Şriftin ölçüsü:
30.06.2010 06:59 | Oxunma sayı: 400
Parlament Assambleyasının axırıncı iş günündə rusiyalı deputat Vyaçeslav Timçenkonun hazırladığı "Planetimizin gələcəyi olan meşələr" adlı məruzə diqqəti daha çox cəlb etmişdir. Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış etmişdir. Deputatımızın çatdırdığı məsələlər avropalı deputatlar tərəfindən həssaslıqla qarşılanmışdır. R.Hüseynov hər kəs üçün mühüm olan bu problemin Ermənistanın işğalı nəticəsində Azərbaycanda son dərəcə ciddi fəsadlar doğurduğu haqda faktları açıqlamışdır: "İndi Avropa Şurasında meşələrin qorunması, təbiət abidələrinə qayğı göstərilməsi, bütövlükdə ətraf mühitə daha həssas münasibət bəsləməyin vacibliyindən söhbət gedərkən Azərbaycanın Ermənistanın işğalı altında olan rayonlarında güclü yanğınlar davam etməkdədir. Həm də bu, gözlənilməz hadisə deyil. Keçən il də, inişil də, ondan əvvəlki illərdə də işğal altındakı ərazilərdə təcavüzkar tərəfindən eyni hadisələr törədilmişdir.
Niyə Ermənistan hərbi qüvvələri, Dağlıq Qarabağdakı separatçı rejim mütəmadi olaraq bu yanğınları törədir?
Səbəb sadədir: bu, Ermənistanın işğal altındakı ərazilərdə həyata keçirdiyi böyük cinayətlərdən biri olan narkobizneslə bağlıdır. Hər cür beynəlxalq nəzarətdən kənarda qalan zəbt olunmuş torpaqları işğalçı dövlət narkotiklərin becərilməsi və tranziti üçün maneəsiz istifadə edir, həmin yolla əldə olunmuş çirkli pulları isə terrorizmin maliyyələşdirilməsinə yönəldir. Adətən hər növbəti məhsul yığımından sonra izi itirməkdən ötrü erməni qüvvələri narkotik plantasiyaları salınmış ərazilərə od vurur. Növbəti ildə isə yanğına işğal altındakı yeni məhsul toplanmış digər ərazilər məruz qalır.
Alov isə başlayandan sonra irəliləməkdə davam edir, Azərbaycanın işğaldan kənardakı ərazilərinə də adlayır, oradakı otlaqları, məhsuldar torpaqları, meşələri yandırıb külə çevirir. 1986-cı ildə - Sovet İttifaqının dağılmasından və Ermənistanın Azərbaycana təcavüzünün başlanmasından az əvvəl Moskvada buraxılmış "SSRİ-nin meşə fondu" kitabındakı statistika Azərbaycanda meşələrin Ermənistandan 2,5 dəfə çox olduğunu təsdiqləyir.
Hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və daha 7 Azərbaycan rayonunda meşələrin ümumi ərazisi 246 min 217 hektardır. Bu, bütün Ermənistanın meşələrindən 55 faiz artıqdır. Xarici qüvvələrin yardımı ilə Azərbaycan torpaqlarını tutaraq belə zəngin sərvəti qamarlamış talançı Ermənistan 20 ilə yaxındər ki, həmin meşələrə sözün birbaşa mənasında divan tutur.
Meşələrin bir hissəsi vandalcasına kəsilib-doğranır, inşaat materialı, mebel sənayesi xammalı kimi qəsb olunur, bu işə xarici ölkələrin şirkətləri də cəlb edilir, qalan hissəsi də beləcə yanğınlarla məhv edilir.
Bunu həm kəşfiyyat məlumatları, həm aparılmış foto və video materiallar, eləcə də aeroçəkilişlər sübut etməkdədir.
Ermənistanın Azərbaycan meşələrinə qarşı reallaşdırdığı bu talançılıq həndəsi silsilə ilə artaraq digər fəlakətlərə də yol açır. Meşələrin qırılması və bitki örtüyünün yox edilməsi nəticəsində heyvanların da məcburi köçü baş verir, bir sıra növlərinsə kökü ümumiyyətlə kəsilir. Təbii balansın pozulması nəticəsində, xüsusən tez-tez Ermənistan tərəfindən təşkil edilən yanğınlar səbəbi ilə Azərbaycanın işğal altındakı torpaqlarına yaxın ərazilərə ilanların, canavarların, digər yırtıcı heyvanların axını başlanır. Bu da öz növbəsində digər fəsadların yaranmasına səbəb olur. Təqdim olunan məruzə meşələri yer kürəsinin gələcəyi adlandırır. Bu həqiqətdir. Amma bu da bir başqa acı həqiqətdir ki, Azərbaycan meşələrini tar-mar etməklə, flora və faunaya sağalmaz yaralar vurmaqla məşğul olan Ermənistan Azərbaycanın gələcəyinə qəsd etmək hədəfi güdən hərbi təcavüz siyasətini ekosid şəklində də davam etdirir.
Yalnız bugünə deyil, gələcəyə də qənim kəsilmiş, planetin sabahı ilə də düşmənçilik edən Ermənistan nə vaxtadək cəzasız qalacaqdır?"
Azərbaycanlı deputatdan sonra çıxış edən fransalı deputat, Dağlıq Qarabağda seperatçı rejimin keçirdiyi oyuncaq seçkilərdə "müşahidəçi" kimi iştirak etmiş Rene Fuke sözünə R.Hüseynova sualla başlamışdır ki, niyə bugünkü məruzə "Planetimizin gələcəyi olan meşələr" adlandırıldığı halda, Siz Ermənistandan bəhs edirsiniz?
Milli Məclisin deputatı suala sualla cavab vermişdir: "Azərbaycan sərhədini qanunsuz pozmaqda təcrübəsi olan həmkarımız niyə Ermənistanı bu planetə aid olmasına şübhə edir? Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş torpaqları, işğalçının yandırdığı ərazilər, məhv etdiyi Azərbaycan meşələri də bu planetə məxsusdur. Ona görə də planetin gələcəyi olan meşələrdən söhbət gedərkən bu faciələrdən mütləq danışılmalıdır.
Çıxış edən digər deputatlar R.Hüseynovun fikirlərini dəstəkləmiş, bu problemin Avropa Şurasının nəzarətində daim saxlanılmasının vacibliyini bildirmişlər.{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.