MÜASİR VƏ MODERN AZƏRBAYCAN Müstəqillik dövrünün əsas hədəfi:

XX əsrin sonundan başlayaraq müasir beynəlxalq siyasi sistemin, yeni dünya düzəninin formalaşması yolunda qarşıya çıxan problemlər, qloballaşma prosesinin dinamikası, onun siyasi və iqtisadi aspektləri, sosiomədəni təsiri dünya ictimaiyyətini ciddi narahat edir.

Müstəqillik dövrünün əsas hədəfi:

XX  əsrin sonundan başlayaraq müasir beynəlxalq siyasi sistemin, yeni dünya düzəninin formalaşması yolunda qarşıya çıxan problemlər, qloballaşma prosesinin dinamikası, onun siyasi və iqtisadi aspektləri, sosiomədəni təsiri dünya ictimaiyyətini ciddi narahat edir.

Qərb alimlərinin əsərlərində qloballaşma, haqlı olaraq, sosial fəallığın dünyəvi xarakter aldığı, zəmanəmizin tarixi fenomenini müəyyən edən, cəmiyyətin fəaliyyətinin və inkişaf istiqamətinin xarakterlərini, nəticələrini dəyişdirən qarşısıalınmaz proses kimi nəzərdən keçirilir. Eyni zamanda, etiraf edilir ki, qloballaşma getdikcə güclənən qarşılıqlı asılılıq, texnoloji imkanlar, hüquqi tənzimləmənin səviyyəsinin aşağı düşməsi və inteqrasiya prosesləri də daxil olmaqla, dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə stimullaşdırılır, bir sıra dövlətlərin və regionların müqavimət cəhdlərinə baxmayaraq, qeyri-bərabərliyi dərinləşdirir, yeni şəraitə uyğunlaşmanı çətinləşdirir, etnososial müxtəlifliyi azaldır. Bu prosesin gedişində dövlətin fəaliyyət dairəsi sıxışdırıldıqca transmilli korporasiyaların rolu güclənir, qloballaşan dünyanın qarşılıqlı asılılığı dərinləşir və nəticə etibarilə bəzən yoxsulluğun müəyyən regionlarda cəmləşməsi səbəbindən separatizm və etnik müqavimət ocaqları yaranır. Odur ki, dünya iqtisadi sistemi yeni modifikasiyaya, Qərb dövlətləri və transmilli korporasiyalar tərəfindən inkişaf etməkdə olan ölkələrə münasibətin dəyişməsinə zəruri ehtiyac duyur.

İqtisadi siyasət “sivilizasiyaların toqquşmasının təhdid etdiyi beynəlxalq münasibətlərə birbaşa təsir göstərir. Müasir dünyada supergücün zəifləməsi dünya hökmranlığı iddiasına düşən hibrid polisentrik sistemlərin yaranmasına səbəb ola bilər.

Siyasi ekspertlər dünya birinciliyi uğrunda mübarizə müstəvisində ABŞ-dan başqa bir neçə iddiaçının da mövcud imkanlarını dəyərləndirirlər:

-Avropa İttifaqı;

-Asiya (Çin, Hindistan, Pakistan);

-Rusiya;

-Ərəb dünyası.

Avropa İttifaqının daxilindəki siyasi fikir ayrılıqları bu qurumu pərakəndə infrastruktur halına gətirdiyindən onun ABŞ-ın siyasi və iqtisadi alternativi perspektivinə zərbə vurur. Üzləşdiyi iqtisadi problemlərə baxmayaraq, ABŞ hələ uzun müddət bütün dünyada maliyyə proseslərinin və siyasi transformasiyaların başında qala biləcək. Avropanın “xristian istisnalığı” iddiaları, eləcə də onun etnik və məhəlli münaqişələrin həllində passivliyi supergüc və beynəlxalq arbitr hüququnun ABŞ-a məxsusluğunu dolayısı ilə təsdiq edir.

