Dekabrın 19-da “Kempinski Badamdar” otelində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VIII qurultayı keçirilmişdir.
Dövlət himninin səsləndirilməsindən sonra qurultayın rəhbər orqanlarının - sədarətin, say, mandat və redaksiya komissiyalarının, katibliyin tərkibi seçilmiş, gündəlik təsdiq edilmişdir.
Sonra MQF-nin prezidenti Rauf Zeyninin hesabat məruzəsi dinlənilmişdir.
Təşkilatın ötən müddətdə fəaliyyətindən danışan R.Zeyni 1999-cu ildə yaradılan qurumun fəaliyyətinin uğurlu olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, hazırda sıralarında 601 üzvü birləşdirən Forumun 66 rayonda əlaqələndirmə, 5 rayonda isə resurs və təlim mərkəzləri fəaliyyət göstərir. MQF QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi və əməkdaşlıq baxımından əhəmiyyətli rol oynadığını dəfələrlə nümayiş etdirmiş, dövlət orqanlarının, beynəlxalq təşkilatların və bələdiyyələrin etibarlı tərəfdaşına çevrilmişdir. Beynəlxalq arenada da fəaliyyətini genişləndirən MQF bir çox nüfuzlu təşkilatlarda uğurla təmsil olunur.
Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli mühitin yaradıldığını vurğulayan R.Zeyni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurasının yaradılmasını dövlətin bu sahəyə olan diqqət və qayğısının təzahürü kimi qiymətləndirmişdir. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti qurumları ölkəmizin inkişafına mühüm töhfə verirlər. MQF Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin hələ də işğal altında qalmasına göz yuman beynəlxalq təşkilatlara dəfələrlə kəskin etiraz etmişdir. Forum müstəqil, qüdrətli, demokratik Azərbaycan uğrunda fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.
Sonra qurumun idarə heyətinin sədri Aydın Kərimovun və nəzarət-təftiş komissiyasının sədri Ceyhun Hacıbəyovun hesabatları dinlənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında qurumun respublikamızın ictimai-siyasi həyatında və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında özünəməxsus rol oynadığını vurğulamışdır. Bildirilmişdir ki, QHT-lərlə hökumət arasında körpü rolunu oynayan Forum QHT-lərin fəaliyyətinin əlaqələndirilməsində mühüm vəzifəni yerinə yetirir. Bildirilmişdir ki, vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirən Azərbaycan hökuməti həyata keçirilən bütün layihələrə QHT-lərin də cəlb edilməsinə çalışır.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qurultay iştirakçılarına təbriklərini çatdırmış, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 21 il ərzində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdiyini vurğulamışdır. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin bütün təsisatlarının mövcud olduğunu bildirən T.Süleymanov respublikamızda onlarla siyasi partiyanın, yüzlərlə QHT-nin və KİV-lərin fəaliyyət göstərdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan dövləti ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət göstərir. Belə ki, 2007-ci ildə Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması, həmin ilin sonunda Qeyri-Hökumət Təşkilatlarının İnkişafına Dövlət Dəstəyi Şurasının, 2008-ci ildə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, bu il “Siyasi partiyalar haqqında” Qanunun qəbul olunması ölkəmizdə bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin təzahürüdür.
Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, Azərbaycan hökuməti ilə BMT İnkişaf Proqramının müştərək fəaliyyəti nəticəsində yaranmış MQF ölkəmizin ən böyük QHT alyansı olaraq, respublikamızda vətəndaş cəmiyyəti quruculuğuna, ictimai sektorun inkişafına layiqli töhfələrini verməkdə davam edir. Bu gün ölkəmizin bütün rayonlarında uğurla təmsil olunan Forum yarandığı gündən həm özəl sektor, həm də dövlətlə güclü tərəfdaşlıq əlaqələri yarada bilmişdir. Hər zaman dövlətçilik mövqeyindən çıxış etməsi Forumun ən təqdirəlayiq xüsusiyyətlərindən biridir.
T.Süleymanov belə koalisiyaların yaranmasını QHT sahəsində sağlam rəqabətin formalaşmasına, daha güclü əməkdaşlıq ruhunun təmin olunmasına kömək etdiyini vurğulamışdır.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hazırda ölkəmizdə üç mindən çox QHT-nin fəaliyyət göstərdiyini vurğulamışdır. H.Rəcəbli “Sosial xidmət haqqında” Qanunda QHT-lərə sosial xidmət sahəsində iştirak etmək hüququnun verilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir. Qeyd edilmişdir ki, bu gün parlamentdə, digər dövlət qurumlarında QHT-lərin nümayəndələrinin təmsil olunmasına xüsusi diqqət yetirilir.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə son illərdə QHT sektorunda böyük işlərin görüldüyünü diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuş müxtəlif istiqamətlərdə QHT-lər öz fəaliyyətlərini gücləndirməli, geniş iş aparmalı, ölkəmizin sürətli inkişafının elmi əsaslarının tədqiq olunmasında yaxından iştirak etməlidirlər.
Dövlətimizin başçısının QHT-lərlə əməkdaşlığın gücləndirilməsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini dəfələrlə vurğuladığını bildirən Z.Səmədzadə demişdir ki, QHT-lər ölkəmizin gələcəyi ilə bağlı konsepsiyaların, proqramların hazırlanmasında və həyata keçirilməsində fəal olmalıdırlar. Bu gün Azərbaycan cəmiyyətində güclü konsensus vardır və bu sabitliyi heç bir qüvvə poza bilməz. İnkişafımızın əsas istiqamətləri düzgün müəyyən olunmuşdur və onun həyata keçirilməsində dövlət qurumları ilə yanaşı, QHT-lər də mühüm rol oynamalıdır.
MQF-nin və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında xidmətlərinə görə Azay Quliyev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov plaketlərlə təltif olunmuşlar.
Ölkəmizdə QHT-lərin inkişafında xidmətləri olan bir sıra şəxslərə, qeyri-hökumət təşkilatlarına fəxri fərmanlar təqdim olunmuşdur.
Sonra təşkilati məsələyə baxılmış, hesabatlar dinlənilmiş, müzakirələr aparılmış, MQF-nin rəhbər orqanlarına seçkilər keçirilmişdir. Rauf Zeyni növbəti 4 illik müddətə Forumun prezidenti, eləcə də 27 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilmişdir.
Sonda MQF-nin VIII qurultayının iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, QHT-lərin, KİV-lərin rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və s. iştirak etmişlər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.