard & Poors” Azərbaycanın kredit reytinqini artırırlar".
Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun olaraq sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin genişləndirilməsi də sənayeləşmə siyasətinin prioritetlərindəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, müasir sənaye komplekslərinin və texnoparkların, o cümlədən Sumqayıt kimya sənaye və Balaxanı sənaye parklarının yaradılması qeyri-neft sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını sürətləndirəcək, yerli və xarici investisiyaları stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək və iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına öz müsbət töhfəsini verəcəkdir.
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.
Yuxarıda deyilənlərlə əlaqədar bəzi faktlara diqqət yetirək:sözügedən dövrdə Azərbaycanda 2,5 min kilometrdən artıq respublika əhəmiyyətli, 4 min kilometrdən çox yerli əhəmiyyətli avtomobil yolları, eyni zamanda 170-dən artıq körpü, tunel və yol bağlantıları istifadəyə verilmişdir. Son 10 il ərzində Azərbaycanda yük daşımalarının orta illik artımı 3,8, tranzit daşımaların orta illik artımı 6,6, sərnişin daşımalarının orta illik artımı isə 6,1 faiz təşkil etmişdir. Hazırda nəqliyyat sektorunun ÜDM-də payı 5,6 faizə çatmışdır.
Xarici iqtisadi əməkdaşlıq və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından da ciddi uğurlar əldə olunmuşdur. Beynəlxalq səviyyədə ikitərəfli, çoxtərəfli və regional əməkdaşlıq dərinləşdirilmiş, Azərbaycanın regionda liderlik mövqeyi daha da güclənmişdir. Sürətli iqtisadi inkişaf, maliyyə imkanlarının artması Azərbaycanı investisiya ixracatçısına çevirmiş və artıq xarici ölkələrə 6 milyard dollardan çox sərmayə yatırılmışdır. “Qlobal innovasiya indeksi-2011" hesabatına əsasən, idxalda yüksək texnologiyalı məhsulların xüsusi çəkisinə görə Azərbaycan dünya ölkələri arasında 30-cu, MDB-də isə birinci yerdədir.
BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan artıq yüksək inkişaf etmiş ölkələr sırasına daxil olmuşdur. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilmişdir. Bu isə 2003-cü illə müqayisədə 10 dəfə çoxdur. Əvvəlki illərdəki artımlarla yanaşı, 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı orta hesabla 10 faiz, 900 min pensiyaçının əmək pensiyası isə orta hesabla 40 faizədək artırılmışdır.
Dövlət başçısının daim diqqətində olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, müasir standartlara cavab verən yeni yaşayış qəsəbələrinin salınması, çoxmərtəbəli binaların tikintisi həyata keçirilmişdir. Görülən işlər nəticəsində məcburi köçkünlərin yoxsulluq səviyyəsi 4,1 dəfə azalmışdır. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 4,6 milyard dollar, o cümlədən Dövlət Neft Fondundan 1 milyard dollar xərclənmişdir.
Əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımların mühüm tərkib hissəsi səhiyyə sisteminin inkişaf etdirilməsindən və əhalinin sağlamlığının qorunmasından ibarətdir. Son illər 400-dən artıq yeni tibb müəssisəsi tikilib istifadəyə verilmiş və onların müasir tibbi texnika və avadanlıqlarla təchiz olunması təmin edilmişdir.
Kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi çərçivəsində ölkədə əhalinin elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatının daha da yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər reallaşdırılır. Bakı şəhəri əhalisinin yüksək keyfiyyətli içməli su təminatının yaxşılaşdırılması məqsədilə Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.
Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı əhəmiyyətli rol oynayır. Dövlət başçımızın həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Hazırda Azərbaycanda ümumi daxili məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyillər özünü göstərməkdə davam edir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.
Sahibkarlığın inkişafı sahəsində nailiyyətlərin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş qanunlar və dövlət proqramları xüsusi əhəmiyyətə malikdir. Qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlər bu sahənin tərəqqisinə müsbət təsir göstərir. Sahibkarlığın inkişafı üzrə dövlət tədbirləri Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xüsusilə dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər reallaşdırılmış, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Dövlət proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etmiş, bu tədbirlər vahid strategiyanın həyata keçirilməsinə yönəldilmişdir. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmiş, bu münasibətlərin institusionallaşdırılması reallaşmışdır. Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir.
Prezident İlham Əliyevin davamlı və dinamik inkişafa, sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi siyasəti nəticəsində milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Dövlət başçısı ötən doqquz ildə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm vermişdir. Məhz elə buna görədir ki, son illərdə fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır. Yeri gəlmişkən, cari ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2327 investisiya layihəsinin maliyyələşdirilməsinə 209 milyon manatdan çox güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8800-dək yeni iş yerinin yaradılmasına imkan verir.
Dövlət başçımızın uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
Ölkəmizdə rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil olunur və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsi və Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktlarıdır. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır”.
Yuxarıda sadalananlarla yanaşı, diqqəti bir məqama da yönəltmək istərdim. Cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu da yeni dövrün tələblərinə uyğun zənginləşdirmişdir. Bununla möhtərəm dövlət başçımız Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur. Xatırladaq ki, böyük dövlətlərlə qarşılıqlı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq ölkə Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas istiqamətləridir.
Azərbaycanın dünyada əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz də son doqquz ilin unudulmaz tarixi hadisələrindən biridir. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində BMT-nin 193 üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaradır. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalacaqdır.
Ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız bundan sonra da doğma Azərbaycanın çiçəklənməsi naminə bütün səy və biliklərini əsirgəməyəcək, ölkəmizin daha da qüdrətlənməsi üçün cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklər.
Elşad ABBASOV,
“Embawood” şirkətinin prezidenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.