“Freedom House” adlı beynəlxalq təşkilatın bu günlərdə yayılmış növbəti illik hesabatı ilə tanış olduqdan sonra siyasi partiya sədri kimi ciddi etirazımı bildirməyi və ölkəmizdə insan hüquq və azdlıqlarının qorunması ilə əlaqədar həyata keçirilən bəzi faktları həmin təşkilatın rəhbərinin diqqətinə çatdırmağı özümə borc bildim. Hesab edirəm ki, hələ də ikili standartlardan əl çəkə bilməyən, kimlərinsə əlində alətə çevrilən belə beynəlxalq təşkilatlar nəhayət, qeyri - obtektivlikdən əl çəkməli, hesabatlar hazırlayarkən haqq- ədalətə, obyektivliyə və həqiqətə söykənməlidirlər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik proseslərin inkişafına xüsusi önəm verildi. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən biri olub. Bu hüquqlar gündəlik həyatımızda reallığa çevrilməklə yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapıb. 1993-cü ilin yayından başlayaraq bu sahədə mütəmadi olaraq qəbul edilən qanunlar və həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını getdikcə sürətləndirdi. Ölkədə aparılan demokratik islahatlar Azərbaycanın ən nüfuzlu və mötəbər qurumlarla əlaqələrini genişləndirdi. Xüsusilə, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatların diqqət mərkəzində idi. Mən 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək istərdim. Ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Çünki Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır.
1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin tətbiqi, insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün onlara yaradılan şərait, mitinq, küçə yürüşləri və digər aksiyaların keçirilməsi üçün sərbəstlik verilməsi beynəlxalq aləmin ölkəmizə olan marağını getdikcə artırdı. 1998-ci il fevralın 10-da Milli Məclis tarixi qərar qəbul edərək ölüm hökmünü ləğv etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Bununla da müstəqil dövlətimiz humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi.
Ölkəmizdə insan hüquqlaının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə mütəmadi olaraq dövlət proqramları hazırlanmış, bu proqramlarda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulurdu. Azərbaycan Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiqləndi.
Bunun ardınca “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Qanun, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olundu və “Avropa insan hüquqları Konvensiyası” təsdiq edildi.
1995-ci ildə isə Azərbaycanda əfv institutunun əsası qoyuldu. Həmin vaxtdan başlayaraq bir - birinin ardınca əfv fərmanları və amnistiya aktları imzalanmış, bununla da on minlərlə məhbus azadlığa buraxılmış, bir qisminin isə cəza müddəti azaldılmışdır.
İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər və dövlət proqramlarının təsdiq edilməsi davam etdirilmiş, hazırda bu sahədə daha səmərəli sənədlərin qəbul edilməsi prosesi gedir. Mən siyasi partiya sədri olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyətini çox yüksək qiymətləndirirəm. Onu da qeyd edim ki, bununla əlaqədar partiyamızın adından bir neçə dəfə bəyanat da yaymışıq. Prezidentin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə irəliyə doğru atılmış qətiyyətli addımdır. Bu əhəmiyyətli sənədə müvafiq olaraq, BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Ölkəmizdə qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Bu gün elə beynəlxalq təşkilatlar var ki, erməni lobbisinin əlində alətə çevrilib. Belə təşkilatları demokratiya, haqq-ədalət yox, hansısa bir qurum tərəfindən verilən çirkli pullar maraqlandırır. “Freedom House” bu qəbildən olan beynəlxalq təşkilatlardandır. Mən dəfələrlə şahidi olmuşam ki, bu qurumun hazırladığı hesabat həmişə qərəzli, reallıqdan tamamilə uzaq olur, yalan və böhtana əsaslanır. Təsəvvür edin ki, bu təşkilat öz hesabatında həmişə Ermənistana üstünlük verir. Halbuki Ermənistan bü gün dünyada işğalçı dövlət kimi tanınır. Hətta bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçı dövlət olmasını rəsmən təsdiqləyib. Qonşu ölkənin 20 faizdən artıq ərazisini zəbt edən, bir milyondan artıq dinc əhalini evsiz - eşiksiz qoyan, terror aktları sayəsində on minlərlə insanı vəhşicəsinə qətlə yetirən bir ölkəyə öz hesabatında üstünlük verən təşkilatı yalnız “əldəqayırma təşkilat” adlandırmaq olar.
“Freedom House” təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Bəlkə, bu təşkilat bir milyondan artıq azərbaycanlının hüquqlarnın pozulmasını görmür? Adını insan hüquq və azadlıqlarının müdafiəçisi qoyan “Freedom House” kimi beynəlxalq təşkilatın bu böyüklükdə haqsızlığı görməzliyə vurması siyasi möhtəkirlikdir. İnsan hüquq və azadlıqlarının vəziyyətinə görə Azərbaycanı “qeyri - azad”, Ermənistanı isə “qismən azad” ölkələr sırasına daxil edən “Freedom House”un hesabatının erməni lobbisinin sifarişi ilə hazırlandığı özünü açıq şəkildə büruzə verir.
“Freedom House”un qərəzli və qeyri - obyektiv hesabatının hazırlanmasında Azərbaycanın radikal müxalifət nümayəndələrinin də xəyanətkarlığını vurğulamaq istərdim. Bu gün hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək istəyən müəyyən qruplar xarici himayədarlarının çirkli pulları hesabına öz xalqına, Vətəninə böhtan ataraq əldəqayırma təşkilatlara “fakt” verirlər. Belələri hələ də başa düşmək istəmirlər ki, müxalifət öz xalqına düşmən kəsilməməlidir. Bizimkilərin isə hədəfi özümüzük. Belələri müxalifət adına xələl gətirən xəyanətkarlardır.
“Freedom House” təşkilatının dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik “hesabatında” ölkəmizlə bağlı irəli sürülən iddiaları cəfəngiyat hesab edirəm. Bütün bunlar yalan və böhtandır. Hadisələri şişirdərək qeyri - obyektiv şəkildə təqdim etmək beynəlxalq təşkilata yaraşmır və belə hallar ümumilikdə digər Qeyri - Hökumət Təşkilatlarına qarşı da inamsızlıq yaradır.
Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür və bu ödəliklərə layiqincə əməl edir.
Kamil SEYİDOV,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.