Asiya dünyanın sürətlə inkişaf edən Çin və Hindistan kimi böyük dövlətlərinin, müsəlman Pakistan dövlətinin simasında böyük iqtisadi gücə və əhali potensialına malik olsa da, bu ölkələrin sosial-iqtisadi, mədəni inkişaf fərqləri, aralarındakı çoxsaylı problemlər hələlik onlara vahid geosiyasi güc kimi formalaşmağa imkan vermir. Sürətli transformasiya yoluna qədəm qoyduğunu iddia edən Rusiya və güclü maliyyə qaynaqlarına sahib olan ərəb dünyası da ABŞ-ın hərbi-siyasi və iqtisadi hökmranlığına, neoliberalizm modelinin yayılmasına ciddi müqavimət imkanlarına malik deyildir.

Dünyanın təkqütblülüyünün tərəfdarları iqtisadi rifahın, xalqların siyasi və mənəvi dəyərlər baxımından daha çox yaxınlaşmasının əsasını qloballaşmada görürlər. Onların fikrincə, qloballaşma təkcə bazarlar uğrunda mübarizə deyil, həm də dəyərlər uğrunda yarışdır, dünya kapital bazarı isə hər bir ölkədə maliyyə şəffaflığına, sahibkarlığın səmərəliliyinə, ölkələrin yeni texnologiyalardan bəhrələnməsinə, demokratiyanın bərqərar olmasına, vətəndaş cəmiyyətinin formalaşmasına şərait yaradır. Qloballaşmanın tələbləri inkişaf etməkdə olan cəmiyyətləri həyat tərzinin, davranış qaydalarının, hətta  təfəkkür formalarının, dünyagörüşünün qərbləşməsi dilemması qarşısında qoymuşdur.

İslam dünyası, xüsusilə də Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və başqaları özlərinin mədəni identikliyini, milli xüsusiyyətlərini saxlamağa çalışsalar da, Qərb dünyası ilə bərabər, paralel tarixi inkişaf yoluna qədəm qoymaq üçün ən müasir texnologiyalardan istifadə edirlər. İnsanların qəlbi və zəkası uğrunda mübarizə yeni dünya düzəninin prioritetinə çevrilməkdədir.  

XX əsrin sonlarından başlayaraq planetimizdə hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin formalaşması, ümumdünya bazarının yaranması istiqamətində gedir. Həm ümummilli lider Heydər Əliyevin, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyəti dövründə bu obyektiv tendensiyalar nəzərə alındığından, qlobal və milli maraqlar arasında optimal balans yaradılır, onlar bir-birini qarşılıqlı surətdə tamamlayır, zənginləşdirir. Bu böyük tarixi şəxsiyyətlər mürəkkəb dövrün çətinliklərini dəf edərək milli birliyin gücünü və ölkənin bütün potensialını dövlətçiliyin möhkəmləndirilməsinə, quruculuq məsələlərinə, qlobal beynəlxalq layihələrin reallaşdırılmasına yönəltməklə yeni Azərbaycanın memarı, milli lider adına layiq görülmüşlər. Milli dövlətin yaranmasında, inkişafında, milli birliyin formalaşmasında milli liderin rolu ölçüyəgəlməzdir.

Sosial-iqtisadi və siyasi həyatımızın təhlili göstərir ki, çağdaş dövrdə biz intellektual inkişaf müstəvisində rasionalizm, iqtisadi inkişaf müstəvisində isə postindustrial cəmiyyət fazasına qədəm qoyuruq. Qərb dövlətlərinin tarixi inkişaf və təkamül təcrübəsi, onların tənəzzül və böhran məqamlarının səbəblərini açıqlayan çoxsaylı tədqiqatlar bizi onların səhvlərini təkrarlamaq təhlükəsindən xilas edir, uğur şanslarımızı daha da artırır.

Azərbaycanın yerləşdiyi geosiyasi məkan, zəngin təbii sərvətləri, Şərq və Qərb arasında ortaq sivilizasiya dəyərlərinə malik olması tarix boyu bu ölkəni qlobal güclərin savaş meydanına çevirmişdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter aldı, ölkənin potensial imkanları, geosiyasi reallıqlar, qlobal transformasiya meyilləri, milli maraqlar və digər vacib amillər nəzərə alınmaqla yeni inkişaf strategiyası işlənib hazırlandı. Uzaqgörənliklə düşünülmüş və idarəetmə sisteminin dəyişdirilməsini, yeni iqtisadi münasibətlər sisteminə keçilməsini, struktur yeniləşməsi aparılmasını, funksional iqtisadi mexanizmlərin tətbiqini, əsaslı islahatlarla bağlı yeni qanunvericilik bazasının yaradılmasını nəzərdə tutan fundamental inkişaf konsepsiyası sonrakı dinamik inkişafın, çoxsaylı uğurların möhkəm bünövrəsinə çevrildi. Çoxkomponentli konsepsiya əsasında formalaşdırılan yeni iqtisadi model siyasi, iqtisadi, sosial bölmələrin qarşılıqlı koordinasiyasına, makroiqtisadi indikatorların operativ təhlilinə, innovativ iqtisadiyyatın təməl prinsiplərinə xüsusi önəm verir.

Dünyada öz proqressivliyi ilə diqqəti cəlb edən Amerika modelindəki konyunkturanın və iqtisadi tarazlığın təmin olunması prinsipini, Almaniya və İsveç inkişaf modelinin fərqləndirici amili olan sosialyönümlülüyü, Yaponiya modelindəki milli mənafelərin üstünlüyü, rəqabətədavamlılıq və innovativlik prinsiplərini özündə yetərincə ehtiva edən Azərbaycan modeli iqtısadiyyatın qısa zaman kəsiyində struktur və istehsal baxımından modernləşdirilməsini nəzərdə tutur. Azərbaycan modeli modernləşmənin sosiokonseptual və fundamental əsaslarını bütünlüklə əhatə edir. Bu modelin alt qatı sosialyönümlü liberal iqtisadiyyatla bağlı olduğundan ictimai münasibətlərin sosial ədalət prinsiplərinə uyğun formalaşdırılması, insanlar arasında sosial bərabərliyin təmin edilməsi, sosial rifahın yüksəldilməsi prioritet vəzifə olaraq qəbul edilir.

Hər bir ölkə özünün inkişaf konsepsiyasını müəyyənləşdirərkən nəzərə almalıdır ki, dünya dövlətləri qloballaşma şəraitində beynəlxalq iqtisadi münasibətlər sisteminə bu və ya digər dərəcədə cəlb olunmuşlar. Dünya iqtisadiyyatına inteqrasiyadan kənarda qalan milli iqtisadiyyat yoxdur. Ölkələr, sadəcə olaraq, iqtisadiyyatın açıqlıq dərəcəsinə görə fərqlənirlər. Dünya iqtisadiyyatına cəlb olunaraq beynəlxalq əmək bölgüsünün üstünlüklərindən bəhrələnən və beynəlxalq iqtisadi münasibətlərin müxtəlif formalarından istifadə edən milli iqtisadiyyat açıq iqtisadiyyat hesab olunur. Dünya iqtisadiyyatına uğurla inteqrasiya etməkdə olan Azərbaycan iqtisadiyyatın açıqlıq indeksinə görə beynəlxalq təşkilatların hesabatında MDB ölkələri arasında öncül yer tutur.

Qloballaşma prosesinin təzahürlərindən biri transmilli korporasiyaların fəaliyyətidir. Bu korporasiyaların iqtisadi əməliyyatlarının əsas hissəsi qeydiyyata alındıqları ölkənin hüdudlarından kənarda həyata keçirilir. Onlar dünya istehsalının texnoloji liderləri, xarici ölkələrin təbii resurslarından istifadə imkanları olan əsas rəqiblər və xarici bazarlar uğrunda mübarizədə ən mobil beynəlxalq strukturlardır. Dünya sənaye istehsalının, təqribən, 50 faizinin transmilli korporasiyalar tərəfindən istehsal olunduğunu nəzərə alsaq, onda tam əminliklə demək olar ki, dünya təsərrüfatının yalnız bir hissəsi milli bazar mexanizmi şəraitində yaranır. Ona görə də belə vəziyyətdə dünya birliyinin bütün ölkələr üçün vahid, səmərəli iqtisadi siyasət işləyib hazırlaması zəruridir.

Müstəqil Azərbaycanın inkişaf təcrübəsi göstərir ki, dövlətimiz milli iqtisadiyyatımızın dünya təsərrüfatına inteqrasiyası prosesində ölkənin maraqlarının qorunmasını ön plana qoyur. Unutmaq olmaz ki, çağdaş dünyada yalnız o liderlər uğur qazanırlar ki, onlar hakimiyyətin hətta ən antaqonist ziddiyyətləri aradan qaldıran, cəmiyyətdə vəziyyəti sabitləşdirən və daim tənzimləyən, ökənin milli və təbii resurslarını səfərbər etməyə imkan verən, elitanın və bütövlükdə cəmiyyətin siyasi tarazlığını təmin edən optimal modelini tapırlar.

Beynəlxalq bazarların genişlənməsi, elmi-texniki nailiyyətlərin tətbiqi Azərbaycan üçün istehsalın daha səmərəli təşkili yolunda yeni imkanlar açmışdır. İqtisadi inkişafın əsas amilləri kimi, elmi-texniki tərəqqinin, informatikanın, maliyyə resurslarının rolu da kəskin surətdə artmaqdadır.

Yeri gəlmişkən, qeyd edək ki, bazar iqtisadiyyatına keçməyi qərara almış sosialist ölkələrinin əksəriyyəti öz səylərini üç əsas iqtisadi vəzifə - makroiqtisadiyyatın sabitləşdirilməsi, qiymətlərin sərbəstləşdirilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi  üzərində cəmləşdirsə də, bazar təsisatlarının formalaşdırılmasının, rəqabət üçün şərait yaradılmasının zəruriliyini nəzərə almır, müasir qarışıq iqtisadiyyatda dövlətin roluna bəzən lazımi diqqət yetirmirdi. Başqa sözlə, postkommunizm eyforiyası radikal dəyişikliklər xülyası yaratdığından bəzi ölkələr Qərbə sosial-iqtisadi və sosiomədəni transformasiyanın tezliklə və ağrısız başa çatacağını gözləyirdilər. Qərbləşmə prosesi modernləşmə vasitəsilə baş verdiyindən onun qapalı və açıq cəmiyyətlərdə siyasi və sosial-iqtisadi həyatda təşəkkülü xeyli dərəcədə fərqlənir. Qərb cəmiyyətinə xas olan strukturların, texnoloji yeniliklərin, həyat tərzinin, dəyərlərin digər məkanlara köçürülməsi, şübhəsiz ki, ABŞ və Qərbi Avropa ictimai-siyasi sisteminin üstünlüklərinin təbliği və buna inam formalaşdırılması yolu ilə mümkündür. Qərbləşmənin qatı tərəfdarlarının iddialarına baxmayaraq, bu proses mexaniki surətdə gerçəkləşmir. Təhsilin dünyəviləşməsi, tolerantlığın həyati tələbata çevrilməsi, kütləvi informasiya vasitələrinin və kommunikasiyanın müasir inkişaf səviyyəsinə qaldırılması, əhalinin geniş təbəqələrinin dünya mədəniyyətinin yüksək dəyərləri ruhunda maarifləndirilməsi modernləşmə və qərbləşmə proseslərinə ciddi impulslar verə bilər. Lakin nəzərə almaq lazımdır ki, qərbləşmə və müasirləşmə ilə bağlı ictimai fikirdə dual sxem qaçılmazdır. Belə ki, bir tərəfdə islahatçılar, inqilabçılar, dəyişiklik tərəfdarları dururlarsa, digər tərəfdə mühafizəkarlar, yeniləşməyə qarşı müqavimət göstərən və ciddi təsir imkanlarına malik olan qüvvələr dayanırlar.

Modernləşmə cəmiyyətin inkişafının bütün mərhələlərində imtina edilməsi mümkün olmayan imperativ kimi dəyərləndirildiyindən islahatçılarla mühafizəkarlar arasındakı qarşıdurmada gec-tez birincilər qalib gəlirlər.

Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid cəmiyyətlərinə xas olan maneələri uğurla aradan qaldırmış Azərbaycanda istər iqtisadi, istərsə də siyasi-hüquqi liberallaşdırılmaya yönəlmiş çoxşaxəli islahatların dövlətçilik maraqları ilə üst-üstə düşməsinə hər zaman xüsusi diqqət yetirilmiş, ölkənin milli-iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandırılmış, eyni zamanda bu spesifik modelin demokratik prinsiplərə dönmədən əməl edilən möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verəcəyi mühüm şərt kimi dəyərləndirilmişdir.

Bazar iqtisadiyyatının fundamental prinsipləri nəzərə alınmaqla ölkə iqtisadiyyatının strukturu mülkiyyət formaları və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır. İslahatlar kursunun əsas qayəsini dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi, güclü və müstəqil iqtisadi strukturların yaradılması, cəmiyyətdə təşəbbüskarlığın, özünüifadə və özünütəsdiq imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmləndirilməsi kimi mühüm istiqamətlər təşkil etmişdir.

Cəmiyyətdə baş verən mütərəqqi yeniliklərlə vətəndaşların real həyat səviyyəsi arasında üzvi vəhdət yaradılmasını prioritet vəzifə kimi qarşıya qoyan Azərbaycan dövləti demokratik və iqtisadi islahatların paralel aparılmasını uğur qazanmağın vacib şərti hesab edirdi. Ulu öndər Heydər Əliyev milli gəliri yüksəltmədən, ümumi daxili məhsul istehsalını artırmadan, cəmiyyətdə insanların yüksək rifahına nail olmadan, təşəbbüskarlığa və işgüzar fəallığa təkan verən əlverişli mühit yaratmadan, milli sahibkarlığın inkişafını təmin etmədən vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının gerçəkləşdirilməsinin mümkünsüzlüyünü bildirirdi. O, cəmiyyətin ümumi inkişaf səviyyəsinə və təkamül prosesinə uyğun olaraq dövlətin, idarəetmə sisteminin əsasını təşkil edən mühüm qanunvericilik aktlarının təkmilləşdirilməsi işini dövrün zəruri prosesi kimi ortaya qoyurdu.

Azərbaycan Respublikasının 1-ci çağırış Milli Məclisinin 1995-ci il noyabrın 24-də keçirilmiş ilk iclasında nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: “Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə almış, onları özünəməxsus milli dəyərlər, müasir norma və tələblər əsasında zənginləşdirmişdir. Əsas Qanunda əksini tapmış insan və vətəndaş hüquqları, azadlıqları ölkəmizin son illərdə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilmişdir. Bu müddəa respublikamızın dünya birliyinə dinamik inteqrasiyasına hərtərəfli imkanlar açmaqla yanaşı, beynəlxalq hüquq normalarının, xüsusilə də insan hüquqlarına dair normaların Azərbaycanda tətbiqinə əlverişli şərait yaratmışdır.

Konstitusiya məzmun sabitliyi ilə fərqlənən əsas normativ-hüquqi akt kimi səciyyələndirilsə də zaman keçdikcə müəyyən əlavə və dəyişikliklər edilməsinə zərurət yaranır. Bu mənada 2002-ci il avqustun 24-də keçirilən Konstitusiya referendumunun da başlıca məqsədi insan hüquq və azadlıqlarının genişləndirilməsi, ölkənin siyasi və hüquqi sisteminin daha da təkmilləşdirilməsi idi. Konstitusion dəyişikliklər 1995-ci ildən sonra baş verən proseslərdən, hüquq və qanunvericilik sahəsində ortaya çıxmış yeniliklərin təsbit olunmasına yönəlmiş ictimai zərurətdən irəli gəlirdi. Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosialyönümlü məsələlərin prioritetə çevrilməsi, habelə insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşması Konstitusiyaya zamanın tələblərinin diktə etdiyi bəzi əlavə və dəyişikliklərin olunmasını labüdləşdirmişdi.

(ardı var)

 HƏSƏN HƏSƏNOV,
 “Xalq qəzeti”nin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında