Müstəqillik dövrünün əsas hədəfi: MÜASİR VƏ MODERN AZƏRBAYCAN. (əvvəli 19 dekabr 2012-ci il tarixli sayımızda)

İqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının fəaliyyət dairəsinin genişlənməsi, onların dövlət dəstəyinə ehtiyac duyması, Avratlantik məkana inteqrasiya prosesinin dinamizminin yüksəlməsi, həmçinin digər mütərəqqi yeniliklər bir müddət sonra Azərbaycan Konstitusiyasında yenidən əlavə və dəyişikliklər edilməsini obyektiv tələbata çevirmişdi.

(əvvəli 19 dekabr 2012-ci il tarixli sayımızda)

İqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının fəaliyyət dairəsinin genişlənməsi, onların dövlət dəstəyinə ehtiyac duyması, Avratlantik məkana inteqrasiya prosesinin dinamizminin yüksəlməsi, həmçinin digər mütərəqqi yeniliklər bir müddət sonra Azərbaycan Konstitusiyasında yenidən əlavə və dəyişikliklər edilməsini obyektiv tələbata çevirmişdi. 2009-cu il martın 18-də Milli Məclisin qərarı və Konstitusiya Məhkəməsinin rəyi əsasında referenduma çıxarılmış yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyət daşıyan məsələlərin Əsas Qanunda daha dolğun təsbit olunmasına xidmət edirdi.

Bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycanın yeritdiyi uzaqgörən siyasətin qayəsində sosialyönümlü məsələlərin prioritet təşkil etməsi, “sosial dövlət” modelinin yaradılması məqsədi Konstitusiyanın 15-ci maddəsinə təklif edilən dəyişiklikdə əksini belə tapmışdır: “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Azərbaycan demokratik dəyərlərin inkişafını prioritet kimi qəbul edən hüquqi və dünyəvi dövlət olduğundan zəruri əlavə və dəyişikliklərin Konstitusiyada öz əksini tapması demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasının məntiqi nəticəsidir. Konstitusion tələblər və dəyərlər əsasında göstərilən fəaliyyət, ümumi mənafelərin həyata keçirilməsi üçün şəxsiyyət, cəmiyyət və dövlət arasında Konstitusiyanın müəyyən etdiyi çərçivədə birgə səmərəli əməkdaşlıq, şübhəsiz ki, Əsas Qanunun qarşıya qoyduğu məqsədlərin daha dolğun reallaşmasına imkan verəcəkdir.

Aparılan islahatlar kursunun uğur qazanmasında, eləcə də insan hüquq və azadlıqlarının təmin olunmasında Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamı müstəsna əhəmiyyət kəsb edən mükəmməl sənəddir.

Bəşəriyyətin alternativsiz yaşam tərzinə çevrilmiş demokratiya dünya xalqlarının sosial-iqtisadi, mədəni və intellektual inkişaf baxımından bu prosesə hazırlığı ilə şərtlənir. Demokratik dəyər və normaların cəmiyyətdə bərqərar olması, möhkəmlənməsi üçün, ilk növbədə, insanların rifah səviyyəsi, yaşam və düşüncə tərzi müasir tələblərə uyğunlaşdırılmalı, ciddi yüksəliş baş verməlidir. Demokratiyanın fundamental şərti azadlıqdır. Azadlıq təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin, yüksək rifahın hakim kəsildiyi cəmiyyətlərdə mümkün ola bilər.      

Müasir dövrdə vətəndaş cəmiyyəti ictimai həyatı təşkil edən və tənzimləyən qüdrətli sferaya çevrilməklə, demokratik dövlətin dialektik inkişafının mühüm bir mərhələsini təşkil edir. Vətəndaş cəmiyyətinə, onun azadlıq, hüquq, əxlaq, mülkiyyət problemlərinə dair konsepsiyanın yaradıcılarından olan böyük mütəfəkkir İ. Kant qeyd edirdi ki, ayrı-ayrı fərdlərin azadlığı ilə hamının azadlığının nisbətində başlıca amil vətəndaş cəmiyyətinin formalaşmasıdır. Çağdaş politologiya vətəndaş cəmiyyətini dövlətdən asılı olmayan, lakin dövlətlə birlikdə inkişaf etmiş hüquqi münasibətlər yaradan, yüksək sosial, iqtisadi, siyasi, mədəni və əxlaqi statusa malik olan cəmiyyət kimi belə səciyyələndirir:

-Vətəndaş cəmiyyəti əmək vasitəsilə öz üzvlərinin tələbatını təmin edən və müəyyən inkişaf mərhələsində olan insan birliyi formasıdır;

-fərdlərin könüllü formalaşmış ilkin birlikləri (dövlət və siyasi strukturlardan başqa) kompleksidir;

-cəmiyyətdə qeyri-dövlət münasibətlərinin məcmusudur;

-vətəndaş cəmiyyəti dövlət hakimiyyəti tərəfindən fəaliyyətlərinə birbaşa müdaxiləyə və bu fəaliyyətlərin reqlamentləşdirilməsinə yol verilməyən azad individlərin və onların birliklərinin özünütəzahür sferasıdır.

Vətəndaş cəmiyyəti konsepsiyası dövlət strukturlarından kənarda duran bütün təşkilat və birlikləri əhatə edir. Bütün sosial-siyasi oriyentasiyalı qeyri-hökumət təşkilatlarından əlavə buraya həmkarlar ittifaqları, ticarət palataları, peşə kollegiyaları, sindikatlar,  etnik assosiasiya və siyasi partiyalar da daxildirlər.

Qərb ölkələrinin zəngin inkişaf təcrübəsinin təhlili göstərir ki, demokratikləşmə prosesinin sürətlənməsi təkcə iqtisadi tərəqqi ilə deyil, həm də cəmiyyətdə sabitliyin, hüquq qaydalarına riayət olunmasının, qanunçuluğun  gücləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılmasına istiqamətlənmiş islahatların dərinləşdirilməsi ilə şərtlənir. Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin əsas istiqamətlərindən biri məhz vətəndaş cəmiyyəti institutlarının inkişafına dövlət dəstəyinin göstərilməsidir. Sivil dövlətin vacib atributlarından sayılan qeyri-hökumət təşkilatları bu gün Azərbaycanda geniş fəaliyyət göstərirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 27 iyul 2007-ci il tarixli sərəncamı dövlətlə qeyri-hökumət sektoru arasında əməkdaşlığın inkişafı, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi istiqamətində dövlət siyasətinin mühüm aspektlərini hərtərəfli əhatə edir. Bu sərəncamda ölkənin inkişafı üçün əhəmiyyət kəsb edən mühüm vəzifələrin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və bu yöndə həyata keçirilən layihələr barədə onlara məlumat, metodiki, təşkilati-texniki, maliyyə yardımları göstərilməsi prioritet istiqamət kimi dəyərləndirilir. QHT-lərin tərəfdaş kimi tanınmasını rəsmiləşdirən, onların ölkənin siyasi sistemində yerini möhkəmləndirən tədbirlərin reallaşdırılması üçün 2008-ci ildən başlayaraq üçüncü sektorun təmsilçilərinə dövlət büdcəsi hesabına qrantlar ayrılır, maliyyə dəstəyi göstərilir. Azərbaycan dövləti bu addımı atmaqla bir tərəfdən vətəndaş cəmiyyətinin, demokratik proseslərin dərinləşməsinin qarantına və himayəçisinə çevrilir, digər tərəfdən də mövcud sosial problemlərin, insan hüquq və azadlıqları, söz, fikir azadlığı ilə bağlı məsələlərin həllində cəmiyyətin potensialını hərəkətə gətirmək niyyətini ortaya qoyur.

Dünya dövlətlərinin tarixi təcrübəsi göstərir ki, azad rəqabətə əsaslanan iqtisadi inkişafın, tarixən, üç əsas modeli mövcuddur. Avropanın klassik kapitalist ölkələri təbii-tarixi inkişaf yolu keçmişlər. Bu modelin xas olduğu ölkələr ticarət kapitalizmindən yüngül sənayeyə, sonra isə ağır sənayenin inkişafına doğru təkamül yolu ilə irəliləmişlər. Sərbəst iqtisadiyyat şəraitində ortaya çıxan marginal model, ilk növbədə, dövlətin marağında olan sahələrin inkişafına üstünlük verir. Digər sahələrin inkişafına lazımi diqqət yetirilməməsi sosial-iqtisadi sferada qeyri-bərabərliyi gücləndirir və bu da həmin modelin əsas çatışmazlıqlarından biridir.

İqtisadi inkişafın xarici kapitalın investisiya imkanlarından istifadəyə əsaslanan üçüncü modeli XIX-XX əsrlərdə müstəmləkə zülmünə məruz qalmış ölkələrin timsalında daha qabarıq nəzərə çarpmışdır.

Müstəqillik qazanmış respublikamız iqtisadi inkişaf modelini müəyyənləşdirərkən bu modellərin çərçivəsi ilə məhdudlaşmadan onların ən mütərəqqi cəhətlərini özündə ehtiva edən, ölkənin milli maraqlarına və tarixi reallığa cavab verən Azərbaycan modelini yaratmışdır.

Heydər Əliyevin transmilli enerji siyasətinin həyata keçirilməsi sayəsində dünyanın aparıcı şirkətləri Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının hasilatına cəlb edildi, neftin müxtəlif ixrac marşrutları üzrə dünya bazarına çıxarılması təmin olundu və beləliklə də Azərbaycan gələcək yüksəlişinin, tərəqqisinin təməl resurslarını qazanmış oldu.

Davamlı dinamik inkişaf məntiqinə əsaslanan Azərbaycan modelinin strateji istiqamətlərini aşağıdakı kimi səciyyələndirmək olar:

-Sərbəst bazar münasibətlərinə əsaslanan və özünü inkişaf etdirmək qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması;

-ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb edilməsi;

-milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası.

Artıq Azərbaycanın iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Bu mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya iqtisadiyyatına sıx inteqrasiyası yolu ilə ölkədə sosial-iqtisadi inkişafın davamlılığını uzunmüddətli perspektiv üçün təmin etməkdən ibarətdir.

Neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan Xəzərin nəhəng enerji potensialını mənimsəyən və regionda keyfiyyətcə yeni iqtisadi model formalaşdıran, Asiya və Avropa arasında siyasi, iqtisadi əlaqələrin genişlənməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOGATE, TRASEKA kimi qlobal layihələrin gerçəkləşməsində Xəzəryanı regionda və Qafqazda mühüm rol oynayan lider dövlətə, dünyanın mühüm neft-qaz mərkəzlərindən birinə çevrilmişdir.

Azərbaycanda neft sərvətlərindən istifadənin səmərəli strategiyasının işlənib hazırlanması və reallaşdırılması ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu strategiya uzunmüddətli makroiqtisadi idarəetmənin mühüm məqamlarını, neft gəlirlərindən səmərəli istifadənin  bütün istiqamətlərini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlarda, təsdiq etdiyi çoxsaylı dövlət proqramlarında ölkənin inkişafının strateji istiqamətləri kifayət qədər əhatəli və dəqiqliklə müəyyənləşdirilmişdir:

-Makroiqtisadi sabitliyin qorunub-saxlanılması, dinamik sosial-iqtisadi inkişafın dayanıqlılığının təmin olunması;

-ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş kompleks tədbirlər sisteminin reallaşdırılması;

-iqtisadi artımın təmin edilməsi məqsədi ilə iqtisadiyyatın diversifikasiyası, neft sektorundan asılılığın minimuma endirilməsi, innovativ inkişaf mərhələsinə keçid;

-biznes mühitinin təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin təşkili, sahibkarlığın və regionların sürətli inkişafına dəstək verilməsi.

Sabit və dinamik inkişaf məntiqinə əsaslanan iqtisadi siyasət ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan səmərəli istifadə olunmasına, rifah halının yaxşılaşdırılmasına xidmət edir. Sistemli diversifikasiya tədbirlərinin reallaşdırılması, strateji valyuta ehtiyatlarının sürətlə artması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi uğurların miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. İqtisadi siyasət strategiyasının dəyişməkdə olan sosial-iqtisadi şəraitə uyğunlaşdırılması, ölkənin regionlarının inkişafında keyfiyyətcə yeni mərhələnin əsasının qoyulması dövlətin daxili siyasətinin başlıca hədəflərindən birinə çevrilmişdi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2004-cü il 11 fevral tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” həyata keçiriləcək tədbirlərin də məhz üç səviyyədə reallaşdırılmasını nəzərdə tuturdu:

-Makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin olunmasına yönəlmiş tədbirlər;

-iqtisadi rayonlar səviyyəsində reallaşdırılmalı tədbirlər;

-hər bir rayonda spesifik xüsusiyyətlər nəzərə alınmaqla həyata keçiriləcək tədbirlər.

Birinci Dövlət Proqramının uğurla icrası qısa zaman ərzində möhtəşəm yeniliklərə gətirib çıxardı. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icraya yönəldilməsindən sonra ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafı müasirləşmə və modernləşmə mərhələsinin əsas hədəflərinin reallaşdırılmasına istiqamətləndirildi. Hazırda iqtisadi siyasətin önəmli hədəflərindən biri Azərbaycanın “orta gəlirli ölkələr” şkalasından daha pozitiv indikatorlara çatdırılmasıdır.

Müasir qiymətləndirmə metodologiyası və real makroiqtisadiyyatın təhlili əsasında qarşıdakı illərin sosial-iqtisadi proqnozları ölkəmizdə pozitiv inkişaf meyillərinin yüksələn xətlə davam edəcəyindən xəbər verir. Nüfuzlu beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın valyuta ehtiyatları yaxın 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacaq. ÜDM-in həcminin 2014-cü ildə 53 milyard manatdan çox olacağı gözlənilir.

Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə bu mötəbər beynəlxalq təşkilatın  üzvü olan 193 dövlətdən 155-nin dəstəyini alaraq inamlı qələbə qazandı. Ölkəmizin bu uğuru Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir və respublikanın son illər artan siyasi nüfuzunun parlaq göstəricisi kimi qəbul olunmalıdır. Prezident İlham Əliyev haqlı olaraq bu uğuru müstəqillik dövrünün tarixi nailiyyəti kimi dəyərləndirir: “Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü tanıtmışdır. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Prezident İlham Əliyevin dövlət başçısı kimi qətiyyətli mövqeyi və uğurlu xarici siyasət konsepsiyası sayəsində Azərbaycan artıq həm regional, həm də qlobal proseslərin fəal subyektlərindən birinə çevrilmişdir.

Azərbaycan bu gün iqtisadi inkişaf sahəsindəki uğurlarına  və dövlət başçısının  yeni ictimai paradiqmanı vaxtında mənimsəmək  və milli intellektual  potensial zəminində  ölkəmizi lider dövlətlər sırasına  çıxarmaq  əzminə söykənərək,  elm və təhsil  sahəsində reallaşdırılacaq layihə və proqramları yeni  dövrün və milli ruhun tələblərinə uyğun işləyib  hazırlayır. Yeni dövrün tələblərini və ruhunu özündə ehtiva edən  mütərəqqi ideyalar,  idarəetmə  sistemləri, milli və qlobal olanın qarşılıqlı münasibət formulu harada,  hansı lider tərəfindən irəli sürülürsə və  həyata keçirilirsə dünyanın nəzərləri də həmin  liderə istiqamətlənir.

Hər bir xalqın bu və ya  digər dərəcədə intellektual resursları vardır. Lakin xalqın  elmi-intellektual potensialının reallaşdırılması çox böyük  kapital qoyuluşu, ictimai təşkilatlanma və mədəni-ideoloji ekstrapolyasiya tələb edir. Azərbaycan bu səbəbdən milli ruhun dövlətçilik üçün böyük  önəm daşıdığını nəzərə alaraq, milli-mədəni dəyərlərin prioritetlərini ön plana çəkir, bütün  məsələləri beynəlxalq miqyaslı dəyişikliklər kontekstində, qlobal tendensiyaları diqqət mərkəzində saxlamaqla həll edir.

Azərbaycan yeni çağırışlara cavab verən müasir iqtisadiyyatı inkişaf etdirməklə, postindustrial cəmiyyətə keçidi reallaşdırmaqla sosioiqtisadi mühitdə, dinamik inkişaf mərhələsində güclü mövqeyə sahib dövlət kimi tanınmışdır.

Ölkəmizdə gələcəyin proqnozlaşdırılmasına dair siyasi təhlillərin nəzəri oriyentasiyası, əsasən,  dünyada getdikcə  intensivləşən və gözlənilməz xarakter alan qlobal dəyişikliklərin  mahiyyətinin öyrənilməsinə istiqamətlənmişdir. Belə ki, yalnız bu  dəyişikliklərin sinergetik nizamının tapılması ilə onların daha sonra hansı proseslərə təkan verəcəyini qabaqcadan ehtimal etmək mümkündür.

Müasir dövrdə müxtəlif yönlü siyasi, hərbi, ideoloji fəaliyyətlər beynəlxalq həyatda nə qədər mürəkkəb kombinasiya və konfiqurasiyalar yaratsa da, onların ümumi məcrasında bəşəriyyətin birlikdə qurulası rifah dünyasını yaxınlaşdıracaq tendensiyaları ayırd edib, böyük potensial  qüvvəyə çevirmək  ictimai həyatın zəruri tələbinə çevrilmişdir.

Azərbaycanda ölkənin və dünyanın inkişaf tendensiyaları optimal müvazinət  müstəvisində  uzlaşdırıldığından sosial-siyasi sistemin dayanıqlığı ilə daxili mütəhərrikliyin ahəngi tapılmış, ictimai şüurda təkamül məntiqi qərarlaşmış, ölkə vətəndaşlarının siyasi hakimiyyətə etimadının yüksək effekti əldə edilmişdir. Məhz bu səbəbdən də vətəndaş fəallığı öz  enerjisini siyasi çəkişmələrə deyil,  mövcud  sosial-siyasi quruluşun daha da təkmilləşdirilməsinə, müasirləşən və modernləşən infrastruktur yaradılmasına  yönəltmişdir.

Müstəqillik dövründə keçdiyimiz yolun önəmli uğurları bundan  sonra gedəcəyimiz yolun fundamental təməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının hazırlanması barədə sərəncam imzalamışdır. Yeri gəlmişkən qeyd edək ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasının işlənib hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Bu konsepsiya bir ideya olaraq yeniləşən zamanın tələbindən və gələcəyin inkişaf modelini aydın görən düşüncənin, müasir, modern Azərbaycan yaratmağa qadir olan siyasi iradənin vəhdətindən doğmuşdur. Azərbaycan cəmiyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu konsepsiyanı hazırlamağa və həyata keçirməyə həm maddi-texniki potensial, həm də elmi-intellektual səviyyə baxımından yetərincə hazırdır.

Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin
baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında