“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”

Azərbaycan xalqının müasir tarixinin böyük bir hissəsi dünya şöhrətli siyasi xadim, müdrik şəxsiyyət Heydər Əliyevin nurlu adı, misilsiz fəaliyyəti ilə bağlıdır.

Azərbaycan xalqının müasir  tarixinin böyük bir  hissəsi  dünya şöhrətli siyasi xadim, müdrik şəxsiyyət  Heydər  Əliyevin nurlu  adı, misilsiz fəaliyyəti ilə bağlıdır. Ulu öndər bütün şüurlu həyatını doğma xalqına,  Vətəninin tərəqqisi naminə sərf etmişdir.  Xalqımızın böyük oğlunun daxili və xarici siyasəti bu gün də milli dövlətçiliyimizin, müstəqilliyimizin və mənəvi dəyərlərimizin yenilməz qarantıdır.

Müstəqilliyinin iyirmi illik tarixi   ərzində milli, dünyəvi  dövlət quruculuğu yolunu seçən Azərbaycanın bugünü və sabahı üçün olan üç əsas prinsipinin ideya istiqamətlərini -  azərbaycançılıq, millilik, demokratizm    məhz ümummilli lider Heydər Əliyev  tərəfindən müəyyənləşdirilmişdir! Dünya azərbaycanlıların, bütövlükdə türk dünyasının lideri  Heydər Əliyev istər Sovetlər birliyi dönəmində, istərsə də müstəqillik  illərində  ölkəyə rəhbərliyi  dövründə  Azərbaycanın beynəlxalq aləmdə tanınması, milliliyimizin, adət - ənənələrimizin və milli — mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində qətiyyətli addımlar atmışdır. O,dövlətçiliyə yaradıcı münasibətini azərbaycançılıq, millilik və  demokratizm  prinsipləri üzərində qərarlaşdırmışdır. Heydər Əliyev milli-mənəvi yüksəlişin təməli olan böyük irs və zəngin ənənəvi siyasi məktəb yaratdı və  azərbaycançılıq prinsipini milli dövlətçilik ideologiyasının əsasına çevirdi.  Ulu öndər hələ Kommunist Partiyasının hakimiyyətdə olduğu  sərt və çətin illərdə   ana dilinin hüquqlarının qorunması, inkişaf etdirilməsi, gələcək nəsillərə sağlam formada ötürülməsi  üçün bütün imkanlardan istifadə edirdi. Heydər Əliyev “Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz” -  kəlamını söyləyərkən millətə öz mənəvi xəzinəsi ilə fəxr etməyi öyrədirdi. Doğma dilin əsrlərin burulğanında itirilməməsinə, gözəlliyini saxlamasına görə gənc nəsillərdə əcdadlarımıza  minnətdarlıq hissi aşılayırdı. Nəticə etibarilə,  ötən əsrin son onillikləri Azərbaycan dilinin gərgin tarixi proseslərdən keçərək yaşamasında müstəsna rolu olan dövrüdür.

SSRİ - nin bütün müttəfiq respublikalarında  rus dilinin dövlət dili hesab olunduğu dövrdə - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev şəxsən özü təşşəbbüs qaldırmışdı ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınsın. Nəticədə, Konstitusiyada, “Azərbaycan SSR-in dövlət  dili Azərbaycan dilidir” - maddəsi təsbit olundu. Heydər Əliyev bu cəsarətli addımı atarkən həyatını riskə qoymuşdu. Çünki sərt sovet rejimində belə bir təkliflə çıxış edənlərə “millətçi” damğası vurulurdu. Lakin ulu öndər bundan qorxmadı, çəkinmədi və doğma ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması üçün bu qətiyyətli addımı atdı. Bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. 

1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında  ana dili ilə bağlı  keçirilən ümumrespublika müzakirəsində ulu öndər o gərgin mübarizəni və bu uğuru xatırladaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu.”

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,  mən Azərbaycanlıyam”. Bu sözlər ümummilli liderimiz, dünya azərbaycanlılarının lideri, dünya şöhrətli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevə məxsusdur. Ulu öndərimizin bu müdrik kəlamı əslində Azərbaycana, xalqımıza, millətimizə və milli - mənəvi dəyərlərimizə  verilən çox yüksək qiymətdir.               Kommunist Partiyasının hakimiyyətdə olduğu illərdə Heydər Əliyevin milliliyimizin inkişafı, adət - ənənələrimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər təkcə ana dilimizin dövlət dili statusu alması ilə ölçülmür. Bununla yanaşı ulu öndər  respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdır. Sərt sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanda milli ruhun sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Azərbaycanlı gənclərin keçmiş SSRİ - nin  nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, elmi və kadr potensialının  yüksəldilməsi, güclü zabit korpusunun yaradılması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması  gələcəyə istiqamətlənmiş uzaqgörən addımlardan idi. Ümumiyyətlə, həmin illərdə respublikamızın bütün sahələr üzrə inkişafı  Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlıdır. Sonralar Kremldə yüksək vəzifədə çalışarkən də ürəyi həmişə xalqı, milləti, Vətəni ilə birgə olmuş, milli -  mənəvi dəyərlərimizin qorunmasını prioritet vəzifə hesab etmişdir.

Aydın həqiqətdir ki, adi vətəndaşdan böyük şəxsiyyətə qədər hər kəsin bir insan kimi dəyəri onun mənsub olduğu cəmiyyət, öz xalqı, doğma Vətəni üçün gördüyü önəmli işlərin, göstərdiyi əvəzsiz xidmətlərin yekunu, bəşəri miqyası ilə müəyyənləşdirilir. Bu baxımdan Heydər Əliyevin Azərbaycan tarixində yeri müstəsna, əvəzedilməz və əbədidir. Azərbaycanın faktiki olaraq bir dövlət kimi qurulması və  fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması dövrünün məhz Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi illərinə təsadüf etməsi danılmaz gerçəklikdir. Bütün bunlar gələcəkdə müstəqilliyimizin bərpasına yönəldilmiş addımlar idi.  Məhz 80-ci illərin sonu, 90-cı illərin  əvvəllərində müstəqillik hərəkatının geniş vüsət alması  Sovetlər birliyi dövründə Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

SSRİ - nin süqutundan sonra Azərbaycan  dövlət  müstəqilliyini bərpa etdi. Artıq ölkəmiz uzun illərdən sonra imperiyanın buxovlarından azad olmuşdu. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişdik, mübarizə aparmışdıq, bu yolda minlərlə şəhid vermişdik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyndəki naşılığı xalqımıza çox baha başa gəldi. Bir- birini əvəz edən hakimiyyət ictimi-siyasi gedişatlara tam nəzarət edə bilmirdi. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmırdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdı.  Prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxslərinədək dəfələrlə öz müsahibələrində bildiridilər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir.

Dünənə kimi küçə-meydanlarda səhərdən - axşama qədər demokratiyadan danışanlar demokratiyanın mahiyyətini dərk etmirdilər. Ölkə rəhbərliyinin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirdilər. Respublikamız siyasi əsarətdən qurtarmamış,  iqtisadi əsarətə məruz qalmışdı. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilirdi. Azərbaycan  etnik mənsubiyyətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı və Qafqazın siyasi xəritəsindən silinmək planları reallaşmaq üzrə idi. Xalqın yeganə ümid yeri ulu öndər Heydər Əliyev idi. Ona görə xalqı bu bəladan xilas etmək üçün ziyalılar qüdrətli şəxsiyyətə müraciət etdilər. Bu müraciət eyni zamanda  bütöv xalqın arzu və istəyi idi.

Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz biganə qala bilməz, hadisələrlə kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib  Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsi, Azərbaycanı  parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir! 

Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.  Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Xarici ölkələrlə pozulmuş münasibətləri qaydaya salan, Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən ulu öndər ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş,  Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır. 1994-cü ilin sentyabrında  Bakıda “Əsrin müqaviləsi”nin  imzalanması, imzalanan digər müqavilələr, onların gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın yeni neft strategiyası ölkənin qarşısında dayanan bir sıra sosial, iqtisadi, siyasi, geostrateji məsələlərin həllində önəmli rol oynamışdır. Tarixin  amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrində  yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində müstəsna xidmətlər göstərən  ulu öndər  dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərirdi. Bu gün biz artıq bunun gözəl bəhrəsini görürük. Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin doğma Vətənimizə verdiyi minlərlə töhfələrindən biridir.

Bu gün ulu öndərin estafetinin,  siyasi  kursunun layiqli davamçısı Prezident İlham Əliyev vətənpərvər, dünyəvi təfəkkürü ilə Azərbaycanı yüksək mədəniyyətli, mənəviyyatlı diyara çevirmək yolundadır. Müstəqil dövlətimiz artıq dünya birliyində söz sahibinə çevrilib. Bu gün Azərbaycanda yürüdülən siyasətin milli mahiyyəti və prinsipiallığı, çevikliyi, bütün inkişafı milli-mənəvi potensial üzərində qurulmağında təzahür edir. Çünki bütün bunlar tarixi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi milli-mənəvi yüksəlişin prinsiplərindən qaynaqlanır.

Hər il dekabrın 12-si  Böyük Azərbaycanlı Heydər Əliyevin anım günüdür. Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri Xiyabandakı  müqəddəs məzarı xalqımızın ziyarətgahına çevrilib.  Milyonlarla insan ulu öndərin məzarı önündə baş əyərək  bugünkü xoşbəxt, firavan günə və Azərbaycanın dünya miqyasında qazandığı uğurlara görə ona minnətdar olduqlarını bildirir.

Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında