Prezident Vladimir Putinin Türkiyəyə səfərinin nəticələri də belə deməyə əsas verir
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dekabrın 2-də baş tutan Rusiya – Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü toplantısı çərçivəsində İstanbula səfəri regionda cərəyan edən hadisələrin və dünyada gedən proseslərin fonunda, o cümlədən iki ölkə arasında müzakirə mövzusu olan bir çox məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edirdi.
Buna görə də Rusiya lideri ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın məşhur tarixi məkan olan “Dolmabaxça” sarayında keçirdiyi görüş bütün dünyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində saxlanılırdı. Görüşdən sonra verilən açıqlamalar isə bir daha belə deməyə əsas verdi ki, Moskva ilə Ankara bütün məsələlərin qarşılıqlı siyasi dialoq yolu ilə razılaşma əsasında həllinin tərəfdarıdır və bu çərçivədə, gələcəkdə iqtisadi münasibətlərin inkişafı xüsusilə diqqətdə saxlanılacaq.
Müzakirə mövzusu olan ən önəmli məsələlərdən biri Suriyadakı daxili qarşıdurmaların sona çatdırılması istiqamətində beynəlxalq ictimaiyyətin cəhdlərinə region ölkələrinin verə biləcəyi töhfələrlə bağlı idi. Görünən odur ki, Rusiya Bəşər Əsəd rejiminin silahlı müxalifətə qarşı keçirdiyi hərbi əməliyyatları “özünümüdafiə” cəhdləri kimi dəyərləndirir və Suriyada qarşıdurmaların hakimiyyət dəyişikliyi ilə deyil, müxalifət-iqtidar razılaşması yolu ilə daynadırılmasının tərəfdarıdır. Bununla bərabər siyasi islahatlar da aparılacaqdır. Türkiyə isə Əsədin öz ölkəsinin insanlarını vəhşicəsinə qətlə yetirən qatil olduğunu bəyan edərək, dərhal istefa verməsini və ölkədə müvəqqəti hökumətin yaradılmasını, bundan sonra demokratik seçkilərin keçirilməsini məqbul hesab edir. İstənilən halda, hər iki ölkə birmənalı şəkildə Suriyada daxili sabitliyin təmin olunmasının və ölkənin ərazi bütövlüyünün qorunmasının tərafdarıdır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin açıqlamaları da bu qənaətə gəlməyə əsas verir. Qardaş ölkənin “Anadolu” agentliyinin yaydığı məlumatlara görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirdiyi mətbuat konfransında Prezident Putin bildirib ki, Rusiya Federasiyası və Türkiyə Suriyadakı vəziyyəti eyni cür qiymətləndirir, lakin Suriya böhranının nizamlanma metodlarında fikir ayrılıqları var. Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlərinə Suriya üzrə əlavə məsləhətləşmələr aparmaq tapşırılıb. Çünki vəziyyətin nizamlanmasına dair həmişə yeni ideyalar ortaya çıxa bilər.
Türkiyə ilə Rusiya arasında müzakirə olunan ikinci mühüm məsələ Türkiyənin Suriya ilə sərhədində yerləşdiriləcək NATO-nun “Patriot” raket sistemləri və Şimal qonşumuzun mavi qazının “Mavi axın” boru ixrac kəməri vasitəsi ilə Avropaya çatdırılması məsələsi idi. Türkiyə Rusiyanı əmin edib ki, “Patriot” raket sistemləri tamamilə ölkənin təhlükəsizliyinin qorunmasına xidmət edəcək və heç bir şəkildə üçüncü ölkəyə qarşı yönəlməyib. Onu da qeyd etmək yerinə düşər ki, Rusiyanın Suriyada bir hərbi bazası mövcuddur. Moskva həmin bazanın təhlükəsizliyinin qorunmasına xüsusi önəm verir. Bu mənada Rusiya Prezidenti Vladimir Putinin məsələyə münasibəti də maraq doğurur. O, deyib: “Türkiyənin Suriya ilə sərhədində baş verənlərdən narahatıq. “Patriot” raket sistemləri ən yaxşı sistem deyil, köhnə nəsil silahlardır. Sərhəddə ordunun yerləşdirilməsi narahatedicidir. Səhnədə tüfəng göründüsə, sonda atəş açıla bilər. Bizi narahat edən Suriyanın gələcəyidir. Liviyada bir qisim əli silahlının xarici güclər tərəfindən necə dəstəkləndiyini bilirik. Bu, ABŞ səfirinin öldürülməsi ilə nəticələndi. Türkiyənin sərhəddə baş verənlərlə bağlı narahatlığını anlayırıq. Bir ölkənin torpaqlarına atəş açılırsa, bunu görməmək mümkün deyil”.
Təbii qazın satışına gəlincə, Rusiya Prezidenti deyib ki, artıq uzun müddətdir “Mavi axın” qaz kəməri işləyir və bu qaz kəməri sistemi ilə birbaşa Türkiyəyə 16 milyard kubmetr qaz tədarük edirik. O, deyib: “Üçüncü ölkələrin bazarlarına çıxmaq üçün “Mavi axın”ın imkanlarını genişləndirmək barədə türkiyəli dostlarımızla razılığa gələ biləcəyimizi istisna etmirəm”. Onu da xatırlatmaq yerinə düşər ki, Rusiya ilə Türkiyə Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı 2010-cu il mayın 12-də müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən, Rusiyanın köməkliyi ilə qardaş ölkənin Mersin vilayətində qurulacaq stansiyanın tikintisi 20 milyard ABŞ dollarına başa gələcək. Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfəri zamanı bu məsələ də diqqət mərkəzində saxlanılıb. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi barədə də siyasi iradə nümayiş etdirilib. Bildirilib ki, hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 38 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Tərəflər bu rəqəmin 5 dəfəyədək artırılması barədə ümumi razılıq əldə ediblər. Son illər Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin 7 dəfəyədək artması da göstərir ki, bunun üçün real imkanlar var. Türkiyəli sərmayədarların Rusiyada, rusiyalı biznesmenlərin Türkiyədə sərmayə yatırmalarına münbit şəraitin olduğu da qeyd edilib.
Diplomatik mənbələrdən aldığımız məlumatlara görə, Rusiya Prezidenti ilə Türkiyənin Baş naziri arasında keçirilən görüşdə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi də müzakirə olunub. Hər iki lider Azərbaycanın ərazi bütövlüyünün qorunmasında vahid mövqe nümayiş etdirərək, münaqişənin danışıqlar yolu ilə həllinə xüsusi əhəmiyyət verdiklərini bir daha bəyan ediblər. Bu məsələdə, Rusiya Prezidentinin təşəbbüsləri Baş nazir Ərdoğan tərəfindən yüksək qiymətləndirilib. Regionda sülhün və sabitliyin daha da möhkəmlənməsi üçün bu problemin həllinin vacibliyi qeyd olunub.
Ümumulikdə, səmərəli keçən səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. Sənədlər əsasən, iqtisadiyyat, maliyyə, təhlükəsizlik, ticarət və mədəniyyət sahələrini əhatə edib. Keçirilən görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov, onun türkiyəli həmkarı Əhməd Davudoğlu, Ədalət və İnkişaf Partiyası sədrinin köməkçisi Ömər Çelik, Rusiya Prezidentinin xarici siyasət üzrə məsləhətçisi Yuri Uşakov və başqa rəsmilər iştirak ediblər.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.