Milli Məclis Vergi Məcəlləsinə və bir sıra qanunlara dəyişikliklər etmişdir

Dekabrın 21-də Milli Məclisin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə cari məsələlərə baxılmış, Milli Məclisin sədri deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir. Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmışdır.

Dekabrın 21-də Milli Məclisin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə cari məsələlərə baxılmış, Milli Məclisin sədri deputatların qaldırdıqları məsələlərə münasibətini bildirmişdir. Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılmışdır. 

Əvvəlcə deputatlar Əliyev İslam Əli oğlunun və Cəfərov İlham Məmməd oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin, Mirzəyev İlqar Məhərrəm oğlunun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Nəbiyev Hüseyn Əmir oğlunun Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsinə razılıq vermişlər. 

Sonra Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Mədəniyyət haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə təqdim etmişdir.

Bildirilmişdir ki, 12 fəsil, 61 maddədən ibarət olan qanun layihəsinin həm komitə iclaslarında, həm də parlamentin plenar iclaslarında birinci və ikinci oxunuşda geniş müzakirələri keçirilmiş, bir çox təkliflər irəli sürülmüşdür. Bu təkliflər işçi qrupu tərəfindən araşdırılmış və son nəticədə üçüncü oxunuş üçün daha mükəmməl qanun layihəsi təqdim olunmuşdur.

Komitə sədri vurğulamışdır ki, layihədə terminologiya ilə bağlı bir sıra dəqiqləşdirmələr aparılmış, ümumilikdə 26 anlayışın izahı verilmişdir.

Deputatların layihə barədə fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul olunmuşdur.

Milli Məclisin deputatları “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişi və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında" Protokolu təsdiq etmişlər.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə və “Dövlət  rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər barədə deputatlara ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, Məcəllənin 129 maddəsinə dəyişikliklər təklif olunur. Komitə sədri qeyd etdi ki, məcəllə qəbul olunarkən mükəmməl sənəd olsa da, sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaratmışdır. Bu dəyişikliklərdə vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sisteminin və bu sahəyə nəzarətin möhkəmləndirilməsi məsələləri əksini tapmışdır.

Çıxışlarda məcəlləyə təklif olunan dəyişikliklər yüksək qiymətləndirilmişdir.

Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq qəbul edilmişdir.

İclasda Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsi, Azərbaycan Hökuməti ilə Litva Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, həmçinin Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında, Poçt ödəniş xidmətləri haqqında sazişlər, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında, o cümlədən Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında qanun layihələri təsdiq olunmuşdur.

Sonra Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” və “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” məsələlər barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, birinci layihəyə görə, Gəncə şəhərinin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcəkdir. Bu torpaqların böyük hissəsi dövlət, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Digər qanun layihəsində isə, Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Bakı şəhərinin yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulmuşdur. Dəyişikliyə əsasən, Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhərinin Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhərinin Pirallahı rayonunun tabeliyinə veriləcəkdir.

Bu qanun layihələri də qəbul olunduqdan sonra deputatlar “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişikliklər etmişlər.

Vurğulanmışdır ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir.

Bununla da Milli Məclisin iclası başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında