“Freedom House” qeyri-obyektiv hesabatı ilə qərəzli mövqe tutduğunu bir daha nümayiş etdirdi

Azərbaycanın hərtərəli inkişaf yoluna qədəm qoyması və dünya birliyinə sürətli inteqrasiyası ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə artırır.

Azərbaycanın hərtərəli inkişaf yoluna qədəm qoyması və dünya birliyinə sürətli inteqrasiyası ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə artırır. Müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində BMT kimi nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməyimiz və bu seçkilərdə dünyanın 155 ölkəsindən dəstək almağımız ölkəmizdə ictimai - siyasi sabitliyin pozulmasında maraqlı olan bəzi beynəlxalq təşkilatlarda qısqanclıq yaratmışdır.

Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bəzi xarici dairələr və qurumlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Təəssüf ki, həmin təşkilatlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində qəbul edilən qərarları, həyata keçirilən tədbirləri görməməzliyə vurur, qərəzli mövqe tuturlar.

Azərbaycanda müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılan vaxtdan insan hüquq və azadlıqlarının müdafiəsi prioritet vəzifə kimi qarşıya qoyulmuş və əfvetmə institutunun fəaliyyəti bərpa edilmişdir. Bununla da vətəndaşların dövlətə, onun rəhbərinə etimadı daha da artırmışdır. 1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi ölkəmizdə humanizm prinsiplərinə yüksək dəyər verilməsini xarakterizə edən amillərdən biridir. Ölüm hökmünün ləğvi bir daha təsdiqlədi ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Təkcə bir faktı diqqətə çatdıraq ki, 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalanmış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Son 17 ildə imzalanan 52 əfv fərmanı ilə 5500-ə yaxın məhkum azadlığa buraxılıb. Bütün bunlar beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş, nüfuzlu qurumların hazırladıqları hesabatlarda öz əksini tapmışdır. Lakin bəzi ermənipərəst təşkilatlar ölkəmizə qarşı qərəzli mövqeyindən əl çəkməyərək böhtan və yalanla dolu hesabatlar hazırlayaraq ictimai rəyi çaşdırmağa çalışırlar. Belə təşkilatlardan biri də “Freedom House”dur. Bu təşkilatın hazırladığı “hesabat” həmişə qeyri-obyektiv və qərəzli olub. “Freedom House” yenə də ermənipərəst mövqeyini ortaya qoyub. Qurumun dünyada insan hüquq və azadlıqlarının vəziyyətinə dair növbəti illik “hesabatında” Azərbaycanla bağlı irəli sürülən iddialar heç bir reallığa söykənmir, qeyri-obyektiv və böhtan xarakterlidir. Halbuki, “Freedom House” təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, “Freedom House” bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini, xüsusilə də Azərbaycanı əsassız olaraq tənqid hədəfinə çevirib. Ekspertlərin qənaətinə görə, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin “Freedom House”a rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çalarları gətirib.

Bu təşkilat ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirləri görməməzliyə vurarq baş vermiş müxtəlif hadisələri təhrif edir, şişirdir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən “faktlar” təqdim edir. Halbuki, həmin “faktlar” anti-Azərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddiaları, hakimiyyət hərisliyində olan radikal müxalifətin və ölkəmizin inkişafını gözü götürməyən dairələrin subyektiv mülahizələridir. “Freedom House” isə bu “faktları” yoxlamadan tutuquşu kimi təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan öz yekun qənaətini yalnız bu “donoslar” əsasında formalaşdırır. Öz Vətənindən və xalqından donosbazlıq edən radikal müxalifət nümayəndələrinin yalan məlumatları əsasında hazırlanmış belə “hesabatlar” hətta tənqidi mövqeyi ilə seçilən hüquq müdafiəçilərinin də narazılığına səbəb olur.

Fikir verin, “Freedom House”un ikrah hissi doğuran “hesabatında” insan hüquq və azadlıqlarının vəziyyətinə görə Azərbaycan “qeyri-azad”, Ermənistan isə “qismən azad” ölkələr sırasına daxil edilib. Halbuki, bu gün az qala bütün dünya Ermənistanı işğalçı dövlət kimi tanıyır. Hazırda Ermənistan əhalisi ölkədə yaranmış acınacaqlı vəziyyətdən bezərək xarici ölkələrə köçürlər. Hətta bəziləri könüllü olaraq Azərbaycana da gəlmiş və sığınacaq isləmişlər. Ermənistan mətbuatının yazdığına görə, ölkə əhalisinin yarısı yaşamaq üçün digər ölkələrə köçüb. Bu proses indi də davam edir. “Freedom House” isə işğalçı dövləti “qismən azad” ölkə hesab edir. Bu, həmin təşkilatın hazırladığı “hesabat”ın necə “obyektiv” olduğunu təsdiqləyən faktdır və qurumun mövqeyində ikili standartların, habelə Azərbaycana qarşı qərəzli mövqenin açıq təzahürüdür.

“Freedom House” un ötən illərdə də hazırladığı “hesabatlar”da ölkəmizə qarşı qərəz özünü açıq şəkildə büruzə verib. Məsələn, 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında hətta Beynəlxalq Telekommunikasiya təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif etmişdir. Göründüyü kimi, digər beynəlxalq təşkilatların ölkəmizin inkişafını obyektiv qiymətləndirməsi belə “Freedom House”u qıcıqlandırıb.

 Özünü insan haqlarının müdafiəçisi kimi təqdim edən bu antidemokratik təşkilatın Azərbaycanla bağlı iddiaları reallıqdan çox - çox uzaqdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi, media azadlığı sahəsində ixtisaslaşan ekspertlər, QHT rəhbərləri də hesab edirlər ki, “Freedom House” un növbəti “hesabatı” da əvvəlkilərdən heç nə ilə fərqlənmir. Bu dəfə də təşkilat öz köhnə adətinə –yalana, qeyri - obyektivliyə və böhtana söykənib. Qurumun Azərbaycanla bağlı sadaladığı “faktlar” reallığı əks etdirmir və xarici antiazərbaycan dairələrin sifarişinin məhsuludur.

“Freedom House” təşkilatının hazırladığı qeyri-obyektiv hesabatı ictimaiyyətin nümayəndələrinin, siyasi partiya sədrlərinin və ziyalıların ciddi narazılığına səbəb olmuşdur.

Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun dediklərindən: “Azərbaycanın son illərdəki hərtərəfli inkişafı göz qabağındadır. Mən insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri xüsusilə vurğulamaq istərdim. Artıq dünyanın nüfuzlu təşkilatları da etiraf edirlər ki, azərbaycan Prezidenti humanizm prinsiplərinə böyük önəm verərək ildə 4-5 dəfə əfv fərmanı imzalayır və yüzlərlə məhbus bayram günlərinində ailə üzvləri ilə bir yerdə olurlar. Bu faktı “Freedom House” təşkilatı da çox yaxşı bilir. Ancaq bu qurum qeyri-obyektivlik mərəzindən əl çəkə bilmir. Görünür ölkəmizə böhtan atmaqla kimlərdənsə qrant almaq istəyir. Hesab edirəm ki, belə təşkilatların hazırladığı cılız hesabatlar Azərbaycanın nüfuzuna heç bir xələl gətirməyəcək".

Milli Məclisin deputatı Rüstəm Xəlilov: “Mən bu təşkilatın hesabatı ilə tanış olanda fikirləşdim ki, “Freedom House” yalanlarını bir daha davam etdirir. Artıq bütün dünyaya bəllidir ki, Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur. Dövlətimizin başçısının mütəmadi olaraq imzaladığı əfv sərəncamları da bunu təsdiqləyir. Azərbaycan vətəndaşları möhtərəm Prezidentimiz İlham Əliyevin humanizm prinsiplərinə əsaslanaraq insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması istiqamətində gərgin əməyini yüksək qiymətləndirir. Ona görə də “Freedom House” təşkilatının hazırladığı hesabat hər birimizdə ikrah hissi doğurur. Təkcə bir faktı deyim ki, bu təşkilat Ermənistanın təcavüzkar siyasətini görməməzliyə vurur. Bu da həmin qurumun qeyri-obyektivliyindən xəbər verir".

Ölkəmiz humanizm prinsiplərinə əsaslanaraq insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində siyasi xəttini uğurla davam etdirir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitiklər bu faktları yüksək qiymətləndirir, Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu xüsusi olaraq vurğulayırlar. Ölkəmizdə ardıcıl imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası kimi nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillər kimi qiymətləndirilir. “Freedom House” kimi qeyri - ciddi bir təşkilatın hazırladığı “hesabat”lar ölkəmizin getdikcə artan nüfuzuna kölgə sala bilməz.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında